Novruz MƏMMƏDOV: Ermənistan öz mövqeyini dəyişməsə, iqtisadi, siyasi və sosial cəhətdən zəif quruma çevriləcək

Ötən həftə Serj Sarkisyanın "teatr"ının yeni tamaşasının premyerası keçirildi. Budəfəki tamaşaçılar Silahlı Qüvvələrin gənc zabitləri oldular. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 1news.az-a müsahibə vermişdir.
"Şübhəsiz ki, Serj Sarkisyanın çıxışından heç olmasa azacıq məntiq və reallığın hiss olunmasını gözləmək olmaz. İlk növbədə, Ermənistandakı bugünkü vəziyyət səbatsız hakimiyyəti müxtəlif piar metodları axtarmağa vadar edir və bu, müxalifətin güc topladığı və ölkənin dönmədən sabitsizliyə yuvarlandığı dövrdə baş verir. Bu kontekstdə bu qurultayın "patologiyası" Ermənistan cəmiyyətinin mənəvi ruhunun yüksəldilməsinə yönəldilən daxili siyasi təbliğatdır. İllərlə mövcud olmayan tarixi faktlara söykənən cəmiyyət reallıqla xəyallar arasındakı sərhədi dəyişdirib. Serj Sarkisyanın çıxışı tutarlı faktların axtarışına zəhmət tələb etməyən daxili tələbat məhsulundan başqa bir şey deyil", - Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Sarkisyan öz çıxışında bütün ermənilərin sevimli tarixi mövzusunu geniş "işıqlandırıb" və əsl ermənilərə xas olan tərzdə bütün tarixi faktları saxtalaşdırıb: "Şübhəsiz ki, 21-ci əsrdə hətta məktəbli də onun dediklərini təkzib etməyə və ya ən azı şübhə altına almağa qadirdir. Hamıya məlumdur ki, ermənilərin tarixi kitablarının əsasında elmi faktlar deyil, saxtalaşdırılmış tarix durur. Belə ki, Aram Andronyan "soyqırım"la bağlı tarixi hadisələri təhrif edərək onları bütün dünyaya yaymağa başladı. Digər erməni - Suren Ayvazyan Ermənistanın heç bir tarixi əlaqəsi olmayan, guya 5 min il əvvəl mövcud olan coğrafi xəritəsini uydurdu. Bu gün isə daha bir erməni - Serj Sarkisyan təcrübəsiz gənc zabitlər qarşısında "tanınmış nəslə mənsub olan" qoçaq erməni əsgərinin obrazını cızır, orta əsrlərdə "parlayan" erməni hərbi zümrəsi haqqında danışır, lakin xatırlatmağı unudur ki, o zaman Ermənistan dünya xəritəsində olmayıb... "Nə üçün ermənilər tarixi mövzuları belə çox sevirlər? Bəlkə ona görə ki, məhz burada onların bütün mahiyyəti aşkar şəkildə meydana çıxır: satqınlar, yaltaqlar və konyunkturaçılar. Burada əvvəllər Gürcüstanın milli arxivində qorunub saxlanan bir sənədi misal gətirmək istərdim. Söhbət 1827-ci il 4 iyul tarixli sənəddən gedir. Orada deyilir ki, erməni-nestorianlar öz vətənlərini sataraq Rusiya ilə birgə İrana qarşı döyüşməyə hazırdırlar. Arxivlərdə belə sənədlərin sayı kifayət qədərdir. Ola bilsin ki, zabitlərin növbəti qurultayında Sarkisyan gənclərə bu barədə daha ətraflı danışacaq. Qoy, o, əsir düşərək Sultan bəy qarşısında diz çökən və göz yaşı içərisində yalnız əfv olunmasını istəyən "dahi sərkərdə" Andranik haqqında gənc zabitlərə danışsın. "Ermənistanın əfsanəvi qəhrəmanı, erməni dövlətinin bərpası uğrunda alovlu döyüşçü" kəndlilərin gülüşü altında yaxşı təlim görmüş sirk iti kimi yalnız öz canını xilas etmək üçün sürünərək Sultan bəyin çəkmələrinin arasından keçməyə razılaşıb".
Novruz Məmmədov bildirmişdir ki, Serj Sarkisyan erməni ordusunda elə erməni cəmiyyətinin özündə olduğu kimi, zadəganlıq aspektlərinin qətiyyən mövcud olmaması haqqında gözəl məlumatlandırılıb. Çünki daha çox zadəgan doğulurlar, nəinki olurlar. Lakin mahiyyət etibarilə Ermənistanda bir institut kimi mövcud olmayan zadəganlıqla bugünkü ordu arasında paralellər apararaq, Serj Sarkisyan ilk növbədə cəmiyyətin diqqətini işsizlik və ya ölkədəki çıxılmaz siyasi, iqtisadi və mənəvi vəziyyət kimi fundamental problemlərdən yayındırır. Bu siyahıya narkomaniya və ludomaniyanı (qumar oyunları düşkünlüyü), "dedovşina"nın çiçəkləndiyi ordudakı atmosferi, rüşvətxorluğu, nizam-intizamın olmamasını, hakimiyyətin ictimai fikrə laqeyd münasibətini, eləcə də ölkə rəhbərliyinin bir cür danışıb başqa cür hərəkət etməsi faktını da əlavə etmək olar".
"Zabitlərlə ziyalılar arasındakı paralellərlə bağlı qeyd etmək lazımdır ki, yüksək mənəviyyatlı, yüksək əxlaqlı ziyalı sifarişlə olmur, onları uyğun mühitdə, nəsildən-nəslə tərbiyə edirlər. Ziyalılıq dünyada azlıq təşkil edən təbəqədir, eyni zamanda, orduda müxtəlif sosial siniflərin nümayəndələri üstünlük təşkil edirlər. Lakin Serj Sarkisyan öz çıxışında bu nüansı dəqiqləşdirmək üçün zəhmət çəkmədi. Əlbəttə ki, qanunla deyil, anlayışla yaşayanların hakimiyyətdə olduğu, milli etikanın əsla mövcud olmadığı və faktiki həqiqətə məhəl qoyulmadığı ölkənin prezidentindən belə incəlikləri gözləmək çox sadəlövhlük olardı", - deyə Azərbaycan Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Ermənistanda mənəvi dəyərlərin aşındığını diqqətə çatdırmışdır.
Azərbaycana qarşı hərbi təcavüzün nəzərdə tutulduğu hərbi əməliyyatlar haqqında danışarkən, Serj Sarkisyan öz adından danışır və belə bir təəssürat yaranır ki, o, qabaqcıllardan birincisi olub ki, bu da cəfəngiyyat olardı. Bununla yanaşı, Ermənistan Azərbaycandan fərqli olaraq hələ də dövlət görüntüsünü saxlayan dilənçi payı sayəsində digər dövlətlərin ön istehkamı olub və olaraq qalır. Burada belə bir atalar sözünü xatırlamaq yerinə düşərdi: "İt araba kölgəsində yatır, elə bilir öz kölgəsidir". Bu yaxınlarda aparılan araşdırmalar sübut edir ki, Ermənistanda doğulan ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazilərində xidmət etmək istəmirlər. Eyni zamanda, həyat standartları o qədər aşağı düşüb ki, artmaqda olan mühacirət müşahidə olunur. Bu da yaxın onillikdə demoqrafik böhrana gətirib çıxara bilər".
Novruz Məmmədov daha sonra bildirir: "Bəs nəyə görə Ermənistan hakimiyyəti bu qurultayı məhz indi keçirməyi qərara alıb? Bu sualın cavabı sadə olduğu qədər də aydındır. Məsələ bundadır ki, Ermənistan diplomatik mübarizədə Azərbaycana ciddi şəkildə uduzur. Son vaxtlar Azərbaycan özünün siyasi-hüquqi, sosial-iqtisadi dayaqlarını əhəmiyyətli dərəcədə möhkəmlədib, regionda iqtisadi potensialına, demokratik inkişafına görə şərtsiz lider olub, beynəlxalq arenada öz mövqelərini möhkəmlədib. Bu zaman ilk növbədə qonşu ölkələrə ərazi iddiaları ilə bağlı öz siyasətinin qurbanı olan Ermənistan "blokada"ya düşüb. Maraqlıdır ki, daxildəki qorxu erməni cəmiyyətindəki ziddiyyətləri dərinləşdirir, onlar üçün Bakıdakı parad Azərbaycan Respublikasının üstünlüyünün inkaredilməz sübutudur. Bu gün vaxt Azərbaycanın xeyrinədir, Ermənistanı isə çıxılmaz vəziyyətə sürükləyir. Geoiqtisadiyyatın geosiyasət üzərində üstünlük təşkil etdiyi dünyada regionun iqtisadi gücünün 70 faizi Azərbaycanın payına düşdüyü halda üstünlüklər qarşısında qorxunu bayağı nitqlərlə gizlətmək mümkün deyil".
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, artıq indi aydındır ki, əgər Ermənistan öz siyasətini dəyişməsə, gün gələcək, o, iqtisadi, siyasi və sosial cəhətdən zəif quruma çevriləcək, öz güclü qonşularından mərhəmət diləməli olacaq: "Serj Sarkisyan öz çıxışını gənclər qarşısında qoyulan nəsihətlər, tapşırıqlar formasında qurub. Əsgərlər fiziki olaraq prezidentlərinin onlara sırıdıqları ideala nail ola bilərlər, bəs onlar cəsurluq və şərəf nümunəsi ola biləcəklərmi? Hesab edirəm ki, cavab heç kimdə şübhə doğurmayacaq - heç vaxt!".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında