Trend-in Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevlə müsahibəsi
- Son vaxtlar kütləvi informasiya vasitələri BMT Təhlükəsizlik Şurasına qarşıdakı seçkilərə çox diqqət ayırırlar. Sizdən hazırda vəziyyətin necə olduğu barədə məlumat verməyinizi xahiş edirik. Seçkiqabağı kampaniya necə keçir və ölkəmizin BMT TŞ-yə seçilmək üçün hansı şansları var?
- Seçkilərə cəmi bir ay qalıb və ona görə də bu vacib hadisəyə ictimaiyyətin maraq göstərməsini təbii hesab edirəm. Xatırladım ki, TŞ-də Şərqi Avropa qrupu üçün nəzərdə tutulan bir yer uğrunda üç ölkə - Azərbaycan, Sloveniya və Macarıstan mübarizə aparır. Rəqiblərimiz güclüdür. Onlar Avropa İttifaqının dəstəyinə arxalanır və qarşıdakı seçkilərdə qalib gəlmək üçün bacardıqlarını edirlər.
Biz də əllərimizi yanımıza salıb oturmamışıq və öz müttəfiqlərimizlə fəal işləyirik. Daimi nümayəndəlik və Azərbaycan XİN beynəlxalq ictimaiyyətin Azərbaycan haqqında, ölkənin beynəlxalq arenada fəaliyyəti, ölkəmizin iqtisadi və mədəni inkişafı barədə geniş məlumatlandırılması istiqamətində müvafiq işlər həyata keçirir.
Azərbaycanın tədricən regional liderə çevrilməsi isə artıq heç kim üçün sirr deyil və ümid edirik ki, bu amil öz rolunu oynayacaq.
Bununla yanaşı, mən bir daha qeyd etmək istəyirəm ki, vəziyyət son dərəcə mürəkkəbdir və kiməsə seçkilərin yekunları ilə bağlı hər hansı proqnoz verməyi qətiyyən tövsiyə etmirəm.
Eyni zamanda, qeyd etmək istərdim ki, BMT TŞ-yə seçkilərlə bağlı kampaniya çərçivəsində görülən işlər seçkilərin nəticələrindən asılı olmayaraq, uzunmüddətli nəticələrə malik olacaq.
Siz çox güman diqqət yetirmisiniz ki, son vaxtlar ölkəmizə xarici dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərinin qrupları səfər ediblər, Diplomatik Akademiya Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi ilə birgə dünyanın 40-dan artıq ölkəsindən olan diplomatlar üçün on günlük yay kursları təşkil edib.
Bu şəxslər Azərbaycanda olduqları müddətdə ölkəmizdə və regionda baş verən prosesləri əyani şəkildə görə və obyektiv qiymətləndirə biliblər.
Şübhə etmirəm ki, onların əldə etdikləri informasiya faydalı olacaq, gələcəkdə ölkəmizdə və regionda baş verənləri müvafiq şəkildə qiymətləndirməyə kömək edəcək.
Başqa sözlə, Azərbaycan bizim rəqiblərimiz kimi, seçkilərdə layiqli iştirak etmək üçün lazım olan hər şeyi edir, lakin hər hansı proqnoz verməkdən çəkinmək lazımdır.
- Bu günlərdə Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyünə seçkilərdə iştirakı məsələsini Ermənistanın xarici işlər naziri də şərh etməyə cəhd göstərib...
- Bəli, bu artıq birinci dəfə deyil ki, ermənilər müxtəlif səviyyələrdə bu məsələ ilə bağlı fikir bildirməyə cəhd edirlər. Əvvəla, mən bilməyənlər üçün demək istərdim ki, Ermənistan BMT TŞ-də bu yerə bizim qrupdan dördüncü namizəd olub. Lakin onlar qarşıdakı seçkilərdə heç bir şəkildə Azərbaycana müqavimət göstərmək iqtidarında olmadıqlarını dərk edərək, öz namizədliklərini geri götürməyi qərara aldılar. Ola bilsin ki, bu, onlar tərəfindən düzgün qərar idi, çünki onların şansı sıfıra bərabər idi...
Təəssüf ki, qonşularımız özlərinə sadiq qalaraq bununla kifayətlənmədilər, seçki kampaniyası çərçivəsində Azərbaycana qarşı kampaniyaya başladılar. Bir sıra ölkələrin daimi nümayəndələri mənə şikayətlənirlər: ermənilər ölkəmizin namizədliyini dəstəkləməmələri üçün onlara təsir göstərməyə cəhd edirlər.
Bundan əlavə, bizdə məlumat var ki, bununla əlaqədar bir neçə ölkəyə hədə-qorxu gəlmək cəhdlərinə Ermənistanın rəsmi strukturları da qoşulub...
Bu məqamda nə ilə nəticələnəcəyini düşünmədən öz "əzəmət"ini nümayiş etdirmək üçün rus təmsilinin filə hürən məşhur personajı Mosku axı necə xatırlamayasan... Ermənilərin bu yaxınlardakı şərhlərinə gəldikdə isə. Dahilərdən kimsə deyib ki, "axmaqlıq Allahın bəxşişidir, lakin ondan sui-istifadə etməyə dəyməz"... Axı, ermənilər açıq-aydın canfəşanlıq edirdilər...
Zənnimcə, Azərbaycanda heç kim heç vaxt Təhlükəsizlik Şurasına seçiləcəyimiz halda "biz hər hansı şəkildə orada Avropa İttifaqının maraqlarını təmsil edəcəyik" kimi və ya buna bənzər bəyanat verməyib... Əgər Azərbaycan Təhlükəsizlik Şurasına üzv seçilərsə, onda bizim oradakı fəaliyyətimiz ölkəmizin milli maraqlarına əsaslanacaq - bu, bizim xarici siyasətimizin əsaslarının əsasıdır. Əlbəttə ki, biz Azərbaycanın daxil olduğu təşkilatların da maraqlarını nəzərə alacağıq. Bunlar İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və başqalarıdır.
Və əlbəttə ki, Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi - əgər bu baş verərsə - BMT-nin nüfuzunun artmasına kömək edəcək, çünki ilk dəfə olaraq Cənubi Qafqazın təmsilçisi olan ölkə - gənc, dövlət müstəqilliyini bu yaxınlarda bərpa etmiş, həqiqətən də müstəqil siyasət yürüdən və əvvəllər heç vaxt BMT TŞ-də təmsil olunmayan dövlət Təhlükəsizlik Şurasının üzvü olacaq.
Həmçinin, Azərbaycanın BMT TŞ-yə seçilməsi təşkilatın demokratik prinsiplərinin doğru olduğunu təsdiq edəcək. Belə ki, Azərbaycan ilk dəfə təşkilata daxil olacaq, digər iki namizəd - Macarıstan və Sloveniya isə müxtəlif illərdə Təhlükəsizlik Şurasının üzvü olublar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.