N.MƏMMƏDOV: S.Sarkisyan bir tərəfdən beynəlxalq hüquqdan danışır, digər tərəfdən də cəfəng bəyanatlar verir

Ermənistan prezidenti Serj Sarkisyan avqustun 29-da xarici ölkələrdəki səfirlərin İrəvan toplantısında bildirib ki, Qarabağın da Cənubi Sudan kimi müstəqil olacağı şübhəsizdir. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin də bu cür sonluqla bitməsi qaçılmazdır: "Baxmayaraq ki, hələlik Azərbaycanın mövqeyində hər hansı yumşalma haqqında danışa bilmərəm" - deyə Sarkisyan əlavə edib. Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Serj Sarkisyanın bu fikirləri və bütünlükdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azadlıq radiosunun suallarını cavablandırmışdır. Novruz Məmmədov demişdir:
- Dağlıq Qarabağı Cənubi Sudanla müqayisə etmək, istər bugünkü beynəlxalq hüquqa, istərsə də real siyasi anlayışların heç birinə uyğun gəlmir. Ümumiyyətlə, son zamanlar Ermənistan prezidenti, prezident anlayışına uyğun gəlməyən bəyanatlar verir. Bu da, mənim fikrimcə, onun özü ilə bağlıdır, ölkə ilə problemlərindən doğur.
Ermənistan prezidentinin son vaxtlar verdiyi bəyanatları, media, siyasi dairələr, digər təşkilatlar təhlil etsələr görərlər ki, onlar, əslində, prezident bəyanatlarına uyğun gəlmir. Sarkisyan bir tərəfdən danışıqlar aparır, beynəlxalq hüquqdan danışır, digər tərəfdən də çəfəng bəyanatlar verir.
Bunların heç biri nə beynəlxalq hüquqa, nə siyasi etikaya, nə də ümumiyyətlə, bugünkü beynəlxalq aləmdə olan əhval ruhiyyəyə uyğun gəlir. Bu onun özünün faciəsidir və Sarkisyan gec-tez hərəkətlərinin adekvat cavabını alacaq.
- Kimsə Ermənistan prezidentini bu cür bəyanatlar verməyə sövq edə bilərmi?
- Yox. Kimsə dedirtmir. Sadəcə olaraq onların özlərinin xislətində, mahiyyətində bu var. Onlar sadəcə olaraq müəyyən situasiyada özlərini bu cür aparırlar. Arxalanmağa ola bilsin ki, kimlərsə var. Amma düşünmürəm ki, onlar bu dərəcəyə gətirib çıxartsın.
- Sarkisyan deyib ki, Azərbaycan yeni hərbi macəra axtarsa, Ermənistan düşməni sülhə məcbur etməkdən çəkinməyəcək.
- Əgər sülh yolu ilə mümkün olmasa, Azərbaycanın öz torpaqlarını bütün vasitələrdən istifadə edərək geri qaytarmaq hüququnun olması onları çox narahat edir. Məncə, nə demələrindən asılı olmayaraq onların ən böyük narahatçılığı məhz bu məsələdəndir.
Onlar daxildə rahat ola bilmirlər. Gecə-gündüz düşündükləri odur ki, birdən Azərbaycan öz torpaqlarını hərbi əməliyyatlar vasitəsilə geri qaytarmaq istəyər. Çünki onlar yaxşı bilirlər ki, gec-tez Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Ermənistan belə bir geopolitik siyasət mövcud olan yerdə heç bir vəchlə uzun müddət mövcud status-kvonu saxlaya bilməz. Onlar bunu yaxşı bilirlər. Onların yerləşdiyi geopolitik məqam buna icazə vermir.
- Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın tərkibində qalmaq istəyinə düşməsi ehtimalı nə dərəcədə böyükdür?
- Onlar belə bir istəyə düşə bilərlər. Hansı dövlət olursa-olsun, onlar həmişə isti bucaq axtarırlar. Ermənilər torpaq sevən olsaydılar, öz torpaqlarında qalıb yaşayar, işləyərdilər.
- Dağlıq Qarabağda yalnız oranın əhalisinin iştirakı ilə referendum keçirilməsi ehtimalı nə qədər böyükdür?
- Əslində bu cəfəngiyyatdır. Onlar artıq bir dəfə öz aralarında referendum keçiriblər. Onun da nəticəsidir ki, 20 ildən artıqdır, bu proses davam edir. İstəyirlər bundan sonra 10 dəfə də keçirtsinlər. Bu, gəlin olmadığı halda özü özünə toy eləmək kimi boş bir şeydir.
- Son vaxtlar belə fikirlər səslənir ki, danışıqlar prosesini Azərbaycan tərəfi uzadır...
- Bu inandırıcı deyil. Hamı görür ki, Azərbaycan öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edib danışıqlara gedir. İndi ermənilər əgər sizin vasitənizlə, öz diasporu və müəyyən arxalarında duranların vasitəsilə bunun bütün təqsirini Azərbaycanın üzərinə qoymaq istəyirsə, burada Azərbaycan nə etməlidir? Haqq-ədalət prinsipinə riayət etmək nöqteyi-nəzərindən bunu adi təhlillə siz də görə bilərsiniz ki, elə deyil.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında