Şriftin ölçüsü:
12.09.2011 09:39 | Oxunma sayı: 694
"Birləşmiş Ştatlar Qafqaz xalqlarının və dövlətlərinin hüquqlarına hörmət edir və Rusiyanın "nüfuz dairəsi" iddiaları ilə razılaşmır".
ABŞ-ın NATO-dakı keçmiş səfiri, dövlət katibinin müavininin keçmiş köməkçisi Kurt Volker gələn həftə Azərbaycana səfər edəcək. K. Volker hazırda Con Hopkins Universitetinin beynəlxalq əlaqələr fakültəsi nəzdində fəaliyyət göstərən Transatlantika Münasibətləri Mərkəzinin baş tədqiqatçısı və direktorudur. O, sentyabrın 14-də Bakıda olacaq. K. Volker səfər ərəfəsində APA-nın Vaşinqton müxbirinə müsahibə vermişdir.
- Bakıya səfərdə məqsədiniz nədir?
- Mən Dublin Amerika Kollecinin (İrlandiya) bir hissəsi olan Qanunvericilik Təşəbbüsü İnstitutunun magistratura bölməsinə beynəlxalq tərəfdaşlar tapmaqda yardım edirəm. Mən inanıram ki, parlament üzvləri və dövlət qanunvericiləri üçün magistr tədqiqatlarının bir hissəsi kimi Azərbaycan çox maraqlı bir yer ola bilər və inanıram ki, bu səfərlərin Azərbaycan üçün də çox faydası olacaq. Bundan başqa, dostum Metyu Brayzaya da baş çəkmək imkanı qazandığım üçün sevinirəm.
- Regional proseslər barədə fikirləriniz maraqlı olardı. Cənubi Qafqaz regionundakı sonuncu müharibədən üç il keçir. Bu gün bir çox analitikləri belə bir sual maraqlandırır: bölgədə sabitlik möhkəmdir, yoxsa onun yenidən pozulması mümkündür?
- Qafqazda Dağlıq Qarabağ, Abxaziya və Osetiya problemləri həll olunmadıqca, sabitliyin hər an pozulması mümkündür. Buna görə də bölgə ölkələri diqqəti bu münaqişələrin həllinə cəmləməlidirlər. Onlar daxili siyasi islahatları və iqtisadi imkanların artırılmasını davam etdirməlidirlər. Region ölkələri azadlıq və rifah baxımından nə qədər çox uğur qazanarlarsa, münaqişələrin həlli də bir o qədər asan olar.
- Cənubi Qafqaz ölkələri sabitliyin təminatını NATO-da axtara bilərlərmi? Onların bu təşkilata inteqrasiyası mümkündürmü?
- NATO-ya qoşulan ölkələr təhlükəsizlik axtaranlardan daha çox özləri təhlükəsizliyin təminatçısı olmalıdırlar. NATO-nun qapıları həmişə açıqdır. Amma bu qapıdan daxil olmaq üçün çox güclü demokratik əsaslara malik olmaq lazımdır. Buna görə də islahatlar aparmaq, sabitlik yaratmaq və münaqişələri həll edərək daha çox təhlükəsizliyə nail olmaq lazımdır. Bu sahələrdə əldə edilmiş müvəffəqiyyət NATO-ya üzvlük ehtimalını artırır və uzunmüddətli sabitliyin qarantına çevrilir.
- Heç şübhəsiz ki, Rusiya regionu öz nüfuzu altında saxlamağa çalışır. Sizcə ABŞ və Rusiya bu regionda əməkdaşlıq edə bilərmi?
- Prinsipcə, ABŞ və Rusiya Qafqazda əməkdaşlığa əsas tapmalıdırlar. Biz demokratiyaya, sülhə, insan inkişafına, terrorizmlə və narkotik maddələrlə mübarizəyə dəstək veririk. Rusiya isə Qafqazda nəzarət hüququna malik olduğunu düşünür. Deməli, aramızda fikir ayrılığı var. Birləşmiş Ştatlar Qafqaz xalqlarının və dövlətlərinin hüquqlarına hörmət edir və Rusiyanın "nüfuz dairəsi" iddiaları ilə razılaşmır.
- Dağlıq Qarabağ kimi "dondurulmuş" münaqişələrin perspektivini necə görürsünüz? Sizcə Dağlıq Qarabağ məsələsində növbəti addım nə olacaq?
- Həlli uzanan münaqişələr heç kimin marağında deyil. Bu münaqişələr iqtisadi fəaliyyətə və investisiya qoyuluşuna mane olur, yerli əhalidə qorxu və qeyri-müəyyənlik hissləri yaradır, cinayətlər, narkotik maddə və insan alveri üçün şərait yaradır. Buna görə də hər bir hökumət, hər bir lider və hər bir vətəndaş - etnik mənsubiyyətindən, dinindən və şəxsiyyətindən asılı olmayaraq - bu münaqişələrin həllinə çalışmaqda maraqlıdır. Mən uzun zaman Dağlıq Qarabağ münaqişəsinin həll elementlərinin müzakirəsini müşahidə etmişəm. Qısamüddətli qorxular və narazılıqlar olduğu bir vaxtda, region xalqlarının uzunmüddətli maraqları çərçivəsində hərəkət etmək cəsarətli siyasi liderlik tələb edir.
- Bu il Cənubi Qafqazda hər hansı dəyişiklik gözlənilirmi?
- Təəssüf ki, bu il Cənubi Qafqazda hər hansı dəyişiklik barədə proqnoz verə bilmərəm. Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı işğalı davam edəcək, Dağlıq Qarabağ məsələsində də irəliləyiş görünmür, Birləşmiş Ştatların diqqəti öz daxili siyasətinə və zəifləmiş iqtisadiyyatına yönəlib. Buna görə də, hər hansı bir dəyişikliyi proqnozlaşdırmaq çətindir. Amma bununla belə, bölgə liderləri üçün böyük imkan var və ümid edirəm ki, liderlər bu imkandan istifadə edəcəklər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.