Bir neçə gün əvvəl Yer kürəsinin ən müxtəlif guşələrindən Dünya Azərbaycanlılarının III Qurultayına təşrif buyurmuş həmvətənlərimiz, eləcə də çoxsaylı qonaqlar həm qurultay günlərində, həm də sonrakı günlərdə son illər ölkəmizdə baş verən sosial-iqtisadi uğurlar, demokratik proseslər barədə yüksək rəydə olduqlarını bildirirlər. Qurultay iştirakçıları bu mötəbər tədbirin yaxşı təşkil olunduğunu, burada böyük vəzifələr irəli sürüldüyünü vurğulayır, milli birliyimizin gələcəkdə daha böyük uğurlarımıza səbəb olacağına inanırlar.
Samirə İsmayılova, Almaniyada yaşayan azərbaycanlı musiqiçi:
- Dünya Azərbaycanlılarının III Qurultayı məndə nikbin duyğular oyatdı. Bütün çıxışları dərin maraqla dinlədim. Bu qurultay mənə hər şeydən əvvəl mənəvi güc verdi. Vətəndən uzaqda, Almaniyada yaşasam da, qəlbən, ruhən Azərbaycana bağlı olduğumu bütün varlığımla hiss etdim. Azərbaycanda, doğma Bakıda görüb şahidi olduğum inkişafa, bütün sahələrdəki uğurlu dəyişikliklərə heyran qaldım. Bir daha dərk etdim ki, böyük və modern bir millətin nümayəndəsiyəm. Bundan çox böyük qürur duydum, məndə millət, Vətən qarşısında cavabdehlik hissləri bir daha baş qaldırdı.
Qurultay başa çatandan sonra çox şeyi götür-qoy elədim. Düşüncələrim, mülahizələrim qəlbimə rahatlıq gətirdi. Bizim ölkədə milli birlik də var, başqa xalqlara, mədəniyyətlərə hörmət, tolerantlıq da. Avropada bəziləri elə düşünürlər ki, guya şərqlilər Qərb mədəniyyətindən özlərini təcrid etməyə çalışırlar. Bunun nə qədər həqiqət olub-olmadığının fərqinə varmaq istəmirəm. Bir şey mənim üçün gün kimi aydındır ki, ən azı Azərbaycanda belə deyil. Bu gün müstəqil Azərbaycan lap elə Avropanın ən oturuşmuş demokratik cəmiyyətlərində olduğu kimi, sivil vətəndaş cəmiyyəti qurur, hər vəchlə ən mütərəqqi demokratik dəyərlərə əməldə sadiqliyini nümayiş etdirir.
Bizim ölkəmizin demokratiya quruculuğunda böyük ənənələri var. Axı, Şərqdə ilk demokratik respublika ötən əsrin əvvəllərində məhz Azərbaycanda qurulub. Bu gün də Azərbaycan dövləti sivil, demokratik bir inkişaf yolu seçib. Ölkəmiz müxtəlif xalqların birgə, mehriban yaşadığı bir məkandır. Lakin Azərbaycan xalqının ərazi bütövlüyünə təcavüz etməyə heç kəsin ixtiyarı yoxdur. Ermənilər isə Azərbaycan torpaqlarının bir qismini işğal ediblər. Yüz minlərlə soydaşımız qaçqın, məcburi köçkün taleyi yaşamağa məhkum olub. Biz hürriyyətpərvər, sülhsevər olduğumuz qədər də, özümüzü müdafiə etməyi bacaran xalqıq. Bütün dünya bilir ki, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtina etmirik. Lakin hər şeyin, eləcə də səbrin, dözümün bir sonu var. Ermənilər, onların havadarları anlamalıdır ki, Azərbaycan öz torpaqlarını lazım gələrsə, zor gücünə azad edəcək və bunu etməyə məmləkətimin tam haqqı var. Bu haqqı bizə həm də beynəlxalq hüquq verir.
Azərbaycan diasporunun indi ən böyük hədəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu müqəddəs missiyanın icra edilməsi naminə qəlbində Vətən sevgisi olan hər bir soydaşımız kimi mən də Azərbaycanın haqq işi naminə əlimdən gələni edirəm. Bu mövzu barədə məqam düşən kimi hər yerdə söz açıram. Çalışıram ki, hamı əsl həqiqəti bilsin.
İxtisasca musiqi müəllimiyəm. Bizim musiqimizlə təmasda olan almanlar, başqa xalqların nümayəndələri musiqimizin zənginliyinə, əlvanlığına heyran olurlar. Mən avropalılara musiqimizin, mədəniyyətimizin görkəmli simaları barədə də bilgilər verməyə çalışıram. Dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun vətəni - Şuşanın qədim Azərbaycan torpağı olduğunu vurğulayıram. Deyirəm ki, bu gün Şuşa erməni işğalı altındadır. Erməni vandalları orada xalqımızın bütün maddi mədəniyyət abidələrini dağıdıblar. Məni başa düşmək istəyənlər artır, səsimə səs verənlərin sayı çoxalır.
Bu il müstəqil Azərbaycanın öz milli suverenliyini bərpa etməsinin 20 yaşı tamam olur. Çox arzulayıram ki, bu əlamətdar ildə Azərbaycanımızın ərazi bütövlüyü tamamilə bərpa olunsun. Sonda bir daha qurultay mövzusuna qayıtmaq istəyirəm. Qurultayda Azərbaycan dövləti ilə milli diasporun birlikdə çalışmasının zəruri olduğu fikri dəfələrlə səsləndirildi. Milli birlik və həmrəyliyimizin bizim gələcək uğurlarımıza yol açacağına qəlbən inanıram.
Xristina Stebelska, Ukrayna Milli Televiziyasının kanal redaktoru:
- Mən Dünya Azərbaycanılılarının III Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını böyük diqqətlə dinlədim. Bu, güclü liderin çıxışı idi. Dövlət başçısı Azərbaycanın gələcəyini aydın təsəvvür etdiyi üçün xaricdə yaşayan həmvətənləri qarşısında çox aydın və konkret vəzifələr irəli sürdü. Bu vəzifələrin əsas məğzini Azərbaycan dövləti ilə diasporun sıx əməkdaşlığı təşkil edir. Fikrimcə, Prezident haqlı olaraq diplomatik səfirlik və nümayəndəliklərdən diaspor fəalları ilə daha sıx və səmərəli işləməsini tələb etdi.
Nə gizlədim, azərbaycanlılarla dostluq etmək, ünsiyyətdə olmaq mənim üçün daim xoşdur. Sizin adamlarınız çox səmimi, qəlbiaçıq adamlardır. Azərbaycanlılar həm də etibarlı insanlardır, dar gündə onlara etibar etmək olur. Mən konkret bir misal çəkə bilərəm. 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında dəhşətli qəza baş verəndə minlərlə ukraynalı Azərbaycana pənah aparmışdı. O ağır günlərdə bacımın ailəsi də bir müddət Sabirabad rayonunda yaşayıb. Bacım yerli camaatdan çox razılıq edirdi. İndi bacım həyatda yoxdur, amma onun övladları ilə vaxtilə onlara yardım etmiş ailənin uşaqları arasında dostluq əlaqələri davam edir.
Mən Kiyevdə yaşayıram, ixtisasca jurnalistəm. Peşəm elədir ki, müxtəlif millətlərdən olan insanlarla tez-tez görüşürəm. Bizim teleşirkətin yerləşdiyi binanın 14-cü mərtəbəsində Azərbaycan dövlət televiziyasının müxbir postu yerləşir. Başqa respublikalardan da orada yerləşmək istəyənlər olub. Biz bu hüququ yalnız Azərbaycan televiziyasına, bir də "Euronews" kanalına vermişik. Ukrayna televiziyalarının Azərbaycan televiziyaları ilə yaradıcılıq əlaqələri də genişlənir. Məsələn, bizim teleşirkət yaxın gələcəkdə Azərbaycanla bağlı bir sıra iri layihələr həyata keçirməyi planlaşdırır. İstəyirik ki, Ukrayna ictimaiyyəti Azərbaycanla bağlı daha çox bilgilərə malik olsun.
Bakıda bu dəfə gördüyüm dəyişikliklər məni həqiqətən heyran qoydu. Ölkəniz çox sürətlə inkişaf edir, adamların üzü gülür. Hiss olunur ki, burada xalq öz dövlətindən razıdır. Pis idarəçilik zamanı adamların hökumətdən narazılığı dərhal hiss olunur. Azərbaycanın isə əksinə, davamlı tərəqqi etdiyi, ölkə vətəndaşlarının rifahının yaxşılaşdığı hər addımda hiss olunur.
Əlizaman Rəhimov, Moskva vilayətindəki "Vətən" Cəmiyyətinin sədri:
- Hər kəsə bəllidir ki, diaspor quruculuğu hər bir dövlətin xarici siyasəti ilə birbaşa bağlıdır. Müstəqil Azərbaycan dövlətinin Rusiya Federasiyası ilə strateji əlaqələrinin genişlənməsi, buradakı Azərbaycan diasporunun fəaliyyət imkanlarını da artırır.
Rusiyada yaşayan azərbaycanlılar müstəqil dövlətimizin hərtərəfli dəstəyini daim hiss edirlər. Mən son illər paytaxt Moskvanın yaxınlığındakı Domodedovo şəhərində yaşayıram. Burada tikinti biznesi ilə məşğulam. Rusiya Federasiyasının əməkdar mühəndisiyəm. Moskva ətrafındakı qəsəbələrdə bir çox infrastruktur layihələri icra edirik. Çalışırıq ki, hər yerdə ölkəmizin, xalqımızın adına, şəninə hörmət gətirək. Mənim işlədiyim tikinti holdinqi "Uqolok Podmoskovya" ("Moskva ətrafında guşə") adlı qəzet də nəşr edir. Orada dəfələrlə yazıblar ki, sifarişçilər azərbaycanlı inşaatçıların işindən çox razıdır. Qəzetdə Azərbaycanın tarixi, mədəniyyəti barədə də geniş yazılar dərc olunur.
Təkcə Moskva vilayətində 4 minə yaxın azərbaycanlı yaşayır. Bir çətinliyimiz olanda Azərbaycanın Moskvadakı səfirliyinə ərklə müraciət edirik. Amma çalışırıq ki, bir çox problemləri özümüz həll edək. Biz iş adamları azərbaycanlı tələbələrə həmişə kömək göstəririk. Tələbələr millətin gələcəyidir. Bu sahəyə qoyulan sərmayə birə yüz fayda gətirə bilər. Azərbaycanın parlaq gələcəyinə inanır, müstəqil dövlətimlə fəxr edirəm.
{nl}
Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.