Soyad sonluqlarının dəyişdirilməsinə texniki məsələ kimi baxmaq olmaz

Bu, həm də milli və mənəvi özünütəsdiqdir

{nl}

Soyadların milliləşdirilməsi məsələsi son vaxtlar tez-tez müzakirə obyektinə çevrilir, hətta, bu barədə müvafiq qanun qəbul olunmasının vaxtı çatdığı da vurğulanır. Təəssüf ki, soyadlarının dəyişdirilməsinin qanun çərçivəsinə salınmasını insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirənlər də var. Buna baxmayaraq, bu məsələdə artıq hər kəsə tam sərbəstlik verilib. Kim istəyirsə, soyad sonluğunu dəyişib milli dəyərlərimizə uyğunlaşdıra bilər. Bu imkandan istifadə edib soyadını dəyişən xeyli insan var. Ancaq ata-baba soyadını dəyişmək istəməyənlər də var. Doğrudanmı bundan ötrü mütləq qanun qəbul olunmalıdır? Milli Məclisdə bu məsələ ilə əlaqədar hər hansı bir qanun layihəsi hazırlanırmı? Bu məsələ ilə əlaqədar Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərova müraciət etdik. Komitə sədri dedi:
- Soyadlarının dəyişdirilməsi cəmiyyətimizdə tez-tez müzakirə olunan mürəkkəb bir məsələdir. Hələlik Milli Məclisdə bu məsələ ilə əlaqədar heç bir layihə, heç bir sənəd yoxdur. O cümlədən, mədəniyyət məsələləri komitəsində də hər hansı bir sənəd hələ ki, hazırlanmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının adlar və soyadlar üzrə xüsusi komissiyası işlədi və müəyyən məsələləri təhlil etdi. Üzdə olan statistik məlumatlar budur ki, bu gün Azərbaycanda ov-yev soyad sonluğu təxminən 80 faiz təşkil edir. Lı, li, lu, lü ilə tamamlanan soyadlarımız təxminən 10 faizə qədərdir. Təxminən bu qədər də zadə sonluğu ilə bitən soyadlardır.
Digər formalar da var. Lakin həmin formalar bir o qədər də geniş yayılmayıb. Zahirən şəkilçisiz formada, məsələn, Səməd Vurğun, Mikayıl Müşfiq, Əhməd Cavad - olanlar, demək olar ki, heç bir faiz də təşkil etmir. Bunlar təxəllüs kimi qəbul olunub, amma rəsmi qeydiyyata alınmayıb. Bunlar da müəyyən mənada problem yaradır. Ancaq cəmiyyət müzakirə edirsə, biz düşünürük ki, ov-yev soyad formalarının bu gün 80 faizə qədər təşkil etməsi hər halda yaxşı hal deyil. Bu məsələ qanunla da tənzimlənə bilər, problem Nazirlər Kabinetinin sərəncamı ilə, xüsusilə də Ailə Məcəlləsinə dəyişiklik etməklə də həllini tapar. Amma əsas məsələ ictimai müzakirələrdir. Çünki bu qanun, deyək ki, qərar Azərbaycanda qəbul olunsa, eyni zamanda, mənəvi baxımdan bütün dünya azərbaycanlılarına aid olmalıdır. Əgər biz xalqımızın eyni bir soyad forması ilə və yaxud bir neçə soyad forması ilə tanınmağını istəyiriksə, bu yalnız Azərbaycan respublikası ilə məhdudlaşa bilməz. Ona görə də istər-istəməz burada əsas diqqət müzakirəyə verilməlidir. Sadəcə olaraq, belə düşünmək olar ki, müəyyən prosedurlar sadələşdirilməlidir. Bu, təbii ki, ilk növbədə yeni doğulan uşaqlara rəsmi olaraq aid olmalıdır. Amma hər halda biz hamımız çox yaxşı başa düşürük ki, 80 faiz ov-yev özünü doğruldan bir şey deyil. Nəzərə almalıyıq ki, bunların mütləq əksəriyyəti artıq texniki şəkildə gedir. Yəni, insanlar sadəcə əziyyət çəkmək istəmirlər.
Soyad sonluqlarının dəyişdirilməsində mənəvi məsələ və insan hüquqlarının qorunması diqqətdə saxlanılmalıdır.
Elə insanlar var ki, məsələn, Naxçıvanski, Şıxlinski, Bakinski və digərləri öz soyadlarını dəyişmək istəmirlər. Ov-yevi də dəyişmək istəməyənlər var. Hətta, bəziləri deyirlər ki, mənim ata-babalarım ov-yev formasını 30-cu illərdə yox, XIX əsrin sonlarında qəbul ediblər. Yəni, kifayət qədər mədəni mühitin təsiri ilə, daha repressiya yolu ilə yox. Əlbəttə, belələrinə güzəşt olunmalıdır. Soyad forması nəsli davam etdirən bir amildir. Mənə elə gəlir ki, burada insan hüququ, güzəşt, eyni zamanda, millətin bütövlüyünü təmin edəcək faktor mütləq nəzərə alınmalıdır.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında