Dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tam formalaşıb

Dünya Azərbaycanlılarının III Qurultayında bir daha məlum oldu ki, dünyada fəaliyyət göstərən diaspor təşkilatları artıq tam formalaşıb. Ötən 5 il ərzində Azərbaycanda bütün sahələr üzrə, o cümlədən diaspor quruculuğunda əsaslı dönüş yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunmasına təminat verən demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar qazanılmış, əsl vətəndaş həmrəyliyi təmin olunmuşdur.
Dünya Azərbaycanlılarının II Qurultayından ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində əsaslı dönüş yaradılmışdır. Bununla yanaşı diaspor quruculuğu sahəsində də ciddi işlər görülmüş, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı üçün Azərbaycan dövləti tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin siyasi qurumları ilə sıx əməkdaşlığın yaradılması və lobbi quruculuğu istiqamətində görülmüş işlər müsbət dəyərləndirilmişdir.
Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev ötən dövr ərzində görülmüş işlər barəsində ətraflı məlumat vermiş, diaspor təşkilatlarına, xaricdə yaşayan soydaşlarımıza tarixi Vətənimiz Azərbaycan naminə, ana dilimizin, milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq prinsiplərinin qorunması və daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan səmərəli istifadə etmək tövsiyə olunmuşdur. Təbii ki, xaricdə yaşayan soydaşlarımızın digər xalqların diaspor təşkilatları ilə sıx əməkdaşlıq qurmaları müsbət hal kimi diqqətə çatdırıldı. Buna baxmayaraq, əlaqələr daha da möhkəmləndirilməli, əməkdaşlıq genişləndirilməlidir.
Qurultay nümayəndələri ilə söhbət zamanı onlar Azərbaycan Prezidentinin çıxışından ciddi nəticə çıxaracaqlarını bildirdilər və bundan sonra əsas diqqəti hücum taktikasına yönəldəcəklərini vurğuladılar.
Həbib Əliyev, Sevastopol Dövlət Tele-Radiosu, Azərbaycan-Qobustan proqramının redaktoru:
- Dünya Azərbaycanlılarının III Qurultayının Bakıda keçirilməsi bir daha təsdiqlədi ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın bir araya gəlməsində, diaspor təşkilatlarının formalaşmasında Azərbaycan Prezidenti bütün imkanlarından istifadə edib. Mən Dünya Azərbaycanlılarının II Qurultayında da iştirak etmişəm. Ötən 5 il ərzində Azərbaycan xeyli inkişaf etmiş, regionlarda çoxlu sayda müəssisələr yaradılmışdır. Mən bu barədə Azərbaycan-Qobustan proqramı vasitəsilə efirdə çoxsaylı verilişlər səsləndirmişəm. Onu da qeyd edim ki, bu vaxta qədər efirdə 160 proqram səsləndirilib. Hamısında da Azərbaycan mədəniyyəti, incəsənəti, adət-ənənələri, muğamları əsas xətti təşkil edib. Qurultay ərəfəsində Kiyev, Xarkov, Dnepropetrovsk, Simferopol və digər şəhərlərdə yaşayan azərbaycanlılarla, diaspor təşkilatları və türk dərnəklərinin rəhbərləri ilə görüşüb onların fəaliyyəti, həyata keçirdikləri tədbirlər, bir-biriləri ilə əlaqə yaratmaları barədə verilişlər hazırlayıb efirdə səsləndirmişəm. Bu, Dünya Azərbaycanlılarının II Qurultayının xaricdə yaşayan soydaşlarımız qarşısında qoyduğu əsas vəzifələrdən biri idi. Qurultayın qətnaməsində də qeyd edilirdi ki, tanınmış elm, ədəbiyyat, mədəniyyət və dövlət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi həmvətənlərimizin ictimai-siyasi fəallığının artmasının göstəricisi kimi dəyərləndirilə bilər. Qurultay təşkilatlanmış azərbaycanlı cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmələrini diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən biri hesab etmişdir. Mən də bu istiqamətdə fəaliyyətimi davam etdirərək AMEA-nın prezidenti Mahmud Kərimov, Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, həmin universitetin tələbələrlə iş üzrə dekanı Xanəli Kərimli ilə müxtəlif səpkili verilişlər hazırlamışam. Bu verilişlər Ukraynada böyük maraqla qarşılanıb. "Azərbaycan ziyalıları ağsaqqalları" cəmiyyətinin sədri Rəhim Hüseynov, professor Nizaməddin Şəmsizadə, Bakı Dövlət Universitetinin fiziologiya kafedrasının müdiri, professor Nemət Qasımov Azərbaycanda elmin inkişafından, elmə dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğıdan geniş söhbət açmış, elm xadimlərimizin beynəlxalq aləmdəki uğurlarından danışmışlar. Elm xadimlərimiz bir daha vurğulamışlar ki, indiyə qədər görülən işlərə nəzər saldıqda bir daha aydın olur ki, qloballaşan dünyada ümumbəşəri dəyərlərə yiyələnməklə yanaşı, milli varlığımızı qoruyub saxlamaq, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi yaşadığımız ölkələrdə təbliğ etmək çox böyük əhəmiyyət kəsb edir. Xaricdə yaşayan soydaşlarımız azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməli, güclü diaspor hərəkatı formalaşdırılmalıdır. Azərbaycan Prezidenti bu istiqamətdə bütün imkanlardan səmərəli istifadə edir.
Qurultayda bir daha qeyd edildi ki, ötən beş il ərzində Azərbaycan bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoymuşdur. Təbii ki, mən də növbəti verilişlərimdə bu uğurlardan bəhs edən geniş məqalələr, müsahibələr hazırlayacağam. Azərbaycan Prezidentinin qurultaydakı çıxışında bildirildi ki, ötən dövrdə Azərbaycanın müdafiə qüdrəti daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Azərbaycan Ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
Dünya azərbaycanlılarının bir araya gəlməsinin bir əhəmiyyəti də ondan ibarətdir ki, artıq xarici ölkələrdə yaşayan soydaşlarımıza da bəlli oldu ki, Azərbaycan güclü, qüdrətli Milli Orduya malikdir. Mən bu mövzuda verilişlərimi daha da zənginləşdirməyi qərara almışam. Ukraynada yaşayan digər xalqların nümayəndələri də Azərbaycan haqqında əsl həqiqətləri bilməlidir.
Azərbaycan Prezidentinin diasporların əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində verdiyi tövsiyələr xaricdə yaşayan soydaşlarımızı daha da ruhlandırmış və onların yaşadıqları ölkələrdə fəaliyyətini genişləndirməyə stimul yaratmışdır.
Fərhad Turanlı, Azərbaycan-Ukrayna Ziyalılar Assosiasiyasının sədri:
- Dünya Azərbaycanlılarının III Qurultayının tarixi Vətənimizdə keçirilməsi bir azərbaycanlı kimi qəlbimi qürur hissi ilə doldurdu. Müstəqil dövlət kimi iyirminci ildönümünü yaşayan Azərbaycan Respublikası qısa dövr ərzində dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Bu, xaricdə yaşayan hər bir azərbaycanlını çox sevindirir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarının davam etdirilməsi, yarımçıq qalmış işlərinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi Azərbaycanı təkcə regionda yox, dünyada lider dövlətə çevirib. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də dünyada yaşayan soydaşlarımızı bir araya gətirməsi oldu. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diasporların təşkilatlanması və formalaşdırılması Prezident İlham Əliyev tərəfindən daha da sürətləndirildi. Dünya Azərbaycanlılarının II və III qurultayları bu sahədə irəliyə doğru atılan qətiyyətli addım oldu. Dünyanın olduqca mürəkkəb və mühüm mərhələlərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xarici ölkələrdə yaşayan azərbaycanlıların Bakıya toplaşması böyük tarixi hadisə oldu. Bu tədbirlərin keçirilməsi Azərbaycanın regionda və bütün dünyada nüfuzunu daha da artırdı. Çünki bütün dünya Azərbaycan xalqının böyüklüyünün, qüdrətinin şahidi oldu.
Mən Azərbaycan-Ukrayna Ziyalılar Assosiasiyasının sədri kimi bildirirəm ki, diasporların formalaşmasında ziyalıların bacarığından, qabiliyyətindən daha çox yararlanmalıyıq. Çünki ziyalı sözü, ziyalı təbliğatı öz təsirini daha tez göstərir. İnanıram ki, bu istiqamətdə apardığımız təbliğat öz faydasını verəcək. Biz artıq bunun şahidiyik. Azərbaycan bu gün beynəlxalq aləmdə söz sahibidir. Ötən dövrdə diasporlarımız arasında əlaqə də möhkəmlənmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrin bundan sonra daha sıx olması barədə verdiyi tövsiyələr bizi ruhlandırıb. Biz bundan sonra fəaliyyətimizi gücləndirəcəyik. Çünki arxamızda Azərbaycan dövləti və onun başçısı İlham Əliyev dayanıb. Biz ona inanır və güvənirik.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında