Müəllimlər və həkimlər dövlət qulluqçusu kateqoriyasına aid ediləcək

Millət vəkili Musa QULİYEV: Azərbaycan dövləti əhalinin sosial müdafiəsinə xüsusi diqqət yetirir
Son on ilə yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə bir sıra sosial-iqtisadi inkişaf layihələri həyata keçirilmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul edilmişdir. Dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində ölkəmizin iqtisadi qüdrətinin artması Azərbaycan vətəndaşlarının daha fəal sosial müdafiəsi üçün əlavə imkanlar yaratmış, yeni maliyyə mənbələri meydana çıxmışdır. Azərbaycanın dövlət başçısı bütün bunlardan səmərəli istifadə etmək, ölkəyə daxil olan neft kapitalını insan kapitalına çevirmək ideyasını irəli sürmüş, bu məqsədlərin reallaşdırılması üçün konkret addımlar atılmasını təmin etmişdir. Bu istiqamətdə Milli Məclis də müəyyən qanunvericilik aktları qəbul etmişdir. Respublika parlamenti sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevlə söhbətimiz də məhz bu barədədir.
- Musa müəllim, son illərdə Azərbaycan dövləti sosial yönümlü siyasət aparır. Sosial məsələlərin dövlət üçün prioritet təşkil etdiyini Prezident İlham Əliyev də müxtəlif toplantılarda və ictimaiyyətin nümayəndələri ilə görüşlərində dəfələrlə qeyd edib. Bu siyasət Milli Məclisin fəaliyyətində necə əksini tapır?
- Doğru qeyd edirsiniz ki, Azərbaycan dövləti sosial siyasəti özünün daxili siyasətində həmişə prioritet istiqamət kimi götürür. Hələ ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarını yaradanda, ölkənin strateji inkişaf istiqamətlərini müəyyən edəndə əhalinin sosial müdafiəsinə, xüsusən aztəminatlı insanların sosial müdafiəsinə xüsusi diqqət ayırırdı. Bu gün bu xətt artan istiqamətdə davam etdirilir. Cənab Prezident İlham Əliyevin göstərişləri, tövsiyələri əsasında istər hökumət, istərsə də Milli Məclis tərəfindən əhalinin sosial müdafiəsini daim nəzarətdə saxlayan qərar və qanunlar qəbul olunur. Bu işlərin davamı olaraq 2011-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılıb, aztəminatlı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqqı, eləcə də pensiyaçıların pensiya və müavinətlərinin ciddi artımı baş verib. Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında cənab Prezidentin verdiyi tövsiyə əsasında pensiya sahəsində çox ciddi bir islahat aparıldı. 2006-cı ilə qədər pensiyaya çıxanlarla 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyalarının hesablanma qaydası və pensiyalar arasındakı fərq aradan qaldırıldı. Çox ciddi pensiya artımları baş verdi. Milli Məclis tərəfindən "Əmək pensiyaları haqqında" Qanuna əlavə və dəyişikliklər edildi. Artıq bu qanun qüvvəyə minib və 2011-ci il iyulun 1-dən icra olunmağa başlayıb.
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə həyata keçirilmiş bu islahat bütün dünya miqyasında və pensiya ödənişi sistemində çox nadir islahatlardan biri kimi qiymətləndirilir. Məhz bu islahat nəticəsində bütün pensiyaçıların pensiyaları birdən-birə 40 faiz artırıldı. Birdən-birə pensiyaçıların 90 faizinin pensiyaları yenidən hesablandı və artırıldı.
Bilirsiniz ki, 2006-cı ilə qədər Azərbaycan sovet dönəmindən gələn sosialist idarəetmə sisteminə uyğun olaraq pensiyanın həmrəylik prinsipi ilə işləyirdi. Yəni, hər işləyən nəsil özündən əvvəlki yaşlı nəsli dolandırırdı. İşləyən adamların əmək haqqından tutulan və sığorta fonduna yığılan vəsait yaşlı nəslin pensiyasına sərf olunurdu. 2006-cı ildə artıq bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq pensiya ödənişinin yeni, sığorta pensiya sisteminə keçildi. Yəni, hər bir işləyən şəxs həm də öz pensiyasının qayğısına qalmalıdır. Hər kəs özünün pensiya kapitalını formalaşdırmalıdır ki, nə qədər çox əmək haqqı alıbsa, sosial müdafiə fonduna nə qədər çox vəsait yığıbsa, o qədər çox pensiya alsın. Əslində bu, bazar iqtisadiyyatının tələblərinə uyğun və ədalətli bir layihə idi və ölkəmiz bazar prinsipləri ilə gedirsə, buna da getməli idi. Amma pensiyaların bu şəkildə formalaşması 2006-cı ilə qədər pensiyaya çıxanların pensiyalarının xeyli aşağı düşməsi ilə nəticələndi. Onların pensiyalarının faktik olaraq sığorta hissəsi yox idi. Məlumdur ki, pensiyaların üç hissəsi var: baza hissəsi, sığorta hissəsi və yığım hissəsi. 2006-cı ilə qədər pensiyaya çıxanların nə sığorta, nə də yığım hissəsi yoxdur. Bunlara ancaq pensiyanın baza hissəsi şamil olunurdu və demək olar ki, minimum pensiya alırdılar. Yalnız cənab Prezident göstəriş verəndən sonra bu uyğunsuzluq aradan qaldırıldı və elə insanlar oldu ki, onların pensiyası birdən-birə 80 manata qədər, yəni iki dəfəyə qədər artdı.
Bununla da bu il Azərbaycanda pensiyaların orta aylıq məbləği 150 manatı keçdi. Bu o deməkdir ki, ölkəmiz Avropa Sosial Xartiyasının daha bir müddəasını ratifikasiya etmiş oldu. Müddəa bundan ibarətdir: sosial dövlət o dövlət hesab olunur ki, orada pensiyanın orta aylıq məbləği əmək haqqının orta aylıq məbləğinin 40 faizindən az olmasın. Bizdə isə bu məbləğ 40 faizi keçdi və 45 faizə yaxınlaşdı. Və Azərbaycan beynəlxalq aləmdə özünün yeni bir imicini qazandı.
Bu, əslində Azərbaycan Prezidentinin əhalinin aztəminatlı hissəsinə, xüsusilə pensiya və müavinət alan insanlara qayğısının çox ciddi bir ifadəsi idi və təbii olaraq pensiya, müavinət alanlar, eləcə də bizim seçicilər tərəfindən çox böyük rəğbət, minnətdarlıq hissi ilə qarşılandı. Sosial siyasət komitəsi olaraq bizə, bir millət vəkili olaraq mənə seçicilərdən onlarla məktub gəldi. Mənim aldığım məktublarda insanlar bildirirlər ki, cənab Prezidentin bu addımını alqışlayırlar, dəstəkləyirlər və inanırlar ki, Azərbaycan Prezidenti onların əsil himayədarıdır.
Milli Məclisin sosial siyasət komitəsi də bu siyasətin dəstəklənməsi, müvafiq qanunlara əlavə və dəyişikliklər edilməsi, qanunvericilik bazasının hazırlanması istiqamətində müvafiq addımlarını atmışdır və atmaqda davam edəcəkdir.
- Azərbaycan parlamenti mütəmadi olaraq digər sahələrlə yanaşı, sosial yönümlü qanunlar da qəbul edir. Bu ilin yaz sessiyasından payıza qalan qanun layihələri arasında sosial sahəyə dair qanunlar varmı?
- Bilirsiniz ki, hazırda dördüncü çağırış Azərbaycan parlamenti fəaliyyətini davam etdirir. Ölkə parlamentinin müstəqillik əldə etdiyimiz ilk on ildəki fəaliyyəti əsasən baza qanunlarının yaradılması və qəbulu ilə bağlı olub. Bu dövrdə kifayət qədər baza qanunları qəbul edilib, müxtəlif sahələrə aid kifayət qədər çərçivə qanunları və əsas sahə qanunları vardır. Hazırda istər Milli Məclis, istərsə də komitə olaraq baza qanunlarının təkmilləşdirilməsi, çərçivə qanunlarından doğan sahə qanunlarının hazırlanması və Azərbaycan qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması istiqamətində fəaliyyət göstəririk. Ölkəmiz müxtəlif konvensiyalara qoşulub, müxtəlif beynəlxalq təşkilatlara qoşulmaqdan doğan tələblər, öhdəliklər mövcuddur, bu məsələləri qanunvericiliyimizdə əks etdiririk.
Yaz sessiyası əsasən hesabatlar sessiyasıdır. Bu sessiya çərçivəsində ombudsmanın, Hesablama Palatasının, hökumətin hesabatı dinlənildi və dövlət büdcəsinin xərc hissəsinin dürüstləşdirilməsi məsələsinə baxıldı. Eyni zamanda, cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş bir sıra qanunvericilik aktları qəbul edildi.
Komitə olaraq gördüyümüz işlər isə əsasən əhalinin sosial müdafiəsi, səhiyyə və sair sahələrlə bağlıdır. Bu il Azərbaycanda "Turizm ili" elan olunub. Turizmlə bağlı sənədlər üzərində işləmişik, bu sahədəki qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər hazırlanır və Milli Məclisə tövsiyə olunacaq. Bunlarla yanaşı, artıq hazırladığımız və Milli Məclisin payız sessiyasına təqdim edəcəyimiz bəzi qanun layihələri də var. Bunların üzərində bir qədər ətraflı dayanmaq istərdim.
İlk növbədə qeyd edim ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi üzərində işləyirik. Çərçivə qanunlarından doğan qanunlardan biri - "Pasiyentin hüquqları haqqında" sahə qanun layihəsi üzərində iş gedir. Layihə komitədə birinci oxunuşda müzakirə olunub. Bu, çox ciddi bir layihədir. Belə bir qanun dünyanın az ölkələrində qəbul olunub. Yəni elə ölkələrdə qəbul edilib ki, həmin ölkələrdə səhiyyənin kifayət qədər yüksək maddi-texniki bazası var, əhalinin səhiyyəyə əlçatanlığı kifayət qədər təmin olunub, həkim-xəstə, xəstəxana-idarəetmə orqanları (məsələn, Səhiyyə Nazirliyi) münasibətləri tam tənzimlənib. Azərbaycanda bu gün özəl səhiyyə kifayət qədər inkişaf edib, dövlət səhiyyəsində inkişaf son illər ərzində nəzərəçarpacaq dərəcədədir. Cənab Prezident tərəfindən səhiyyə sisteminə böyük qayğı və diqqət göstərilir. Artıq səhiyyəmizin həm maddi-texniki bazasının möhkəmləndirilməsi, həm hüquqi bazanın yaradılması, həm idarəetmənin müasirləşdirilməsi, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində göstərişlər verilir, müəyyən sərəncamlar imzalanır, işlər görülür. Misal üçün, yeni təcili yardım maşınları alınır, təcili yardım stansiyaları istifadəyə verilir, yeni xəstəxanalar tikilir, xəstəxanalar ən müasir avadanlıqlarla təchiz olunur, kadrlar xarici ölkələrə oxumağa göndərilir, kadr mübadiləsi aparılır. Cənab Prezidentin göstərişi ilə son iki ildə hər il 1500 tibb kadrı - həm həkim, həm də orta tibb personalı Azərbaycandan kənarda - Avropa ölkələrində, Amerikada, qardaş Türkiyədə ixtisasartırma kursları keçir, müasir tibbi texnologiyaların idarə edilməsi üzrə biliklərini artırır. Dövlət Neft Fondunun vəsaiti hesabına respublikamızın, demək olar ki, bütün bölgələrində ən müasir müalicə-diaqnostika mərkəzləri açılıb və onlar tamamilə pulsuz olaraq əhaliyə yüksək səviyyədə xidmət göstərir. Səhiyyə nazirinin iki il bundan əvvəlki əmri ilə dövlət tibb müəssisələrində pullu xidmət tamamilə ləğv olunub və bu müəssisələrdə əhaliyə yüksək səviyyədə pulsuz tibbi xidmət göstərilir.
Beləliklə, Milli Məclis "Pasiyentin hüquqları haqqında" Qanunu qəbul edəcək. Qanun pasiyentin hüquqlarını birmənalı şəkildə müəyyənləşdirəcək. Yəni, pasiyent, istənilən şəxs müayinə üçün qanunvericilik çərçivəsində istədiyi tibb müəssisəsini, istədiyi həkimi seçə bilər, xəstəliyi ilə bağlı istədiyi məlumatı ala bilər. Misal üçün, öyrənə bilər ki, hansı xarici ölkədə xəstəliyini daha yüksək səviyyədə müalicə etdirə bilər.
Üzərində işlədiyimiz səhiyyə ilə bağlı ikinci qanunvericilik aktı "Ailə həkimi haqqında" Qanun layihəsidir. Bilirsiniz ki, ailə həkimi ilkin səhiyyə xidməti göstərilməsinin müasir modellərindən biridir. Biz sovet dönəmində ilkin səhiyyə yardımının "Semaşko prinsipi" deyilən prinsipi əsasında işləyirdik. Yəni, poliklinikaların nəzdində sahə həkimləri olardı və onlar konkret ərazidə xəstəliklərin həm müalicəsi, həm də profilaktikası ilə məşğul olardı. Amma bazar iqtisadiyyatı şəraitində bu prinsip özünü doğrultmur. Çünki hər bir kənddə poliklinika yaratmaq, demək olar ki, mümkün deyil. Bu, heç iqtisadi cəhətdən də özünü doğrultmaz, kadr təminatı çətin, keyfiyyət isə aşağı olar. Buna görə də düzgün model bundan ibarətdir ki, rayon mərkəzlərində böyük poliklinika-ambulatoriya xidməti təşkil olunur, kəndlərdə isə, iki-üç kəndə, yaxud bir kəndə bir ailə həkimi təyin olunur. Bu həkim ən azı dörd sahəni bilməlidir: terapiyanı, pediatriyanı bilməli, ginekologiyadan az-çox məlumatı olmalıdır ki, heç olmasa, doğuşu qəbul edə bilsin, bir də ilkin travmatoloji yardım göstərə bilsin. Ailə həkimi lazım olduqda istər rayon mərkəzindəki, istərsə də respublikanın mərkəzindəki aparıcı klinikalarla əlaqə yaradır, müvafiq məlumatları ötürür, yaxud qəbul edir. Artıq ölkəmizdə internet lazımi qədər inkişaf edib, elektron hökumət yaradılması istiqamətində ciddi işlər görülür. Bu şəraitdə xəstənin, tutaq ki, kardioqramını çəkib Bakıdakı, yaxud Gəncədəki hər hansı klinikaya, müalicə-diaqnostika mərkəzinə göndərmək, buradan telefonla və ya internetlə daha mükəmməl cavab almaq, hansı dərmanın hansı dozada tətbiq edilməsini dəqiqləşdirmək asan məsələdir. Bu, hazırda ən müasir və çevik bir modeldir. Belə bir qanunun qəbul olunması ölkəmiz üçün vacibdir və biz onun üzərində işləyirik.
Üçüncü qanun layihəsi ruhi xəstələrin müayinəsi, müalicəsi, onlara diaqnoz qoyulması və bu işin daha da təkmilləşdirilməsi ilə bağlıdır. Azərbaycanda "Psixiatriya yardımı haqqında" Qanun 2001-ci ildə qəbul olunub. Lakin ötən 10 il ərzində Ümumdünya Səhiyyə Təşkilatı psixiatrik yardımla bağlı bir sıra mühüm direktivlər qəbul edib. Biz də bu beynəlxalq təşkilatın üzvü olduğumuz üçün onun qəbul etdiyi direktivləri, tövsiyə etdiyi sənədləri ölkəmizin qanunvericiliyinə tətbiq etməliyik. Və bu sənədlər ruhi xəstələrin, ümumiyyətlə, insan haqlarının qorunması sahəsində imkanları daha da genişləndirir. Ruhi xəstəliklər digər xəstəliklərdən fərqli olaraq, həm tibbi, həm hüquqi, həm də sosial əhəmiyyət daşıyan diaqnozdur. Ona görə də bu insanların həm saxlanma şəraitinin yaxşılaşdırılması, həm onlara diaqnoz qoyulmasında obyektivliyin təmin olunması, həm insan haqlarının qorunması, həm də onlara daha humanist münasibət bəslənilməsi vacibdir. Bu baxımdan "Psixiatriya yardımı haqqında" Qanuna 20-yə yaxın əlavə və dəyişiklik edilməsi nəzərdə tutulur və bunlar payız sessiyasında müzakirəyə çıxarılacaq.
Başqa bir məsələ artıq yaz sessiyasında birinci oxunuşdan keçmiş "Sosial xidmət haqqında" Qanundur. Bilirsiniz ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da kimsəsiz insanlar var. Əlil insanlar var ki, ailələrinin onlara baxmağa imkanı yoxdur. Qoca insanlar var ki, ya ailəsi yoxdur, ya da ailə üzvləri olsa da, onları saxlamağa imkanı yoxdur. Elə insanlar var ki, ailə üzvləri tərəfindən məişət zorakılığına məruz qalırlar. Müəyyən səbəbdən yaşayış yeri olmayan insanlar var. Həbsxanadan çıxan, lakin daimi yaşayış və iş yeri olmayan insanlar var. Bu insanlar da dövlətin qayğısı və müəyyən dərəcədə nəzarəti altında olmalıdırlar. Qəbul edəcəyimiz "Sosial xidmət haqqında" Qanun bu insanlara həm evdə xidmət göstərməyi nəzərdə tutur, həm də evi, yaşayış şəraiti olmayanlar üçün dövlət tərəfindən sosial xidmət müəssisələri yaradılacaqdır. Bu müəssisələrdə insanlara dövlət vəsaiti hesabına xidmət göstəriləcəkdir. Eyni zamanda, sosial xidməti dövlətlə yanaşı, özəl qurum da həyata keçirəcək. Kim istəsə dövlət, kim istəsə özəl quruma müraciət edə biləcək. Bəzən belə də olur ki, yaşlı insandır, evi də var, hər cür şəraiti də, sadəcə imkanı yoxdur ki, gedib özünə ərzaq, yaxud dərman alsın, həkimə getsin. Belə insanlar müqavilə əsasında öz evini vəsiyyət etməklə həm özəl xidmətə götürülə bilər, həm də dövlət sosial xidmətinə. Məsələn, dövlət tərəfindən onun evi qiymətləndirilib qəbul edilə və ona sosial xidmət tərəfindən daha yüksək xidmət göstərilə bilər. Beləliklə, bu insan sivil qaydada, güvənli şəkildə öz ömrünü yaşayar.
- Prezident İlham Əliyev müəllimlərə və səhiyyə işçilərinə dövlət qulluqçusu statusunun verilməsi və onların əmək haqlarının hiss olunacaq dərəcədə artırılması haqqında da tövsiyələrini verib. Bununla bağlı Milli Məclisdə nə kimi işlər görülür?
- Bu da çox aktual məsələlərdən və cənab Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verdiyi ən ciddi tövsiyələrdən biridir. Cənab Prezident bir neçə ay bundan qabaq sərəncam imzaladı və hökumətə tapşırıq verdi ki, müəllimlərin və həkimlərin dövlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi barədə lazımi qanunvericilik aktlarını hazırlasın və bu məsələ avqust ayının sonuna qədər öz həllini tapsın.
Müəllimlər və həkimlər təkcə bizim cəmiyyətdə deyil, bütün dünyada ən lazımlı, əvəzolunmaz və hörmətli peşə sahibləridir. Yəni, insanların sağlamlığı, təlim-tərbiyə, təhsil alması, vətəndaş kimi formalaşması həkimlərin və müəllimlərin üzərinə düşən bir məsuliyyətdir. Amma hər iki peşə sahibləri hələ sovet dövründən ən aşağı maaş alan kateqoriyalara daxil idilər. Müstəqillik illərində büdcədən maliyyələşən digər təşkilatlarda çalışanlarla bərabər müəllim və həkimlərin də maaşları dəfələrlə artırılıb. Cənab Prezidentin son göstərişi isə məsələnin köklü şəkildə həllinə gətirib çıxaracaq. Müəllimlər və həkimlər dövlət qulluqçusu kateqoriyasına aid olunacaq, onlara xüsusi maaş tarifləri tətbiq olunacaq, əmək haqları kifayət qədər yüksək olacaq. Pensiya təminatında müsbətə doğru ciddi dəyişikliklər olacaq. Sosial müdafiənin digər elementləri, misal üçün, məzuniyyətlər, istirahətlər və digər məsələlərlə bağlı da ciddi irəliləyişlər olacağını gözləyirəm. Bir məsələni də qeyd etmək istəyirəm. Pensiyaya çıxarkən elmi dərəcəsi olan şəxslərin pensiyalarına ciddi əlavələrin olunması da dövlətimizin sosial müdafiə istiqamətində apardığı siyasətin bariz nümunəsidir.
- Son vaxtlar Prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrdə tikilmiş evlərin qeydiyyata alınması ilə bağlı da ciddi göstərişlərini verib. Bununla bağlı Milli Məclisdə yeni qanunun qəbulu gözlənilirmi?
- Bu məsələ də qanunvericilikdə öz əksini tapmalıdır. Yəqin ki, payız sessiyasında bununla bağlı məsələ müzakirəyə çıxarılacaq. Fikrimcə, cənab Prezidentin bu göstərişi də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, mənzil-məişət məsələləri ilə bağlı hüquqi statusu təkmilləşdirmək baxımından çox ciddi əhəmiyyət daşıyır.
Bu məsələ, fikrimcə, sovet dövlətinin vaxtından aktual problem kimi qalır. O vaxtlar gecəqondu deyilən, özbaşına tikilən evlər vardı. Əslində bunda qəribə heç bir şey yoxdur ki, insanın evi olmalıdır. İnsan oturub gözləyə bilməz ki, nə vaxtsa dövlət ona ev tikib verəcək. Mən Milli Məclisdə bu məsələ ilə bağlı çıxışımda da dedim ki, əslində bu evlərə qeyri-qanuni tikilmiş evlər demək olmaz. Ən böyük qanunsuzluq insanın evsiz olmasıdır. Bunlara sadəcə sənədsiz, yaxud rəsmiləşdirilməmiş evlər demək olar. İnsanların günahı deyil ki, müvafiq orqanlar onların evlərini sənədləşdirmir. Cənab Prezident də məhz bu nöqteyi-nəzərdən çıxış edərək göstəriş verdi ki, məsələ araşdırılsın, xüsusi təhlükəli yerlər istisna olmaqla qalan yerlərdə tikilmiş evlər sənədləşdirilsin. Bu, çox ciddi məsələdir. Bunlar insanların mülkləridir və bu mülklər üzərində onların hüquqları təmin olunmalıdır. Məhz buna görədir ki, cənab Prezdentin bu addımı bütün ölkə əhalisi tərəfindən razılıq, minnətdarlıq hissi ilə qarşılandı. Təbii ki, parlamentin payız sessiyasında bu məsələnin qanuni tərəflərinə baxılacaq.
Hesab edirəm ki, belə evlər təkcə Bakıda deyil, bütün respublikada var və qanun qəbul olunursa, bütün respublikaya aid olacaq. Mənim seçildiyim Gəncədən də belə məsələlərlə bağlı onlarla müraciət edilib, hətta Gəncə ətrafında bütöv qəsəbələr salınıb ki, onların da sənədi yoxdur. İnsanlar burada evlər tikiblər və illərdir ki, bu evlərdə yaşayırlar. Təbii ki, bu evlər sənədləşdirilməlidir və cənab Prezidentin bu qayğısına yerlərdə layiqincə cavab verməlidirlər. Hesab edirəm ki, Milli Məclis Mənzil Məcəlləsinə də, bu sahədəki digər qanunvericilik aktlarına da baxa bilər.{nl}

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında