Biləsuvar: məhsul bolluğuna təminat yaradılır

Respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da aqrar sahədə aparılan islahatlar sayəsində bir sıra uğurlu nəticələr əldə olunmuşdur. İslahatlar ilk növbədə kənddə sahibkarlığın inkişafına, bazar iqtisadiyyatının möhkəmlənməsinə və dönməzliyinə, kəndin simasının dəyişməsinə təkan vermişdir. Müxbirmiz bu barədə daha ətraflı danışmağı rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rafael Quliyevdən xahiş etmişdir. Həmin müsahibəni sizə təqdim edirik.  
- Dünyadakı mövcud vəziyyət ölkənin daxili ərzaq bazarının idxaldan asılılığını minimuma endirmək və ərzaq ehtiyatlarını daxili istehsal hesabına yaratmaq məsələsini gündəmə gətirib. Azərbaycanda əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən lazımi maliyyə və texniki dəstək göstərilir, yerli və xarici investisiyalar hesabına regionlarda müxtəlif səpkili layihələr həyata keçirilir, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən vəsaitlər ayrılır. Subsidiyalaşma, lizinq xidməti əsasında ərzaq istehsalçılarının lazımi texnika və avadanlıqla, mineral gübrələrlə güzəştli təminatı və digər mexanizmlərin tətbiqi ərzaq təhlükəsizliyinin reallaşmasında mühüm rol oynayır.
2010-cu ildə Biləsuvarda payızlıq əkin 24384 hektar, yazlıq əkin isə 21666 hektar olmaqla rayon üzrə 46080 hektar sahədə əkin aparılmışdır. Qeyd edilməlidir ki, 2001-ci illə müqayisədə 2011-ci ildə rayon üzrə əkin sahələri 16998 hektar və ya 53,2 faiz çox olmuşdur.
2010-cu illə müqayisədə cari ildə yazlıq əkinlər də rayon üzrə 3437 hektar artmış və həmçinin bütün növ yazlıq kənd təsərrüfatı bitkiləri üzrə məhsul istehsalı və məhsuldarlıq xeyli çox olmuşdur.
Rayonun kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da xeyli artım müşahidə edilmişdir. Son 10 ildə rayonumuzda heyvandarlığın yüksək artım dinamikasına nail olunub. Belə ki, 2001-ci illə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 14,3 faiz, qoyun və keçilərin baş sayı 41,2 faiz, ət istehsalı (kəsilmiş çəkidə) 96,3 faiz, süd istehsalı 61,3 faiz, yumurta istehsalı 21,9 faiz, yun istehsalı 52,5 faiz artımla müşahidə edilmişdir.
Biləsuvar rayonu hazırda heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir.
Rayon üzrə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının dəyəri təxminən 98,5 milyon manat olmuşdur. Onun 53,8 milyon manatını bitkiçilik məhsulları, 44,7 milyon manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.
"Kənd Təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi bu sahənin inkişafına geniş şərait yaratmışdır.
Prezidentin 2 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı"nın, 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın tələblərinin yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rayonda son illər kənd təsərrüfatının inkişafı istiqamətində suvarma və meliorasiya işləri, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi və kənd təsərrüfatında maddi-texniki bazanın inkişafında mühüm tədbirlər həyata keçirilmişdir.
Taxılçılıq kimi strateji sahənin intensiv amillərlə inkişafından ötrü bu sahədə əkinçinin "qızıl fondu" adlanan toxumçuluğun inkişaf etdirilməsi həmişə diqqət mərkəzində saxlanmışdır.
Yeni istehsal və mülkiyyət münasibətləri fonunda mühüm strateji sahə olan toxumçuluğun elmi müstəvidə və mərkəzləşdirilmiş qaydada inkişaf etdirilməsi özlüyündə özəl toxumçuluq təsərrüfatlarının yaradılması zərurətini meydana çıxarırdı. 2004-cü ildən başlayaraq rayonumuzda müəyyən maddi-texniki bazası, əkin sahələri, nəzəri və praktiki təcrübələri olan mülkiyyətçilər arasında özəl toxumçuluq subyektlərinin yaradılmasına başlanılmışdır.
Hazırda rayonda 23 belə təsərrüfat fəaliyyət göstərir. Cari təsərrüfat ilində özəl toxumçuluq təsərrüfatlarında ümumilikdə 3780 ton yüksək reproduksiyalı taxıl toxumları istehsalı proqnozlaşdırılır ki, bu da rayonun 2012-ci ilin məhsulu üçün taxıl toxumuna olan tələbatının 80 faizini yerli istehsal hesabına ödəyə bilər.
Biləsuvar rayonunda toxumçuluq işinin daha da inkişaf etdirilməsini təşkil etmək məqsədi ilə 2007-ci ildə respublikamızda ilk qurum olan, rayondakı özəl toxumçuluq təsərrüfatlarını özündə birləşdirən "Biləsuvar Assosiasiyası" yaradılmışdır.
Assosiasiya Avropa İttifaqının Ərzaq Komissiyası, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi və digər qurumlarla əlaqələr qurmuşdur. 2008-ci ildə Assosiasiyanın 5 üzvü Avropa İttifaqının Ərzaq Komissiyasının xətti ilə Türkiyədə olmuş, orada qabaqcıl toxumçuluq təcrübə və müayinələri ilə tanış olmuşlar.
Əkin sahələrinin suvarılması işinin yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Əkin sahələrində yeni suvarma nasosları, hidrotexniki qurğular qurulmuş, suvarma nasosları çəkilmiş və təmir işləri aparılmışdır. Rayonumuzun su ehtiyatları məhduddur. Bu, sudan qənaətlə istifadə edilməsini və bu məqsədlə suvarma sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılmasını, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının tətbiqini tələb edir. Biləsuvar rayonunda respublikamızda ilk dəfə 700 hektar sahədə müasir tipli mütərəqqi texnologiyalara əsaslanan yağmurlama və damlama üsulu ilə belə suvarma qurğuları istifadəyə verilmişdir.
Biləsuvar rayonunun sərhəd ərazisində suyığıcı kollektorların tikilməsi nəticəsində 1350 hektar əkin sahəsi meliorativ cəhətdən tam yaxşılaşdırılmışdır.
Rayon icra hakimiyyəti tərəfindən 2009-2013-cü illər üzrə Dövlət Proqramının hazırlanması ilə əlaqədar qarşıya çıxan problemlərin həll edilməsi məqsədilə təkliflər təqdim edilmişdir.
Rayonda fəaliyyət göstərən və müasir standartlara cavab verən sutkalıq gücü 300 ton olan "Biləsuvar - Aqro" süd emalı zavodunun fəaliyyətə başlaması heyvandarlıq məhsulları istehsalının artmasına təkan vermiş, süd məhsulu üçün böyük bazarın açılmasına və nəticədə mülkiyyətçilərin daha çox gəlir əldə etmələrinə şərait yaratmışdır. Hazırda zavodun istehsal etdiyi məhsullar bir sıra xarici dövlətlərə də ixrac edilir.
Kənd təsərrüfatı istehsalçılarının müasir texnika ilə təmin olunması ərzaq istehsalının artırılmasında vacib şərtlərdən biridir. Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli sərəncamı ilə "Aqrolizinq" ASC-nin yaradılması ölkədə kənd təsərrüfatının inkişafına və bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. "Aqrolizinq" ASC-nin Biləsuvar rayonunda Aqroservis filialı fəaliyyət göstərir. Hazırda Aqroservisin hesabında olan 131 müxtəlif kənd təsərrüfatı texnikası rayonda torpaq mülkiyyətçilərinə xidmət göstərir.
Ölkə Prezidenti tərəfindən aqrar bölməyə göstərilən diqqət nəticəsində daxili bazarın ərzaqla təminatında yerli istehsalın xüsusi çəkisi hiss olunacaq dərəcədə artmış, ixracyönümlü məhsulların çeşidi genişlənmişdir.
Rayon üzrə taxıl sahələrindən əldə edilmiş ümumi məhsul istehsalı 58 min ton olmuşdur. Hər hektardan orta məhsuldarlıq 23,4 sentner təşkil etmişdir. Taxıl istehsalı keçən illə müqayisədə 16 min ton çoxdur.
2010-cu illə müqayisədə cari ildə yazlıq əkinlər 3437 hektar artmış, bütün növ yazlıq kənd təsərrüfatı bitkiləri üzrə məhsul istehsalının və məhsuldarlığın xeyli çox olacağı proqnozlaşdırılır.
Rayonun iqtisadiyyatının inkişafında vacib sahələrdən biri hesab edilən pambıqçılıqda da yüksək məhsul gözlənilir. Mütəxəssislərin verdiyi məlumatlara əsasən pambıq istehsalı cari ildə rayonda 20 min tondan çox olacaq. 2011-ci ildə respublika üzrə pambıq əkini ən çox Biləsuvar rayonunda aparılmışdır.
Dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ekoloji təmiz məhsulun yetişdirilməsi və əhalinin sağlamlığının qorunması qayğısına qalmaqdan ibarətdir.
Bunun üçün kimyəvi metodlardan istifadə etmədən təmiz orqanik məhsul istehsalının təmin edilməsi ölkə rəhbərliyi tərəfindən nəzərdə tutulmuş strateji hədəflərdəndir və bu istiqamətdə bir sıra işlərin görülməsinə artıq başlanmışdır.
Biləsuvar rayonunda artıq bu sahədə ilk addımlardan biri kimi "Azərsun Holdinq" şirkətlər qrupnun Biləsuvar rayonunda fəaliyyət göstərən "Natural qreen land" müəssisəsi tərəfindən Biogübrə zavodunun tikintisinə başlanmışdır. Dünyanın kənd təsərrüfatında əldə edilən ən müasir və mütərəqqi əkinçilik metodlarını öz işində tətbiq etməyi artıq ənənəyə çevirmiş müəssisə tərəfindən belə bir zavodun tikilməsi respublikamız və ilk növbədə rayonumuz üçün çox faydalı olacaq. Artıq zavodun tikintisi yekunlaşmaq üzrədir və yaxın zamanlarda istifadəyə veriləcək.

{nl}

Müsahibəni qələmə aldı: Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında