İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması mühüm məsələ kimi qarşıda durur. Bu gün bütün dünya dövlətləri informasiya təhlükəsizliyinin təmin olunması üçün yollar axtarır, bu sahədə davamlı tədbirlər həyata keçirir. Azərbaycanda da bu sahədə müəyyən işlər görülür. Çünki ölkəmiz informasiya təhlükəsizliyinin pozulması nümunələri ilə tez-tez üzləşir. İnformasiya təhlükəsizliyi barədə ətraflı məlumat almaq üçün bu sahənin mütəxəssisi, fəlsəfə doktoru Cahid İsmayıloğlu ilə görüşdük.
Cahid müəllim bildirdi ki, informasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. Biz artıq informasiya cəmiyyətində yaşayırıq. Təbii ki, bu cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Hazırda müasir cəmiyyət tədricən bundan asılı vəziyyətə düşüb. Buna görə də informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir.
- Yeni texnologiyaların informasiya təhlükəsizliyinə nə kimi təsiri var?
- İinternetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi məsələnin kökündə dayanır. Yeganə yol mühafizəni gücləndirmək, hər gün baş verən yenilikləri öyrənmək və gündəmdə saxlamaqdır.
Əsasən milli dəyərli internet resurslarının təhlükəsizliyi diqqət mərkəzində olmalıdır. Çünki daha çox bu növ informasiya resurslarına daim haker hücumları həyata keçirilir. Azərbaycan, ümumiyyətlə dünya informasiya məkanına bu cür müdaxilələrdən sığortalanmayıb. Bu hücumlar əsasən Azərbaycanla müharibə vəziyyətində olan işğalçı Ermənistanın informasiya strukturları, xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir. Hücumlar mütəmadi şəkildə həyata keçirilir, daha çox Azərbaycan üçün əlamətdar olan Xocalı soyqırımının ildönümü, 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və bu kimi günlərdə daha çox müşahidə edilir.
Bunlar onu göstərir ki, artıq dövlətlər arasında baş verən münaqişələr virtual məkana da keçmişdir. Çox vaxt bunu "informasiya müharibəsi" adlandırırlar.
Yalnız Ermənistan deyil, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. Ümumiyyətlə, nə qədər ki, virtual informasiya mühiti var, informasiya müharibəsi mövcudluğunu daim saxlayacaq.
- Bu cür halları terror hadisəsi kimi qiymətləndirmək olarmı?
- Terrorizm, separatizm, ekstremizm müasir texnologiyalardan çox məharətlə istifadə edir və bu hal təhlükəni daha da artırır. Terrorçuların internet vasitəsi ilə asan yolla, iz buraxmadan məlumat əldə etmələri, şəbəkələşmələri, sıralarını genişləndirmələri halları bu təhlükələrdəndir.
Azərbaycanın işğal altında olan ərazilərinin bir çox internet resurslarında ayrı dövlət kimi göstərilməsi, bəzi xəritələrdə ayrı sərhədlər daxilində yer verilməsi bu yolla separatizmin də varlığını qoruya bilməsini sübut edir.
- Azərbaycanın informasiya məkanına müdaxilələrlə necə mübarizə aparılmalıdır?
- Fikrimcə, mübarizə üç istiqamətdə təşkil olunmalıdır. Resursların tam şəkildə qorunmasını təşkil etmək və hücumlardan sığortlanmaq. Bunun üçün ilk növbədə beynəlxalq təcrübə öyrənilməli, müdaxilə hallarının qarşısının alınmasını təmin edən proqram təminatları tətbiq edilməlidir.
Edilən hücumların keyfiyyətini, kəmiyyətini, qüvvəsini, xarakterini və s. izləmək, öyrənmək, nəzarətdə saxlamaq da çox vacibdir. Hücumları bəzi hallarda əks-hücumla cavablandırmaq lazımdır.
Əlbəttə ki, üçüncü hal bir o qədər də tövsiyə olunmur, çünki belə hallar beynəlxalq normativlərə əsasən cinayət ünsürü sayılır. Düşmən dövlətin də bu hallara adət etməsi təbii hala çevrilib, çünki söhbət işğalçı, cinayətkar bir ölkədən - Ermənistandan gedir.
- Kibercinayətkarlıq informasiya təhlükəsizliyinə hansı təhdidlər törədir?
- Kibercinayətkarlıq yeni cinayət növüdür. Yeni texnologiyaların sürətli inkişafı və yayılması bu növ cinayətin meydana gəlməsinə gətirib çıxartdı. Kibercinayətkarlıq kompyuter sistemi vasitəsilə törədilən cinayətlərdir. Qanunsuz bank əməliyyatları, hakerlik, piratlıq, uşaq pornoqrafiyasının istehsalı, qadağan olunmuş, cinayət tərkibli, təxribat xarakterli informasiyaların yayılması və digər halları bu xarakterli cinayətlər hesab etmək olar.
Kibercinayətlərin izlərinin gizlədilməsi təcrübəli kibercinayətkar üçün mümkün olası bir haldır. Belə cinayətlər ildən-ilə artmaqdadır. İnformasiyaların məhv edilməsi, dəyişdirilməsi, oğurlanması və ya internet resurslarına ziyan vurulması halları daha geniş yayılıb.
2008-ci ildə Azərbaycan Avropa Şurasının "Kibernetik cinayətkarlıq haqqında Konvensiya"sını imzalayıb.
Bununla bağlı Cinayət Məcəlləsində elektron daşıyıcılara müdaxilə edilməsi ilə əlaqədar məsuliyyət nəzərdə tutulub.
- Belə hallar hansı yolla araşdırılır?
- Yenə eyni üsulla, yəni kompyuter sistemi ilə informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı təyin edilir. Bu cür cinayətlərin araşdırılması üçün cinayətkarın tətbiq və istifadə etdiyi üsullardan istifadə olunduğu zaman daha tez nəticə əldə etmək mümkündür. Həmçinin bu üsullar cinayətkarın istifadə etdiyi üsullardan daha təkmil olmalıdır.
İnternet provayderlərinin (və hostinq provayderlerin) informasiya bazası araşdırılaraq da dəlillər əldə edilə bilər.
Müdaxilə xarici ölkədəndirsə "Kibercinayətkarlıq haqqında" Konvensiyanın şərtlərinə əsasən, hücuma məruz qalan ölkə hücumun araşdırılması üçün həmin ölkənin hüquq-mühafizə orqanları ilə birgə işləmək hüququna malikdir.
- Virusların informasiya təhlükəsizliyinə təsiri nədən ibarətdir?
- Kompyuter virusları informasiya təhlükəsizliyinə ən böyük təhdiddir və əsasən təhlükəsizlik səddinin aşılması üçün məqsədyönlü şəkildə göndərilir. Virusların miqdarı hər an artmaqdadır, hər gün on-on beş yeni növ virus meydana çıxır. Hətta səhv etmirəmsə, 30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü kimi qeyd edilir və bu, dünyada ilk virusun yaranması ilində elan edilmişdir.
Virusların vurduqları ziyan milyonlarla dollar dəyərində ölçüldükdən sonra informasiya təhlükəsizliyi haqqında mövcud təsəvvürlər dəyişdi. Bundan sonra mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələləri haqqında ciddi düşünməyə başladılar.
Virusların sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatları kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, onun köməyi ilə sadə virusdan mürəkkəb virus yaratmaq olar.
- Viruslar necə yayılır?
- İnternet virusların daha geniş və sürətli yayılması üçün böyük magistral açdı. İnformasiya texnologiyaları sahəsindəki hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar yaradır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsilə yayılırdı. İndi internetdə viruslar bioloji virusların real dünyada yayılmasından daha sürətlə artır.
Virusların vurduğu ziyan milyon dollarlarla ölçülməyə başlayandan sonra dünyada antivirus proqramlarına böyük tələbat yarandı. Bu da yeni biznes sahəsinin yaranmasına səbəb oldu. Bilmək olmaz, bəlkə də virusların yaranmasının və yayılmasının bu biznes ilə yaxın əlaqələri mövcuddur. Öncə virus yaradılır, yayılır, sonra isə antiviruslar satışa çıxarılır. Hər halda, viruslarla mübarizə davam etdirilməlidir.
{nl}
Müsahibəni yazdı: Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.