Şriftin ölçüsü:
15.07.2011 11:11 | Oxunma sayı: 775
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytının bir sıra məsələlərə dair suallarını cavablandırmışdır.
- Ötən həftə Bakıda Dünya Azərbaycanlılarının üçüncü Qurultayı keçirildi. 2006-cı ildə keçirilən ikinci qurultayda Prezident İlham Əliyev demişdi ki, müstəqil Azərbaycan dünyada yaşayan 50 milyonluq azərbaycanlının dövlətidir. Hamıya məlumdur ki, Prezident bunu deyəndə Cənubi Azərbaycanda yaşayan 35 milyon azərbaycanlını da nəzərdə tutur. Prezidentin bu çıxışına baxmayaraq üçüncü qurultaya Cənubi Azərbaycandan bir nəfər də dəvət olunmamışdı. Bu nə ilə bağlıdır? Azərbaycan İrandan ehtiyatlanır?
- İkinci qurultaya da Cənubi Azərbaycandan heç kim dəvət olunmamışdı. Bu, xarici ölkələrdə yaşayan azərbaycanlıların qurultayıdır. Təəssüf edirəm ki, Azərbaycan mətbuatında bəzən bunu səhv salırlar. Bəzən isə Azərbaycan-İran münasibətlərinə xələl gətirmək üçün qəsdən, bilərəkdən bunu hallandırırlar, həmin tezisləri öz məqsədlərinə uyğun formada təqdim edirlər.
Dünya Azərbaycanlılarının Qurultayı əsasən xarici ölkələrdə yaşayan və özünü azərbaycanlı hesab edən, hansısa formada Azərbaycanla bağlı olan, buranı özünün ana vətəni, tarixi yurdu sayan insanların qurultayıdır. Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar özlərinin tarixi torpaqlarında yaşayırlar. Onlar xarici ölkələrdə Azərbaycana diaspor xidməti göstərmirlər. Xarici ölkələrdə yaşayan İran əsilli azərbaycanlılar qurultaya dəvət olunmuşdular, tədbirdə iştirak edirdilər. Onlar bizim diaspor siyasətimizin çərçivəsindədirlər.
- Son zamanlar "Wikileaks" saytında Azərbaycana dair məxfi sənədlərin açıqlanması halları çoxalıb. Bunu necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, "Wikileaks" eyforiyası artıq keçib. Saytda dərc olunan məlumatların ictimai rezonans gücü də həddən artıq aşağı düşüb. İndi "Wikileaks" təxminən Azərbaycanın sarı mətbuatı səviyyəsində müzakirə olunur. Bu saytda dərc olunan məlumatlar Ermənistan rəsmilərinin qeyri-ciddi açıqlamalarına bənzəyir. Ona görə də "Wikileaks" saytına əhəmiyyət verməyə ehtiyac yoxdur, boş söhbətlər, mənasız və əsassız yazılardır. Kimlərsə bunun üzərində siyasət qururlarsa, nəyisə idarə etmək istəyirlərsə, bu onların öz işidir.
- 2010-cu ilin sonu, bu ilin əvvəlində Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginlik yaranmışdı. Hətta qarşıdurma bir-birini ittiham edən açıq bəyanatlar səviyyəsinə keçmişdi. İki ölkə arasındakı gərginliyi aradan qaldırmaq mümkün olubmu və hazırda vəziyyət necədir?
- Hazırda Azərbaycan-ABŞ münasibətləri normaldır. Hesab edirəm ki, iki müstəqil dövlət arasındakı münasibətlərdə mövcud ola biləcək bütün normalar Azərbaycan-ABŞ münasibətlərində var. Bunu yaxşı qiymətləndirmək olar.
- Bu il Milli Mətbuat Günü ilə bağlı dövlət səviyyəsində hansısa tədbirlərin keçirilməsi planlaşdırılırmı?
- Bu il Milli Mətbuat Günü ilə bağlı dövlətin təşkil etdiyi tədbir olmayacaq. Yubiley illərində Prezident İlham Əliyevin iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Builki mərasimləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və redaksiyalar təşkil edəcək.
- Medianın, xüsusən də qəzetlərin əsas problemi dövlətin və özəl sektorun reklam verməməsidir. Təcrübə göstərir ki, qəzetlərə reklam verilməsə, reklam bazarı inkişaf etməsə, maliyyə dayanıqlığını təmin etmək mümkün deyil. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bir neçə ildir fəaliyyət göstərir, qəzetlər birdəfəlik yardımlar və qrantlar alır. Amma vəziyyət köklü şəkildə dəyişməyib. Dövlət mətbuata reklam verilməsi, reklamların ədalətli bölünməsi üçün hansı addımlar ata bilər?
-- Belə bir fikir var ki, dövlət tərəfindən ayrılan vəsaitlərin müəyyən qisminin dünya praktikasına uyğun olaraq gələcəkdə reklam işinə, ictimai dəstəyə, həmin sahənin fəaliyyətinin işıqlandırılması və cəmiyyətə təqdim edilməsinə sərf olunması üçün proqram hazırlansın. Lakin bu, gələcək üçün nəzərdə tutulan plandır. Çünki 2011-ci ilin dövlət büdcəsində bu məsələyə vəsait ayrılması nəzərdə tutulmayıb.
Özəl şirkətlərin qəzetlərə reklam verməməsinə gəlincə, bu sahəyə, özəl sektorun reklam bazarına, fəaliyyətinə biz nəzarət etmirik. Bu sahə faktiki olaraq öz-özünə, bazar münasibətlərinə uyğun olaraq tənzimlənir. Elektron KİV-ə reklam verilir, şəhər reklamına, bilbordlara müəyyən pay düşür. Yazılı media isə faktiki olaraq reklam fəaliyyətindən kənarda qalıb. Problemi həll etmək üçün Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, digər jurnalist təşkilatları ilə məsləhətləşmələr aparırıq. Gələcəkdə reklam bazarının necə inkişaf edəcəyi, tənzimlənəcəyi, yazılı mətbuatın reklam bazarından hansı formada pay alacağı kimi məsələlər acıq qalır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.