Azərbaycan aliminə beynəlxalq mükafat

Bu günlərdə Özbəkistandan xoş xəbər alınmışdır. Bakı Dövlət Universitetinin bədii tərcümə laboratoriyasının müdiri, tanınmış türkoloq, ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əskər Babur adına beynəlxalq mükafata layiq görülmüşdür. 
- Ramiz müəllim, əvvəlcə Babur adına mükafat barədə məlumat verməyinizi xahiş edirik.
- Zəhirəddin Məhəmməd Babur (1482-1530) özbək, türk və dünya tarixinin ən parlaq simalarından biridir. O, böyük dövlət xadimi, Hindistanda 1526-1858-ci illər arasında 332 il hökm sürmüş baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi olmuşdur. Babur təqribən 600 qəzəl, qitə, məsnəvi, mətlə, rübai, tüyuğ və başqa janrlarda şeirləri əhatə edən iki divan, bir neçə risalə, nəhayət, türk-islam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsər olan "Baburnamə"nin müəllifidir. Onun bir sıra əsərləri, o cümlədən musiqiyə və hərb sənətinə dair risalələri bizə gəlib çatmamışdır. Özbəkistanın Əndican şəhərində (Babur burada doğulmuşdur) onun adını daşıyan fond və muzey fəaliyyət göstərir. Həmin fond hər il Baburun əsərlərini tərcümə edən, onun haqqında elmi araşdırmalar aparan şəxslərə Babur adına beynəlxalq mükafatlar verir.
- Siz bu mükafata hansı xidmətlərinizə görə layiq görüldünüz?
- Mən bu ilin əvvəllərində Baburun "Seçilmiş əsərlər"ini, yayda isə "Baburnamə" kitabını ana dilimizə çevirərək nəşr etdirdim. "Baburnamə"ni Özbəkistanın prezidenti hörmətli İslam Kərimova göndərdim. Təqribən iki həftə sonra Babur Fondu məni Əndicanda təşkil olunan bir simpoziuma dəvət etdi və mənə Babur adına mükafatı verdi. Orada öyrəndim ki, cənab İslam Kərimov ona göndərdiyim kitabı hədiyyə olaraq fonda yollamış və Əndicanda təntənəli təqdimat mərasimi keçirilmişdir. Bunlardan əlavə, mən iki il əvvəl XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair və hökmdar Sultan Hüseyn Bayqaranın "Divan"ını nəşrə hazırlamışdım. Görünür, mükafat almağımda bunların da təsiri olmuşdur. Fondun təklifi ilə Bakıda Babur adına fondun şöbəsini açmaq haqqında memorandum imzaladıq və mən şöbənin rəhbəri təyin edildim.
- Gərək ki siz bu günlərdə Qazaxıstanın da bir mükafatını almısınız...
- Bu il sentyabrın əvvəllərində görkəmli qazax şairi Qasım Amanjolovun (1911-1955) anadan olmasının 100 illik yubileyi keçirildi. Bu münasibətlə mən şair haqqında "Ədəbiyyat qəzeti"ndə bir səhifə yazı verdim, elmi konfrans üçün bir məqalə hazırladım, Qasımın bir sıra əsərlərini, o cümlədən Nizamiyə və Azərbaycan gözəlinə həsr olunmuş şeirlərini ana dilimizə çevirdim. Bunları nəzərə alaraq Qazaxıstan hökuməti məni Qasım Amanjolov xatirə medalı ilə təltif etdi.
- Çapdan çıxan yeni kitablarınız varmı?
- Bu yay tətilində çox gərgin işlədim və iki kitab tərcümə etdim. Bunlardan birincisi görkəmli türkmən ədibi Abdulla Şahbəndənin "Seçilmiş əsərlər"idir. Burada onun ən gözəl şeirləri, "Bəhram şah" və "Gül-Bülbül" dastanları verilmişdir. İkinci kitab isə "Türkmən müəmmaları, deyişmələri və vücudnamələri" adlanır. Əlavə olaraq, "Türk xalqları ədəbiyyatı oçerkləri" adlı araşdırma kitabını yazıb nəşr etdirdim. Bu kitabda səlcuqlu dövrü ədəbiyyatı, Sultan Hüseyn Bayqara, Mehri Xatun, Babur, Nurməhəmməd Əndəlib, Məxdumqulu Fəraqi, Molla Nəfəs, Abdulla Tukay, Məcid Qafuri və başqa şairlərin həyat və yaradıcılıqları haqqında oçerklər verilmişdir.
- Hazırda nə üzərində işləyirsiniz?
- "Monqolların gizli tarixi"nin tərcüməsini başa çatdırmışam. Çingiz xanın həyatından bəhs edən bu əsər 8 əsr əvvəl qələmə alınmışdır. Kitabda işlənmiş şəxs, xalq, boy adlarının, coğrafi məntəqələrin və terminlərin imlasını dəqiqləşdirmək üçün Ulan-Batora getmək istəyirəm. Səfərim baş tutsa, Monqolustanda yerləşən Orxon abidələrini, ələlxüsus Bilgə xaqan, Gültəkin və Tonyukuk abidələrini ziyarət etmək, onların fotoşəkillərini çəkmək fikrindəyəm. Təəssüf ki, bugünə qədər BDU-nun heç bir aliminin ayağı o yerlərə dəyməmişdir. Gələcəkdə dahi Mir Əlişir Nəvainin əsərlərini nəşrə hazırlamağı planlaşdırıram.
- Sizə uğurlar arzulayırıq.

{nl}

Müsahibəni apardı: İlham ABBASOV, "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında