Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
18 avqust - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının peşə bayramı günüdür
- Cənab general-mayor, ümummilli lider Heydər Əliyevin varislik prinsipini əsas tutan sərəncamı ilə yaranma tarixini Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sərhədlərimizin mühafizəsi barədə qanun qəbul etdiyi gündən götürən Sərhəd Qoşunlarının peşə bayramı sərhədçilər tərəfindən hər il yeni nailiyyətlərlə qeyd edilir. Ötən bir il Sərhəd Qoşunları üçün hansı əlamətdar hadisələrlə səciyyəvi olmuşdur?
- Qısa şəkildə ümumiləşdirsəm, deyə bilərəm ki, ötən bir il Azərbaycan dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın ardıcıl davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdardır.
Eyni zamanda, "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlərin əsas hissəsinin müvəffəqiyyətlə yekunlaşdırılması xüsusi qeyd olunmalıdır.
Bu uğurların qazanılması isə ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il avqustun 10-da Dövlət Sərhəd Xidməti Akademiyası kompleksinin açılışında iştirakı, onun bilavasitə göstərişi əsasında Nərimanov rayonunda sərhədçilər üçün inşa edilmiş 264 mənzilli yeni yaşayış binaları kompleksinə bu ilin may ayının 19-da möhtərəm Prezidentimizin baxış keçirməsi və görülmüş işlərə yüksək qiymət verməsi ötən ilimizin ən əlamətdar hadisələrindəndir.
- Dövlət Sərhəd Xidməti apardığı tikinti-quruculuq işləri dinamik inkişafı ilə həmişə fərqlənib. Bu, öz növbəsində dövlət sərhədinin mühafizəsini möhkəmləndirməklə yanaşı, heç şübhəsiz, sərhəd xidmətinin təşkilinə müsbət təsir edən amillərdən biri olan sosial məsələlərin uğurlu həllinə imkan verir...
- Tamamilə doğrudur, dövlət sərhədlərimizdə tikinti-quru culuq işləri aparmadan, yeni sərhəd infrastrukturları yaratmadan dövlət sərhədlərinin mühafizəsini lazımınca təmin etmək çox çətindir. Buna görə də, dövlət sərhədinin daha etibarlı mühafizəsi üçün geniş quruculuq işləri görülmüşdür və bu proses uğurla davam etdirilir. Qısaca olaraq bəzi ümumiləşdirmələr aparmaq istərdim.
Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib. Çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb. Real vaxt rejimində hərbi hissə qarnizonlarında gündəlik rejim qaydalarına riayət edilməsinə DSX aparatından videomüşahidə yolu ilə nəzarət edilir, sərhəd dəstələri ilə DSX aparatı arasında videokonfranslar keçirilir, dövlət sərhədindən keçən şəxslərin fotoşəkillərinin İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində videogörüntüsü verilir.
Ötən il dövlət sərhədinin mühafizəsində istifadə olunan xeyli zirehli texnika modernləşdirilmiş, taktiki-texniki xüsusiyyətləri müasirləşdirilmiş, yeni ZTR-S modifikasiyalı zirehli texnika yığılaraq xidməti istifadəyə verilmişdir.
Görülən bu işlərlə bərabər, Dövlət Sərhəd Xidmətinin fəaliyyətində sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir.
Sərhədlərimizdə yeni inşa olunan sərhəd məntəqələrinin hamısında zabit ailələri üçün xüsusi yaşayış binaları da tikilir. Qeyd olunmalıdır ki, ucqar yerlərdə inşa edilən zastavalardakı yaşayış binalarının mənzilləri bütün zəruri məişət avadanlıqları ilə təchiz olunur, hətta həmin binaların önündə uşaq şəhərcikləri də salınır. Bu faktın özü sərhədçi zabitlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıdan xəbər verir. Sərhədçi zabit və gizirlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə bütün yeni qarnizonlarda zabitlər üçün yaşayış evləri tikilməkdədir. Bakı şəhərinin Nərimanov rayonunda sərhədçilər üçün xüsusi yaşayış massivi salınıb, 3 ədəd 12 mərtəbəli, 88 mənzilli yaşayış binası istifadəyə verilib.
Sərhəd Qoşunlarında təkcə 2010- cu ildə 20 kompleksin inşası aparılıb. Onlardan 12 kompleksin - 58 ədəd əsas və köməkçi binanın - o cümlədən, Göytəpə qarnizonunun əsaslı təmiri və 300 yerlik kazarma binasının tikintisi, Horadiz, Lənkəran sərhəd dəstələrində "N" zastavalarının əsaslı təmiri, Xudat sərhəd dəstəsində 3 zastavanın tikintisi, Dövlət Sərhəd Xidməti aparatında kazarma binasının əsaslı təmiri, Atçılıq Mərkəzində təsərrüfat sexinin, hakimlər üçün binanın tikintisi yekunlaşıb. Dövlət Sərhəd Xidməti Akademiyası kimi möhtəşəm bir kompleks istifadəyə verilib, Xidməti Heyvanlar Mərkəzinin tikintisi başa çatdırılıb. 2011- ci ilin 1-ci yarısında 35 kompleksin- 223 ədəd əsas və köməkçi binanın tikintisi aparılıb.
Onu da deyim ki, sərhədçilərin mənzil təminatının yaxşılaşdırılması işləri istirahət və müalicə səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərlə paralel şəkildə aparılır. Hazırda DSX hərbi hospitalında sərhədçilərə daha yüksək səviyyədə tibbi xidmət göstərilməsinin təmin edilməsi üçün əsaslı yenidənqurma və təmir işləri gedir. Sərhədçilərin sosial-məişət şəraiti yaxşılaşır, xidməti-döyüş fəaliyyətləri güclənir. Şəxsi heyətin yüksək nizam-intizamı və mənəvi-psixoloji durumu, yaxşı əhval-ruhiyyəsi, maddi-texniki təminatın günün tələbləri səviyyəsində olması, aparılan tikinti-quruculuq işlərinin vüsəti və dinamikası müsbət nəticələrə gəlməyə tam əsas verir.
- Mətbuatda gedən məlumatlardan bilirik ki, Dövlət Sərhəd Xidməti beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərir. Digər ölkələrin sərhəd qurumları ilə əməkdaşlığın Dövlət Sərhəd Xidməti üçün nə kimi faydaları var?
- Dövlət Sərhəd Xidməti dövlətimizin NATO, Avropa İttifaqı, GUAM, ATƏT, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans (Şiofok Konfransı), BMT kimi beynəlxalq təşkilatlarla, Böyük Britaniya, Fransa, Almaniya, Finlandiya, Slovakiya, Niderland, Macarıstan, Avstriya, Rusiya, Belarus, Çin, Cənubi Koreya, Türkiyə, İran kimi ölkələrlə geniş əlaqələr qurur.
TRASEKA, Şərq-Qərb və GUAM çərçivəsində strateji nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi, təcrübə mübadiləsi sahələrində Ukrayna və Moldova ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.
DSX həmsərhəd və MDB dövlətləri ilə yanaşı, Amerika, inkişaf etmiş Avropa və Asiya ölkələrinin sərhəd xidmətləri və müvafiq qurumları ilə inteqrə edilmiş sərhəd idarəçiliyi, dəniz sərhədlərinin mühafizəsi, havadan nəzarətin və təlim-tədrisin təşkili, o cümlədən, dağ təlimi hazırlığının təkmilləşdirilməsi, çevik qüvvələrin peşəkarlığının artırılması, hərbi tibb və digər sahələrdə əməkdaşlıq edir.
DSX Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM çərçivəsində dövlətlərarası informasiya təhlil sisteminin yaradlması və Virtual Mərkəz, o cümlədən Ticarət və Nəqletməyə Yardım layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Bununla yanaşı, GUAM dövlətlərinin sərhəd qurumlarınn rəhbərləri arasında hər il GUAM sammiti çərçivəsində işçi görüşlər keçirilir və növbəti il üçün tədbirlər planı imzalanır.
Əməkdaşlıq hər zaman qarşılıqlı fayda verir. Qarşılıqlı fayda olmasa, əməkdaşlığın mənası da olmaz. Beynəlxalq təcrübənin öyrənilməsi və xidmətdə tətbiqi istiqamətində həm Dövlət Sərhəd Xidməti faydalanır, həm də digər ölkələrin sərhəd qurumları Dövlət Sərhəd Xidmətinin təcrübəsindən istifadə edir. Məsələn, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə həyata keçirilən "Azərbaycanın cənub sərhədlərində inteqrasiya edilmiş sərhəd idarəetmə modelinin yaradılması" üzrə pilot layihəsi iki il qabaq uğurla yekunlaşdırıldı. Layihə çərçivəsində 1 milyon avro dəyərində dövlət sərhədinin mühafizəsinin və sərhəd nəzarətinin təşkilində istifadə edilən müxtəlif texniki avadanlıqlar alındı, onların quraşdırılması və tətbiqi üçün zəruri işlər görüldü, eləcə də Dövlət Sərhəd Xidmətinın təlim-tədris bazasının imkanlarının yaxşılaşdırılması, tədris metodikasının və təlim heyətinin peşə səviyyəsinin təkmilləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirildi, ayrı-ayrı mövzular üzrə treninqlər təşkil olundu. Yaxud, DSX-NATO əlaqələri çərçivəsində 2010-cu ilin oktyabr ayında Bakı şəhərində sərhəd təhlükəsizliyi mövzusunda Orta Asiya və regionun digər ölkələrindən olan sərhədçilər üçün regional təlim kursunun təşkili, İraq və Əfqanıstan sərhədçilərinin Dövlət Sərhəd Xidməti bazasında təhsilə cəlb edilməsi ilə bağlı zəruri işlər görüldü.
Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulması cənab Prezidentimiz tərəfindən də yüksək qiymətləndirilir. Cənab Prezident avqust ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində söylədiyi nitqdə xüsusi vurğulamışdır ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünəlayiq yerini tuta bilibdir.
-Dəniz sərhədlərinin qorunması sahəsində hansı tədbirlər həyata keçirilir?
- Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri hesab olunur. Məhz buna görə də dəniz sərhədlərimizin mühafizəsinin gücləndirilməsinə ölkə rəhbərliyi xüsusi diqqət yetirir.
Azərbaycan Prezidentinin 2008-ci il noyabrın 8-də Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazasının açılış mərasimində iştirak etməsi hər bir sərhədçidə ruh yüksəkliyi yaratmaya bilməzdi. Belə səfərlər sərhədçiləri ruhlandırmaqla yanaşı, onların üzərinə çox böyük məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən Sahil Mühafizəsinin şəxsi heyəti də sayıqlığını itirmir.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş hazırlığının yüksək səviyyəyə qaldırılması, sərhədçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə də bilavasitə müsbət təsir göstərir.
Ötən il DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələri verilmiş, Xəzər dənizinin va cib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmət təşkil edilmiş və sərhəd sularında Azərbaycanın mənafelərinin qorunması, Xəzər dənizində müşahidə və aşkaretmə imkanlarımızın əhəmiyyətli dərəcədə artırılması təmin edilmişdir. Neftçala rayonunda Sahil Mühafizəsinin cənub divizionu xidməti fəaliyyətə başlamış, Xaçmaz rayonu ərazisində şimal divizionunun tikintisinə başlanılmışdır.
2010- cu il ərzində Xəzər dənizində dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə, neft yataqlarının mühafizəsində mühüm vəzifələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Ötən ilin avqust ayından bəri sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 24, Rusiyaya məxsus 5, İİR-ə məxsus 1, Türkmənistana məxsus 1 gəmiyə, Azərbaycan Respublikasına məxsus 210 kiçik həcmli motorlu qayığa baxış keçirilmişdir. Rusiyaya məxsus 1, Azərbaycan Respublikasına məxsus 4 gəmi və 116 qayıq sərhəd rejimini pozduqlarına görə saxlanılmışdır.
Keçirilmiş rejim tədbirləri zamanı dənizdə qurulmuş qanunsuz balıq ovlama vasitələri - 448,250 metr tor və 126,775 ədəd qarmaq müsadirə edilmişdir.
-Kadr hazırlığı, zabit heyəti ilə komplektləşdirmə sahəsində vəziyyət necədir?
-DSX-nin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit, gizir və əsgərlərin peşə hazırlığının yüksək səviyyədə olması üçün önəmli işlər görülüb. Dövlət Sərhəd Xidmətinin peşəkar heyətlə komplektləşdirilməsi üçün sərhəd zastavası təminat qrupu komandirlərinin, miqrasiya və sahil mühafizəsinin kiçik mütəxəssislərinin hazırlığı kurslarının sayı, sərhəd dəstələrinin çevik hərəkət bölmələrinin zabit və gizir heyəti ilə komplektləşdirilməsinin səviyyəsi bir neçə dəfə artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasında 2008-ci ildə artıq tədrisə başlanılıb.
2005-ci ildən etibarən DSX-nin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin Sahil Mühafizəsinin Tədris Mərkəzi fəaliyyətə başlayıb. Xarici dil və miqrasiya kurslarında miqrasiya sahəsində qanunvericilik, sərhəd nəzarəti üzrə normativ-hüquqi aktlar, müasir İP texnologiyalarının imkanlarından istifadə qaydaları, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydaları və xarici dillər tədris olunur.
DSX-nin müasir vasitələrlə təchiz edilmiş təlim-tədris mərkəzlərində gənc əsgərlər sərhədçi peşəsinin incəliklərini həvəslə öyrənirlər.
- Dövlət Sərhəd Xidmətinin fəaliyyətində, şübhəsiz, ictimaiyyətlə əlaqələrin qurulması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili də mühüm əhəmiyyət kəsb edir...
- DSX-nin ölkə ictimaiyyəti ilə sıx əlaqələri mövcuddur və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Fəaliyyətimizdə hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi də prioritet istiqamətlərdəndir. Bu sahədə görülən tədbirlər içərisində müxtəlif yaradıcılıq müsabiqələrinin keçirilməsi xüsusi yer tutur. Bu il Azərbaycan sərhəd mühafizəsinin 92-ci ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, televiziya verilişi, qəzet məqaləsi və inşa yazısı üzrə 5 nominasiyada müsabiqələr elan edildi. Müsabiqədə ölkəmizin professional və həvəskar rəssamları, şairləri, jurnalistləri, tələbələri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Yaradıcılıqla məşğul olan insanlar müsabiqəyə böyük maraq göstərdilər. Müsabiqəyə bədii ədəbiyyat üzrə 17, təsviri sənət üzrə 22, qəzet məqaləsi üzrə 14, televiziya verilişi üzrə 4 və sərhədyanı kənd ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazısı üzrə yüzlərlə iş təqdim olundu. Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, sosial mənşə və peşəkarlıq səviyyəsi də müxtəlif idi. Təqdim edilmiş əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçildi. Gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə Dövlət Sərhəd Xidmətinin həmişə önəm verməsinin nəti cəsidir ki, müntəzəm olaraq Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə plan əsasında hazırlanmış müxtəlif məzmunlu tədbirlər həyata keçirilir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin mərkəzi aparatında tələbələrlə görüşlər, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, DSX-nin fəaliyyətini əks etdirən kitablar nəşr edilir. Hazırda Dövlət Sərhəd Xidmətinin yaranmasının 10 illiyinə həsr olunmuş iri həcmli kitab-albom üzərində iş, demək olar ki, yekunlaşmışdır.
- Gənclərin hərbi vətənpərvərlik tərbiyəsindən söz düşmüşkən Dövlət Sərhəd Xidməti Vətən, torpaq, dövlət sərhədlərinin toxunulmazlığı uğrunda xeyli şəhid vermişdir. Onların xatirəsi yad edilirmi, ailələri ilə əlaqə saxlanılırmı?
- Ümummilli lider Heydər Əliyev "Şəhidsiz Vətən yoxdur, şəhidsiz millət yoxdur, şəhidsiz xalq yoxdur" deyib. İlk sərhədçi Milli Qəhrəman Eldar Məmmədovu, XXI əsrin ilk Milli Qəhrəmanı Eltun İsgəndərovu indi hamı tanıyır. Milli qəhrəmanlarımız baş leytenant Əmiraslan Əliyev, gizir Faiq Cəfərov, kursant Bəhruz Mansurov, polkovnik-leytenant İntiqam Atakişiyev, "Azərbay- can Bayrağı" ordenli Qorxmaz Həşimov, "İgidliyə görə" medalı ilə təltif olunmuş əsgər Ramin Lələyev, Elçin Qasımov, gizir Qulam Ələkbərov, çavuş Natiq Xəlilov... Onlar adlarını ölkəmizin sərhəd mühafizəsi tarixinə əbədi həkk edib, sərhədçi şərəfini daha da ucaldıblar. O şəhidlərimiz Vətən torpaqlarını bu gün də bizimlə sanki birgə qoruyurlar.
Hazırda şəhid sərhədçilərlə bağlı yeni bir layihə üzərində də iş gedir. Xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş sərhədçilər haqqında foto-slayd və video materiallar əsasında qısametrajlı sənədli filmlər hazırlanır. İlk olaraq Göytəpə Sərhəd Dəstəsində və Naxçıvan Sərhəd Diviziyasında xidmət etmiş şəhid sərhədçilərə həsr olunmuş belə filmlər hazırlanaraq Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrinə və zastavalara göndərilmişdir. Yenə filmlər hazırlamaq üçün digər sərhəd dəstələrində həlak olmuş sərhədçilər barədə materiallar toplanılır. Deyim ki, bu filmlər şəxsi heyətin, gənc əsgərlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərib. Biz, eyni zamanda, həmin şəhidlərin doğulduqları rayonlarda, oxuduqları orta məktəblərdə tədbirlər keçirməyi planlaşdırır, filmləri diskə yazdıraraq xüsusi qutularda xatirə kimi şəhidlərin ailələrinə, oxuduqları orta məktəblərə hədiyyə edirik. İlk belə tədbirimiz Milli Qəhrəman Eltun İsgəndərovun doğulduğu Samuxda rayon icra hakimiyyətinin yaxından iştirakı ilə keçirilib.
- Uzun müddətdir ki, Dövlət Sərhəd Xidməti hər il "Sərhəd" hərbi-idman oyunları keçirir. Yəqin ki, bu tədbir hələ orta məktəbdən gənclərdə hərbi- vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə, onlarda sərhədçi peşəsinə marağın artırılmasına hesablanıb...
- Əslində elədir. Ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da "Dövlət gənclər siyasəti haqqında" fərman imzalaması respublikamızın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakının təmin olunmasında müstəsna rol oynadı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin 4-cü forumunun yekun toplantısında gənclər siyasəti sahəsində qazanılmış uğurlardan danışarkən xüsusilə vurğulamışdır ki, bu gün Azərbaycanda çox güclü gəncliyin yaranması o illərdə görülmüş işlərin nəticəsidir.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətinə uyğun olaraq Dövlət Sərhəd Xidməti də gənclərlə aparılan mənəvi-ideoloji işi daim diqqət mərkəzində saxlayır. Dövlət Sərhəd Xidməti sərhədlərimizin toxunulmazlığını təmin etməklə yanaşı, gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər görür. Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəkli almış bu oyunlar Dövlət Sərhəd Xidməti rəisinin, təhsil nazirinin, cənclər və idman nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, onlarda sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynayır.
Azərbaycan sərhəd mühafizəsinin 92-ci ildönümü ərəfəsində - bu il də növbəti "Sərhəd" hərbi-idman oyunları keçirildi. 28 sərhədyanı rayonun 202 məktəbinin 1010 şagirdinin iştirak etdiyi bu hərbi-idman oyunu üç mərhələdən ibarət idi. Aprel ayında hərbi-idman oyununa start verildi. Sərhədyanı kəndlərdəki orta məktəblər arasında keçirilmiş ilkin mərhələnin qalibləri növbəti mərhələyə vəsiqə aldılar. May ayında keçirilən ikinci turda isə 28 məktəbin 140 şagirdi iştirak etdi. Səkkiz zonada keçirilən yarışların qalibləri isə final mərhələsinə vəsiqə qazandılar. Final mərhələsinə qoşulan 8 komandanın hər biri sonuncu tura çox ciddi hazırlaşmışdılar.
"Sərhəd" hərbi-idman oyununun final turu bu il iyun ayının 2-dən 10-dək Dövlət Sərhəd Xidməti Akademiyasının bazasında keçirildi. Final turunda komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozu cusunun yaxalanması və onun təxliyyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdirdilər. Oyun zamanı toplanılan ümumi balların miqdarına görə İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin "Turan" komandası 1-ci yeri, Qəbələ rayonunun Vəndam-1 kənd orta məktəbinin "Vəndam" komandası 2-ci yeri, Ordubad rayon internat məktəbinin "Sərhədçi" komandası isə 3-cü yeri tutdu.
Yarışların ümumi nəticələri yüksək oldu. Məktəbli gənclərimizin qələbə qazanmaq əzmi, hərbi intizama alışmağa göstərdikləri cəhd, sərhədçi peşəsinin incəlikləri ilə maraqlanmaq, sərhəd mühafizəsi işinin təşkili ilə tanış olmaq istəkləri sevindirici idi.
-Dövlət Sərhəd Xidmətinin sərhədlərimizin mühafizəsi istiqamətində əldə etdiyi nəticələr barədə də oxuculara məlumat verməyiniz yaxşı olardı. Bu gün sərhədçilərin döyüş hazırlığı necədir?
- Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bütün qüvvə və bacarığını səfərbər edərək dövlət sərhədinin etibarlı mühafizəsini təşkil etmiş və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək bu sahədə önəmli nailiyyətlər qazanmışdır. Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılmışdır ki, bunların 369 nəfəri sərhəd pozucusu olmuşdur.
Ötən ilin avqust ayından bəri isə dövlət sərhədini pozduqları üçün 343 halda 602 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının 30,3 faizi- 111 halda 183 nəfəri Azərbaycandan digər ölkələrə keçərkən, 69,6 faizi - 232 halda 419 nəfəri Azərbaycana keçməyə cəhd edərkən saxlanılmışlar. Tutulan sərhəd pozucularının 70,6 faizi Azərbaycan, 6,1 faizi İran, 5,4 faizi Gürcüstan, 3,9 faizi Banqladeş, 3,5 faizi Əfqanıstan, 3,4 faizi Rusiya, 1,8 faizi Pakistan, qalanları isə Türkiyə, Özbəkistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Polşa, Macarıstan vətəndaşları olmuşdur.
Son bir il müddətində ümumi dəyəri təxminən 4 milyon 49 min 600 manat məbləğində qaçaqmal saxlanılmışdır. Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində 126 kiloqram 98,1 qram narkotik maddə aşkar olunaraq götürülmüşdür. Axtarışda olan 1185 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Digər sualınıza gəlincə, deməliyəm ki, Sərhəd Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi daim diqqət mərkəzindədir. Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. 2009-cu ildə təlimlərin sayı xeyli artırıldı, təlim tapşırıqları daha mürəkkəb və çətin şəraitdə yerinə yetirildi. 2010- cu ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin cəlb edildiyi "Qalxan-2010" birgə əməliyyat-taktiki təlimlərində DSX-nin bölmələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdi. Sonra birgə tədbirlər planına əsasən, Xəzər dənizinin Rusiyaya mənsub olan bölməsində "Xəzər dənizində terror, qaçaqmalçılıq fəaliyyətinin, narkotik vasitələrinin dövriyyəsinin, qeyri-leqal miqrasiyanın, brakonyerliyin və digər qanunsuz hərəkətlərin qarşısının alınması və xilasetmə əməliyyatlarının aparılması" mövzusunda keçirilmiş 3 mərhələli hərbi təlimlərdə DSX Sahil Mühafizəsinin gəmiləri yüksək intizam və döyüş hazırlığı nümayiş etdirdilər və ilk dəfə olaraq ölkə hüdudlarından kənarda artilleriya toplarından döyüş atışı kimi təlim elementlərini tam yerinə yetirdilər. Dekabr ayında Xudat Sərhəd Dəstəsinin xidməti ərazisində ixrac neft və qaz boru kəmərlərinə qarşı baş verə biləcək təxribatların qarşısının alınması üzrə Xüsusi Dövlət Mühafizə Xidmətinin hissə və bölmələri birgə zirehli döyüş texnikasının tətbiqi ilə əməliyyat-taktiki təlim keçirdilər.
- Müstəqilliyimizin ilk illərində də Sərhəd Qoşunlarında təminat sahəsində problemlər mövcud idi. Bu sahədə indi vəziyyət necədir?
- Dövlət Sərhəd Xidmətində bu gün maddi-texniki təminat müqayisəolunmaz dərəcədə yüksəkdir. DSX-nin maddi-texniki bazası xeyli möhkəmlənib, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşıb. Hərbi hissələrdə qoşun təsərrüfatının təşkili işi təkmilləşdirilib. Şəxsi heyətin məişətinin hərtərəfli və fasiləsiz təminatını həyata keçirmək, hərbi hissələrin döyüş və səfərbərlik səviyyəsini daim yüksək saxlamaq, hərbi hissələri qısa müddətdə sülh şəraitindən döyüş vəziyyətinə gətirmək, sərhədçilərin tam həcmdə bütün növ təminatını təşkil etmək üçün lazımi tədbirlər vaxtında həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin bu sahəyə birbaşa məsul olan idarəsinin fəaliyyəti nəticəsində qoşunların təminat və təchizatı günün tələbləri səviyyəsindədir.
Sərhədçilərin müasir texniki vasitələrlə, döyüş texnikası, avtomobil nəqliyyatı və digər texnika ilə təminatı da diqqət mərkəzindədir. Çünki sərhədlərin mühafizəsi işinin səviyyəsinin artırılması sərhədçilərin müasir texnika, avadanlıq və vasitələrlə, nəqliyyat vasitələri ilə lazımi səviyyədə təmin olunmasından çox asılıdır. Sərhədçilər müasir texnika və vasitələrdən bacarıqla istifadə edərək sərhəd xidmətini dünya standartları səviyyəsinə qaldırmışlar.
- Cənab general-mayor, Sizi və bütün sərhədçilərimizi peşə bayramı münasibəti ilə təbrik edir, şərəfli işinizdə daha böyük nailiyyətlər arzulayırıq.
- Çox sağ olun.18 avqust günü yalnız sərhədçilərimiz üçün deyil, bütün xalqımız üçün əlamətdar günlərdən biridir. Çünki dövlətçiliyin mühüm atributu olan dövlət sərhədinin mühafizəsi dövlət müstəqilliyinin əsasını qorumaq deməkdir. Sərhəd Vətən adlı qoruğun çəpəridir. Fəxr edirik ki, o çəpərin qoruqçusu - biz sərhədçilərik.
{nl}
Müsahibəni apardı: Qüdrət PİRİYEV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.