General-leytenant Elçin Quliyev: "Azərbaycanın dövlət sərhədləri 24 saat, hər cür hava şəraitində etibarlı şəkildə qorunur"

"Yeni silahların, hərbi texnikaların, yeni gəmilərin alınması qarşıdakı bir neçə ildə imkanlarımızı dəfələrlə artırmış olacaq"
Azərbaycan Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin APA-ya müsahibəsi
- Cənab general, müsahibəmizə son illərdə Dövlət Sərhəd Xidmətində (DSX) aparılan sosial tədbirlərlə başlamaq istərdik. Öncə sizdən bu sahədə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
- Sosial şəraitin yaxşılaşdırılması və bu sahədəki problemlərin həlli hər bir sərhədçi zabitin xidmətinə müsbət mənada bilavasitə təsir göstərən amillərdəndir. Son illərdə Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Sərhəd Mühafizəsində bu istiqamətdə mühüm addımlar atılmaqdadır və bu proses qarşıdakı illərdə də davam edəcək. Dövlət başçısının diqqəti və qayğısı nəticəsində Sərhəd Mühafizəsinin maddi-texniki təminatı yüksəlib ki, bu da Sərhəd Qoşunlarında xidmət edən şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkilinə müsbət təsir göstərib. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, Prezidentimiz tərəfindən atılan bu addımlar tərəfimizdən həddən artıq yüksək qiymətləndirilir. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhəd komendantlıqları, sərhəd zastavaları komplekslərinin inşası, yeni silah və texnikanın alınması prosesi gedir. Bununla paralel olaraq DSX hərbi qulluqçularının və onların ailələrinin mənzil təminatı sahəsində də böyük miqyaslı işlər həyata keçirilməkdədir. Bu kontekstdə, cari ildə Nərimanov rayonu ərazisində 264 mənzilli hər bir şəraiti olan yaşayış binası istifadəyə verildi. İlin sonuna qədər isə sərhədçi zabitlər üçün 1207 mənzilin istifadəyə verilməsi planlaşdırılır. Özlüyündə bu çox böyük rəqəmdir və növbəti illərdə də bu proses davam edəcək. Sosial tədbirlərimiz bununla yekunlaşmır. Həm Bakıda, həm də ucqar bölgələrdə inşa olunmuş yaşayış komplekslərində zabitlərin ailələri üçün hər şərait yaradılıb. Eyni zamanda DSX-nın istirahət mərkəzində zabitlər və ailələrinin dincəlməsi üçün hər bir şərait mövcuddur. Sərhəd Qoşunlarının hətta qoşunların təmas xəttinə yaxın bölgələrdə də ən müasir tələblərə cavab verən kompleksləri inşa edilib.
- Sərhəd Qoşunlarının komandanı olaraq DSX-də son 10 ildə aparılan islahatların və modernləşmənin sərhəd mühafizəsinin təşkilinə təsiri barədə nə deyə bilərsiniz?
- Ötən 10 ili Azərbaycan sərhəd mühafizəsinin yenidən qurulması, başqa sözlə yeni və modernləşmə dövrü adlandırmaq olar. Bu dövrdə sərhəd mühafizəsi yenidən təşkil olundu. Dünyanın inkişaf etmiş ölkələrinin sərhəd mühafizəsində tətbiq etdiyi ən müasir metodlar, ən müasir avadanlıqlar bu gün Azərbaycan sərhəd mühafizəsinin təşkilində tətbiq olunur. Şəxsi heyətin peşəkarlığı artıb. Tam səmimi deyə bilərəm ki, bu gün Azərbaycanın dövlət sərhədləri 24 saat, hər cür hava şəraitində etibarlı şəkildə qorunur. Hazırda sərhədlərimizdə 250-dən artıq müxtəlif təyinatlı obyektlərin tikintisi aparılır. Eyni zamanda yeni silahların, hərbi texnikaların, yeni gəmilərin alınması nəzərdə tutulur ki, bütün bunlar qarşıdakı bir neçə ildə imkanlarımızı dəfələrlə artırmış olacaq. Başqa bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan DSX-nin əldə etdiyi təcrübəni artıq bir sıra ölkələrin müvafiq qurumları öyrənib öz ölkələrində tətbiq etmək istəyirlər. Bu yaxınlarda NATO tərəfindən Azərbaycan hökumətinə müraciət olunaraq, bir sıra ölkələrin sərhədçilərinin DSX-ın təlimlərində iştirak etməsi, bizim təcrübə ilə tanış olması istəyi ifadə edilib. Eynilə digər qonşu ölkələrdən də bununla bağlı təkliflər var. Hətta bir sıra ölkələr Azərbaycanda sərhədçi kadrların hazırlanması üçün müraciət ediblər.
- Səhv etmiriksə, bu ölkələr arasında Orta Asiya dövlətləri, İraq və Əfqanıstan da var.
- Elədir. Azərbaycanın ötən 10 ildə həm quru, həm də dəniz sərhədlərinin mühafizəsi sahəsində böyük təcrübə qazandığını digər ölkələrin sərhəd mühafizəsinin yüksək rütbəli rəsmiləri özləri də ifadə edirlər. Bu gün əldə olunmuş təcrübə və mövcud imkanlar sərhədlərin fasiləsiz mühafizəsini təmin etməyə, hadisələrə çevik reaksiya verməyə imkan yaradıb. Biz bu təcrübəmizi dost ölkələrlə bölüşməyə hazırıq. Onu da deyim ki, DSX Akademiyası, Sahil Mühafizəsinin Təlim Mərkəzi bizə müraciət edən xarici ölkələrin sərhədçilərini ən yüksək səviyyədə hazırlamağa imkan verir.
- DSX Akademiyasına bu il ilk qəbul həyata keçirildi. Yeni yaranmış bu akademiyaya maraq necədir?
- Akademiyaya müraciətlər gözlədiyimizdən də çoxdur. Fikrimcə, bu müraciətlərin əsasında DSX-də həyata keçirilən tədbirlərin, gənclərimizin sərhədçi peşəsinə marağının yüksəlməsi dayanır. Akademiyada təhsil üçün hər bir şərait yaradılıb. Yeni olmasına rəğmən Bakıya gələn xarici qonaqlar belə Azərbaycanda bu cür təhsil müəssisəsinin yaradılmasını heyranlıqla qarşıladılar. Onu da deyim ki, peşəkar kadrların hazırlanmasında bu akademiyanın böyük rolu olacaq.
- Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi sahəsində hansı yeniliklər gözlənilir?
- Bu gün DSX Sahil Mühafizəsi tərəfindən Azərbaycanın dəniz sərhədləri, dənizdəki neft-qaz infrastrukturu sutkada 24 saat fasiləsiz qorunur. DSX Akademiyasına dənizçilik ixtisası üzrə qəbul həyata keçirilməyə başlayıb. Bizim sahilyanı ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə əlaqələrimiz var. Rusiya, Qazaxıstan, Türkmənistanın müvafiq qurumları ilə sıx əməkdaşlığımız var və bu, inkişaf edir. Bu gün Azərbaycanın dəniz sərhədlərinin mühafizəsində müxtəlif qabaritli gəmilər, sürətli katerlərlə yanaşı müasir radiolokasiya sistemləri, müxtəlif avadanlıqlar tətbiq edilir. Qeyd etdiyim kimi, qarşıdakı illərdə yeni gəmilərin, katerlərin alınması prosesi həyata keçiriləcək. Eyni zamanda Şimal Katerlər Divizionu istifadəyə veriləcək. Artıq divizionun quru hissədə tikinti işləri başa çatıb. Dəniz sahəsində işlər aparılır və ümid edirəm ki, gələn il hazır olacaq. Yaxın aylarda isə Sahil Mühafizəsinin dəniz təlimlərinin keçirilməsi planlaşdırılır.
- Cənab general, Azərbaycan sərhəd mühafizəsi üçün əsas təhdidlər hansılardır?
- Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və dövlət sərhədlərindəki döyüş şəraiti sərhəd mühafizəsinə mane olan başlıca təhdidlərdəndir. Faktdır ki, işğal nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin müəyyən hissəsi nəzarətsiz qalıb və orada hansı proseslərin baş verdiyindən hamı xəbərdardır. İkinci başlıca təhdid narkotik vasitələrin qanunsuz dövriyyəsidir. Buna isə daha çox cənub sərhədlərimizdə rastlaşırıq. Bunun qarşısının alınması üçün cənub sərhədlərimizdə son illərdə möhkəmləndirmə işləri aparılıb. Üçüncü təhdid isə beynəlxalq terrorçu qruplarla bağlıdır. Son illər bir vaxtlar sərhəd mühafizəsində tez-tez qarşılaşdığımız qaçaqmalçılıq halları demək olar ki, aradan qaldırılıb. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafı və həyata keçirilən profilaktik tədbirlər nəticəsində baş verib. Ümumilikdə, sərhədçilər tərəfindən son 8 ayda 800-dən çox əməliyyat yerinə yetirilib.
- İranla sərhəddə son dövrlərdə bəzi problemlər yaşandı. Yardımlı rayonu istiqamətində baş vermiş hadisə ilə bağlı İran sərhəd rəhbərliyi tərəfindən fərqli bəyanatlar verilməsinə münasibətinizi bilmək istərdik.
- İran sərhəd nümayəndələri ilə görüşdə bildirdilər ki, bu hadisə təsadüf nəticəsində baş verib. Biz bu hadisədən sonra İranın sərhəd komissarının vəzifəsindən kənarlaşdırıldığını da bilirik. İndi İran rəsmilərinin verdikləri fərqli bəyanatlar bizdə bəzi şübhələr doğurur. Yeri gəlmişkən, qeyd edim ki, İran Sərhəd Qoşunlarının komandanı bir neçə il əvvəl mənə müraciət edərək sərhəddə sərhəd pozucularına qarşı atəşi maksimum azaltmağı xahiş etmişdi. Biz bununla razılaşmışdıq. İndi bu hadisə İran Sərhəd Qoşunları komandanının mənə müraciətinə tam ziddir.
- Türkmənistanla sərhəd mühafizəsi sahəsində əməkdaşlıq necədir?
- Çox normal və inkişaf etməkdədir. Türkmənistan Sərhəd Qoşunlarının komandanı ilə mütəmadi əlaqə saxlayırıq. Biz hətta təklif etmişik ki, Sahil Mühafizəsini yeni qurmağa başlayan Türkmənistana nə kömək lazımsa göstərə bilərik. Biz bütün dost ölkələrlə əməkdaşlığa açığıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında