- Qarabağda min bir fitnə-fəsad, ağlasığmaz vəhşilik törətmiş erməni silahlı quldurları Ağdamı ələ keçirməyi ağıllarına belə sığışdırmırdılar. Təcavüzkar Ermənistan Respublikası siyasi-hərbi himayədarlarının köməyi ilə Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan məntəqələri yer üzündən silib, Azərbaycanın gözünü qırmaq üçün Xocalı soyqırımını bilərəkdən törədib, Şuşa, Laçın və Kəlbəcəri işğal edib muxtar vilayətdə möhkəmlənəndən sonra, əslində, Azərbaycanın güclü əks-hücumunu gözləyirdi...
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov rayonun işğalının 18-ci ildönümü ilə bağlı söhbətinin davamında dedi:
- 1992-ci ilin mayında ölkədə yaratdığı siyasi böhran və hərcmərclik şəraitində Şuşanın və Laçının asanlıqla itirilməsinə bais olub, hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün strateji və taktiki hazırlıqsız apardığı döyüş əməliyyatları nəticə etibarilə ermənilərin xeyrinə oldu. Böyük itkilər bahasına ələ keçirilmiş Ağdərə yenidən itirildi. Azərbaycandakı səriştəsiz və məsuliyyətsiz hakimiyyətin zəifliyini görən Ermənistan və dəmtutanları Kəlbəcəri işğal etməklə Qarabağdakı separatçı rejimə ikinci dəhliz açdılar.
Birillik hakimiyyəti dalana dirənmiş AXC-Müsavat iqtidarının rəhbərləri və yüksək çinli hərbçiləri Gəncədə hərbi toqquşma yaradıb ölkəni iflic vəziyyətə salanda ermənilər Azərbaycanın içərilərinə doğru irəliləməyə iştahlandılar. Ağdamın qərb tərəfdən qapısı olan Abdal-Gülablı dərəsi hələ payızda müdafiəsiz qalıb ermənilərin əlinə keçmişdi. Gəncə hadisələri günlərində Əsgəran-Ağdərə istiqamətində Ağdamı qoruyan yüksəkliklərdəki hərbi texnika və canlı qüvvə çıxarılıb Surət Hüseynovun üstünə aparılmışdı. Ağdamı yuxularında belə görməyə cəsarət etməyən ermənilər bu cinayətkarcasına məsuliyyətsizlikdən ürəklənib, Xaçın dərəsi tərəfdən sürətlə irəliləyərək Ağdərə yoluna - Şahbulağa çıxdılar. Onlarca müdafiəsiz kəndimizi asanlıqla ələ keçirən düşmən şimal tərəfdən Ağdam şəhərinin bir neçə kilometrinə çıxdı.
Həmin günlərdə ölkəni vətəndaş qarşıdurmasından, xaos və ümidsizlikdən xilas etmək üçün xalq ayağa qalxıb Naxçıvanın xilaskarına çevrilmiş dünya miqyaslı siyasətçi, ümummilli lider Heydər Əliyevə üz tutdu, onu ölkəni fəlakətdən çıxarmağa dəvət etdi. O vaxt Bakıya gəlib yeni yaranmış dövlətin parlamentinə sədr seçilən Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını əngəlləmək istəyən hərbi-siyasi müxalifətin rəhbərləri Surət Hüseynov və Rəhim Qazıyevin işarəsi ilə xəyanətkar polkovnik Əlikram Hümbətov rəhbərlik etdiyi iri qoşun birləşməsini cənub istiqamətdən - Xocavənd cəbhəsindən çıxarıb Lənkərana apardı. Onun burada yaratdığı hərbi-separatçı rejim Azərbaycanda ikinci bir qarşıdurma mərkəzinə çevrildi. Bütün bunları görən sadvalçılar respublikanın şimal bölgələrində fəallaşdılar. Cəbhə xəttində özbaşınalıq və fərarilik artdı.
Yaranmış şəraitdə hərbi qüvvələrə nəzarəti ələ keçirmiş baş nazir Surət Hüseynov, əslində, Ağdamın müdafiəsini təşkil etmədi. O günlərdə gecəli-gündüzlü Azərbaycanın itirilməkdə olan siyasi müstəqilliyinin keşiyində dayanan, fasiləsiz siyasi-diplomatik danışıqlar aparan, ölkədəki qarşıdurmaları aradan qaldıran ulu öndər Heydər Əliyevə siyasi təzyiq kimi xəyanətkar qüvvələr Ağdamı düşmənə təslim etməkdən çəkinmədilər...
...Bayaqdan Ağdamın işğalına aparan yoldan, o dövrün mürəkkəb vəziyyətindən söz açan Nizami Sadıqov bu yerdə dayandı, səsini titrədən qəhər və nifrəti boğmağa çalışdı. Sonra ulu öndər Heydər Əliyevin iri portretinə baxaraq inamlı bir səslə dilləndi:
- Bu işlər, bu bağışlanmaz xəyanətlər ona görə baş verdi ki, o vaxt xalq başsız idi. Millət atası Heydər Əliyev dar gündə Moskvanın təzyiq və təhdidlərindən yaxa qurtarıb Vətənin imdadına gələndə namərdlər onu ağsaqqal yerində oturdub, məsləhətlərinə qulaq asmadılar. Ona görə də bu dar qafalı vəzifə düşgünləri bir-birinə qənim kəsilib ölkəni idarəolunmaz vəziyyətə gətirdilər. Xocalı od içində yananda qulaqları kar oldu. Şuşa əldən gedəndə heç nəyi görmədilər. Qarabağın arxa qapısı Laçın mühasirəyə düşəndə tükləri tərpənmədi. Kəlbəcəri göz baxa-baxa güdaza verdilər. Ağdam da hərki-hərkiliyin, bir-birinə zərbə vurmaq ehtirasının qurbanı oldu.
Xalq bunu doğru deyir ki, ulu öndər Heydər Əliyev Qarabağ məsələsi başlananda hakimiyyətdə olsaydı, ermənilər cəsarət edib üstümüzə yeriməzdilər. İşdir, belə bir cəhd olsaydı, qüdrətli lider onları dərhal yerində oturdardı. Bir sözlə, hər şey əldən gedəndən, xalq "öldü-qaldı" dilemması qarşısında qalandan sonra son sözünü deyib, Heydər Əliyevi rəhbərliyə gətirdi. Lakin artıq bir çox mövqelər əldən verilmiş, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin müdafiəsi başlı-başına buraxılmışdı.
Təsəvvür edirsinizmi, parlamentdə baş nazir vəzifəsini qəbul edən, hərbi qüvvələrə nəzarəti ələ keçirən, "Qarabağı mən azad edəcəyəm" - deyən Surət Hüseynov AXC-Müsavat hakimiyyəti dövründə olduğu kimi, bu dəfə də yalançı qəhrəman imici ilə ortaya çıxıb qaş düzəltmək əvəzinə, göz tökdü. Bayaq dediyim kimi, onun bais olduğu qarşıdurma ucbatından Ağdam müdafiəsiz qalıb sürətlə irəliləyən düşmənin əhatəsində qaldı. O günlərdə Surət Hüseynovun Ağdama gələn tör-töküntü qüvvələri düşmənə bir güllə belə atmadan öz kəndlərimizin əhalisini vahiməyə salıb, qaçırdıb evlərini qarət etdilər. Sonra da hansı tapşırıqlasa çıxıb getdilər. Ağdamı müdafiə edən kiçik bir qüvvə isə ermənilərin güclü həmləsinin qarşısını ala bilməyib geri çəkildi. Əhali mühasirəyə düşüb məhv olmamaq üçün ev-eşiyini qoyub, uşaqlı-qocalı, qız-gəlinli çöllərə səpələndi.
O günlərdə Surət Hüseynov, Rəhim Qazıyev "cənub padşahı" Əlikram Hümbətovla Xanbulan gölünün üstündə kef çəkirdilər. Taleyin ümidində qalmış 150 min ağdamlının qarşısına o müsibətli günlərdə xalqın həqiqi rəhbəri Heydər Əliyev çıxdı. İyulun 23-də Ağdamın süqutundan sonra arxadan vurulmuş bu qəfil zərbəyə, amansız xəyanətə dözməyən ulu öndər özünü Bərdəyə yetirdi. Onun həyata keçirdiyi qəti tədbirlər Ağdamın tam işğal edilməsinin qarşısını aldı. O böyük insan yurdundan qovulmuş 120 min insana arxa-dayaq oldu. Həyat mənbəyini itirmiş insanlar təcili-təxirəsalınmaz tədbirlərlə məhv olmaqdan xilas edildi.
Sonrakı aylarda xalqın böyük əksəriyyətinin iradəsi ilə Prezident seçilən, Ali Baş Komandan səlahiyyətlərini həyata keçirən Heydər Əliyev sürətlə həqiqi milli ordu yaratdı. Ağdamın yerdə qalan kəndlərinin etibarlı müdafiəsi təmin edildi. Cəbhəyanı kəndlərdə həyatın ahəngi bərpa edildi. 125 yaşayış məntəqəsi işğal altına düşsə də yerdə qalan 44 kəndin əsasında Ağdamın bir rayon kimi fəaliyyəti bərpa edildi. İlk vaxtlar rayon ərazisində 40 minədək əhalinin yaşayıb-işləməsi təmin edildi. Sonrakı illərdə ulu öndərin bilavasitə köməyi, qayğısı ilə bu rəqəm 70 minə yüksəldi. Ağdam düşmən və xəyanətkarların əli ilə əyilməyə məcbur edilsə də, Heydər Əliyevin atalıq qayğısı, dəyanəti, mərdliyi ilə sınmadı, dikəlib ayağa qalxdı. Düşmənlə üzbəüz 18 ildir ki, Ağdam yaşayır, uğurlarını, güc-qüvvəsini artırır, düşmənin doğru yola qayıtmasını gözləyir.
Nizami Sadıqov daha sonra bunları bildirdi:
- 2003-cü ildən bəri ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı ilə bütün qaçqın-köçkün bölgələri kimi, Ağdamın da problemləri sürətlə həll edilir. Bildiyiniz kimi, ölkədə artıq bir çadır şəhərciyi də qalmayıb. Yeni salınmış abad şəhərciklərə 20 minədək ağdamlı köçüb.
Ötən 18 ildə yaşayış məntəqələrimizdə kommunikasiyalar tam qaydaya salınmış, tikinti-quruculuq, əkin-biçin, təsərrüfat işləri uğurla davam etdirilmişdir. İndi 175 mindən çox əhalinin yarısı rayonda məskunlaşıb. Başqa şəhər və rayonlara sığınmış həmyerlilərimizlə normal əlaqə yaradılıb. Rayonun əksər idarə və təşkilatları böyüyüb-abadlaşmış Quzanlı qəsəbəsində və Xındırıstan kəndində fəaliyyət göstərir. Torpaqlar özəlləşdirilmiş, bir sıra sahibkarlıq müəssisələri yaradılmışdır. Ötənilki işğal günündən sonra rayonda yeniliklərin sayı sürətlə artmışdır. Bu ilin 6 ayı isə rayonumuz üçün daha uğurlu olmuşdur.
Bu yerdə Ağdam RİH-in başçısı 6 aylıq hesabatdan bəzi fakt və rəqəmlərə nəzər saldı:
- Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev respublikanın kənd yollarının çəkilməsini xüsusi olaraq qeyd etmişdir. Çox fərəhli haldır ki, bu iş ilk olaraq Ağdam rayonundan başladı. Prezident 11 iyul 2011-ci il tarixdə "Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında" sərəncam imzalamış, rayonun 46 min əhalisinin yaşadığı 21 kəndi, 6 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi üçün 6 milyon manat vəsait ayırmışdır. Bu Ağdam rayonuna, bütün ağdamlılara cənab Prezidentin böyük diqqət və qayğısıdır. Artıq yolun tikintisinə başlanılmışdır.
2011-ci ilin birinci yarısında Ağdam rayonunda abadlıq, tikinti və quruculuq işləri davam etdirilmiş və müəyyən işlər görülmüşdür. Belə ki, rayon üçün mühüm obyektlər olan Doğum evi və Uşaq xəstəxanasının tikintisi və Mədəniyyət evinin əsaslı təmiri başa çatdırılmışdır. Rayonun Bayraq meydanı yenidən qurulmuş, 16x8 metr ölçüdə yeni bayraq asılmışdır.
Heydər Əliyev prospektində abadlıq işləri davam etdirilmiş, təhsil şöbəsinin inzibati binasından Doğum evi və Uşaq xəstəxanasına qədər səki salınmış, işıqlandırma sistemi quraşdırılmış və kənarları ilə ağaclar əkilmişdir. Prospektin "Kapital" bankın qarşı hissəsində də abadlıq işləri aparılmış, bəzək kolları əkilmişdir. Cari ilin keçən dövrü ərzində Su-Kanal və Subartezian Quyularının İstismarı İdarələrinin, Sığorta İdarəsinin inzibati binaları istifadəyə verilmişdir.
Əfətli Musiqi məktəbinin binası əsaslı təmir olunmuş, əlavə 3 sinif otağı tikilmiş, Xındırıstan məscidində yardımçı bina inşa olunmuşdur. Rayon Mərkəzi Xəstəxanasının yeməkxanası üçün 3 otaq təmir olunmuş, lazımi avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin stadionunda və tirbunalarda əsaslı təmir işləri aparılmış, stadionun ot örtüyü dəyişdirilmişdir. Rayonda yolların saxlanılması və təmiri sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, Ayaq Qərvəndə gedən yol, Mirəşəlli və Kolqışlaq, Təzəkənd yolları əsaslı təmir olunmuşdur. Quzanlı qəsəbəsinin ərazi nümayəndəliyi ilə Mədəniyyət evi arasından keçən yol da abadlaşdırılmışdır.
Rayon üzrə cari ilin 6 ayı ərzində ümumi məhsul istehsalının həcmi artaraq 29 milyon 998 min manat olmuş, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 222 manat və ya 12 faiz artmışdır. Sənaye məhsulunun ümumi həcmi 1 milyon 864 min manat, kənd təsərrüfatı 18 milyon 926 min manat, ticarətin dövriyyəsi 3 milyon 513 min manat olmuşdur. Göstərilən dövrdə əsas kapitala yönəldilən vəsaitlər 5 milyon 695 min manat olmuşdur.
Dövlət Proqramında Dördyol -Mamırlı ərazisində məskunlaşan köckün ailələri üçün 932 ailəlik yeni qəsəbənin tikilməsi nəzərdə tutulmuşdur. Bunun üçün torpaq sahəsi ayrılmış, müəyyən xəritələşmə və digər işlər görülmüşdür. 2011-ci ilin 1-ci yarısı ərzində 331 nəfər fiziki, 35 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət , ticarət və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 80,4 faiz təşkil edir. Cari ilin 6 ayı ərzində Qafqaz kredit təşkilatı tərəfindən 842 nəfərə 562 min manat, Kaspian-İnvest kredit təşkilatı tərəfindən isə 312 nəfərə 222 min manat mikrokredit verilmişdir.
Rayonumuz inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan taxılçılığa xüsusi fikir verilir. Dövlət Proqramı (2009-2013-cü illər) qəbul edildikdən sonra bu sahə ön plana çəkilmişdir.Əgər 2010-cu ilin məhsulu üçün 19125 hektar sahəyə taxıl səpilmişdirsə, 2011-ci ilin məhsulu üçün 19511 hektar sahədə taxıl əkilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 386 hektar sahəyə artıq taxıl səpilmişdir. Bunun da 17074 hektarı buğda,2437 hektarı arpa sahəsindən ibarətdir. 4568 hektar sahədə biçin aparılaraq 13494 ton məhsul əldə edilmiş,1 hektara məhsuldarlıq 29,5 sentner təşkil etmişdir
Üzümçülük gəlirli sahə olsa da lazımi maliyyə vəsaiti olmadığından plantasiyaların salınması hələlik ləngiyir. Bu sahənin əhəmiyyətini nəzərə alan "Yaqub" kəndli fermer təsərrüfatı 2 hektar sahədə üzüm bağını bərpa etmişdir. Hələlik üzümçülüyün əsasını əhali təsərrüfatlarında olan talvar üzümləri təşkil edir. 2011-ci ildə pambıqçılığın inkişafına diqqət artırılaraq 230 hektar sahədə pambıq əkilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 133 hektar çoxdur. Ərzaq məhsulu kimi tərəvəz istehsalı daim artırılır. 2011-ci ildə 1820 hektar sahədə tərəvəz əkilmişdir ki,bu da 2010-cu ildəkindən 123 hektar və ya 6,7 faiz çoxdur.Bu günə kimi 405 hektardan 7650 ton tərəvəz,320 hektardan 4575 ton kartof məhsulu toplanmışdır.
Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi məqəsdi ilə bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. "Sukanal" idarəsi Birinci Dördyol qəsəbəsində və Kolqışlaq kəndində içməli su üçün subartezian quyuları qazmışdır. Təzəkənd qəsəbəsində 600 metr yeni su xətti çəkilmiş, 54 ədəd su nasosu, 35 ədəd transformator təmir olunub istifadəyə verilmişdir.
Əhalinin içməli və suvarma suyuna olan təlabatını ödəmək məqsədi ilə 800 ədəd subartezian quyusundan, 3 ədəd nasos stansiyasından, Əhmədağalı və Üçoğlan kəndlərinin ərazisində olan kəhrizlərin suyundan istifadə olunur.
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin keyfiyyətli təşkili, əmək və icra intizamının yüksəldilməsi sahəsində xeyli işlər görülmüş və görülməkdədir.
Nizami Sadıqov sonda dedi:
- Rayonumuzun işğal olunmayan ərazisində 19 yaşayış məntəqəsi qoşunların təmas xəttinin 3 kilometrliyində yerləşir və problemləri çoxdur. Həmin problemlərin həlli istiqamətində tədbirləri davam etdirməliyik. Qarşımızda duran əsəs məqsədlərdən biri də rayonda yüksək əhval-ruhiyyəni təmin etmək, sağlam mühit formalaşdırmaq, problemlərin həllinə qayğı ilə yanaşmaqdır.
Əminik ki, Qarabağ müharibəsində nəyə qadir olduğunu göstərmiş Ağdam əhalisi dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi yolunda öz mövqeyini ortaya qoyaraq, ölkə Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcək, ona dəstək olacaqdır. İnanırıq ki, dövlət başçısının yeritdiyi aydın, qətiyyətli siyasət nəticəsində işğal olunmuş torpaqlarımız geri qaytarılacaq, biz də doğma Ağdamımıza qayıdacağıq.{nl}
Materialı hazırladılar: Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.