Azərbaycan Milli Məclisinin deputatı, politoloq Mübariz Qurbanlı "Amerikanın səsi" radiosuna müsahibəsində İran Ordusunun Baş Qərargah rəisi, ordu generalı Seyid Həsən Firuzabadinin Azərbaycana qarşı hədələyici bəyanatına cavab verib. O, İranın yüksək dövlət rəhbərlərinin hərbçinin siyasi bəyanatına münasibət bildirməsini vacib sayır.
- İran Ordusunun Baş Qərargah rəisinin Azərbaycana qarşı hədələyici bəyanatını necə qiymətləndirirsiniz?
- İran Ordusunun Baş Qərargah rəisinin siyasi bəyanatla çıxış etməsi anlaşılan deyil. Onun söylədikləri də həqiqətə uyğun deyil və İran - Azərbaycan münasibətlərinə xələl gətirən fikirdir. İran və Azərbaycan qonşu ölkələrdir və münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran münasibətlərinə həmişə diqqət yetirir. Biz, qonşu ölkələrlə münasibətlərdə bir-birinin maraqlarına toxunmayan siyasətin yürüdülməsinə həmişə tərəfdar olmuşuq. Bu gün İranın öz daxilində çox ciddi problemlər var. Belə ciddi problemlə üzləşən İranın hansısa bir ölkənin daxili işlərinə müdaxilə edən bəyanatlar verməsi və bunun xüsusilə, İran Silahlı Qüvvələrində yüksək vəzifə tutan şəxs tərəfindən verilməsi həm qeyri etikdir, həm də siyasi baxımdan düzgün deyil. Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə müdafiə edir. Bu siyasət öz əsaslarını ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi xətdən alır. Bu, siyasətdə balanslaşdırılmış xarici siyasət çox mühüm rol oynayır. Balanslaşdırılmış xarici siyasət xəttində həm Qərb ölkələri, həm də İran ilə münasibətlərimizə həmişə diqqət yetirmişik və həmin siyasətə uyğun olaraq da, İranla münasibətlərimiz qurulub. Bu gün İranla iqtisadi-ticarət, humanitar əlaqələrimiz var.
Bir məsələni də qeyd edim ki, generalın guya azərbaycanlıların iranlılarla qan qohumluğu barədə söylədikləri də var. Bəli, İran və Azərbaycan vaxtı ilə vahid dövlətin tərkibində idi, amma həmin vahid dövlətdə aparıcı etnos azəri türkləri olub və azəri türkləri min illər boyu İranı idarə edib. Əlbəttə, İranda bizim çoxsaylı qan qohumlarımız var və bu nəsillər min illərdir davam edir. İran əhalisinin yarıya qədəri azəri türkləridir. Ona görə biz də daim İranda azəri türklərinin inkişafına mane olan bu və ya digər məsələlərlə əlaqədar həmişə narahatlığımızı ifadə etmişik. Hesab edirəm ki, İranın Baş Qərargah rəisi, ilk növbədə, İranın daxilində inkişafı əngəlləyən, insanların yaşamaq hüququnu tapdalayan məsələlərə diqqət yetirməlidir. İran öz daxilindəki problemlərin çözülməsi barədə düşünməlidir. Azərbaycanda heç kim heç bir inkişafın qarşısını almır. Azərbaycanla İranı siyasi müstəvidə müqayisə etsək, Azərbaycanda olan demokratik dəyərlər, inkişaf, insan haqları, dini tolerantlıq, bütövlükdə vətəndaşların hüquq və azadlıqları İrandan üstün vəziyyətdədir.
Mən bu bəyanatı pisləyirəm və İran-Azərbaycan dostluğuna ziyan vurduğunu qeyd edirəm.
- İranın Baş Qərargah rəisinin Azərbaycanda islama yad münasibətlə bağlı bəyanatını necə qiymətləndirirsiniz?
- Azərbaycan islam ölkəsidir. Elə bu günlərdə, Prezident İlham Əliyev islam ölkələrinin səfirlərini orucluq, Ramazan ayı münasibətilə qəbul edib. Prezident bildirib ki, islam dövlətləri daha sıx birləşməlidir, islam bizim milli-mənəvi dəyərlərimizdir və Azərbaycan bu dəyərlərə həmişə hörmətlə yanaşır. Azərbaycan müsəlman ölkəsi olaraq islami dəyərləri yüksək tutur. Azərbaycanda çoxsaylı məscidlər fəaliyyət göstərir, dini məktəblər var. Azərbaycan vətəndaşları dini ayinləri icra etmək üçün və yaxud ziyarətə bu və ya digər ölkələrə gedir. Minlərlə Azərbaycan vətəndaşı elə, İranda olan Məşhəd ziyarətgahına və ya Həccə sərbəst gedə bilir. Ölkədə məscidlərlə bağlı hər hansı məhdudiyyət yoxdur və bu barədə söylənilən iddialar da yersizdir.
- Vaxtı ilə Azərbaycanla İran arasında bir-birinə qarşı siyasi bəyanatlarla çıxış etməmək, öz ərazisində digərinə qarşı siyasi qüvvənin olmasına yol verməmək barədə razılıq əldə edilib. İranın ordu generalının bəyanatı həmin razılaşmanın pozulması demək deyilmi?
- Hesab edirəm ki, generalın bəyanatına İranın siyasi rəhbərliyi münasibət bildirməlidir. Bu bəyanatın səhv olduğu etiraf edilməlidir. Bu addım atılmadıqda, biz hesab edirik ki, İranla Azərbaycan arasında imzalanmış sənədlər, razılaşmalar, bütövlükdə bizim dostluq münasibətlərimizə xidmət edən siyasət müəyyən mənada şübhə altına alına bilər. Ona görə də bizim İranla imzaladığımız sənədlərin ruhuna uyğun olaraq bu cür bəyanatların xəta, yersiz olduğu İranın özü tərəfindən, onun rəhbərləri, Xarici İşlər Nazirliyi tərəfindən bildirilməli və etiraf edilməlidir. Əlbəttə, bu cür bəyanatlar imzalanmış sənədlərə uyğun gəlmir və dostluq əlaqələrimizə xələl gətirir.
- Bu bəyanatın siyasi qaynağı nə ola bilər? Çünki bəyanat Prezident İlham Əliyevin Soçidə Rusiya prezidenti Dmitri Medvedevlə görüşündən dərhal sonra İranın aparıcı medialarında dərc edilib.
- Düşünürəm ki, bu bəyanat hansısa emosiyanın təsirindən yaranıb. Mən bunu hansısa siyasi proseslə əlaqələndirmirəm. Xüsusilə, İranın Dağlıq Qarabağla bağlı aparılan danışıqlardan incik düşdüyünü düşünmürəm. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region dövlətlərinin, o cümlədən də İranın maraqlarına uyğundur.
Əks təqdirdə, münaqişənin davam etməsi regionda daimi təhlükə yaradır. Bu təhlükə gələcəkdə İran üçün də müəyyən təhlükə yarada bilər. Problem həll edilmədikdə lokal müharibə ehtimalı qalır və lokal müharibənin regional müharibəyə çevrilməsi ehtimalı isə daha böyükdür. Ona görə də hesab edirəm ki, bu bəyanatın siyasi məqsədi Dağlıq Qarabağ danışıqları ilə bağlı deyil. Mən bəyanatı bütövlükdə İran dövlətinin siyasi xətti kimi də qiymətləndirmirəm. Düşünmürəm ki, İranda olan və ya İran rəhbərliyində olan hər bir şəxs generalla həmrəy olsun.
- İran ordusu, hərbi qərargahı Azərbaycanda qiyam yarada bilərmi? Çünki bəyanatda qiyamdan da bəhs edilir.
- Azərbaycanda heç kim qiyam yarada bilməz. Biz bu gün 21-ci əsrdə yaşayırıq. İndi hər hansı dövlətin digər dövlətin daxilində qiyam yaratması mümkün olmayan məsələdir. Azərbaycanda isə qiyam həm də ona görə yaradıla bilməz ki, xalq dövlətinə, dövlətçiliyinə, Prezidentinə sadiqdir. Azərbaycanda çox məhdud sayda bu və ya digər formada müəyyən xarici qüvvələrin təsiri altında hərəkət etmək istəyənlər ola bilər. Amma hesab edirəm ki, bu cür hərəkətə yol verənləri Azərbaycan xalqı zamanında cəzalandırar və qarşısını alar. Çünki xalqımız milli müstəqilliyini, dövlətçiliyini, milli sərhədlərini, torpağını hər şeydən üstün tutan xalqdır. Xalqımız torpağına bağlı və vətəninə məhəbbətlə yaşayan, istiqlalı uğrunda hər an şəhid verməyə hazır olan xalqdır.
- Sizin fikrinizcə, İranda yaşayan on milyonlarla azərbaycanlı da belə bəyanatlara cavab verməlidirmi?
- Əlbəttə, gözləyirəm ki, İranda yaşayan azərbaycanlılar bu məsələdə öz mövqeyini nümayiş etdirəcək. Çünki həmin bəyanatda Azərbaycandakı siyasi hakimiyyətlə yanaşı, bütövlükdə Azərbaycan dövlətinin maraqlarına qarşı fikirlər var. Ona görə də İranda yaşayan azəri türklərinin biganə qalmayacağına əminəm. Düşünürəm ki, İranın siyasi rəhbərliyində olan şəxslər də bu bəyanatın zərərli olduğu fikrini ifadə edəcəklər. Belə ki, İran rəhbərliyində olan şəxslər mütəmadi olaraq Azərbaycanla dostluq məsələlərindən danışır. Xüsusilə, İranın prezidenti Əhmədinejad hər dəfə çıxışında Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini ifadə edir. Eyni zamanda, İranın dini lideri Ayətulla Xamneyi milliyyətcə azərbaycanlıdır. Onun da İran-Azərbaycan münasibətlərində diqqətli olduğu hamıya bəllidir. Düşünürəm ki, onların özləri də bu məsələdə təyin etdikləri hərbçi ilə razı deyillər və bundan sonra da razı olmayacaqlar. Xüsusilə, İran xalqı İran-Azərbaycan dostluğuna xələl gətirən hərəkətləri qətiyyətlə rədd edəcək.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.