GoMap.az Azərbaycanın ilk mükəmməl elektron xəritəsidir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov söhbət zamanı əvvəlcə Azərbaycanın elektron xəritəsi olan GoMap.az və onun çoxsaylı yeni servisləri haqda oxucularımıza məlumat verdi. Bildirdi ki, bu yaxınlarda GoMap.az turist naviqatorunda yeni servislər əlavə olunmuşdur. Portalın istifadəçiləri artıq bir sıra yeni imkanlardan istifadə edə biləcəklər. Belə ki, bildiyiniz kimi, GoMap.az Turizm Naviqasiya Portalı nəinki regionda, həmçinin dünyada bir çox ölkələr tərəfindən yaradılan sistemlərdən öz servis və funksionallığına görə seçilir.
Portal yaradılarkən qlobal coğrafi informasiya sistemləri dərin təhlil edilmişdir. "Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi (CİS) və Naviqasiya" layihəsi Mədəniyyət və Turizm Nazirliyi və Transxəzər Regionunun aparıcı sistem inteqratorlarından biri olan SİNAM şirkəti tərəfindən yaradılmışdır.
Portalın ictimaiyyətə təqdimatı bu ilin baharında keçirilmişdir. Təqdimatdan sonra az müddət keçməsinə baxmayaraq, portal üzərində çalışan Mədəniyyət və Turizm Nazirliyi və SINAM şirkəti elektron xəritə üzərində böyük iş aparmış, yeni servislər əlavə edilməklə yanaşı, istifadəçilərin istəklərinə uyğun olaraq mövcud funksionallıqlar da təkmilləşdirmişdir. Yeniliklərdən biri də "Müəssisələrin kataloqu" xidmətidir. Sözügedən kataloq vasitəsilə obyektin dəqiq yerini və ona aid məlumatı daha tez tapmaq imkanı yaranmışdır. Q. Abbasov vurğuladı ki, naviqasiya vasitəsilə marşrut yaratmaq mümkündür. Bundan əlavə, GoMap.az elektron xəritəsində Bakı və Sumqayıtın ictimai nəqliyyat vasitələrinin (avtobuslar) marşrut xətlərini xəritə üzərindən izləmək imkanı verən yeni servis də istifadəyə verilmişdir. Bu funksionallıq ictimai nəqliyyatın dayanacaq yerlərini müəyyənləşdirməyə də imkan verir. İstifadəçi həmin dayanacaqların yaxınlığında olan maraq nöqtələrini xəritədə tapa bilər. Bu isə istifadiçilər, o cümlədən turistlər üçün rahatlıq deməkdir.
-GoMap.az internet-portalında istifadəçilər üçün daha hansı interaktiv funksionallar tətbiq edilmişdir?
- Qeyd etməliyəm ki, istifadəçilərin xəritədə işləmələri üçün əlavə imkanlar da yaradılmışdır. Bu imkanlardan "mənim obyektlərim" bölümü istifadəçilər tərəfindən fərdi xəritələr yaratmaq, həmin xəritələrə obyekt və yollar əlavə etmək, oraya şərhlər yazmaq, həmçinin istifadəçinin sistem vasitəsilə yaratdığı xəritələri dostları ilə paylaşmaq imkanı verir. İstifadəçilər həmçinin xəritə üzərində səyahət üçün öz marşrutlarını yarada bilərlər. İstifadəçilərin rahatlığı üçün Gomap.az portalı dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com ilə inteqrasiya edilmişdir. Artıq Facebook istifadəçiləri http://www.facebook.com/pages/GoMap.az ünvanında GoMap.az-dan yararlana bilərlər.
-Qabil müəllim, bəs xəbərlər bölümünün yaradılmasında məqsəd nədir?
-Xəbərlər həm qonaqlarımıza, həm də yerli istifadəçilərə ölkəmizdə, mədəniyyətimizdə, turizm sahəsində operativ və maraqlı məlumatları əldə etməyə imkan verir. Həmçinin xəbər oxuyan istifadəçi ölkə daxilində olan xəbərlərin məkanını da xəritədə görə bilər.
-Siz eyni zamanda, qeyd etdiniz ki, bəzi funksionallar təkmilləşdirilmişdir. Bu haqda oxucularımıza ətraflı məlumat verməyinizi istərdik.
-Portalın dizaynında bəzi dəyişikliklər edilmişdir. Bundan əlavə, axtarış sistemi təkmilləşdirilmişdir. Yeni axtarış sistemi məntiqi alqoritm prinsipi əsasında qurulmuşdur. Məsələn, axtarış zamanı restoran əvəzinə resoran yazılarsa, sistem yazılmış səhv sözə yaxın olan restoran sözünün əsasında axtarış prosesini yerinə yetirir. Bir sıra yeniliklər və funksionallar haqqında isə öncə məlumat vermişdim. Bunlarla yanaşı, maraq nöqtələrinin sayı artmaqdadır. Həmçinin istifadəçilər tərəfindən də yeni maraq nöqtələri əlavə edilir. Bir çox istifadəçilər xəritədə olan obyektləri haqda geniş məlumatları xüsusi menyu vasitəsilə daxil edirlər. Fürsətdən istifadə edərək demək istəyirəm ki, SİNAM şirkəti hələlik obyektlər haqda geniş məlumatları portala təmənnasız daxil edir. Ona görə də sahibkarları, bu imkandan yararlanaraq öz obyektləri haqda məlumatları xəritədə yerləşdirməyə çağırıram.
-GoMap.az internet-portalını necə qiymətləndirirsiniz?
-Qeyd edim ki, Azərbaycanda indiyə qədər belə bir iş mövcud deyildir. Bu layihə Azərbaycanda ilk elektron xəritənin yaradılmasına imkan vermişdir. Bu xəritədən bütün qurumlar və ictimaiyyət tam yararlana bilər. Xəritədəki yolların, obyektlərin koordinatları peyk vasitəsilə xüsusi cihazlardan istifadə etməklə təyin edilmişdir.
Azərbaycan Turizm Naviqasiya Portalı bu gün Azərbaycana gələnlər üçün elektron bələdçi və məsləhətçidir. Geniş tələblərə cavab verə biləcək səviyyədə məlumatlara və servislərə malik olan GoMap.az geniş funksionallığına görə həmçinin GPS dəstəkləyən mobil telefon və qurğularla da real rejimdə istifadə imkanı verən bir sistemdir.
GoMap.az dünyada mövcud elektron xəritə sistemlərindən daha dəqiq detalları və məlumatları ilə fərqlənir. Bu sistemdə şəhər, rayon, küçə və s. adların təhrif olunması mümkün deyil.
Nəzərdə tutulduğu kimi, portal yalnız turizm obyektlərini deyil, həmçinin respublika üzrə müxtəlif obyektləri (mədəniyyət, turizm, səhiyyə, təhsil, nəqliyyat və s.), yerləri, şəhərləri, yolları, kəndləri, çayları, gölləri və s. bir sözlə, bütün Azərbaycanı və onun müxtəlif sahələri üzrə resurslarını əhatə edir. Qeyd etmək lazımdır ki, naviqasiya sisteminin elektron xəritəsinə 63 000-dən çox obyekt (POİ), 4 530 yaşayış məntəqəsi, 3 300 mədəni-tarixi abidə, 70 şəhər və yaşayış məntəqəsi üzrə ünvanlı məlumat, 670 000 bina və tikili, 43 000 kilometr yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 kilometr yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilmişdir. Üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərən elektron xəritə istənilən bir tikili miqyasına qədər böyüdülür. Elektron xəritə, həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya edilmişdir. Demək olar ki, Gomap.az sisteminin bütün informasiya bazasının üzərinə Google Satellite-da olan Azərbaycan xəritələrini yerləşdirmək mümkündür. Ən əsası odur ki, qlobal analoqlardan fərqli olaraq Gomap.az resursunda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən obyektlər, küçələr Azərbaycan hökuməti tərəfindən müəyyən olunmuş adlarla verilmişdir.
-Siz GPS funksionalının olmasını qeyd etdiniz. Bu sistem Gomap.az-la artıq inteqrasiya olunmuşdur?
-GPS funksionalı olan bütün mobil telefonlar və digər mobil qurğular Gomap.az portalının naviqasiya sistemindən istifadə edə bilərlər. GPS vasitəsilə xəritədə istifadəçinin məkanı müəyyən olunur və o, istədiyi son nöqtəni təyin edib GPS vasitəsilə hərəkət edə bilər. Qeyd etməliyəm ki, bunun üçün mobil telefonlara əlavə heç bir proqram yükləmək lazım deyildir.

{nl}

Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında