Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının tanınmış siyasətçilərindən biri olan Fikri Köseni İstanbulun Maltəpə rayonunun bələdiyyə başkanı olarkən tanıdım. Bu ilin iyun ayında İstanbulda olarkən Mərmərə Universitetinin jurnalistika fakultəsində təhsil aldığım illərdə uzun müddət yaşadığım Maltəpə rayonunun Esenyurt məhəlləsindəki keçmiş qonşularımla, tanıdığım məhəllə sakinləri ilə görüşmək üçün oraya getmişdim. Rayonun siması o qədər dəyişmişdi ki, sözün açığı, bəzi ünvanları soruşaraq tapmaq məcburiyyətində qalmışdım. Sonradan məhəllə sakinlərindən öyrəndim ki, bu sürətli quruculuğun, abadlığın səbəbi 2004-cü ildə Maltəpə rayonun bələdiyyə başkanı seçilmiş Fikri Kösenin fəaliyyəti olub. Gördüyü işlərə görə, "qurucu başkan" adını alan Fikri bəy 2004-2009-cu illər ərzində bələdiyyə büdcəsi hesabına rayonda 120-dən çox mühüm əhəmiyyətə malik tikilinin inşa olunmasını təmin edib. Bunlar arasında böyük körpülər, xəstəxanalar, mədəniyyət mərkəzləri də vardır. Növbəti bələdiyyə seçkilərində öz nüfuzunu bilən digər partiyalar birləşərək bir namizədi dəstəkləsələr də, həmin namizəd çox kiçik fərqlə Fikri bəyə qalib gəlib. Bələdiyyə başkanlığından ayrılan Fikri bəy bu gün Ədalət və İnkişaf Partiyasındakı fəaliyyətini davam etdirir, bir sıra qeyri-hökumət təşkilatlarının işində yaxından iştirak edir, təcrübəli bir insan kimi onlara yol göstərir.
Ötən aylarda Türkiyədə çox mühüm ictimai-siyasi hadisələr baş vermişdi. Bundan başqa, Ermənistan prezidenti Serj Sarkisyan açıq şəkildə qardaş ölkəyə qarşı ərazi iddiası irəli sürmüşdü. Bir siyasətçi kimi, Türkiyədə və regionda gedən proseslərə yaxından bələd olan Fikri bəylə telefonla əlaqə saxlayaraq bu məsələlər barədə onunla söhbət etdik. Vaxtının az olmasına baxmayaraq, Fikri bəy məmnuniyyətlə bizim suallarımıza cavab verdi. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Fikri bəy, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin - "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəklərmi?" - sualına cavab olaraq deyib ki, Dağlıq Qarabağı bizim nəsil düşməndən azad edib, Ağrı dağının azad olunması missiyasını isə sizin nəsil yerinə yetirməlidir. Təbii ki, bu bəyanatı ilə Sarkisyan Ermənistanın Türkiyəyə qarşı torpaq iddiasını ən yüksək səviyyədə ifadə etmiş oldu. Sizin bu bəyanata münasibətinizi öyrənmək bizim üçün maraqlı olardı.
- Sarkisyanın təəssüf doğuran bu açıqlaması həm gülüncdür, həm də Ermənistandakı hakimiyyətin məqsədini, məramını ortaya qoyur. Gülüncdür ona görə ki, Sarkisyan cırtdan bir dövlətin prezidenti olduğu halda nəhəng Türkiyəyə meydan oxumaq, ondan torpaq qoparmaq fikrini gəncliyə təlqin edir. Bu barədə Azərbaycan Cümhurbaşkanı sayın İlham Əliyevin əzbərdən bildiyimiz bəyanatını qürur hissi ilə xatırlatmaq istərdim. Sayın Cümhurbaşkanım demişdir: "Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz". Mən Sarkisyan üçün bundan gözəl cavab deyə bilmərəm.
Sarkisyanın açıqlaması Ermənistan iqtidarının Türkiyəyə qarşı mövqeyini ortaya qoyur. Bunlar bir tərəfdən Türkiyədən imdad diləyir ki, sərhədlərini açsın, digər tərəfdən də xaincəsinə bizdən torpaq qoparmaq istəyirlər. Unudurlar ki, indi üzərində dövlət qurduqları torpaqlar belə vaxtilə onlara deyil, Azərbaycana məxsus olub. Bəli, Ermənistan deyilən ölkənin həqiqi sahibləri azərbaycanlılar idi. Çar Rusiyasının erməniləri köçürmə və azərbaycanlıları sıxışdırma siyasəti nəticəsində sonralar qondarma Ermənistan dövləti yaradıldı.
Dağlıq Qarabağın və Şərqi Anadolunun öz torpaqları olduğunu irəli sürən ermənilərin bu ərazilərə sonradan gəldiklərini tarixi faktlar da sübut edir. Məsələn, 1909-cu ilə aid rus sənədlərində bildirilir ki, həmin dövrdə İrəvanda 340 mindən çox azərbaycanlı yaşamışdır. Ermənilərin sayı isə qat-qat az olmuşdur. Ağrı dağının ətrafındakı rayonlarda ermənilər azlıqda yaşamışlar. İndi bunlar Azərbaycan torpaqları üzərində bir dövlət qurublar, Dağlıq Qarabağda ikinci erməni dövləti qurmaq niyyətindədirlər və bundan sonra diqqəti Türkiyənin ərazisinə yönəltməyi düşünürlər. Onlar belə hesab edirlər ki, Dağlıq Qarabağ problemini həll ediblər. Xeyr, nə Azərbaycan, nə də Türkiyə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına heç vaxt göz yuma bilməzlər. Bununla barışmaq mümkün deyil və bu topaqlar istər sülh, istərsə də hərbi yolla geri alınmalıdır, alınacaqdır. Unutmasınlar ki, Qarabağ problemi həm də bizim problemimizdir. Ağılları keçmişə getməsin. Bundan belə nə Azərbaycanın, nə də Türkiyənin Ermənistana verəcək bir daşı belə yoxdur.
Bu gün Azərbaycan da, Türkiyə də çox sürətlə inkişaf edir. Azərbaycan müstəqilliyinin 20-ci ilində dövlət büdcəsini 20 milyard dollara çatdırdı. Bu, möhtəşəm bir uğurdur. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Aparılan düzgün iqtisadi siyasət nəticəsində ölkəniz daha da yüksələcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də müstəsna rol oynayır. Bu ölkə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng qlobal layihələrin müəllifi və onu reallığa çevirən türk dünyasının böyük oğlu Heydər Əliyev timsalında Azərbaycandır. Bütün bu proseslərin fonunda rəsmi Bakının beynəlxalq aləmdə nüfuzu durmadan artır. Düzdür, hələ də bəzi aparıcı dövlətlər Azərbaycana qarşı ikili standartlara yol verirlər. Ancaq elə məqamlar da olur ki, rəsmi Bakı qətiyyətli siyasi-diplomatik manevrləri ilə həmin dövlətləri reallıqla barışmağa vadar edir. Reallıq isə budur ki, Cənubi Qafqazda maraqları olan dövlətlər Azərbaycanın şərtləri, diqtəsi ilə hərəkət etməlidirlər. Azərbaycanın iştirakı olmadan bu bölgədə hər hansı mühüm layihənin gələcəyi yoxdur. Çünki ölkənizin iqtisadi-siyasi potensialı Ermənistanın və Gürcüstanın potensialından qat-qat çoxdur.
Türkiyəyə nəzər yetirək. Bizim ölkə dünyanın ən böyük 16-cı iqtisadi gücüdür. İqtisadiyyatımız bu gün də sürətlə inkişaf edir. Ölkəmizə böyük miqdarda xarici sərmayə axını var. Bu gedişlə müəyyən müddətdən sonra Türkiyə dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələr sırasında ilk onluğa yüksələcək. Beynəlxalq ekspertlərin diqqətini bu fakta çəkib ki, qlobal maliyyə böhranının ən yüksək həddə çatdığı ötən illərdə həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatı böyüməkdə davam edib. Hərbi qüdrətimizə gəlincə, türk ordusu nizam-intizamına və döyüş qabiliyyətinə görə, NATO-nun ikinci, Avropanın isə birinci ən güclü ordusudur. Hər halda bunları Serj Sarkisyan da bilməmiş deyil.
Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır, Türkiyəyə qarşı isə torpaq iddiası irəli sürür. Maraqlıdır, Ermənistan kimi iqtisadi böhranın məngənəsində boğulan, büdcəsini xarici ianələr hesabına formalaşdıran və bu yolla dolanan bir ölkə və onun rəhbərliyi hansı ağılla bölgənin yüksələn iki qüdrətli dövlətini təhdid etməyə cəhd göstərir, onlara yanlış şərtlərini qəbul etdirməyə çalışır. Azərbaycanın Cümhurbaşkanı sayın İlham Əliyevin dediyi kimi, həqiqətən də, görünür, bunların başında nəsə çatmır. Anlamırlar ki, heç bir dövlət Türkiyə ilə Azərbaycanın qardaşlığı, həmrəyliyi, birliyi qarşısında duruş gətirə bilməz
- İstərdik ki, Türkiyədə gedən proseslər barədə də fikrinizi bildirəsiniz. Bu il iyunun 12-də Türkiyədə parlament seçkiləri keçirildi. Nəticələrdən məlum oldu ki, sizin də üzvü olduğunuz Ədalət və İnkişaf Partiyası seçicilərin 49, 9 faiz səsini toplayaraq üçüncü dəfə hakimiyyətə gəlmək imkanı əldə etdi. Sizcə, son üç seçkidə AKP-yə səs verən seçicilərin sayının durmadan artmasının səbəbi nə idi?
- Qeyd etdiyiniz kimi, son üç seçkinin üçündə də Ədalət və İnkişaf Partiyası birinci sıraya yüksəldi. Hər dəfə də təkbaşına hökumət quracaq qədər millət vəkilinə sahib oldu. Mən partiyanın ardıcıl olaraq uğur qazanmasını, onun Türkiyənin bütün sahələrdə güclənməsinə göstərdiyi xidmətlə əlaqələndirirəm. Belə olmasaydı AKP 2002-ci ildə keçirilən parlament seçkilərində 34, 2007-ci ildə 37, 5 , bu il isə 49,9 faiz səs toplaya bilməzdi. Sonuncu seçkidə hər iki seçicidən birinin bu partiyanı dəstəkləməsinin ortaya çıxması isə AKP-nin doğru yolda olduğu, düzgün siyasət apardığı və bu siyasətin xalq tərəfindən dəstəkləndiyi mənasına gəlir.
Həqiqətən də Ədalət və İnkişaf Partiyası iqtidara gəldiyi gündən Türkiyə bütün sahələrdə sürətlə inkişaf etməyə başladı. İqtisadiyyatımız gücləndi, ölkəmizdə nəhəng infrastruktur layihələri reallaşdırıldı, əhalinin yaşayış səviyyəsi xeyli yüksəldi, xarici siyasətdə milli maraqlarımız daha da inamla və qətiyyətlə müdafiə olundu. Bu da həqiqətdir ki, AKP iqtidara gəlməmişdən əvvəl Türkiyə çox ciddi siyasi- iqtisadi böhranlar keçirirdi. Qurulan qısamüddətli koalisiya hökumətləri problemləri həll etmək iqtidarında olmurdular. Siyasi qarşıdurmalar fonunda inflyasiya durmadan artır, bunun müqabilində əhalinin pul gəlirləri azalırdı. Bizim partiyamız hakimiyyətə gələndən qısa müddət sonra bir sıra mühüm problemlər həll olundu.
Problemlərin öz həllini tapması hakimiyyətdə təcrübəli və vətənpərvər siyasətçilərin olması ilə də bağlıdır. Türkiyənin Baş naziri sayın Rəcəb Tayyib Ərdoğan əvvəllər İstanbul kimi nəhəng bir meqapolisin bələdiyyə başqanı olmuşdu. O, bu vəzifədə olarkən, böyük uğurlara imza atmış, İstanbul kimi problemlərə qərq olmuş bir şəhərdə bir sıra vacib məsələləri həll etmişdi. Bu isə göstərirdi ki, sayın Başbakan bəzilərindən fərqli olaraq problem yaradan siyasətçi deyil, problemləri həll edən siyasətçidir. Bunun digər bir sübutu kimi, hakimiyyətə gəldiyi ilk gündən sistemli bir şəkildə Türkiyənin inkişafı qarşısındakı maneələri aradan qaldırdı, iqtisadi-siyasi islahatlar həyata keçirdi və inkişafa stimul verən bütün addımları atdı.
Ədalət və İnkişaf Partiyası Türkiyənin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirən partiyadır. Təsadüfi deyil ki, bu dəfəki seçki kampaniyasında AKP hədəfinin 2023-cü il olduğunu bəyan etdi. Partiyamız 2023-cü ilin çox böyük iqtisadi-siyasi gücə malik olan Türkiyəsini indidən qurmağa çalışır. Hazırda hökumətin gördüyü işlər buna geniş imkanların olduğunu deməyə əsas verir. Kiçik bir misal deyim: Türkiyə Cümhuriyyəti qurulandan 2002-ci ilədək ölkədə təxminən 6, 5 min kilometr şose yolu salınıb. 2002-ci ildən indiyədək isə bu rəqəm 13 min kilometr təşkil edib. Ölkəmizdə nəhəng tunellər, körpülər tikilib ki, bu, infrastrukturun ən müasir səviyyəyə yüksəlməsinə, dolayısıyla iqtisadiyyatın güclənməsinə səbəb olub. Tikilən nəhəng sualtı tunel nəticəsində Avropa ilə Asiyanı ayıran İstanbul boğazının altından keçəcək qatarlar nəinki Türkiyənin, hətta Avropa və Asiya ölkələrinin də nəqliyyat imkanlarını artıracaq. Düşünün, yaxın illərdə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Bu xətt ta Avropanın mərkəzinədək uzanacaq və Böyük İpək Yolu yenidən canlanacaqdır. Bu, həm Türkiyə üçün, həm də onlarca digər dövlətlər üçün böyük əhəmiyyət kəsb edən bir layihədir.
Demək istədiyim budur ki, AKP iqtidarda olduğu 8 ildə Türkiyədə 80 il ərzində görülən işlər qədər, bəzən isə daha çox iş gördü və bu proses davam edir. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Əhalinin sosial problemləri sürətlə öz həllini tapır. Vaxtilə 24 faiz olan işsizlik həcmi artıq 9,5 faizədək aşağı düşüb. Əminəm ki, ölkəmizə yatırılan böyük məbləğlərdə sərmayələr nəticəsində açılacaq yeni iş yerləri işsizliyin xeyli azalmasına səbəb olacaqdır.
- Ədalət və İnkişaf Partiyası iqtidara gəldiyi gündən etibarən qonşu ölkələrlə münasibətlərə də xüsusi diqqət yetirir...
- Əlbəttə. Türkiyə regionun mühüm bir ölkəsi kimi bölgə ölkələri ilə əlaqələrə xüsusi önəm verir. Baş nazir sayın Rəcəb Tayyib Ərdoğan qonşu ölkələrlə münasibətlərdə "sıfır problem" taktikasına üstünlük verir. Xarici siyasətin düzgün qurulması sayəsində bu gün Türkiyə region ölkələri ilə mehriban qonşuluq münasibətləri yaradıb. Bir vaxtlar düşmən elan olunan Rusiya ilə aramızdakı ticarət həcmi artıq 40 miyard dollara çatmaqdadır, İranla siyasi-iqtisadi münasibətlər yüksək səviyyədədir. Yunanıstanla artıq əvvəlki kimi, necə deyərlər, iki gündən bir böhran yaşamırıq. Son hadisələrədək Suriya ilə də münasibətlərimiz yüksək səviyyədə idi. Lakin son vaxtlar Suriyada baş verən hadisələr münasibətlərimizə də təsirsiz ötüşmədi. Biz bu ölkədə hakimiyyətin öz xalqına qarşı güc tətbiq etməsinin əleyhinə çıxış edirik.
Qonşu ölkələr arasında təkcə Ermənistan ilə əlaqələr qurulmayıb. 2009-cu il oktyabrın 10-da bu ölkə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan məlum protokollar imzalansa da, Ermənistan Türkiyənin haqlı tələblərini yerinə yetirmədiyinə görə, həyata keçirilə bilmədi. Bu tələblər nədən ibarətdir? İlk öncə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, Dağlıq Qarabağ probleminin həllində konstruktiv mövqedən çıxış edərək, Azərbaycanın tələblərini qəbul etməlidir. İkincisi, Türkiyəyə qarşı ərazi və soyqırımı iddialarını rəsmi dövlət siyasətinin tərkib hissəsi hesab etməkdən nəhayət ki, əl çəkməlidir. Ancaq sizin də qeyd etdiyiniz kimi, görün, nələr baş verir? Ermənistan prezidenti bəyan edir ki, Dağlıq Qarabağı alıblar, növbəti hədəf isə Ağrı dağıdır. Təcavüzkarlıq, işğalçılıq siyasətini özünün əsas prioriteti hesab edən bir ölkə ilə necə münasibətlər qurula bilər? Sözün açığı, bizim buna heç ehtiyacımız da yoxdur. Bizim istədiyimiz yeganə şey, qonşu dövlətlər arasında mehriban münasibətlərin qurulmasıdır.
- Fikri bəy, bu mənada Azərbaycan ilə Türkiyə münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
- Mən Azərbaycansız Türkiyə, Türkiyəsiz Azərbaycan təsəvvür edə bilmirəm. Türk dünyasının böyük oğlu Heydər Əliyevin dediyi kimi, "Biz bir millət, iki dövlətik". Həqiqətən də, Azərbaycan - Türkiyə qardaşlığı tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dilə, eyni dinə malik olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir, ondan güc alır. Buna görə də Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda sabitliyin, əmin-amanlığın qarantına çevrilir. Ölkələrimiz bundan sonra da bir-birinə dayaq, arxa olacaqdır.
Türkiyənin Baş naziri sayın Rəcəb Tayyib Ərdoğanın iyul ayında Bakıya etdiyi rəsmi səfəri bir daha göstərdi ki, bizim münasibətlərimiz çox yüksək səviyyədədir. Mən Türkiyə-Azərbaycan əlaqələrinə dair sayın Baş nazirin sözlərini xatırlatmaq isəyirəm. O demişdir ki, bizim qardaşlığımız, bağlılığımız tarix, mədəniyyətdən gəlir. Güclü bir bağlılığımız var və bunu heç kimsəyə zədələtməməliyik. Buna heç kimin haqqı yoxdur. Bunu gücləndirərək sabahlara daşıyacağıq və biz bunu bacarırıq. Hərbi, siyasi, iqtisadi, ticari, mədəni sahələrdə atdığımız və inşallah, atacağımız addımlarla bunu bacarırıq. Qoyduğumuz hədəflərə nail oluruq.
Sonda mən qardaş Azərbaycana, onun böyük xalqına səmimi salamlarımı göndərirəm. İnanıram ki, Azərbaycan daha da yüksələcək, güclənəcək və türk dünyasının birləşməsi yolunda bundan belə də aparıcı ölkə olacaqdır.
{nl}
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.