Paytaxt məktəblərinin maddi-texniki bazası gündən-günə möhkəmləndirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənc nəslin yeni dövrün tələbləri səviyyəsində böyüməsi və inkişaf etməsi üçün bütün mümkün addımları həyata keçirir. Gənclərlə və təhsil sistemi ilə bağlı silsilə dövlət proqramlarının təsdiq və icra olunmasının əsas səbəbələrindən biri də məhz sabahımızı quracaq gənclərin mükəmməl intellektual səviyyəyə yiyələnməsinə xidmət edir.
Dövlət başçısının fikrincə, bu məqsədə çatmaq üçün müəllimlər rahat və müasir məktəblərdə işləməli, şagirdlər isə belə şəraitdə oxuyub öyrənməlidirlər. Məhz Prezidentin sərəncamı əsasında yaradılmış Bakı Şəhəri üzrə Təhsil İdarəsi də bilavasitə həmin məqsədin reallaşdırılmasına xidmət edir: yeni dövrün tələblərinə uyğun şərait, intellektual səviyyə və yüksək biliklər.
Bütün bunlara nail olmaq üçün orta məktəblərdə hansı addımlar atılır? Bu sualla Səbail rayonundakı 51 nömrəli orta məktəbin direktoru Lətafət Səmədovaya müraciət etdik:
- İndi təmir olunan binamız 1880-ci illərdə Bakı xeyriyyəçisi Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə tikilib. Yəni oradan neft sənayesinə xidmət edən yardımçı bina kimi istifadə olunub. 1898-ci ildə həmin binada fəhlələrin uşaqları üçün 5 nömrəli rus-tatar məktəbi yaradılıb. Həmin dövrdən bəri müxtəlif illərdə cari təmir olunan məktəb məhz bu ilə qədər əsaslı təmir görməmişdi.
Biz uzun müddət - hətta, son 17-18 ildə iki qaçqın məktəbi və bir idman məktəbi də daxil olmaqla həmin binada - görünməmiş bir sıxlıqla dərs keçmişik. Şükür Alllaha ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə əsasən 2007-ci ildə gördüyünüz bu yeni məktəb binası tikilərək bizim istifadəmizə verilib. Bu il isə bilavasitə Təhsil Nazirliyinin tövsiyəsi ilə həmin üç əsrin şahidi olan korpusun əsaslı təmirinə başlanılıb və yekunlaşmaqda olan təmir-bərpa işləri elə səviyyədə aparılır ki, oraya "köhnə məktəb" deməyə adamın dili gəlmir. Bununla bağlı məktəbin yeni korpusunda da cari təmir işləri gedir. Gördüyünüz kimi, burada da işlər artıq başa çatmaq üzrədir. Əslində, elə bir ciddi problem də yox idi. Hər halda cari təmirə həmişə ehtiyac olur.
- Təmir işlərini hansı təşkilatlar həyata keçirirlər?
- Əsaslı təmir işlərini "Aqrarsənayetikinti" həyata keçirir. Yeni binadakı cari təmiri isə bilavasitə tikintini aparmış təşkilat - "Xudafərin" Məhdud Məsuliyyətli Cəmiyyəti yerinə yetirir. Hər iki qurum öz vəzifəsini böyük məsuliyyətlə yerinə yetirir.
- Yəqin ki, hər iki təmir başa çatandan sonra məktəbdə şagird sıxlığı problemi olmayacaq.
- Əslində, 2007-ci ildə bizə yeni bina tikiləndə həmin problem tamamilə həll olunmuşdu. Artıq dördüncü ildir ki, biz ancaq bir növbədə, həftənin beş günü dərs keçirik. Yəni Heydər Əliyev Fondu bizim həmin problemimizi dörd il qabaq həll edib. İkinci növbədə isə fakültətiv məşğələlər, dərnəklər, dərsdənkənar saatlar üçün istənilən qədər şərait var. İdman zalımız köhnə binadadır. Yeri gəlmişkən, bir neçə il qabaq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi məktəbin yanındakı (əvvəllər zibillik kimi istifadə olunan) geniş ərazini bizim üçün idman meydançası şəkilində qurub-yaratdı, süni örtük çəkildi.
- Siz bayaq dediniz ki, artıq neçə ildir ki, bu binada qaçqın məktəbləri də dərs keçirlər. Hansı rayonun məktəbləridir?
- Biri Zəngilan rayonunun 10 nömrəli tam orta məktəbidir, o biri isə Ağdam rayonunun 90 nömrəli tam orta məktəbi. Onlar da bizim şagirdlərlə yanaşı sinif otaqlarından, laboratoriyalardan, həkim məntəqəsindən, idman zalından və idman meydançasından istifadə edirlər. İkinici növbədə isə idman zalından və meydançasından idman məktəbinin şagirdləri istifadə edirlər. Xatırladım ki, YUNİSEF başda olmaqla bir neçə beynəlxalq təşkilatın təmsilçiləri qaçqın məktəblərin şagirdləri ilə yerli şagirdlərin ünsiyyətini, münasibətini öyrənən müxtəlif layihələr həyata keçiriblər. Bizim məktəbin təqdim etdiyi iki layihə beynəlxalq təşkilatlar tərəfindən qalib elan olunub. Rəsmi olmayan bir fakt da var. Üç il qabaq Zəngilan rayonunun icra başçısı 51 nömrəli məktəbin direktorunu "Fəxri zəngilanlı" adlandırmışdı. Mən özüm təhsil işçisi kimi 6-7 rayonda qaçqın məktəblərinin qonağı olmuşam. Ona görə də qaçqın məktəblərin taleyinə biganə qalmaq qətiyyən mümkün deyil.
- Dövlətin və nazirliyin bu qədər qayğısına sizin cavabınız nədən ibarət olub?
- Baxmayaraq ki, bir qədər ucqar kimi qəbul edilən ərazidə, fəhlə rayonundayıq, bir çox göstəricilərimiz rəhbərliyi tam qane edir. Bizdə uzun müddət məzunların ali məktəbə qəbul olunması göstəricisi 22 faizdən çox olmayıb. Ötən il həmin göstəricimiz 47 faiz olub. 600-dən çox bal toplayan məzunlarımızın sayı artıb. Çoxuşaqlı bir ailənin üzvü olan məzunumuz Qiyafət Xeyirxəbərli Prezident təqaüdçüsüdür.
Son dərs ilində isə bizim göstəricilərimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yüksək qiymətləndirildi və Prezidentin elan etdiyi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə qoşulduq. Nəticə çox uğurlu oldu. Biz "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olduq.
- Bu məktəbin çox böyük ənənələri var. Xalqımızın ən görkəmli simalarından olan Üzeyir bəy Hacıbəyli gənclik illərində bu məktəbdə müəllim işləyib.
- Siz məktəbin girəcəyində onun büstünü gördünüz. Mən hələ sıravi müəllim olandan bəri burada Üzeyir bəyin büstünün qoyulmasına çalışırdım. Millətin ən böyük maarifçilərindən olan bir insan burada bizim kimi müəllim işləyib. O fakt bizə böyük şərəf idi. Nəhayət, imkan olan kimi bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət etdim, rayon rəhbərliyi də bizi dəstəklədi. "Leyli və Məcnun" operasının 100 illiyinin qeyd olunması ilə bağlı Prezident sərəncamının icrası dövründə biz həmin istəyi reallaşdırdıq. Büstün açılışında təhsil naziri Misir Mərdanov da iştirak etdi. Məktəbimizin xoru Üzeyir bəyin musiqilərini elə ifa etdi ki, bütün qonaqlar məmnun qaldılar.
- Öyrəndik ki, sizin məktəbdə "Heydər Əliyev lektoriyası" da fəaliyyət göstərir.
- Bəli, biz orada şagirdlərimizə ulu öndərin irsini öyrədirik, "Gənc Heydərçilər" orada müxtəlif tədbirlər keçirir. Heydər Əliyev Fondunun bizə hədiyyə etdiyi kitabların, disklərin və digər vasitələrin ilk təqdimatı da orada keçirilir. Yəni üç əsrin şahidi olan bir məktəb bu gün XXI əsrin tələbləri səviyyəsində fəaliyyət göstərir. Bu səviyyəyə çatmağımızın əsas səbəbi də məhz dövlətin təhsilə qayğısı, Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı proqramlar, nazirliyimizin diqqəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bizə göstərdiyi qayğıdır. Əminəm ki, təhsillə bağlı dövlət siyasətinə cavab olaraq qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq.
{nl}
Müsahibəni apardı: İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti" (foto Məmməd SƏFƏRƏLİYEVİNDİR)
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.