İranın Baş Qərargah rəisi azərbaycanlılara hörmətsizlik, Azərbaycan dövlətinə uğursuz təzyiq cəhdi edir

Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədovun APA-ya müsahibəsi

{nl}

İran Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Seyid Həsən Firuzabadinin qonşu dövlət və onun xalqı haqqında belə məsuliyyətsiz bəyanat səsləndirməsinə ancaq təəssüflənmək olar. İnanmaq istəyirəm ki, bu onun şəxsi fikirləridir və İran hökumətinin mövqeyini əks etdirmir.
Qonşu dövlətin hərbçisinin Azərbaycan haqqında dedikləri nəinki ölkələrimiz və xalqlarımız arasında olan tarixi əlaqələrin və müasir münasibətlərin ruhuna uyğun deyil, habelə İran rəhbərliyinin qonşu Azərbaycana dair dəfələrlə səsləndirilən rəsmi münasibətinə daban-dabana ziddir.
Azərbaycan suveren, dünyəvi dövlət olaraq xalqımıza mənsub milli və mənəvi dəyərlərə hörmətlə yanaşır, müstəqil daxili və xarici siyasət yeridir, öz xalqının inkişafı naminə əzəmətli layihələr həyata keçirir. Ölkəmizin nailiyyətləri, sürətli inkişafı bütün dünyada hörmətlə qarşılanır. Bugünkü Azərbaycanın, onun rəhbərinin bölgəmizdə və beynəlxalq aləmdə hörməti və nüfuzu hamıya, o cümlədən İran vətəndaşlarına yaxşı bəllidir. Dostlarımız Azərbaycanın bu inkişafına sevinir.
Azərbaycan kiminsə xoşuna gəlmək üçün deyil, müstəsna olaraq xalqın və dövlətin maraqları naminə tam müstəqil siyasət yeridir. Onu bu yoldan uğursuz təzyiqlər vasitəsi ilə döndərmək istəyənlər ciddi səhvə yol verirlər. Azərbaycan dövlətinin gücü onun seçdiyi yolun doğru olmasında, xalqın öz dövlətini və Prezidentini qətiyyətlə dəstəkləməsindədir.
İran hərbçisinin qonşu dövlət kimi Azərbaycana qarşı iradlar bildirməsi üçün də heç bir əsas yoxdur. Azərbaycan İrana münasibətdə qonşuluq və dostluq haqqından irəli gələn mənəvi borcuna sadiqliyini dəfələrlə sübuta yetirib. Onu da unutmaq olmaz ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Qonşuluq münasibətlərindən və müsəlman həmrəyliyindən danışarkən ilk öncə bu suala cavab verməlisən: bizdən nəsə umanlar Azərbaycana qarşı təcavüzün aradan qaldırılması üçün hər hansı ciddi addım atıblarmı?! İranın ölkəmizə təcavüz etmiş Ermənistanla dostluğu, bəziləri onu "qardaşlıq" adlandırmaqdan da çəkinmirlər, hamıya məlumdur. Etiraf etmək lazımdır ki, bu vəziyyət müsəlman həmrəyliyindən və ya islam dəyərlərinə sayğıdan söhbət açmağa heç bir əl yeri qoymur.
İranın rəsmi nümayəndəsinin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı hörmətsiz ifadələr işlətməsi tamamilə yersiz və dözülməzdir. Unudulmamalıdır ki, İran əhalisinin yarıdan çoxu etnik azərbaycanlılardır. Azərbaycan dövlətinə və azərbaycanlılara hörmətsizlik həm də İranın azərbaycanlı əhalisinə böyük hörmətsizlikdir. Azərbaycan dünyada 50 milyonluq böyük bir xalqın, beynəlxalq birlik tərəfindən hörmət edilən, sürətlə inkişaf edən və ciddi perspektivləri olan dövlətin adıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu adla fəxr edir. Azərbaycan sözünə hörmətsizlik edən, yəqin ki, böyük səhvə yol verdiyini anlaya bilmir.
Öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtarmaq yaxşı vərdiş deyil. Prezident seçkilərində iştirak edən, hətta çoxlarının inandığı kimi, o seçkiləri udanlar Azərbaycanda həbs olunmur. Bəzi ölkələr kimi, dünya birliyi Azərbaycana qarşı sanksiyalar tətbiq etmir. İranda azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulması faktları isə artıq BMT səviyyəsinə gedib çıxıb. Əlbəttə, bu siyahı uzadıla da bilər.
İranın baş gərargah rəisinin ölkəmiz və xalqımız haqqında dediklərini qətiyyətlə pisləyir, bunu Azərbaycana və onun rəhbərliyinə qarşı həm hörmətsizlik, həm də uğursuz təzyiq göstərmək cəhdi hesab edirəm. Qəti əmin olduğumu bildirirəm ki, belə məsuliyyətsiz bəyanatlar Azərbaycan - İran münasibətlərinin inkişafına xidmət etmir, əksinə, qonşu, dost və qardaş xalqların qədim tarixi əlaqələri və ənənələri üzərinə kölgə salır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında