Dünya azərbaycanlılarının bütün fəaliyyəti Qarabağın azadlığa qovuşmasına istiqamətlənməlidir

Bakıda, Heydər Əliyev Sarayında keçirilən dünya Azərbaycanlılarının III Qurultayı öz işini başa çatdırdı. Əlamətdar tədbirdə dünyanın 43 ölkəsindən 580 nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda xarici siyasətçi, rəsmi şəxs, deputatlar, alimlər və ictimai xadimlər iştirak edirdilər. Qurultaya yəhudi, rus, axıska türkləri və bir sıra digər xalqların nümayəndələri də qatılmışdı.
Artıq kifayət qədər formalaşmış, ana Vətənlə əlaqələri lazımınca möhkəmlənmiş diaspor təşkilatlarımızın nümayəndələri yenidən Azərbaycan paytaxtında toplaşaraq məsləhətləşmələr apardılar, gələcək fəaliyyət üçün yeni istiqamətləri müəyyənləşdirdilər. Bu gün onların qarşısında dayanan mühüm vəzifələr Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizin məruz qaldığı hərbi təcavüzün aradan qaldırılmasına yardımçı olmaq, erməni diasporu tərəfindən ölkəmizə qarşı davam etməkdə olan ideoloji təxribatlara cavab vermək, dünya ictimaiyyətində Azərbaycanla bağlı reallığı əks etdirən imic formalaşdırmaqdır. Bu vəzifələrin həlli üçünsə mütləq mütəmadi olaraq bir araya gəlmək, koordinasiyalı fəaliyyət yollarını müəyyənləşdirmək lazımdır.
Xatırladaq ki, dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. İkinci qurultay isə Prezident İlham Əliyevin hakimiyyəti dövrünə, 2006-cı ilə təsadüf edib. Sonuncu qurultaydan bəri dünya azərbaycanlılarının fəaliyyəti də məhz ümummilli məsələ olan Dağlıq Qarabağ problemi ətrafında birləşməyə hesablanıb. Elə bu günlərdə görüşdüyümüz Azərbaycan diasporunun nümayəndələri də etiraf edirdilər ki, yaşadıqları ölkələrin rəsmi və qeyri-rəsmi dairələri ilə Azərbaycanın əsas problemi barədə hər il müəyyən işlər aparırlar.
Onu da qeyd edək ki, ikinci qurultaydan sonra dünyanın ayrı-ayrı ölkələrində ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib ki, bununla da onların ümumi sayı 450-yə çatdırılıb.
Qurultay iştirakçılarından Stavropol vilayətindəki Azərbaycan Cəmiyyətinin sədri Fəxrəddin Yarıyevlə söhbəti nəzərinizə çatdırırıq:
- Stavropol vilayətindəki Azərbaycan diaspor cəmiyyəti MDB məkanında yaranmış ilk belə təşkilatlardan biridir. Bu təşkilatın meydana çıxması da təsadüfi olmayıb, müəyyən tarixi, ictimai-siyasi proseslərlə bağlıdır. Yadınızdadırsa, keçmiş Sovet İttifaqının süquta uğramasından sonra Rusiyada böyük təlatümlər yaşandı, sabiq müttəfiq respublikaların xalqlarına qarşı ayrı-seçkilik proseslərinə start verildi. Bu illərdə ən çox təzyiqlərə məruz qalan xalqlardan biri də Rusiyanın istər paytaxtında, istərsə də ayrı-ayrı regionlarında yaşayan azərbaycanlılar oldu. Məhz belə bir dövrdə Stavropolda yaşayan soydaşlarımız 2000-ci il fevralın 28-də ilk diaspor təşkilatlarından olan "Odlar yurdu" cəmiyyətini yaratdılar. 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Rusiyanın müxtəlif şəhər və vilayətlərindəki Azərbaycan cəmiyyətləri Ümumrusiya Azərbaycanlıları Konqresində birləşdi. Bu, mərhum Prezidentimiz Heydər Əliyevin həyata keçirdiyi çox böyük və uzaqgörən diaspor siyasətinin ilk mərhələsi idi. Sonradan dünya azərbaycanlılarının birinci və ikinci qurultaylarının keçirilməsi ilə diaspor təşkilatlarımız daha da möhkəmləndirildi və onların yaşadıqları ölkələrin dövlət və hökumət orqanlarına müəyyən təsir imkanları yarandı. Bütün bunlar ulu öndərin incəliklə həyata keçirdiyi ciddi siyasi addımlar idi. Dünya Azərbaycanlılarının III Qurultayı isə ümummilli lider Heydər Əliyevin diaspor siyasətinin və azərbaycançılıq ideyalarının uğurla həyata keçirilməkdə olduğunu bir daha təsdiq edir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan dövlətinin gücü artdıqca Azərbaycan diasporunun, diasporun gücü artdıqca isə Azərbaycan dövlətinin mövqeləri daha da möhkəmlənir və Azərbaycanın haqq səsi dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən daha yaxşı eşidilir, Ermənistanın və erməni diasporunun çirkin və məkrli siyasətinin ifşası daha uğurla həyata keçirilir.
Eyni zamanda, son illərdə Azərbaycanda demokratik ənənələrin inkişafı, insan hüquq və azadlıqlarına hörmətin bərqərar olması, əhalinin sosial vəziyyətinin yaxşılaşması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi azadlıqların təmin edilməsi və dünya birliyinə inteqrasiya sahəsində bir çox nailiyyətlər əldə edilib. Bu uğurların qazanılmasında dünya azərbaycanlılarının birliyi və həmrəyliyi müstəsna rol oynayıb.
Artıq diaspor siyasəti özünün elə bir mərhələsinə gəlib çatıb ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclər də diaspor təşkilatlarının bir hissəsi kimi ana Vətəni layiqincə təmsil etməyi özlərinin müqəddəs borcu hesab edir və bu işi cəsarətlə yerinə yetirirlər. Prezident İlham Əliyevin dünya Azərbaycanlılarının IIİ Qurultayındakı çıxışı isə bütün diaspor təşkilatları üçün yeni bir fəaliyyət proqramı olacaq. İnanırıq ki, bu qurultay Azərbaycan diaspor təşkilatlarının gələcək fəaliyyətinin təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret işlərin görülməsi üçün müəyyən strategiyanın hazırlanmasına xidmət edəcək.
Biz, Stavropol azərbaycanlıları, indiyədək yaşadığımız regionunun Azərbaycanın dostu olması üçün əlimizdən gələni etmişik. Bunun üçün vilayətin qubernatoru ilə çox fəal işlər aparmış, qubernatorun başçılığı ilə 18 nəfərlik nümayəndə heyətini Azərbaycana dəvət etmişik. Bu ilin aprel ayında Stavropol qubernatoru 135 nəfərlik nümayəndə heyəti ilə yenidən ölkəmizdə olub, burada ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanıb. Qonaqlar Stavropola ölkəmiz haqqında xoş təəssüratlarla qayıdıblar. Təsəvvür edin ki, bu əlaqələr ərazisində 150 min erməninin yaşadığı Stavropol kimi bir vilayətlə qurulub və bu regionun rəhbəliyi Azərbaycana qarşı erməni təcavüzünün hər üzü ilə yaxından tanış ediliblər. Bütün bu addımlar Azərbaycanın erməni təcavüzünə son qoymasına, Qarabağ torpaqlarının düşmən tapdağından azad edilməsinə hesablanıb. Arzumuz budur ki, dünya azərbaycanlılarının növbəti qurultayını azad edilmiş Dağlıq Qarabağda keçirək!

{nl}

Paşa ƏMİRCANOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında