Azərbaycan və Rumıniya prezidentlərinin Qara dəniz və Xəzər dənizi hövzəsi dövlətlərinin əməkdaşlığı barədə təşəbbüsü müvəffəqiyyətlə həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış, Rumıniya Prezidenti Trayan Besesku və Avropa İttifaqı tərəfindən dəstəklənmiş Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Partnyorluq Fondu (QMXMMF) hazırda ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Bu barədə QMXMMF-nin baş katibi, Azərbaycanın Rumıniya və Serbiyadakı səfiri Eldar Həsənov AzərTAc-ın müxbiri ilə müsahibəsində demişdir.
Moskvada QMXMMF-nin Direktorlar Şurasının 7-ci iclasında iştirak edən E.Həsənov bildirmişdir ki, 2006-cı ildə iki ölkənin himayəsi altında yaradılmış fond hazırda regionun əsas dövlətlərini birləşdirir. Daha yeddi dövlət onun tamhüquqlu üzvü olmaq istədiyini bildirmişdir. Diplomat demişdir: "Qazaxıstan, Türkiyə, Ukrayna, Bolqarıstan, Moldova və Qırğızıstanla intensiv iş gedir və bu iş Avropa İttifaqı tərəfindən tam dəstəklənir. Bu gün Serbiya tamhüquqlu üzv kimi sıralarımıza qəbul olunmuşdur".
E.Həsənov fondun məqsəd və vəzifələrindən danışarkən qeyd etmişdir ki, bu, sülh, razılıq, dialoq, əməkdaşlıq və partnyorluqdur. Səfir demişdir: "Fondun başlıca ideyası fikir ayrılıqları və ziddiyyətlər olan yerdə dostluq və əməkdaşlıq körpüsü yaratmaqdır. Fond elm, təhsil, mədəniyyət, ekologiya, vətəndaş cəmiyyəti quruculuğu, dini tolerantlığın təmin edilməsi, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq sahəsində ciddi layihələri həyata keçirir. Fəaliyyətin başlıca istiqamətlərindən biri, həmçinin region dövlətlərinin milli maraqlarının irəliləyişinə kömək göstərməkdən ibarətdir. Bir sözlə, ölkəmiz Qara dəniz və Xəzər dənizi regionlarında partnyorluq və əməkdaşlıq ideyalarının generatorudur və bizim fəxr etməyə haqqımız vardır. Sevindirici haldır ki, fondun yaradılması təşəbbüsü qlobal dünyada uzaqgörən və praqmatik siyasət yürüdən Prezidentimizə məxsusdur".
E.Həsənov qeyd etmişdir ki, Beynəlxalq fondun iştirakçısı olan bütün ölkələr regional əməkdaşlığın möhkəmləndirilməsi prosesində Azərbaycanın fəal mövqeyini yüksək qiymətləndirirlər. Diplomat demişdir: "Fondumuz regionun bu və ya digər ölkəsi barədə obyektiv və qərəzsiz hesabatlar tərtib edilməsinin zəruriliyi haqqında Avropa İttifaqı qarşısında məsələ qaldırmışdır. Regionun, xüsusən keçmiş sovet məkanı ölkələrinə dair missiyaların hesabatları o qədər də obyektiv olmur, ölkənin spesifik cəhətlərini, onun tarixini, ənənələrini, adətlərini dərindən öyrənmədən, maksimal standartlar üzrə tərtib edilir və nəticədə ictimaiyyətin müxtəlif rəylərini nəzərə almayan birtərəfli, qeyri-obyektiv bir fikir yaranır. Fondun prezidenti, vitse-prezidentləri Brüsseldə yüksək səviyyədə görüş keçirmiş və belə məsələ qaldırmışlar ki, hesabatlar qərəzsiz olmalıdır. Sözümüzə əməl olundu və bu proses başlandı. Hazırda Azərbaycanda monitorinq qrupu işini başa çatdırmışdır. Bu gün qrup Moskvada "Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu" hesabatını təqdim etmişdir. QMXMMF-nin Direktorlar Şurasının iclasında edilən məruzə Azərbaycandakı vəziyyət, aparılan islahatlar, ictimai-siyasi və iqtisadi sabitlik və inkişaf barədə Aİ-nin obyektiv hesabat nümunəsi kimi göstərilmişdir. Bu hesabatda belə bir nadir misal gətirilir ki, ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycan mədəni irsinin abidələri ermənilər tərəfindən dağıdıldığı halda, Bakıda Qriqoryan kilsəsi olduğu kimi qalmaqdadır. Bu misal azərbaycanlıların milli mentalitetini, onların mədəniyyətini, dini tolerantlığını nümayiş etdirir. Ekspertlər deyirlər ki, bu, bütün region üçün nümunəvi yanaşmadır. Azərbaycandan sonra Türkiyədə, Ukraynada, Bolqarıstanda, Rumıniyada və regionun digər dövlətlərində belə monitorinqlər keçiriləcəkdir".
Sonda Eldar Həsənov bildirmişdir ki, 2012-ci ildə QMXMMF-nin rəhbərliyi və üzvləri Azərbaycanda və Rumıniyada olmağı, qarşılıqlı əlaqə, dostluq və əməkdaşlıq fondunun yaradılması təşəbbüsünə görə minnətdarlıqlarını ifadə etmək üçün bu beynəlxalq layihənin himayədarları olan hər iki ölkənin prezidentləri ilə görüşməyi planlaşdırırlar.{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında