Qələbə-65

Böyük Vətən müharibəsinin sınaqlarından şərəflə çıxmış qardaşlar
Tarixin ən dəhşətli savaşı kimi yadda qalan Böyük Vətən müharibəsi bəşəriyyəti əzablarla, iztirablarla sınağa çəkməklə yanaşı igidlik, qəhrəmanlıq salnaməsi də yazdı. Faşizmə qarşı mübarizə aparan nəhəng Sovetlər Birliyinin vətəndaşları Qələbə naminə hər cür mərhumiyyətlərə sinə gərdi, bütün çətinliklərin öhdəsindən mətanətlə gəldi və hər şeydən əziz olan canlarını ümumi məqsədlər naminə, o dövrdə Vətən hesab olunan SSRİ naminə fəda etməkdən belə çəkinmədilər. Qələbə də məhz belə fədəkarlığın nəticəsində əldə olundu.
1941-1945-ci illərin Böyük Vətən müharibəsində qazanılan tarixi Qələbədə azərbaycanlıların müstəsna xidmətləri oldu. Çünki həmin dövrdə faktiki olaraq Azərbaycanın yeraltı və yerüstü təbii sərvətlərindən, insan resurslarından tam istifadə olunmasaydı uğur qazanmaq qeyri-mümkün idi. Müharibə dövrü ərzində 700 minədək azərbaycanlı cəbhəyə yollandı. Onların böyük əksəriyyəti öz xahişləri ilə döyüş bölgəsinə göndərildi. Bəzi azərbaycanlı gənclər hətta, ata-anasını incitməmək, onların sözünü yerə salmamaq xatirinə valideynlərindən xəbərsiz cəbhəyə gedirdilər. Ona görə də bəzən elə olurdu ki, bir ailədən 3-4 nəfər eyni vaxtda cəbhəyə yollanırdı. Bunlardan biri də Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində yaşayan Abduyevlər ailəsi idi. Abduyevlər ailəsindən 3 nəfər cəbhəyə yollanmışdı - ata Ələs kişi, övladları Abdu və Vəli Abduyev qardaşları. Müharibədə göstərdikləri qəhramanlıqlara görə, onlarla orden və medallarla təltif edilən Abduyev qardaşları ilə söhbətimiz də keçdikləri şərəfli döyüş yolu barədə oldu. İlk öncə Abdu Abduyev söhbətə başladı:
- Mən 1942-ci il fevralın 23-də elə doğulub boya-başa çatdığım Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndindən könüllü olaraq cəbhəyə yola düşdüm. Əvvəlcə bizi Kirovakana gətirdilər. Buradan Gürcüstan hərbi dairəsinə mənsub olan Kutaisi şəhərindəki 110-cu atıcı polkuna göndərdilər. Orada bir ay hərbi təlim keçdikdən sonra yük qatarı ilə Dağıstanı keçərək Rostova getdik. Buradan isə bizi Moskvaya apardılar. Hərbi geyimlə və silah-sursatla təmin etdilər. Daha sonra isə cəbhəyə yola saldılar. Əlbəttə, bilirdik ki, dəhşətli döyüşlər bizi gözləyir, burada ölüm-itim də ola bilər. Ancaq düşünürdük ki, biz öz ana-bacımızı, doğma yurdumuzu və nəhayət, o dövrdə Vətən hesab etdiyimiz keçmiş Sovet İttifaqını qorumağa gedirik. Bu duyğular, hisslər bizə cəsarət verir, digər tərəfdən faşistlərə nifrətimizi birə-on artırırdı. Ona görə də biz cəsarətlə, inamla, düşmənə nifrətlə döyüşlərə atılırdıq.
Döyüşlərə 33-cü ordunun tərkibində Qərb cəbhəsində - Smolensk vilayətində başladıq. Keçmiş Sovet İttifaqı marşalı Çernyaxovskinin rəhbərliyi ilə vilayətin kənd və şəhərlərini düşməndən azad edib, Belorusiyaya çatdıq. Bir müddətdən sonra Qərb cəbhəsini böldülər. Mən birinci Belorusiya cəbhəsinə düşdüm. Komandanımız marşal G.K. Jukov idi. Bizim cəbhənin qoşunları Vitebsk, Qomel, Bryansk, Boquşa, Mogilyov, Jlobin, Minsk, Lvov və başqa şəhərləri düşməndən azad etdilər.
Minskin şimal-qərbində almanların bir diviziyasını, hərbi sursat gətirən birləşmələrini mühasirəyə alıb, darmadağın etdik. Diviziyada 30 min zabit və əsgər var idi. Oradan Litvaya keçdik. Biz tez-tez düşmənin hərbi qüvvəsini, hücum istiqamətini və gələcək planlarını öyrənmək üçün kəşfiyyata da gedirdik. Yolda bəzən alman kəşfiyyatçıları ilə də qarşılaşdığımız anlar az olmayıb. Bu zaman, sözün həqiqi mənasında, ölüm-dirim savaşı başlayırdı. Kim daha zirək, cəld və ağıllı olurdusa, o qalib gəlirdi. Kəşfiyyatçının əsir düşməsi isə ən biabırçı hal hesab olunurdu. Yaxşı yadımdadı, bir əsgər yoldaşımla Neman çayını üzüb keçdik. Marinapol şəhərində faşist kəşfiyyatçısı ilə qarşılaşdıq. Bu, necə deyərlər, bizim üçün göydəndüşmə oldu. Onu ələ keçirdik və gətirib komandirə təhvil verdik. Alman kəşfiyyatçısından çox faydalı məlumatlar öyrənildi və bu, bizim növbəti döyüşdə üstünlük əldə etməyimizə imkan verdi. Ona görə də komandanlıq bizə şəxsən təşəkkürünü bildirdi və mükafata təqdim etdi.
Buradan Visla çayını keçib Polşanın Varşava, Lüblin və Poznan şəhərlərini azad edərək Oder çayına yaxınlaşdıq. Almaniyanın bir neçə şəhərini alıb Berlinə çatdıq. Mən 1945-ci ilin may ayının 4-də artıq Berlində idim. Faşistlərin Reyxini ələ keçirdiyimizə görə sevincimizin həddi-hüdudu yox idi. Müharibədə olduğum müddət ərzində üç dəfə ağır yaralandım. Təbii ki, belə qısa zamanda yaraların tam sağalması mümkün deyildi. Ancaq faşistlər üzərində tam Qələbə qazandığımız 9 May günü sanki, bütün ağrılar canımdan çıxdı. Deməli, müharibənin ağrı-acısı, məni bədənimdəki yaralardan daha çox incidirmiş...
Vəli Abduyev:
- 1944-cü il idi. Müharibədə bizim xeyrimizə dönüş açıq-aşkar hiss olunurdu. Alman faşistləri işğal etdikləri ərazilərimizdən çıxarılırdı. Sovet ordusunun qazandığı əzəmətli qələbələr bütün dünyaya səs salırdı. Amma müharibənin şiddəti əsla azalmamışdı, əksinə daha da artmışdı. Geri çəkilən almanlar kəndləri, şəhərləri yandırır, dinc əhalini olmazın işgəncələrə məruz qoyub öldürürdülər. Bizim evdən atam və qardaşım cəbhədə olsalar da, mənim yaşım çatmadığı üçün aparmamışdılar. 18 yaşım tamam olan kimi, könüllü cəbhəyə yollandım. Qəribədir ki, o vaxtlar qorxu hissləri keçirmək əvəzinə, sevinirdim. Bu da səbəbsiz deyildi. O zamanlar bütün kişilər cəbhəyə yollandığı üçün, getməyənləri kişi hesab etmirdilər. Digər tərəfdən, vətənpərvərlik hissləri hər kəsin qəlbində dərin kök salmışdı.
Bizi Gürcüstanın Qori şəhərinə gətirərək, burada bir-iki ay hərbi təlim keçdilər. Sonra Gürcüstanın Laqodexi şəhərinə apardılar və snayper məktəbində xüsusi hazırlıq kursları keçdik. Bu kurslarda öyrəndiklərim döyüşdə xeyli köməyimə çatdı. Ümumiyyətlə, döyüş zamanı snayper böyük ərazini dağıdan bomba qədər təhlükəli hesab olunur. Çünki bizim əsas hədəfimiz faşistlərin zabit heyəti və ya aparıcı mövqe tutan hərbçiləri idi. Təsəvvür edin ki, döyüşün qızğın getdiyi bir vaxtda snayper döyüşü idarə edən düşmən komandirini hədəf alır və məhv edir. Bu zaman çaxnaşma yaranır və istər-istəməz düşmən özünü itirir. Biz döyüşlərin getmədiyi vaxtlarda da düşməni daim nəzarətdə saxlayır və imkan düşən kimi, onları məhv edirdik. Onu da deyim ki, Böyük Vətən müharibəsində snayper gülləsindən heç də az adam dünyasını dəyişməyib. Onların sayı minlərlə hesablana bilər. Bir müddət sonra mən toplardan istifadə etmək qaydalarını da öyrəndim və top tağımının komandiri oldum. Toplarla düşmənə sarsıdıcı zərbələr vururduq.
Vaxt ötür, vədə keçir. Hər halda, yaşımın bu ahıl çağıyla bağlıdır ki, mən bəzən keçdiyim döyüş yollarını da xatırlamaqda çətinlik çəkirəm. Ancaq heç vaxt arzu etmərəm ki, övladlarımız bir daha belə bir müharibə görsünlər. İnsan ölümünün adi hal aldığı, minlərlə ailənin məhv olduğu, bir şəhərin, kəndin yer üzündən tamamilə silindiyi həmin dəhşətli günlərin yenidən təkrarlanmayacağına inanıram. Lakin ona da inanıram ki, biz bu gün işğal altında olan torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edəcəyik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev nə vaxt əmr etsə, qeyrətli övladlarımız Vətən uğrunda mübarizəyə qalxacaqlar.
Mən qəzetiniz vasitəsi ilə Böyük Vətən müharibəsi veteranlarına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə rəhbərimizə dərin minnətdarlığımızı bildirirəm. Biz veteranların sayı hər gün azalır. Həyatda qalanlarımızın ömrünü uzadan isə dövlətimizin qayğısı və övladlarımızın, ətrafımızdakı insanların xoş münasibətidir. Bizi yad etdiyiniz üçün "Xalq qəzeti"nə dərin təşəkkürümü bildirirəm.

{nl}

Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında