Müsahibimiz birliyin idarə heyətinin sədri Bayram Səfərovdur.
{nl}
- Bayram müəllim, öncə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yaranma tarixi barədə məlumat verməyinizi xahiş edirik.
- Məlum olduğu kimi, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır.
ATƏM-ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir.
2006-cı ildə Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə, 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I qurultayının keçirilməsi olmuşdur. Qurultayda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Bundan sonra ictimai birlik Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburən köçkün düşmüş azərbaycanlıların acınacaqlı vəziyyəti, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması icmanın qarşısında duran ən mühüm vəzifə kimi müəyyənləşdirilmiş və gələcək tədbirlər planının həyata keçirilməsi mexanizmləri göstərilmişdir.
İcmanın qarşıya qoyduğu məqsədlərə çatmaq, eləcə də münaqişənin nizama salınması prosesində daha səmərəli fəaliyyət göstərməsi üçün dövlət başçısı cənab İlham Əliyev 2009-cu il avqustun 31-də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ictimai birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalamışdır.
Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın Azərbaycanlı İcmasına göstərilən qayğı və diqqət icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə ictimai birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm görüşlər keçirir.
Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahının açılışında iştirakı və söylədiyi fikirlər icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
- İcmanın beynəlxalq qurumlarla əlaqələri getdikcə genişlənir, dövlət xadimləri ilə mütəmadi görüşlər keçirilir. Belə görüşlər zamanı əsasən hansı məsələlərin diqqətə çatdırılmasını vacib hesab edirsiniz?
- 2010-cu ildə icmanın idarə heyətinin üzvlərinin beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ATƏT-in rəsmi şəxsləri, eləcə də Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirilmişdir. Belə ki, fevralın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saydabayevlə görüş keçirilmişdir. Daha sonra, martın 15-də ATƏT PA-nın sədri Coao Suareşlə, iyulun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin üzvlərinin Xarici İşlər Nazirliyində ATƏT Minsk Qrupunun həmsədrləri - Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov ilə (Rusiya), sentyabrın 6-da isə ictimai birliyin qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşü keçirilmişdir. Keçirilən görüşlərdə idarə heyətinin üzvləri bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, eləcə də hər iki icma üzvlərinə bərabər şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər. Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasının münaqişənin ədalətli həlli üçün başlıca şərt olduğu vurğulanmaqla yanaşı, bu bölgənin bütün dövrlərdə Azərbaycan mədəniyyətinin mərkəzi olduğu bildirilmiş və qeyd edilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində xalqımızın həmin ərazilərdəki çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılmış və ya məhv edilmişdir. Bununla yanaşı, idarə heyətinin üzvləri keçirilən görüşlərdə Azərbaycan dövlətinin Dağlıq Qarabağın inkişafı üçün orada yaşayacaq hər iki icmanın xeyrinə lazımi tədbirləri görməyə hazır olduğunu qeyd edərək, bu mərhələyə keçmək üçün ilk növbədə Ermənistan tərəfindən bütün Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini hər zaman diqqətə çatdırmışlar. Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycanlı İcması regionda və dünyada baş verən hadisələrə müntəzəm olaraq öz münasibətini bildirmiş, beynəlxalq tədbirlərdə mövqeyini açıqlamışdır.
Ümumiyyətlə, 2010-cu ildən ictimai birlik öz fəaliyyətini daha da genişləndirərək istər ölkə daxilində , istərsə də xaricdə baş vermiş hadisələrə mütəmadi olaraq öz münasibətini bildirmişdir.
- İctimai birlik bu müddət ərzində ölkə daxilində hansı tədbirləri həyata keçirmişdir?
- 2010-cu il avqustun 26-da Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri və birliyin idarə heyətinin üzvləri Biləsuvarın Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşmüşlər. Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımının dünyaya çatdırılması istiqamətində çox mühüm əhəmiyyət kəsb edən, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyəti 2010-cu il dekabın 15-də ictimai birliyinin mərkəzi qərargahında təqdim edilmişdir. Bu il isə, 2011-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilmiş, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş azərbaycanlı əhalisinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqlarına əminlik öz əksini tapmışdır. Bu baxımdan bu ilin birinci yarısında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi 20 Yanvar faciəsi, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımıları, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapmışdır.
2011-ci il mayın 5-də ictimai birliyin mərkəzi qərargahında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı "Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir" mövzusunda elmi konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyası ilə birgə təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, respublikanın tanınmış ziyalıları iştirak etmişlər.
Mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Bütün bunlarla yanaşı, fevralın 25-də "Azərsun Holdinq" Şirkətlər Qrupunun mədəniyyət mərkəzində Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin, "Azərsun Holdinq" Şirkətlər Qrupunun və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş "Ruhların harayı", mayın 6-da isə "Vətən çağırır" aksiyası çərçivəsində Şuşa şəhidlərinin ildönümünə həsr olunmuş anma mərasimləri keçirilmişdir.
Bundan əlavə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirərək müxtəlif tədbirlər həyata keçirmişlər. Belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.
- Bu ilin əvvəlindən birliyin internet saytı fəaliyyət göstərir. Bu saytın yaradılması hansı zərurətdən meydana gəldi?
- Martın 4-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin "Karabakh.az" saytı təqdim olunmuşdur. İnformasiya texnologiyalarının geniş yayıldığı indiki dövrdə bu saytın yaradılması çox faydalı və Azərbaycan Prezidentinin qarşıya qoyduğu "Biz informasiya müharibəsində qalib gəlməliyik" tövsiyəsinin yerinə yetirilməsində atılan addımlardan biridir. Sayt təkcə icma barədə yox, həm də Qarabağ, onun mədəniyyəti, coğrafiyası, tarixi haqqında məlumat almaq istəyənlər üçün zəngin mənbə rolunu oynayacaqdır. Onun Azərbaycan, ingilis və erməni dilində olması da çox mühüm əhəmiyyət kəsb edir.
Aprelin 23-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir. Müzakirələr zamanı kitab erməni saxtakarlıqları və yalanlarının ifşası baxımından son dərəcə sanballı elmi tədqiqat əsəri kimi yüksək qiymətləndirilmişdir.
Belə ki, artıq ictimai birlik öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirir.
- Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır...
- Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanınmasına baxmayaraq, məsələnin öz həllini, hələ ki, tapmadığı və bu ədalətsizliyin hələ də davam etdiyi bir şəraitdə aparılan danışıqlar prosesində dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır" fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.
Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti haqqında fikirlərini, torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını qeyd edərək bildirmişdır: "Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün prioritet məsələdir. Problem həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır".
Biz də hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinini daha da canlandırmaq məqsədilə təşkilatlanma işlərini sürətləndirməli, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli və Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da çox ciddi calışmalıyıq.
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvlərinin sayı getdikcə artır. Sizcə, bu, icmanın nüfuzunun getdikcə artmasından xəbər vermirmi?
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvlərinin sayı 75 min nəfərdən çoxdur. Bunun 29 mindən çoxu Şuşa, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Xankəndi şəhərindən məcburi köçkün düşmüş həmvətənlərimizdir. Amma Ağdərə rayonu ləğv olunduğu üçün onun əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bu yöndə də işlər davam etdirilir. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıb. Ümumiyyətlə, sayın dəqiq aparılması prosesi çox mürəkkəbdir və vaxt tələb edir. Təkcə, Şuşa rayonunun sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıb. Mən inanmıram ki, erməni icmasının sayı azərbaycanlılardan xeyli çox olsun. Bilirsiniz ki, bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etmişdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. Ümumi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır. Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gedib. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. Çünki orada həyat səviyyəsi çox aşağıdır. Ermənistan rəhbərliyi bu insanlar üçün də böyük bəla olub. Ermənistanın apardığı siyasət bu insanları dolanışıq üçün xarici ölkələrə köç etməyə məcbur edib. Bu mənada deyə bilərəm ki, hazırda Qarabağda yaşayan ermənilərin sayı xeyli azalıb.
Dağlıq Qarabağda yaşayan sadə vətəndaşların əksəriyyəti işğal siyasətinin davam etməsində maraqlı deyil. Onlar müxtəlif vasitələrlə, televiziya və digər informasiya vasitələri ilə Azərbaycanda gedən inkişaf prosesindən xəbər tuturlar və bizə həsəd aparırlar. Çünki bu inkişaf onlarda yoxdur. Əksinə, Ermənistanın iqtisadi durumu olduqca bərbad vəziyyətdədir və zaman bu ölkənin əleyhinə işləyir. Ona görə də sadə erməni vətəndaşlarının əksəriyyəti Azərbaycanın iqtisadi imkanlarından, ölkəmizin zənginliyindən istifadə edib bizimlə birgə yaşamaq istəyirlər.
- Ermənistan prezidentinin qeyri-ciddiliyi, riyakarlığı da ermənilərin öz ölkələrini kütləvi şəkildə tərk etmələrinə əsas səbəb olub...
- Tamamilə doğrudur. Serj Sarkisyan öz xalqının, gənc nəslin düşmənidir. Bu gedişlə nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də adam qalmayacaq. Serj Sarkisyanın son bəyanatına diqqət yetirək. Bu, ölkə rəhbərinə yaraşmayan mövqedir. O, bu mövqeyi ilə gənc nəsli işğalçı ruhunda yetişdirir. Sarkisyanın özü də yaxşı bilir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilər bu ərazini işğal ediblər. Dünyanın heç bir dövləti Ermənistanın işğalçılıq siyasətini dəstəkləmir.
Ermənistan prezidenti son bəyanatları ilə ölkəsinin mövqeyini dünyaya nümayiş etdirdi. Bu mövqe işğalçılıq, terror, dinc insanların qətlə yetirilməsindən ibarətdir. Sarkisyan bu açıqlaması ilə əsl erməni xislətini göstərdi. Bütün dünya insanlarının sülh və təhlükəsizliyin təmin olunması yönündəki təşəbbüsləri fonunda erməni gənclərinin bu cür tərbiyə olunması müasir dövrümüzün çağırışları ilə tam ziddiyyət təşkil edir. Əslində, Sarkisyan bu tövsiyələrinin heç zaman reallaşmayacağını yaxşı anlayır. Çünki Ermənistanın özü hazırda problemlər içərisində boğulur. Belə olan halda, nə Qarabağı işğal altında saxlaya, nə də Türkiyəyə qarşı iddialarını gerçəkləşdirə biləcəklər. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Möhtərəm Prezidentimiz İlham Əliyev də dəfələrlə bəyan edib ki, biz sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Ermənistan prezidenti isə erməni gənclərinə müharibə çağırışı edir. Onun hansı ağılla Ağrı dağını almağı erməni gənclərinə tövsiyə etməsi gülməlidir. 70 milyonluq Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etmək heç bir məntiqə sığmır. Ona görə də Sarkisyanın fikirlərinə əhəmiyyət vermək lazım deyil. Bu açıqlamaları verməklə o, öz səviyyəsini göstərir. Sarkisyan öz xalqının, gənc nəslin düşmənidir.
- Azərbaycan Prezidentinin uğurlu diplomatik fəaliyyəti nəticəsində artıq beynəlxalq birlik də Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir. Ona görə də Ermənistana və Dağlıq Qarabağa ayrılan yardımlar ya azaldılır, ya da dayandırılır. Bu barədə sizin də fikrinizi bilmək istərdik.
- Artıq ABŞ-da bilirlər ki, əvvəlki illərdə Dağlıq Qarabağa ayrılan vəsaitlər separatçılığın gücləndirilməsinə xərclənib. Beynəlxalq birlik Ermənistanın siyasətinin əsl mahiyyətini anlayır və bu siyasətin sülhə xidmət etmədiyini görür. ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar üzrə Alt Komitəsində separatçı Dağlıq Qarabağ rejiminə 2012-ci il üçün pul ayırmaması bu baxımdan müsbət haldır. Artıq dünya birliyinə də məlumdur ki, əvvəlki illərdə ayrılan vəsaitlər dinc insanlar üçün deyil, separatçılığı, düşmənçiliyi gücləndirmək məqsədilə xərclənib. Beynəlxalq birlik Ermənistanın siyasətinin əsl mahiyyətini anlayır və bu siyasətin sülhə xidmət etmədiyini görür. Erməni lobbisinin təzyiqlərinə rəğmən ABŞ Konqresində belə bir addımın atılması Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağ separatçı rejiminə ciddi zərbədir. Doğrudur, əvvəllər ABŞ rəsmiləri bəyan edirdilər ki, Dağlıq Qarabağa ayrılan vəsait humanitar xarakterlidir. Amma heç kim bu vəsaitin necə xərclənməsinə dair hesabat vermirdi. Bu da milyonlarla məbləğin separatçı rejimin özü üçün xərcləməsinə əminlik yaradırdı. Əgər humanitar xarakterli addımlar atılırsa, onda, ilk növbədə, Dağlıq Qarabağdan - öz doğma yurdlarından didərgin salınmış insanlara da bu dəstək verilməli idi. Mən ümid edirəm ki, növbəti mərhələlər də uğurlu olacaq və ermənilərin cəhdlərinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına vəsait ayırmayacaq.
Azərbaycan Prezidentinin daxili və xarici siyasətini əldə rəhbər tutan Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi öz fəaliyyətini getdikcə daha da gücləndirir.
{nl}
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.