Azərbaycanın təşəbbüsü ilə reallaşan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qlobal prosesə çevrilmişdir

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Cari il aprelin 7-dən 9-dək Azərbaycanın ev sahibliyi ilə keçirilmiş daha bir beynəlxalq tədbir - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin bu sahədə səylərinin nəinki Şərqlə Qərbin, bütövlükdə dünya xalqları arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bir daha əyani surətdə göstərdi. Bu, son dərəcə mötəbər beynəlxalq məclisin başa çatmasından təqribən ay yarım sonra, daha dəqiq desək, 2011-ci il mayın 27-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" Fərmanla ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuş oldu. 
Fərmanda deyilir ki, cari il aprelin 7-9-da Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi Forumun əsas məqsədi olmuşdur.
Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.
Forumun təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilmişdir.
Beləliklə, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq ölkəmizdə növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü ildə keçirilməlidir.
AzərTAc-ın müxbirinin ölkəmizdə keçirilmiş ilk Forumun yekunları, növbəti tədbirə hazırlıqla bağlı görülmüş işlər, bu möhtəşəm beynəlxalq məclisdə əhatə olunacaq mövzu və tədbirlərlə bağlı suallarını Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əlaqələndiricisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə cavablandırır.
-Son vaxtlar dünya miqyasında mədəniyyətlərarası dialoq məsələsi olduqca aktual bir mövzuya çevrilmişdir. Sizcə, məsələnin bu dərəcədə aktuallıq kəsb etməsi nə ilə bağlıdır?
- Bilirsiniz ki, XXI əsrdə baş verən hadisələrin motivi bir sıra xüsusiyyətlərinə görə əvvəlki dövrlərdəkindən kəskin surətdə fərqlənir. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, artıq millətlərin və xalqların həyat və yaşam fəlsəfəsini, mədəniyyətlərin və geniş bir coğrafiyada yaşayan xalqların birgəyaşama fəlsəfəsi əvəz edir. Bu meyillər bəzən qloballaşma, bəzən inteqrasiya adlandırılır, bəzən isə, ümumiyyətlə, bu ifadələrin heç biri qəbul edilmir. Lakin bizim istəyib, istəməməyimizdən asılı olmayaraq bu, qaçılmaz bir prosesdir. Sadəcə, bu prosesin gedişində hadisələrin düzgün inkişafına şərait yaratmaq lazımdır. Bu əsrdə fərqli baxışlara, fərqli dinlərə və milli mənsubiyyətə aid olan insanlar, geniş mənada millətlər bir-birilərini daha da yaxından tanımaq üçün böyük imkanlara malikdirlər.
Nə qədər ki, millətlər və insanlararası münasibətlər dövlətlərin bir-biri ilə əməkdaşlığının səviyyəsi və bununla müəyyən edilən çərçivə daxilində, həmçinin məhdud informasiya resursları şəraitində aparılırdı, bu zaman mədəniyyətlər və dinlərarası məsələlər elə də aktual deyildi. Hazırda isə biz informasiya texnologiyalarının elə bir inkişafı dövründə yaşayırıq ki, bir-birini tanımaq üçün heç bir əngəl yoxdur. Yetər ki, dövlətlərin siyasəti bu nöqtədə uzlaşsın. Lakin təəssüflər olsun ki, son zamanlar Qərb ölkələrində multikulturizmə qarşı çıxanlar çoxluq təşkil edirlər. Bir zamanlar bu ideyaları dəstəkləyən və ona şərait yaradan qüvvələr bu gün onun əməli nəticələrindən qorxur və geriyə qayıdırlar. Bu, olduqca təhlükəli meyildir.
Artıq elə bir vəziyyət yaranmışdır ki, dünyanın gələcəyi mədəniyyətlərarası münasibətlərdən asılıdır. Bu məqamda isə geriyə deyil, irəliyə doğru düşünülmüş və millətlərarası münasibətlərin inkişafına töhfə verəcək addımlar atılmalıdır. Dünyada yaşayan bütün xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar.
-Azərbaycanın son vaxtlar aktuallaşmaqda olan mədəniyyətlərarası dialoqda rolu və fəallığı daha çox hansı amillərlə bağlıdır?
- Azərbaycanın mədəniyyətlərarası dialoqda rolunu və fəallığını şərtləndirən amillər çoxdur. Mən bununla bağlı iki əsas amili diqqətə çatdırmaq istəyirəm. Birincisi, Azərbaycanın təbii geosiyasi vəziyyəti, Şimal ilə Cənub, Şərq ilə Qərb arasında yerləşməsi və xalqımızın sözün əsl mənasında əsrlər boyu əldə etdiyi tolerant mədəniyyəti. İkincisi, Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin timsalında mədəniyyətlərarası münasibətlərin inkişafına həm yerli, həm də beynəlxalq səviyyədə nümayiş etdirdiyi dəstək və bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət.
Hesab edirəm ki, bu gün dünyada mədəniyyətlərarası dialoqu Prezident İlham Əliyev qədər dəstəkləyən və bu prosesə şəxsi töhfəsini verən ölkə rəhbərinə çox nadir hallarda rast gəlmək olar. Azərbaycanda artıq bu sahə dövlət siyasətinin bir istiqamətinə çevrilmişdir. Bununla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın demək olar ki, BMT sisteminin bütün ölkələrini əhatə edən YUNESKO səviyyəsində həyata keçirdiyi tədbirlər, müxtəlif ölkələrdə bu istiqamətdə təşkil edilən xoşməramlı aksiyalar mədəniyyətlərarası dialoqun inkişafına, eyni zamanda, müasir dünya mədəniyyətinin sülh və dialoq əsasında formalaşmasına verilən töhfənin bariz göstəricisidir.
-Söz ki, töhfədən düşdü, ümumilikdə bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri barədə nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsi ilə keçirilmiş Bakı Forumu ilk qlobal hadisədir. Bu Forum 2008-ci ildə dövlətimizin başçısı tərəfindən əsası qoyulmuş mədəniyyətlərarası dialoq üzrə "Bakı prosesi" çərçivəsində təşkil edilmişdir.
Mənim fikrimcə, burada konkret nəticələrdən deyil, daha çox ölkəmizin strateji hədəflərindən söhbət gedə bilər. Təbii ki, Bakı Forumu özünün konkret nəticələri ilə yadda qalmışdır. Təsadüfi deyildir ki, bütün qitələrin təmsil olunduğu Bakı Forumunda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, qlobal ictimai xadimlər, parlamentarilər və diplomatlar, merlər və digər yerli hakimiyyət orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, jurnalistlər, tanınmış ziyalılar və digər sahələrdə fəallığı ilə seçilən insanlar, ümumilikdə 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak etmişdir.
Forumun media tərəfdaşı kimi çıxış edən "Euronews" telekanalı öz yayım şəbəkələri ilə bir həftə ərzində bu mötəbər beynəlxalq məclisi 10 dildə təbliğ etmişdir. Dünyanın bir çox nüfuzlu qəzetlərində və televiziya kanallarında Bakı Forumu və bu mötəbər beynəlxalq məclisin baş tutmasında Azərbaycanın rolu, dövlətimizin və Prezidentimizin ən yüksək səviyyədə mədəniyyətlərarası əməkdaşlığı dəstəkləməsi çox mühüm bir addım kimi qeyd olunmuşdur.
Əgər məsələyə strateji nəticələr kontekstində yanaşsaq, Bakı Forumu artıq mədəniyyətlərarası məclis olaraq dünya miqyaslı brend kimi səslənir. Əgər Davos Forumu iqtisadi məsələlərin müzakirəsi üçün brendə çevrilibsə, Bakı Forumu da mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brendə çevrilməkdədir.
Forumun nəticələri və dialoqun əhəmiyyəti tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın olduqca dərin məzmunlu və strateji təklifləri özündə əks etdirən nitqlərində əksini tapmışdır. Həmin nitqlərdə mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinin beynəlxalq səviyyədə aparılmasının vacibliyi, Forumun daimi əsasda təsis edilməsi və bu istiqamətdə aparılan müzakirələr üçün ölkəmizin beynəlxalq mərkəzə çevrilməsi və xalqımızın tolerant mədəniyyətinin dünya ölkələri üçün yaxşı nümunə və model ola biləcəyi, mədəniyyətlər və millətlərarası münasibətlərin əsasında qlobal etika və ədalətin durmasının vacibliyi, mədəni müxtəlifliyin və dini dözümlülüyün təbliği və s. vacib fikirlər bəyan edilmişdir.
Bakı Forumu bir sıra vacib nəticələri ilə xalqımızın və dünya ictimaiyyətinin yaddaşında qalmışdır. İlk növbədə ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənmiş, xalqımızın mədəniyyəti və ənənələrinə dünyanın bütün regionlarında maraq artmış, ölkəmizin mövqeyini dəstəkləyən mədəniyyət lobbisinin formalaşması istiqamətində irəliləyişlər nəzərə çarpmışdır. Həmçinin artıq Azərbaycan mədəniyyətlərarası münasibətlərin müzakirəsi üçün qlobal mərkəz rolu qazanmışdır. Forumdan bir ay sonra Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəsi ölkəmizdə keçirilmiş belə mötəbər tədbirlərin əks-sədası ilə sıx bağlıdır.
-Məlum olduğu kimi, Prezident İlham Əliyev bu mötəbər məclisdəki nitqində Bakı Forumunun daimi əsasda keçirilməsi məsələsini irəli sürmüş və az sonra müvafiq Fərman imzalamışdır. Bu istiqamətdə hər hansı konkret işlər görülürmü?
- Heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanı Bakı Forumunun qlobal hadisəyə çevrilməsinə şərait yaradacaqdır. Fərmanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir keçirilməsi, əlaqələndirici qurum kimi Mədəniyyət və Turizm Nazirliyinin müəyyən edilməsi, növbəti Forumun 2013-cü ildə təşkili və s. məsələlər əksini tapmışdır. Hazırda Nazirlər Kabineti Prezidentin Sərəncamından irəli gələn məsələləri həll etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin bununla bağlı təkliflərini nəzərdən keçirir.
Nazirlik, ümumiyyətlə, mədəniyyətlərarası dialoqun təbliği və mədəni çeşidliliyin dəstəklənməsi istiqamətində silsilə tədbirlər reallaşdırır.
-Bildiyimizə görə, Forumun təşkili məsələləri ilə Beynəlxalq işçi qrupu məşğul olmalıdır. Bu işçi qrupunda növbəti Forumla bağlı hər hansı müzakirələr aparılıbmı?
-Bəli, Beynəlxalq işçi qrupu öz fəaliyyətini davam etdirir. Nazir müavini Sevda Məmmədəliyevanın rəhbəri olduğu həmin qrupa Azərbaycan, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri daxildirlər. Əvvəlki Forumun təşkilində nazirlik İSESKO ilə ikitərəfli əsasda işləmişdir. Növbəti Forum üçün isə biz İSESKO-nu Beynəlxalq işçi qrupuna dəvət etməyi düşünürük. Yəni Beynəlxalq işçi qrupunun tərkibi daha da genişlənəcəkdir.
Bu il iyulun 7-8 -də Parisdə Beynəlxalq işçi qrupunun Bakı Forumunun yekunları ilə bağlı hesabat iclası keçirilmişdir. İclasda Forumun təşkilində tərəfdaş qismində çıxış edən beynəlxalq təşkilatların nümayəndələri tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür etmişlər.
Eyni zamanda, iclasda qeyd olunmuşdur ki, Prezident İlham Əliyev tərəfindən Bakı Forumunun hər iki ildən bir keçirilməsi barədə Fərmanın imzalanması Azərbaycan dövlətinin müasir dövrdə sivilizasiyalararası əməkdaşlığı və dialoqu inkişaf etdirməyə yönələn xeyirxah bir təşəbbüsüdür və tərəfdaş beynəlxalq qurumlar bu addımı dəstəkləyirlər.
Bununla yanaşı, görüşdə əsas müzakirə mövzusu Bakı Forumu çərçivəsində mədəniyyətlərarası dialoq üzrə qlobal tədqiqat qrupunun təsis edilməsi məsələsi olmuşdur. İclasın bütün iştirakçıları bu qlobal tədqiqat qrupunun təsis olunmasının vacibliyini qeyd edərək Azərbaycanın beynəlxalq səviyyədə təbliği, Forumun arxasında güclü akademik və intellektual gücün olduğunu göstərəcək bu qrupun, həmçinin tədbirin müvafiq sənədlərinin hazırlanması ilə məşğul olması təklifini irəli sürmüşlər.
-Qeyd etdiyiniz mədəniyyətlərarası dialoq üzrə Qlobal tədqiqat qrupu ilə Beynəlxalq işçi qrupunun fəaliyyəti necə əlaqələndiriləcəkdir?
-Bilirsiniz, Bakı Forumu yeganə platformadır ki, dörd beynəlxalq təşkilatı bir araya gətirib və həmin qurumların fəaliyyətlərinin əlaqələndirilməsinə və təqdimatına şərait yaradır. Bu, olduqca ciddi məsələdir. Bakı Forumu hər hansı beynəlxalq təşkilatın tək himayəçiliyi altında olan tədbir deyil, Azərbaycan hökumətinin təşəbbüsü və təşkilatçılığı ilə neytral bir məkanda Azərbaycanda - mədəniyyətlərin qovuşduğu bir məkanda azad bir platforma kimi təşkil edilir. Bu format yeganə formatdır və Azərbaycan dövlətinə göstərilən böyük etimadın nəticəsidir.
Vurğulamaq istərdim ki, belə beynəlxalq tərəfdaşların olması foruma xüsusi beynəlxalq siyasi status verir. Məhz bu statusa görə ölkələr belə tədbirlərdə yüksək səviyyədə iştirak etməyə həvəs göstərir və tədbir qlobal əks-səda doğurur. Bu mənada Beynəlxalq işçi qrupunun fəaliyyətinin davam etdirilməsi olduqca vacib sayılır.
Qlobal tədqiqat qrupu ilə Beynəlxalq işçi qrupunun fəaliyyətinin necə əlaqələndiriləcəyinə gəldikdə isə, bildirmək istərdim ki, Forumun bazasında duracaq bu qlobal beyin mərkəzi öz təkliflərini və hazırladığı materialları rəy bildirilməsi üçün Beynəlxalq işçi qrupuna təqdim edəcəkdir. Qrupun üzvlərinin dünyanın bütün qitələrini təmsil etmək şərtilə 10-15 nəfər tanınmış peşəkar ekspertdən ibarət olması, beynəlxalq səviyyədə tanınmış bir şəxsin onun sədri seçilməsi, bir ekspertin məruzəçi təyin edilməsi və qrupun katibinin Azərbaycan tərəfindən olması və həmin qurumun əsasnaməsinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanması nəzərdə tutulur. Hazırda tərəfdaş beynəlxalq qurumlardan təkliflər gözləyirik. Ümid edirik ki, cari ilin oktyabr ayınadək bu qrupu formalaşdıra biləcəyik.

Əhməd MƏMMƏDOV, AzərTAc-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında