ABŞ Konqresinin Nümayəndələr Palatasında 2004-cü ildə təsis edilən Azərbaycan üzrə işçi qrupu fəaliyyətə üç üzv ilə başlasa da, bu gün sıralarında 42 konqresmeni birləşdirir. Bu il qrupa Nyu-York ştatının demokrat təmsilçisi Maykl MakMahon da daxil olmuşdur. Azərbaycan üzrə işçi qrupuna qoşulma ilə maraqlananda, konqresmenin komandası bildirmişdir ki, MakMahonun təmsil etdiyi seçki dairəsində çoxlu sayda etnik mənşəli seçicilər, o cümlədən yunan, türk və erməniər vardır. Azərbaycan mənşəli seçicilərin sayı az olsa da, konqresmenin ofisi ilə yaxından iş qurulmuşdur.
Nümayəndələr Palatasına 2008-ci ildəki Konqres seçkilərində qazandığı qələbə nəticəsində gələn MakMahon Kapitoli divarları arasında "yeni gəlmə" kimi tanınsa da, artıq özünü Xarici Münasibətlər, Nəqliyyat və İnfrastruktur Komitələrində fəal üzv kimi təsdiqləmişdir. Azərbaycan üzrə işçi qrupuna yalnız bu il qoşulan konqresmen burada da öz töhfəsini verməyə çalışır. Bu il fevralda konqresmen MakMahon Nümayəndələr Palatasında Xocalı faciəsi qurbanlarının xatirəsini anmağa çağıran ABŞ qanunvericilərindən biri olmuşdur. Ötən ay isə o, işçi qrupunun həmsədrləri Bill Şuster və Solomon Ortizlə birgə Konqresin Təxsisatlar Komitəsinin Dövlət, Xarici Əməliyyatlar və Müvafiq Proqramlar üzrə altkomitəsinin sədri xanım Nita Louiyə məktub ünvanlayaraq, 2011-ci maliyyə ili büdcəsinə baxılarkən ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə səbəb olan yardım proqramlarını dəstəkləməyə çağırmışdır. AzərTAc-ın xüsusi müxbiri ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumunu konqresmen Maykl MakMahonla müzakirə etmişdir.
- Cənab MakMahon, Konqresdəki Azərbaycan üzrə işçi qrupunun ölkələrimiz arasında münasibətlərdə oynadığı rolunu necə qiymətləndirərdiniz?
- İşçi qruplarının rolu konkret ölkə ilə Konqres üzvləri arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etməkdən ibarətdir. Bu halda isə qrup bizə diqqəti Azərbaycanın strateji mahiyyətində cəmləşdirməyə imkan verir. Amerika xalqı üçün Azərbaycanla əlaqələr bir çox səbəblərə görə mühümdür. Elə mən də Azərbaycan üzrə işçi qrupuna qoşulmaqla bu əlaqələrin nə qədər vacib olduğu haqda bir siqnal göndərdim. İşçi qrupu məlumat mübadiləsi aparmaq, bir-birimiz haqda daha çox məlumata malik olmaq, təmasların səviyyəsini yüksəltmək üçün vasitədir. Öz növbəsində, bunların hamısı xalqlarımız arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxaracaqdır.
- İki həftə bundan əvvəl siz Təxsisatlar Komitəsinin altkomitə sədrinə məktub ünvanlamış, 2011-ci maliyyə ili büdcəsinə baxılarkən qanun dilində Azərbaycan-ABŞ münasibətlərini dəstəkləyən proqramlara yer ayırmağa çağırmısınız. Bu məktuba Təxsisatlar Komitəsindən hansısa reaksiya və ya cavab varmı?
- Doğrudur, mən bu məktuba fəxrlə imza atanlardan biri olmuşam. Çünki hesab edirəm ki, Azərbaycana ABŞ-ın hökumət yardımını qadağa edən 907-ci maddə düzgün deyil və tamamilə aradan qaldırılmalıdır. Altkomitə sədri xanım Nita Loui mənə məktubu aldığını və onu nəzərdən keçirdiyini bildirmişdir. Lakin, rəsmi cavab hələ almamışıq. Bizə bir tərəfdən rahatlıq verən fakt budur ki, Administrasiya gələn maliyyə ilində də 907-ci düzəlişin qüvvəsini dayandıra biləcəkdir. Amma, mən onun birdəfəlik aradan qaldırılmasının tərəfdarıyam.
- Cənab MakMahon, son zamanlar Milli Məclisdəki həmkarlarınız ABŞ-ın Azərbaycana "strateji tərəfdaş" statusuna uyğun münasibət bəsləmədiyindən narazı olduqlarını ifadə etmişlər. Ölkələrimiz arasında münasibətlərdə müşahidə edilənlər bunun nəyə əsaslandığını aydın göstərir - Prezident İlham Əliyevin Vaşinqtonda təşkil edilən Nüvə zirvə toplantısına dəvət almaması, rəsmi Vaşinqtonun Azərbaycanın mövqeyini qulaqardına vuraraq Türkiyə-Ermənistan sərhədinin açılmasına can atması və nəhayət, Bakıda ABŞ səfiri vəzifəsinin bir ilə yaxın vakant qalması kimi amillər Bakıda səslənən belə həyəcanlı çıxışlara gətirib çıxarmışdır. Sizin bunlara münasibətiniz necədir?
- Təbii ki, mən münasibətlərimizdə yaranan gərginlikdən təəssüflənirəm. Biz, bunun üzərində işləməliyik. Amerikalıların Azərbaycanın strateji müttəfiq olduğunu başa düşməsi vacibdir. Mən bu yaxınlarda Əfqanıstan və Pakistana etdiyim faktaraşdırıcı səfərdən qayıtmışam. Bölgədə baş verənlər haqda indi daha yaxşı təsəvvürüm vardır. Azərbaycanın koalisiya qüvvələrinin təchizatı üçün tranzit nöqtə olduğunu nəzərə alaraq, biz Türkiyə və Azərbaycan kimi müttəfiqlərimizin strateji mahiyyətini tanımalıyıq. Birləşmiş Ştatların dünyəvi müsəlman ölkələri ilə qurduğu münasibətlər olduqca vacibdir və daha da möhkəmlənməlidir. Məsələn, Azərbaycanda qadın hüquqlarının təmin olunmasına biz böyük dəyər veririk. Bütün bu səbəblərə görə mən Azərbaycan üzrə işçi qrupuna qoşulmuşam və fəal üzvlərdən biri olacağıma ümid edirəm.
- Rəsmi Bakının ABŞ-la bağlı gileyləri hərdən Konqresdə qəbul edilən qərarlarla da bağlıdır. Dağlıq Qarabağın separatçı rejiminə ayrılan vəsait və ya Türkiyədə tarixi hadisələri qanuniləşdirmək cəhdləri kimi Konqresin addımları narazılıq doğurur. Nə üçün biz, Konqresdən, məsələn, ABŞ-Azərbaycan enerji əməkdaşlığı və ya ABŞ-ın Minsk qrupunda vasitəçi rolunu dəstəkləyən bəyanatların və qərarların daha çox şahidi olmuruq?
- Bunların bir səbəbi əlbəttə, buradakı siyasi sistemin özəllikləri ilə bağlıdır. Bundan başqa, bildiyiniz kimi, bəzi seçki dairələrində güclü erməni lobbisi fəaliyyət göstərir. Lakin Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı da artmaqdadır. Konqres üzvləri arasında Türkiyə ilə Ermənistanın imzaladıqları protokolların qəbul olunması zərurəti barədə anlaşma çoxalır. Biz, hesab edirik ki, bu, onların münasibətlərinin yaxşılaşmasında birinci addım ola bilər. Lakin biz qərarları qəbul edəndə bir tərəfi dəstəkləməməliyik. Azərbaycanın strateji tərəfdaş olması nəzərə alınmalıdır. Mən, bu istiqamətdə səylərimi davam etdirmək niyyətindəyəm. Dağlıq Qarabağ münaqişəsi Avropada həll olunmamış qalan son münaqişədir. Biz, bu münaqişənin ədalətli həllini görmək istəyirik. Mən başa düşürəm ki, bu həll yolu hər iki tərəf üçün ədalətli olmalıdır. Münaqişənin həlli yolları ABŞ Konqresində deyil, BMT, Avropa Birliyi, ATƏT-in Minsk qrupu çərçivəsində axtarılmalıdır. Məncə, biz bu barədə bəyanatlar verməkdən çəkinməliyik. Bəyanatlar verənlər isə, ritorikanı bir qədər azaltmalıdılar.
- Cənab konqresmen, söhbətinizə görə təşəkkür edirik və sizi yaxınlarda Bakıda görməyə ümid edirik.
- Nümayəndələr Palatasında Xarici Əlaqələr Komitəsinin üzvü kimi bir gün bu səfəri etməyi planlaşdırıram. Lakin hazırda səylərimiz qarşıdan gələn seçkilər ətrafında cəmləşdirilmişdir. Ümid edirəm ki, gələcəkdə bu səfər baş tutacaqdır.
{nl}
Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.