Danışır qurultay iştirakçıları. Azərbaycan Prezidentinin qurultayda irəli sürdüyü vəzifələri var qüvvəmizlə yerinə yetirəcəyik

Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diasporunun inkişafı istiqamətində çox parlaq hadisədir. Bu mötəbər tədbirdə xalqımızın azərbaycançılıq, milli birlik və həmrəylik ideyalarına sədaqəti bir daha bariz surətdə nümayiş olundu. Qurultay Azərbaycan dövlətinin, bütün dünya azərbaycanlılarının milli tərəqqi, yüksəliş naminə hər zaman səfərbər olmağa hazır olduğunu sübut etdi. Azərbaycan diasporunun fəalları qarşısında indi daha böyük vəzifələr durur. Diasporumuzun milli təəssübkeşlik və vətəndaşlıq ruhu ilə seçilən fəallarından biri də Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri, bu ölkədəki Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədovdur. O, bizimlə söhbətində qurultay barədə təəssüratlarını bölüşməklə yanaşı, gələcək diaspor quruculuğunun mühüm cəhətləri barədə də təklif, fikir və mülahizələrini bildirmişdir.
- Dünya Azərbaycanlılarının III Qurultayı qəlbi, ürəyi Azərbaycanla döyünən, Vətənimizin sevincinə də, kədərinə də şərik olan bütün həmvətənlərim kimi, mənim də həyatımda olduqca böyük və əlamətdar bir hadisə oldu. Bu ali məclisdən olduqca böyük şəxsi təəssüratlarım var. Mən əminəm ki, Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan dövlətçiliyinin, xalqımızın çağdaş tarixində əbədi, silinməz iz qoymuşdur.
Bəli, qurultay dünyada yaşayan azərbaycanlıların milli birliyini və həmrəyliyini göstərən çox mühüm bir tədbir oldu. Mən də bu qurultayda iştirak etdiyim üçün böyük qürur hissi keçirirəm. Səbəblərini də deyə bilərəm. Birincisi, ona görə ki, doğulduğum ölkənin, Azərbaycan dövlətinin müxtəlif ölkələrdə yaşayan öz soydaşlarının taleyi ilə maraqlanması, onların vəziyyətlərini daim diqqətdə saxlaması məni xüsusilə sevindirir. İkincisi, bu qurultay dünyada yaşayan 50 milyondan artıq azərbaycanlıya özünü vahid bir xalq, millət kimi hiss etməyə bir daha imkan verdi. Vətəndən kənarda yaşayan azərbaycanlılar üçün bu xüsusilə vacib bir məsələdir. O cümlədən Özbəkistanda yaşayan azərbaycanlılar bu qurultayın nəticələrindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bir növ dövlət əhəmiyyətli tapşırıqlar aldı. Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatı bundan sonra da qurultayda irəli sürülmüş tezisləri öz fəaliyyətində əsas tutacaq.
Mən xüsusi vurğulamaq istəyirəm ki, dünya azərbaycanlılarının bu ali məclisində dünyada yaşayan soydaşlarımıza, milli diasporumuzun fəallarına önəmli mesajlar verildi. Azərbaycan Prezidenti çox hörmətli İlham Əliyevin qurultaydakı dərin məzmunlu, çox əhatəli nitqi, bütün məsuliyyət hissi ilə deyərdm ki, həm də Azərbaycan diasporu üçün böyük bir proqram xarakterli çıxış idi. Bu gün dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir yerə toplanması həm də işgüzar fikir mübadiləsinin aparılması üçün əla fürsət oldu.
Hesab edirəm ki, bu qurultay xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının mövcud problemlərinin həllinə yardımçı olacaq. Bu baxımdan diaspor təşkilatları təmsilçilərinin və dünyada nüfuz sahibi olan azərbaycanlıların Bakıda bir araya gəlməsi çox mühüm hadisədir. Mən hesab edirəm ki, bu əlaqələri daha da intensivləşdirmək lazımdır. Biz, diaspor fəalları təkcə qurultaydan-qurultaya deyil, daha tez-tez görüşməliyik. Bu, ümumi işimizin yalnız xeyrinə ola bilər. Bizim hamımızın Azərbaycan adlı bir anamız var. Ona övlad sədaqəti göstərmək üçün bütün qüvvələrimizi səfərbər etməyi bacarmalıyıq. Bu mənada Azərbaycanın paytaxtında hər bir yeni görüşümüz diasporumuzun daha effektli fəaliyyəti üçün etibarlı bünövrə yarada bilər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev qurultaydakı parlaq nitqində milli diaspor quruculuğunun bir çox mühüm məsələlərinə də toxundu. Dövlət başçımız haqlı olaraq milli diaspor təşkilatları ilə ölkəmizin səfirlikləri arasında əlaqələrin yaxşılaşdırılmasını çox əhəmiyyətli bir məsələ sayır. Bu, məncə mühüm bir çağırışdır. Çünki hər bir ölkənin diasporu o ölkədə yaşayan soydaşların vətənlə mənəvi bağlılığını həyata keçirən bir təşkilatdır. Odur ki, diplomatik qurumla diaspor arasında isti və yaxşı münasibətlər o ölkədə yaşayan soydaşlarımızın problemlərini həll etməkdə onlara çox kömək edir. Doğrudan da, Azərbaycan həqiqətlərinin digər ölkələrin ictimaiyyətinə çatdırılmasında səfirlik və diasporun birgə əməkdaşlığı böyük rol oynayır. Azərbaycanın Özbəkistandakı səfirliyi də bizim üçün vətənimizin kiçik bir parçasıdır. Bizim Özbəkistandakı Azərbaycan Respublikasının səfirliyi ilə sıx və işgüzar əlaqələrimiz var, dövlət bayramlarını, başqa əlamətdar günləri birlikdə qeyd edirik. Bundan başqa, hər iki tərəfdən olan təşəbbüslər müzakirə olunur və həyata keçirilir. Sirr deyil ki, birgə fəaliyyət göstərəndə daha güclü oluruq. Təşkilatımızın bütün fəallarının, eləcə də mənim həyatda əsas qayəm birgə fəaliyyət göstərməkdən ibarətdir. Ortaya çıxan hər hansı bir problemin həllinə də yalnız bu yolla nail ola bilərik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev qurultayda soydaşlarımızın kompakt yaşadığı xarici ölkələrdə çoxlu sayda Azərbaycan mədəniyyət mərkəzlərinin və ticarət evlərinin yaradılacağını açıqladı. Bu da çox mühüm məsələdir. Məlum olduğu kimi, mədəniyyətlərarası münasibətlər ölkələrin bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Qeyd edim ki, bir neçə il əvvəl Özbəkistanda Azərbaycanın böyük Mədəniyyət Mərkəzi tikilmişdir. Mərkəzin açılışında Azərbaycan Prezidenti də iştirak etmişdi. Sonradan mərkəzin yerləşdiyi binada müəyyən yenidənqurma işlərinə ehtiyac yarandı. Biz Azərbaycan dövlətinə müraciət etdik. Dövlətimizin köməyi ilə orada müasir standartlara uyğun, nəfis şəkildə təmir işləri aparıldı.
Biz Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini daha da gücləndirmək fikrindəyik. Azərbaycan qədim mədəniyyətə malik olan bir ölkə olaraq dünyada öz sözünü deyən ölkələrdəndir. Təbliğ ediləsi xeyli sərvətimiz var. İstər musiqi, istərsə də incəsənət sahəsində. Odur ki, vətənin mədəniyyət töhfələrinin təbliğində mədəniyyət mərkəzlərinin səmərəli fəaliyyəti ola bilər. Bu baxımdan hesab edirəm ki, biz diaspor təşkilatı olaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin işini daha da canlandırmağa borcluyuq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən soydaşlarımız qarşısındakı nitqində bu gün Azərbaycan dövləti və xalqı qarşısında duran ən ağrılı problemin Dağlıq Qarabağ münaqişəsinin olduğunu bir daha vurğuladı. Qeyd edim ki, bu taleyüklü problemin məğzini, Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini Özbəkistan cəmiyyətinə çatdırmaq üçün biz ardıcıl və davamlı işlər aparırıq. Azərbaycan və Özbəkistan arasında hələ sovet dövründə çox gözəl dostluq və qardaşlıq münasibətləri olub. Odur ki, özbəklər azərbaycanlıları yaxşı tanıyırlar. Onlar bizim problemlərdən xəbərdardırlar. Keçirdiyimiz bütün görüşlərdə Azərbaycanın ədalətli mübarizəsini, işğal olunmuş torpaqlarımızla bağlı məsələni daim qaldırırıq. Özbəkistan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlıdır və Azərbaycanın haqq mövqeyini dəstəkləyir.
Bir məsələyə də toxunmaq istəyirəm. Milli diasporumuzun möhkəmlənməsində və işgüzarlığında Özbəkistandakı soydaşlarımızın fəallığı da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə də ciddi işlər aparırıq. Əvvəla deyim ki, Azərbaycan və Özbəkistan dövlətləri arasındakı hazırkı güclü dostluq və əməkdaşlıq əlaqələri diasporumuzun daha fəal və səmərəli fəaliyyəti üçün böyük zəmin yaradıb. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının Orta Asiyadakı ilk səfirliyi Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-ci ildə açılıb. Bu hadisə Orta Asiyada diasporumuzun inkişafına böyük təkan olub.
Təqdirəlayiq haldır ki, Özbəkistanda yaşayan azərbaycanlı gənclər də bu gün olduqca fəaldırlar. Onlar respublikanın 50-dən cox ali təhsil müəssisəsində biliklərə yiyələnirlər. Gənclərin dilimizə, mədəniyyətimizə, tariximizə olan marağı daim güclənir. Azərbaycanlı gənclər keçirdiyimiz tədbirlərin təşkilində yaxından iştirak edirlər. Diasporun gənc üzvləri dövlət və ictimai təşkilatlarda öz yerlərini tapırlar və çox vaxt seçdikləri ixtisaslar üzrə çalışırlar. Bu isə onu göstərir ki, diasporumuzun gələcəyi etibarlı əllərdədir. Bəli, Özbəkistandakı diasporumuzun üzvləri öz uğurlu fəaliyyətləri ilə müxtəlif sahələrdə müəyyən nailiyyətlər qazanırlar, özəl, birgə və başqa təşkilatlar yaradırlar. Yaratdığı təşkilatlara da çox vaxt Azərbaycanla, tariximiz və mədəniyyətimizlə bağlı adlar verirlər.
Dünya Azərbaycanlılarının I və II qurultayları bizə ümumi məqsədlər ətrafinda birləşmək, təşkilatlanmaq, yaşadığımız dövlətlərdə qurumlar, cəmiyyətlər şəklində bir-birimizlə sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal iştirak etmək kimi vəzifələr tövsiyə etmişdi. Bu illər ərzində dünyanın başqa ölkələrində olduğu kimi, Özbəkistandakı diaspor təşkilatımız daha da güclənmişdir. Dünya Azərbaycanlılarının III Qurultayı isə milli diaspor təşkilatları qarşısında yeni, daha məsul vəzifələr irəli sürmüşdür. Bu vəzifələrin yerinə yetirilməsi hər birimiz üçün şərəf işi hesab olunmalıdır. Mən şəxsən belə düşünürəm. Bir daha qeyd etməyi özümə borc bilirəm ki, Özbəkistandakı diasporumuzun hər bir fəalı mənimlə bərabər Azərbaycan dövlətinin qarşıya qoyduğu mühüm vəzifələrin uğurlu icrası, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün var qüvvəsi ilə çalışmağa hazırdır.

{nl}

Söhbəti qələmə aldı: Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında