Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Gün.Az-a müsahibəsi:
- Novruz müəllim, son dövrlər, xüsusilə, axır iki ay ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləmdə yenidən bir fəallaşma hiss olunmaqdadır.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən isə daha çox Rusiya bu məsələdə fəallıq nümayiş etdirməkdədir. Qeyd edək ki, bir müddət öncə də Fransa xarici işlər naziri tərəflərə əlavə təkliflər veriləcəyini bildirdi, bunun ardınca isə Rusiya xarici işlər naziri Rusiya Prezidentinin təkliflərini münaqişə tərəflərinə çatdırdı. Bu təkliflərdə nədən bəhs olunur, bu təkliflər Azərbaycanın maraqları çərçivəsindədirmi?
Eyni zamanda, necə hesab edirsiniz, bu fəallaşma, xüsusən, bu münaqişənin əsas "yaradıcılarından" olan Rusiyanın fəallığı nəhayət, uzun illərdən bəri həllini gözləyən Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcəkmi?
- İlk öncə qeyd etmək istəyirəm ki, hələ XIX əsrin sonlarında geosiyasət elminin baniləri, bu elmi formalaşdıran mütəxəssislər - başda elə Fridrix Ratsel olmaqla bildirirdilər ki, Cənubi Qafqaz regionu dünyanın maraqlarının qovuşduğu və toqquşduğu ən həssas bölgələrdən biridir. Doğrudan da tariximizin keçmişinə diqqət yetirsək, biz bunun özünütəsdiqini tapdığını görə bilərik. Ümumiyyətlə, belə həssas, geosiyasi maraqların toqquşduğu regionlarda isə, əslində sabitliyin olması bütün dünya, planet üçün vacibdir.
Çox təəssüflər olsun ki, son 20 il müddətində bu regionda belə bir vəziyyətin olmasına baxmayaraq, sizin də dediyiniz kimi, bu yöndə bir neçə dəfə aktivləşmə olsa da, 2011-ci ildə bu münaqişənin həlli ilə bağlı maraqlı tərəflərin, həmsədr ölkələrin xarici işlər nazirlərinin, prezidentlərinin və ümumiyyətlə, beynəlxalq təşkilatların prosesin çözümünə marağı daha da artıb. Bu gün dünyada bir çox yerlərdə mühüm proseslər gedir və şübhəsiz ki, aparıcı dövlətlər diqqətlərini yalnız bir nöqtəyə tuşlaya bilməzlər.
Onlar bütün bu proseslərlə maraqlanırlar, hər birində özlərinin maraqlarını təmin etməyə çalışırlar. Bununla belə, sizinlə tamamilə razıyam ki, bu ilin əvvəlindən indiyə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həllinə diqqət çox intensivləşib və eyni zamanda, fikrinizlə tam razılaşmasam da, qeyd etmək istəyirəm ki, bəli, son vaxtlar bu proseslərdə Rusiya və onun Prezidenti çox fəal iştirak edir.
Amma, əslində proseslərin konkret gedişatını ATƏT-in Minsk qrupunun həmsədrləri aparırlar. Onlar konkret addımlar atdıqları üçün hər biri bu prosesdə bərabər iştirak edirlər. Bununla yanaşı, hətta, prezidentlər səviyyəsində belə bu gün artıq münaqişənin həlli ilə bağlı çox mühüm məqam yaşadığımızı qeyd edə bilərik. Həmin o məqam ərəfəsində, zamanında da göründüyü kimi, həm ABŞ, həm Fransa bu məsələ ilə yaxından maraqlanırlar. Son prosesləri nəzərə alsaq, Fransanın Dovil şəhərində üç prezident bir bəyannamə qəbul etmiş və orada hər üçünün fikirləri öz əksini tapmışdır.
Bu bəyanat, artıq regionda münaqişə ilə bağlı status-kvonun bu vəziyyətdə davam etməməsinə bir işarə idi, onların fikrincə, bu status-kvo tezliklə dəyişməlidir. Bunu artıq, prezidentimizin qeyd etdiyi kimi, çox mühüm bir məqam hesab edirik və bu, doğrudan da, o deməkdir ki, işğal faktı bu şəkildə uzun müddət davam edə bilməz. Lakin Kazan danışıqları ərəfəsində təklifləri həmsədrlər işləyiblər, onlar özlərinin təkliflərini - yenilənmiş "Madrid prinsipləri" adlanan təklifləri hazırlayıb ortaya qoyublar.
O təkliflər Azərbaycanın təklifləri deyil, o təklifləri ancaq həmsədr ölkələrin təklifləri hesab etmək lazımdır. Düzdür, orada müəyyən müddəalar ətrafında fikir mübadiləsi aparıb mövqelərin yaxınlaşdırılmasına çalışırlar, eyni zamanda, bu, öz-özlüyündə müxtəlif fikirlər də doğurur. Tutaq ki, Rusiya prezidenti prosesdə daha fəal iştirak edir, baxmayaraq ki, Kazan görüşü ərəfəsində ABŞ Prezidenti Obama bizim Prezidentlə telefonla danışmış, Prezident Sarkozi məktub yazmış, ondan sonra Azərbaycan Prezidentinin ABŞ rəhbərliyi, xanım Klintonla telefon danışığı, məktublaşmalar olmuşdur. Bunun ardınca isə cənab Lavrov Rusiya Prezidentinin təkliflərini tərəflərə çatdırmışdır. Bütün bunlarla belə, gərək bu hadisələri təhlil edəndə bir qədər zaman faktorunu da nəzərə alaq...
- Necə yəni?
- Bilirsiniz, zaman elə bir faktordur ki, o, həyatda olan bütün hər bir şeyin dəyişməsinə gətirib çıxara bilir. Çox zaman bunu hiss etmirsən, yəni, zaman baxımından, bu gün Rusiyanın maraqlarını XIX və ya XVIII əsrin maraqları, lap XX əsrin əvvəllərindəki maraqları ilə eyniləşdirməyimiz düzgün olmaz. O vaxtdan bu vaxta qədər proseslər o qədər mürəkkəb bir formada inkişaf edib ki, təbii olaraq, Rusiyanın bugünkü maraqları, mövqeyi bütün Cənubi Qafqazda gedən proseslərlə bağlı heç də 50-70, 100-200 il bundan əvvəllərdə olduğu kimi deyil. Ona görə düşünürəm ki, indiki beynəlxalq münasibətlər sistemində Rusiya da, elə onun prezidenti də maraqlıdır ki, bu münaqişənin həllində irəliyə doğru bir addım atılsın.
Əslində, addım atılsın yox, münaqişə həll olunsun. Bu, bəlkə də Rusiyanın özünə-hələ Prezidentinə demirəm - böyük bir dövlət kimi divident gətirə bilər. Buna heç kimin şübhəsi olmasın. Çünki hər bir dövlətin özünün başqa dövlətlər arasında siyasi reytinqinin möhkəmlənməsi, güclənməsi üçün bəzən bir faktor böyük bir rol oynayır. Bu nöqteyi-nəzərdən Rusiya Prezidenti Dmitri Medvedevin 9 dəfə prezidentləri bir yerə toplayaraq danışıqlar aparması elə-belə, adi hadisə kimi qəbul edilə bilməz. Ona görə inanmaq istəyirəm ki, Rusiya Federasiyası da başqa həmsədr dövlətlər kimi bu gün Qarabağ münaqişəsinin ədalətli və davamlı həllində maraqlıdır. Odur ki, öz səylərini də məhz bu istiqamətə yönəldib.
- Sizcə, proseslər bu intensivliklə davam edərsə, bu ilin sonları və ya gələn ilin əvvəllərinə münaqişənin çözümü ilə əlaqədar sülh sazişi hazırlana və imzalana bilərmi?
- Məsələ burasındadır ki, bu gün artıq, doğrudan da, dünyanın demək olar geosiyasi mərkəzləri, həmsədr dövlətlər, onların bu məsələ ilə məşğul olan məmurlarının hamısı diqqəti danışıqlar prosesinə yönəldiblər. Bildiyiniz kimi, həmsədrlər Azərbaycana gəldilər. Bundan başqa, Lavrov bir neçə gün öncə Azərbaycan və Ermənistana, sonra isə ABŞ-a səfər etdi. Bu səfərlərin, görüşlərin əsas mövzularından biri də məhz Ermənistan-Azərbaycan münaqişəsinin həllidir.
Bununla bağlı bir məqamı da qeyd etmək istəyirəm. Haqqında bəhs etdiyim zaman faktoru bu münaqişənin həllinə yanaşmada da mühüm rol oynayır. Tutaq, 10 il, 20 il bundan əvvəlki münasibətlə indiki münasibət fərqlənir. Mən düşünürəm ki, artıq ola bilsin müəyyən mənada böyük dövlətlərin böyük problemləri, böyük çağırışları var. Yəni, onlar təkcə bir məsələ ilə məşğul olmurlar. Bu baxımdan, məsələlərin hamısını həll etmək o qədər də asan deyil və çoxunu da həll etmək mümkün olmur. Ona görə zaman-zaman müəyyən məsələlərə münasibət gah daha intensiv olur, gah da passiv olur.
Bu nöqteyi-nəzərdən elə indiki dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə bu qədər diqqətin artmasını, yönəlməsini təbii və ədalətli hesab edirəm. Əlbəttə, bu məsələdə ən maraqlı tərəfin - Azərbaycan tərəfinin nümayəndəsi kimi, istərdim ki, bu problem elə 1992-93-cü illərdə həll ediləydi. O zaman da bunu etmək olardı. Lakin o zaman beynəlxalq aləmdə fikirlər tamam dağınıq idi. İndi isə görünür Şərqlə Qərbin, Şimalla Cənubun, Asiya ilə Avropanın, həm də qitələrlə qütblərin qovuşduğu bir yerdə sabitlik olmalıdır ki, dünyada gedən proseslərdə bir nizam-intizam, bir sabitlik olsun, inkişafa təminat yaradacaq bir şərait təmin edilsin.
O baxımdan Cənubi Qafqaz doğrudan da mühüm bir yerdir və indi əvvəlki kimi deyil ki, fikirləşəsən Şərqlə Qərb arasında ildə, ayda bir dəfə əlaqə ola bilər. İndi gündə bu iki tərəf arasında ən azı yüzlərlə yerdən əlaqələr yaradılır, uçuşlar olur. Bunları təmin etmək üçün də sabitlik, təminat lazımdır. Belə olan halda diqqətin bu məsələyə cəlb olunması tamamilə təbiidir. Bəli, doğrudan da, bu gün elə bir məqamdır ki, münaqişənin həlli ilə bağlı baza prinsipləri ətrafında razılığa gəlmək olar. Əslində, 2009-cu ilin sonundan "Madrid prinsipləri" deyilən baza prinsipləri ortaya qoyulub və 2010-cu ilin əvvəlində Azərbaycan Prezidenti bu təklifə konseptual formada öz razılığını verib.
Amma ondan sonra Ermənistan tərəfi buna razılıq vermədi və ona görə də vəziyyət bu qədər uzandı, bir ildən artıq vaxt getdi. Vaxt isə belə proseslərə çox uzun-uzadı gedə bilir. İndi də elə bir vəziyyət yaranıb ki, münaqişənin həlli ilə bağlı irəliyə doğru addım atmaq olar. Lakin son görüş zamanı bir daha bəlli oldu ki, müəyyən imkanlardan istifadə edərək Ermənistan özünün hansısa formada iddialarını ortaya qoyur. Bu isə "Madrid prinsipləri"nin konsepsiyasına uyğun gəlmir. Bunu dəfələrlə demişəm, bir daha deyirəm, beynəlxalq aləm bunu artıq başa düşür ki, Ermənistan tərəfi nə qədər çalışsa ki, Azərbaycanı beynəlxalq birlik qarşısında pis vəziyyətə qoysun, onlar buna nail olmayacaqlar.
Əvvəl-axır yalanı, böhtanı gizlətmək mümkün olmayacaq. Onlar öz erməni xislətlərindən, hiyləgərliklərindən istifadə etməyə çalışırlar. Azərbaycan isə daim sözünə sadiqdir, etibarlı tərəfdaşdır, dediyi sözə əməl edir. Amma onlar fırıldaq işlədərək verdikləri vədə əməl etmirlər. Medvedevin vasitəçiliyi ilə 3 xarici işlər naziri, 3 prezident, 3 prezident köməkçisi yığışdılar, qərara gəldilər ki, Kazan görüşünün mahiyyətini verdikləri bəyanat ifadə edir.
Amma ondan iki saat sonra Ermənistan xarici işlər naziri durub tamamilə başqa bir bəyanat verəndə, bu, artıq bir möhtəkirlik, məkrlilik idi. Onlar elə düşünürlər ki, yenə dünyanı aldadacaqlar və deyəcəklər ki, məhz Azərbaycan danışıqları pozur. Amma, xeyr, dünyada hamı görür ki, bu, belə deyil, ermənilər özləri qəsdən belə hiyləgər, fırıldaq fəndə əl atırlar. Bu cür addımlar atmaqla onlar əgər vaxtı, danışıqlar prosesini uzatmaq istəyirlərsə, başa düşməlidirlər ki, bununla kor siyasət həyata keçirirlər, onlar bununla heç də uzağa gedə bilməyəcəklər və bilməzlər...
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.