Dünya azərbaycanlıları bir amal uğrunda mübarizə aparmalıdırlar

Dünya Azərbaycanlılarının III Qurultayı başa çatdı. Bu möhtəşəm tədbir beynəlxalq aləmdə böyük maraq oyadıb. 2006-cı ildə keçirilən II qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrin nə dərəcədə yerinə yetirilməsinin hesabatı müzakirə olundu. Bununla yanaşı, növbəti müddət üçün qarşıya qoyulmuş məqsəd və vəzifələrin, bu istiqamətdə görüləcək işlərin həyata keçirilməsi müəyyənləşdirildi.
Bir daha qeyd edildi ki, Dünya Azərbaycanlılarının III Qurultayı xarici ölkələrdə yaşayan soydaşlarımızın həyatında yeni mərhələnin başlanğıcını qoydu. Ötən qurultaylarda dünyada yaşayan azərbaycanlıların qarşısında həmrəyliyin, birliyin möhkəmləndirilməsi, təşkilatlanmaq, öz ölkələrinin ictimai-siyasi həyatında fəal qüvvəyə çevrilmək, Azərbaycan dövlətçiliyinin əlavə xarici resursu kimi dünyada Azərbaycan dövlətçiliyini, millətini təbliğ etmək kimi ideyaları qoyulmuşdu. Bu mərasim həyata keçirilməsi istiqamətində görülmüş işlər, qəbul olunmuş qərarlar, tədbirlər geniş müzakirə olundu.
Qurultaya dəvət olunmuş qonaqlar ölkəmiz haqqında öz təəssüratlarını bildirərək Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulmasında qürurla söhbət açdılar. Bildirdilər ki, dünya azərbaycanlılarının Bakıya toplaşması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasətimizin prioritetlərindəndir. Qurultay nümayəndələri belə bir möhtəşəm tədbirin keçirilməsində təşəbbüskarlıq göstərən Azərbaycan Prezidentinə öz minnətdarlıqlarını bildirdilər və qurultayın dünyada böyük rezonans doğurduğunu diqqətə çatdırdılar.
Rafail Quliyev, "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri:
- Son illər Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, mədəniyyət və incəsənət sahəsində böyük nailiyyətlər qazanması bizi çox sevindirir. Xüsusilə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Muğam" müsabiqəsi dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edib. Yaşadığımız ölkədə yerli sakinlərin bizim milli adət-ənənələrimizə, mədəniyyətimizə, musiqimizə maraqlarının artması artıq özünü daha açıq şəkildə göstərir. Bu, həm də Azərbaycanın dünya birliyində getdikcə tanınmasından, layiqli yer tutmasından xəbər verir. Xarici ölkələrdə mədəniyyət mərkəzlərinin yaradılması, mədəniyyət nümayəndəliklərinin təşkil edilməsi, digər layihələrin hazırlanması Azərbaycanın əlaqələrini xeyli genişləndirib. Diaspor hərəkatının möhkəmləndirilməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan-türk ictimai birliklərinin, dərnəklərinin qarşılıqlı əlaqələri, sıx əməkdaşlıqları yerli sakinlər arasında nüfuzumuzu daha da artırıb.
Dünya azərbaycanlılarının bir araya gəlməsi baxımından belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirirəm. Qurultay dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Artıq beynəlxalq aləmdə də Azərbaycan xalqının böyük xalq olması barədə fikir formalaşır və ermənilərin apardıqları təbliğat ifşa olunur. Çünki qurultay zamanı səslənən fikirlər, xüsusilə Azərbaycan Prezidentinin çıxışındakı faktlar xalqımızın sülsevər, müharibə əleyhdarı olduğunu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ermənilərin sülh variantından qaçdıqlarını, danışıqlar zamanı qeyri-konstruktivlik nümayiş etdirdikləri işğalçılıq siyasətindən hələ də əl çəkmədiklərini faktlarla diqqətə çatdırdı.
Biz böyük xalqıq. Bütün sahələr üzrə Ermənistandan qat-qat artıq inkişaf etmişik. Azərbaycanın qüdrətli milli ordusu var. Bu il iyunun 26-da Bakıda keçirilən hərbi parad zamanı dünya ictimaiyyəti də Azərbaycanın hərbi gücünün, hərbi texnikasının şahidi oldu. Hamımıza çox yaxşı məlumdur ki, Azərbaycan işğal altındakı ərazilərini azad etməyə qadirdir. Lakin xalqımız sülhsevər olduğundan münaqişənin dinc yolla həllinə üstünlük verir. Biz də yaşadığımız ölkədə bu məsələni xüsusi olaraq yerli sakinlərin diqqətinə çatdırırıq. Azərbaycan artıq dünyada tanınan müstəqil dövlətdir. Biz bununla fəxr edir və qürur hissi keçiririk. Biz də bu sahədə fəaliyyətimizi getdikcə gücləndiririk. Azərbaycan Prezidentinin "Xaricdə yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanıb"- deməsi bizi daha da ruhlandırıb.
Qurultaydan xoş təəssüratlarla,böyük ümidlərlə ayrıldım. Azərbaycan Prezidentinin diaspor fəaliyyətinin gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi üçün tapşırıqlar verməsi məsuliyyətimizi daha da artırdı. Azərbaycanın mədəniyyətinin, adət-ənənələrinin, milli mənəvi dəyərlərinin daha geniş təbliği üçün qurultay yeni mərhələnin başlanğıcını qoydu.
Rəhim Hümbətov, Krım Azərbaycanlıları Cəmiyyətinin sədri:
- Dünya Azərbaycanlılarının III Qurultayı xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində, görülən işlər barəsində hesabat verilməsində, qarşıda duran işlərin planlaşdırılmasında, yeni qərarların qəbul olunmasında böyük təsirə malikdir. Dünyada yeni Azərbaycan imicinin formalaşması, indiyə qədər olan tezislərin konkret işlərlə həyata keçirilməsində qurultayın böyük əhəmiyyəti var. Qurultayın keçirilməsi xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirakına, soydaşlarımızın doğma Vətənimiz haqqında həqiqətlərin olduğu kimi çatdırılmasına çox güclü təkandır.
Biz bundan sonra hücum taktikasına üstünlük verməliyik. Onsuz da dünya birliyi Azərbaycanı sülhsevər, Ermənistanı isə işğalçı dövlət kimi tanıyır. Bu, Azərbaycan dövlətinin, onun Prezidentinin yeritdiyi xarici siyasətin uğurlarıdır. Ermənistan diplomatiyası artıq bir-birinin ardınca uğursuzluqlarla qarşılaşır. Biz yaşadığımız ərazilərdə ermənilər çoxluq təşkil etsə də, son illər onlar heç nəyə nail ola bilməyiblər. Çünki bizim apardığımız təbliğat yerli əhali arasında böyük inam yaradıb. Bununla yanaşı yerli əhali televiziya və digər kütləvi informasiya vasitələrində Azərbaycanın beynəlxalq səviyyəli uğurları ilə yaxından tanış olur.
Azərbaycanın həm idman, həm də mədəni sahədə qazandığı uğurlar müstəqil dövlətimizi beynəlxalq aləmdə daha geniş şəkildə tanıdıb. Bu yaxınlarda "Eurovizion" mahnı müsabiqəsində Azərbaycanın birincilik qazanması ölkəmizi bütün dünyaya tanıtdı. Bu parlaq qələbə mədəniyyət sahəsində silinməz iz buraxan tarixi nailiyyətdir. Bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan mədəniyyət sahəsində də lider dövlətdir. Biz bu parlaq qələbədən çox məmnun qaldıq. İndi yaşadığımız əyalətdə hər bir yerli sakin Azərbaycanla maraqlanır, Azərbaycana gəlmək istəyir. Bütün bunlar Ermənistanı bir dövlət kimi unutdurub.
Dünya Azərbaycanlılarının III Qurultayı dünyada yaşayan soydaşlarımızın bir amal uğrunda birləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin diasporların birgə fəaliyyəti ilə əlaqədar verdiyi dəyərli tövsiyələrin, tapşırıqlar hər birimizin ən ümdə vəzifəsidir. Biz bundan sonra hücum taktikasına üstünlük verməli, qurultayın qarşımıza qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizdən istifadə etməliyik. Öz işimizlə, təbliğatımızla bütün dünyaya sübut etməliyik ki, həqiqətən də Azərbaycan xalqı böyük xalqdır.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında