İstedad Tanrı vergisidir. Bu istedadı istifadə edən o insanlar xoşbəxtdir ki, onlar həm cəmiyyətə, insanlara xidmət edir, mədəniyyətə töhfələrini verir, həm də dünyanın harasında olsalar da, vətənlərini ləyaqətlə təmsil edirlər. Vətəndən uzaqda Almaniyada yaşasa da, Azərbaycanın əməkdar rəssamı, YUNESKO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlar İttifaqının və Almaniya Rəssamlar Birliyinin üzvü, istedadlı sənətkar Əşrəf Heybətovu bu xoşbəxt sənətkarlar sırasına aid etmək olar. Çünki onun hər bir əsəri xalqımızın milli mədəni irsi, tarixi, şanlı keçmişi və müasir dövrü ilə bağlıdır. O, bu əsərləri ilə Azərbaycamızı dünyada tanıdır.
Bu yaxınlarda onun Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr etdiyi "Ulu torpaq" əsəri geniş ictimaiyyətə təqdim edildi. Bu il rəssamın həm də 60 yaşı tamam olur. Yaradıcılığının bu dövründə yenə də yorulmaq bilmədən rənglərin sehri ilə çəkdiyi əsərlər tamaşaçıları düşündürür, ovsunlayır. Bakıda yüksək səviyyədə uğurla başa çatmış Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən və fürsətdən istifadə edərək sevdiyi və böyüdüyü doğma Bakıda bir az da qalmağı qərara alan istedadlı rəssamın yaradıcılığındakı yeniliklərdən xəbər tutmaq üçün onunla söhbətləşdik. "Xalq qəzeti"nin qonağı olan Əşrəf Heybətovla söhbətimizdə bir çox maraqlı məqamlara toxunduq.
-Əşrəf bəy, Bakıya xoş gəlmisiniz. Siz görməyəli Bakı çoxmu dəyişib?
-Əlbəttə. Bakı günü-gündən inkişaf edir. Şəhər mərkəzindəki səliqə səhman, hündür və müasir yaşayış kompleksləri və gözəl görünüşlü binalar şəhərin infrastrukturunun xeyli dəyişməsindən xəbər verir. Hiss olunur ki, cənab Prezidentin və dövlətimizin diqqəti və qayğısı sayəsində paytaxtımız Avropanın ən inkişaf etmiş şəhərləri ilə müqayisə oluna bilər. Bunu paytaxta gələn əcnəbi qonaqlar da təsdiq edirlər. Uşaqlığım İçərişəhərdə keçib. Odur ki, qədim Bakı mənim əsərlərimdə önəmli yer tutur. İçərişəhər əski Bakının ruhunu yaşadır.
-Bu yaxınlarda "Ulu torpaq" əsərinin təqdimatı oldu. Bu əsər barədə danışmağınızı xahiş edərdik.
-Bu əsərimin təqdimatı Atatürk Mərkəzində keçirildi. Əsəri ölkəmizin müstəqilliyinin 20 illiyinə həsr etmişəm. Burada Azərbaycanın tarixi, mədəni irsi, folkloru, milli ənənələri ilə bağlı elementlər də öz əksini tapır. İstəyərdim ki, bu triptixə daha çox tamaşaçılar baxıb qiymət versinlər.
-Rəssamlığa maraq sizdə hardan yarandı?
-Bu sənətə maraq uşaqlıqdan var idi. Böyüdükcə rəssamlıq, rənglər dünyası məni özünə daha da cəlb etdi. Çox xoşbəxt rəssamam ki, Səttar Bəhlulzadə kimi istedadlı sənətkarla ünsiyyətdə olmuşam, onun emalatxanasında iş prosesini izləmək mənə qismət olub. Azərbaycana sevgini, Vətənə məhəbbəti, milli ruhu məhz ondan öyrənmişəm. On yeddi yaşım olanda o, məni tez-tez Azərbaycanın müxəlif bölgələrinə aparırdı. Bir müddət sonra Moskvada yaşayanda isə mənim yaradıcılığıma mənəvi dəstəyi Tahir Salahov göstərib.
- İndiyə kimi hansı ölkələrdə əsərləriniz sərgilənib?
-Dünyanın 23 ölkəsində nüfuzlu məkanlarda əsərlərim sərgilənib. Hər dəfə də əcnəbi tamaşaçıların diqqətini cəlb edə bilib. Buna görə çox xoşbəxtəm. Ancaq ilk fərdi sərgim 1981-ci ildə Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda baş tutub. Çox maraqlıdır ki, bu sərgi həmin dövrdə orda təhsil alan indiki Prezidentimiz cənab İlham Əliyevin sayəsində reallaşdı. Sivilizasiyaların dialoqu ilə bağlı çəkdiyim əsər Avropa Şurası Parlament Assambleyası rəhbərliyi tərəfindən bəyənilib. Bir sıra əsərlərimə görə dünyanın müxtəlif dövlət adamlarından təşəkkür məktubu almışam. Yeganə və ilk azərbaycanlı rəssamam ki, əsərlərim BMT-nin qərargahında, NATO-nun mənzil qərargahında təqdim edilib. İordaniyanın Kral Mədəniyyət Mərkəzində, Ruminyanın Prezident Sarayında, Konrad Adenauer Fondunda, Berlin Avropa Akademiyasında keçirilən sərgilərim də mənim üçün ən yaddaqalan tədbirlərdəndir. Vatikanda isə mənim Bibliya motivləri əsasında hazırladığım əsərlər nümayiş etdirilib. Bu sərgi Vatikanda müsəlman rəssamının ilk sərgisi idi. 11 Sentyabr terror aktı ilə bağlı əsərim Nyu York şəhər rəhbərinin xoşuna gəlib və hörmət əlaməti olaraq, təşəkkür məktubu ünvanlayıb. Hazırda həmin əsərim faciəyə həsr edilmiş muzeydə saxlanılır.
-Daha çox hansı janrlarda çəkirsiz?
-Müxtəlif janrlara müraciət edirəm. Onların içərisində portret, mənzərə, monumental işlər, eləcə də eskiz işləri var. Əsərlərimdə, demək olar ki, Azərbaycanın təbiəti, tarixini, mədəniyyətini, folkloru və adət-ənənələrini tərənnüm edirəm. Azərbaycan tarixi ilə maraqlanmağım da görünür, mənə bu işdə kömək edir. Qarabağ müharibəsinə həsr etdiyim əsərlər də var. Onların bir çoxu mətbuatda da çap edilib, tamaşaçılara yaxşı tanışdır. Bir neçə dəfə xalça eskizi də işləmişəm. Bu eskiz əsasında xalça toxunub. Hansı janrın mənə doğma və yaxın olmasını demək çətindir. Türk dünyasının tanınmış yazarı Çingiz Aytmatovun sözü ilə desək, yaradıcılığımda həm Şərq, həm də Qərb mövzusunu görmək olar.
-Almaniyadakı diasporumuz hansı işlər görür? Ümumiyyətlə, üçüncü qurultay sizdə hansı təəssüratlar oyatdı?
- Dünya Azərbaycanlılarının III Qurultayı gözlənildiyi kimi yüksək səviyyədə keçdi. Dünyanın müxtəlif ölkələrindən gələn soydaşlarımız bir-birilə görüşüb faydalı müzakirələr apardılar. Prezident İlham Əliyevin çıxışı və dünya azərbaycanlılarına müraciəti, onları həmrəyliyə çağırışı həqiqətən də bizdə böyük ruh yüksəkliyi oyatdı. Doğrudan da hər kəs ölkədən kənara çıxanda öz xalqını yüksək səviyyədə tanıtmalıdır. Almaniyadakı diaporumuz artıq əvvəlki illərə nisbətən güclənib. Keçirilən tədbirlər, görülən işlər öz bəhrəsini verir.
-Bu il sizin 60 yaşınız tamam olur. Bu münasibətlə artıq bir neçə ölkədə yubiley sərgiləri keçirilib. Daha nə planlaşdırılır?
-Bu ilin fevralında 60 yaşım tamam oldu. Bu münasibətlə Almaniyada, Türkiyənin Ankara şəhərində yubiley sərgisi təşkil edildi. Almaniyadakı sərgi Berlində Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutdu. Ölkəmizin səfiri Pərviz Şahbazov başda olmaqla, bir çox diaspor nümayəndələri, sənətsevərlər və əcnəbi qonaqlar gəlmişdilər. Səfir rəssamlıq fəaliyyəti və sərgiləri ilə Almaniya-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsinə verdiyim töhfəyə görə mənə təşəkürünü bildirdi. Türkiyədə reallaşan sərgi isə TÜRKSOY-un dəstəyi ilə yüksək səviyyədə baş tutdu. TÜRKSOY-un rəhbəri Dusen Kaseinov başda olmaqla, ölkəmizin Ankaradakı səfiri Faiq Bağırov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin nüfuzlu rəsmiləri iştirak edirdi. Mənə Dusen Kaseinov səmimi təşəkkürünü bildirdi, sərgidən yadigar olaraq xatirə hədiyyələri təqdim etdi. Bu il yubiley sərgiləri Moskvada, Estoniyanın paytaxtı Tallində, Parisdə və Londonda keçiriləcək. Burada mənim müxtəlif mövzularda çəkdiyim əsərlər təqdim olunacaq.
-Bir çox şəhərlərin adını çəkdiniz. Bəs doğma Bakıda sərginiz olacaqmı?
-Bu, Mədəniyyət və Turizm Nazirliyindən asılıdır.
-Azərbaycanda mədəni mühiti və bu sahədə görülən işləri kənardan necə qiymətləndirirsiniz?
-Azərbaycanda hər sahədə istedadlı sənətkarlar var. Sevindirici haldır ki, bu gün Azərbaycan bir sıra beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edir, dünyanın nüfuzlu və tanınmış mədəniyyət xadimləri ölkəmizə səfər edib, zəngin mədəni irsimizlə tanış olurlar. Prezident İlham Əliyevin mədəniyyət adamlarına göstərdiyi diqqət və qayğı, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində reallaşdırdığı layihələr həqiqətən biz sənətkarları sevindirir. Bu yaxınlarda Prezident İlham Əliyevin mənə üçotaqlı mənzil bağışlaması mənim üçün həqiqətən xoş sürpriz oldu. Bu, bir daha harda yaşamağımızdan asılı olmayaraq, yaradıcı insanların ölkə başçısının diqqətində olması və onların fəaliyyətinə verilən qiymətdir. Bu cür diqqət məni daha da həvəslə çalışmağa, yeni-yeni əsərlər yaratmağa ruhlandırır. Sevinirəm ki, Azərbaycan sürətlə inkişaf edir, hər sahədə irəliləyiş var. Bu inkişafın davamlı olması üçün ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab İlham Əliyev əlindən gələni edir. Ölkəmiz müxtəlif beynəlxalq idman və sənət müsabiqələrində təmsil olunur, üçrəngli bayrağımız ən yüksək zirvələrdən dalğalanır. Xoşbəxtik ki, müstəqil ölkəmiz var. Bu il müstəqilliyimizin 20 illiyini də təntənə ilə qeyd edəcəyik.
-Əşrəf bəy, ən böyük arzunuz nədir?
-Bilirsiz, mən Vətənə bağlı bir insanam. Rusiya vətəndaşı olsam da, ürəyim Azərbaycanla döyünür. Vətən fədaisiyəm. Hətta bir əsər üzərində işləyəndə də mütləq musiqiyə qulaq asmalıyam. Azərbaycan himninin, vətənpərvər mahnıların sədaları altında işləmək məni daha da ruhlandırır. Bir arzum var. Bu, hamımızın arzusudur. Gün o gün olsun ki, mədəniyyət beşiyimiz Qarabağ düşmən tapdağı altından azad edilsin. Mən də ən böyük arzumu reallaşdırım. Azad Şuşada ilk fərdi sərgimi sənətsevərlərə təqdim edim.{nl}
Söhbəti qələmə aldı: Ə.BAYRAMQIZI "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.