Çin Azərbaycanla geniş iqtisadi əməkdaşlığın inkişafında həmişə maraqlıdır

Xəbər verdiyimiz kimi, iyulun 18-də Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin Hökumətlərarası komissiyasının növbəti - 4-cü iclası keçiriləcəkdir. Bununla əlaqədar Çinin kommersiya nazirinin müavini Conq Şanın rəhbərliyi ilə nümayəndə heyəti iyulun 17-dən 19-dək Azərbaycanda səfərdə olacaqdır. 
Hökumətlərarası komissiyanın iclası və Çin nümayəndə heyətinin Azərbaycana səfəri ərəfəsində AzərTAc-ın müxbiri Çin Kommersiya Nazirliyinin Avropa işləri idarəsi rəisinin müavini Canq Didən müsahibə almışdır.
- Qlobal iqtisadi böhrana baxmayaraq, hər iki ölkənin iqtisadiyyatı sürətlə artır. Siz Azərbaycan-Çin iqtisadi əməkdaşlığının indiki vəziyyətini necə qiymətləndirə bilərsiniz?
- Çin Xalq Respublikası Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlığa çox böyük əhəmiyyət verir, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində olduqca maraqlıdır. İkitərəfli əməkdaşlığın potensialı çox böyükdür. Azərbaycan və Çin hökumətlərinin, eləcə də işgüzar dairələrin səyi nəticəsində, demək olar ki, ölkələrimiz iqtisadi böhranın təsirinin öhdəsindən tamamilə gəlmiş və inkişafa doğru irəliləyiş əldə etmişdir. Ötən il Azərbaycan-Çin ticarət dövriyyəsinin həcmi 2009-cu illə müqayisədə 36,6 faiz artaraq, ən yüksək həddə - 1 milyard dollara çatmışdır. Çin Azərbaycanın on ən böyük ixrac və dörd ən böyük idxal ölkəsindən birinə çevrilmişdir. Cari ilin beş ayında ticarət dövriyyəsi 330 milyon dollar təşkil etmişdir. Bu rəqəmlərdən də aydın görünür ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. İki ölkə arasında ticarətdə elektrik avadanlığı, yüksək texnologiyalar üstünlük təşkil edir. Bununla yanaşı xammal, tikinti materialları, avtomobillər və onların ehtiyat hissələri, telekommunikasiya və digər sahələrdə də ticarət əlaqələri mövcuddur. Düzdür, qlobal iqtisadi böhran ölkələrimizin iqtisadiyyatına az da olsa təsirini göstərmiş, hər bir ölkənin iqtisadiyyatında müəyyən dəyişikliklər olmuşdur. Bununla belə, hər bir ölkə öz inkişaf yolunu seçmiş və iqtisadiyyatındakı çətinlikləri aradan qaldırmışdır. Çin Azərbaycanla geniş iqtisadi əməkdaşlığın inkişafında həmişə maraqlıdır.
- Hökumətlərarası komissiyanın növbəti iclası ilə əlaqədar Çin nümayəndə heyəti Azərbaycanda olacaqdır. Sizcə, bu səfər ikitərəfli əlaqələrin inkişafına necə təsir göstərəcəkdir?
- Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Komissiyanın 4-cü iclası ilə bağlı bu dəfə bizim Azərbaycana səfərimiz planlaşdırılır. Bu səfər zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi, hər iki tərəf üçün maraq doğuran məsələlər üzrə məsləhətləşmələr, müzakirələr aparılacaqdır. Hökumətlərarası komissiyanın Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın inkişafında əvəzsiz rolu var. Komissiyanın 3-cü iclasından iki il vaxt keçmişdir və mən ümid edirəm ki, indiki iclas da əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir. Hesab edirəm ki, bu səfərimiz Azərbaycanla Çin arasında 20 illik əməkdaşlığa xüsusi təsir göstərəcək və Komissiya qarşılıqlı əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaradacaqdır.
-Hazırda Çin hökumətinin xarici iqtisadi siyasətinin əsas istiqamətlərindən birini digər ölkələrə investisiya qoyuluşlarının genişləndirilməsi təşkil edir. Bu baxımdan Azərbaycanda iqtisadiyyatın hansı sahələri Çin şirkətləri üçün daha cəlbedici olar?
-Çin bazar iqtisadiyyatı prinsiplərinə söykənən siyasət həyata keçirir və şirkətlərimizin xarici ölkələrdə sərmayə yatırımı bu siyasətin əsas hissəsini təşkil edir. Şirkətlərin maraqlarını nəzərə almaqla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qururuq. Çinin XII beşillik planına əsasən, hökumət yaxın 5 ildə də bu siyasəti davam etdirəcək, xarici ölkələrə investisiya qoyuluşunu artıracaq, qarşılıqlı yardım nəticəsində xalqların rifahını yüksəltməyə çalışacaqdır.
Bildiyimiz kimi, hazırda Azərbaycan iqtisadiyyatında əsas yeri neft sektoru tutur, ölkə bu sahədə qədim ənənələrə malikdir. Eyni zamanda, Azərbaycanda regionların inkişafı göz qabağındadır. Çin tərəfi Azərbaycanın neft və maşınqayırma sektorlarına sərmayə qoymuşdur, təkcə neft sektorunda bu 500 milyon dollar təşkil edir. Ancaq bununla kifayətlənmək olmaz. Azərbaycanla Çinin qarşılıqlı əməkdaşlığının potensialı böyükdür və biz daim bu əməkdaşlığın genişləndirilməsinə çalışmalıyıq.

{nl}

Şahin CƏFƏROV, AzərTAc-ın xüsusi müxbiri 
Pekin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında