Mütəşəkkil və çevik diasporun, güclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan bu sahədə qarşıya çıxan problemlərin və həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulur. Bu mənada Dünya Azərbaycanlılarının III Qurultayı tarixi əhəmiyyət kəsb edir. Dünyanın 42 ölkəsindən yüzlərlə nümayəndənin iştirak etdiyi qurultayda xaricdəki cəmiyyətlərimizin birgə fəaliyyət strategiyası müasir dövrün tələbləri istiqamətində bir daha müəyyənləşdirildi, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin və tariximizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya məsələləri yenidən nəzərdən keçirilərək mühüm qərarlar qəbul edildi.
Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mötəbər tədbirdəki çıxışına diqqət çəkərək bildirirlər ki, ölkə rəhbərinin tarixi nitqi qarşıya yeni vəzifələr qoymuş, xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Dövlət başçısının tövsiyə və tapşırıqları Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı, dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli ideologiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq qiymətləndirmək imkanı yaratmışdır. Bu fikirləri bizimlə bölüşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri prezidenti, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Sahil Qasımov belə hesab edir ki, Azərbaycan diasporu lobbiçilik istiqamətində daha qətiyyətli addımlar atmaq əzmindədir. Sahil müəllim BAK-ın fəaliyyəti barədə ətraflı məlumat verərək dedi:
- Benilüks Azərbaycanlıları Konqresində üç Avropa ölkəsində - Belçika, Niderland, Lüksemburqda fəaliyyət göstərən müxtəlif coğrafi məkanlardan olan Azərbaycan və türk təşkilatları birləşib. Konqresdə həmçinin İraq Türkmənləri Məclisi də yer alır.
2006-ci ilin aprel ayında BAK-in yaranması üçün təşəbbüs qrupu təşkil olundu və üstündən 6 ay keçdikdən sonra noyabr ayının 18-də BAK adlı yeni bir ictimai birlik Avropa ölkələrinin birində - Niderland Krallığında yarandı.
Qeyd edim ki, Niderland Krallığı Azerbaycan icmasının ən sıx və kompakt yaşadığı Avropa ölkələrindən biridir. Ərazi baxımından kiçik olan bu Avropa ölkəsində müxtəlif coğrafi məkanlardan olan 50 mindən çox azərbaycanlı yaşayır.
Bu icmaları birləşdirmək, təşkilatlandırmaq və fəaliyyətlərini mərkəzləşdirmək üçün Konqresin yaranmasına böyük ehtiyac duyulurdu. BAK-in təsis olunmasının əsas və başlıca səbəblərindən biri məhz bu idi. Fəaliyyətimizdəki yeniliklərə gəlincə, hesab edirəm ki, ümumiyyətlə, BAK-ın əsas nailiyyətlərindən, uğurlarından biri budur ki, artıq azərbaycanlılar bu ölkələrdə etnik bir qrup kimi tanınır və qəbul edilir. Bu ölkələrin rəsmi dairələri azərbaycanlıları etnik qrup kimi tanıyır, icma nümayəndələri kimi bizimlə sıx-sıx görüşürlər. Məsələn, Niderland Krallığında Parlament seçkilərində demək olar ki, bütün partiyaların nümayəndələri BAK rəhbərliyi ilə görüşməyə xeyli maraq göstərirdilər, BAK-dan seçkilərdə dəstək istəyirdilər.
Biz Azərbaycan həqiqətlərini, mədəniyyətimizi, tariximizi, öz dəyərlərimizi bu ölkələrdə təbliğ etməklə həm dövlətlərimizi, xalqlarımzı bir-birinə yaxından tanıdırıq, həm də bir körpü rolunu oynayırıq. Təbii ki, hər bir azərbaycanlı xaricdə öz dövlətini, millətini layiqincə təmsil etməlidir ki, xalqı barədə fikir yarada, ona hörmət bəslənməsinə nail ola bilsin. Qeyd etdiyim kimi, BAK yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ məsələsində yaşadığı ölkələrin ictimaiyyətini bilgiləndirir və erməni lobbisinə qarşı mütəşşəkil mübarizə aparır. BAK-ın 5 illik fəaliyyəti ərzində erməni diasporu üzərində onlarca qələbəmiz mövcuddur. Buna misal olaraq Suzan Kruqerin çəkdiyi "Ümid axırıncı ölür" filminin satışa buraxılmaması, erməni rejissoru Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam İDFA film festivalından çıxarılması və bu filmin mükafatlandırılmasının qarşısının alınması, Utreçt Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət haqqında lazımi instansiyalara məlumat verilməsi, Amsterdam Universitetlərində "Qarabağ - Kosovo: bənzər tarix" disputlarında fəal və mütəşşəkil iştirak edərək bu müzakirələrin heçə endirilməsi, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı ilə əlaqədar möhtəşəm nümayişlərin keçirilməsi, Rotterdam şəhərində Bakı küçəsinin yenidən açılması və bu küçədə rəsmi barelyefin qoyulmasını və sairəni göstərmək olar.
Bundan əlavə, BAK-ın digər ölkələrdəki Azərbaycan və Türk diaspor təşkilatları ilə xeyli sıx əlaqələri var. GUAM ölkələrinin diaspor təşkilatları ilə əməkdaşlıq münasibətləri mövcuddur. İngiltərədəki Kıbrıs Türkləri Konseyi, Avropa Türk Demokratları Birliyi, Amerikadakı, Rusiyadakı, Avropadakı bir çox təşkilatlar ilə sıx- sıx görüşür və təcrübə mübadiləsi aparırıq. Bəzi tədbirlərin eyni gündə, eyni vaxtda keçirilməsinə nail oluruq.
Benilüks Azərbaycanlıları Konqresi artıq bu ildən etibarən Avropa Birliyində akkreditə olunub və Azərbaycanın Avropa məkanına inteqrasiya olunmasi istiqamətində lobbiçilik fəaliyyəti göstərir. Belə hesab edirəm ki, dünyanın hər aparıcı ölkəsində Azərbaycana aid tarixi və incəsənət muzeylərinin açılması zəruridir. Çünki bu yolla mədəniyyətin təbliği və ölkənin tanıdılması işi daha yaxşı nəticələr verir. Təbii ki, digər təbliğat vasitələri də diqqətdən qaçmamalıdır. Məsələn, qəzet nəşri, radio və televiziya kanallarının açılması çox vacib məsələlərdir. Biz bu sahədə müəyyən irəliləyişlərə nail olmuşuq. Hazırda Benilüks Azərbaycanlıları Konqresinin mətbu orqanı mövcuddur, Konqresimizin radio və televiziya kanallarınin da açılması üzərində işləyirik.
Mən sonda yenidən Dünya Azərbaycanlılarının III Qurultayı barədə öz fikirlərimi bildirmək istərdim. Dünya azərbaycanlılarının və onların xaricdəki diaspor təşkilatlarının aparıcı nümayəndələrinin Bakıda bir araya gəlməsi, burada yeni fəaliyyət strategiyasının birlikdə müəyyənləşdirilməsi tarixi hadisədir. Dövlət başçımızın çıxışı bir daha göstərdi ki, Azərbaycan Respublikası diasporumuzun quruculuğu prosesinə xüsusi diqqət göstərir və bu sahəyə qayğısını əsirgəmir. Ölkəmizin iqtisadi cəhətdən gücləndiyi, diplomatik uğurlar qazandığı bir vaxtda biz - xaricdə yaşayan azərbaycanlılar da çalışmalıyıq ki, öz fəaliyyətimizlə Vətənimizin haqq işinə daha çox dəstək verək. İnanıram ki, bu mənada Dünya Azərbaycanlılarının III Qurultayı xaricdəki diaspor təşkilatlarımızın lobbiçiliyə doğru inamla addımlamasına stimul verəcəkdir.
{nl}
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.