Caferali Taşbağ: Heydər Əliyev Azərbaycan diasporunu formalaşdırdı, İlham Əliyev isə Azərbaycan-türk diaspor iş birliyinə nail oldu
{nl}
Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən xarici nümayəndələrin hər biri ölkəmizdə gördükləri sosial-iqtisadi inkişafdan böyük məmnunluqla danışır, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi ilə fəxr edirlər.
Qardaş Türkiyədən olan qurultay iştirakçıları isə soydaşlarımızın bu ali məclisində fəxr etməli başqa bir məqam da görürdülər: "Qurultayda ən böyük nümayəndə heyəti ilə iştirak edən iki ölkədən biri Türkiyədir". Qeyd edək ki, Rusiya və Türkiyədən olan nümayəndə və qonaqlar daha çox idi. Türkiyəli qurultay nümayəndəsi, iş adamı Caferali Taşbağ isə ölkəmizin hərtərəfli inkişafını gənc müstəqil Azərbaycanın yaratdığı xarüqələr kimi qiymətləndirdi: - Bu mənim Azərbaycana ilk gəlişim deyil. Ölkənizdə dəfələrlə olmuşam. Hər dəfə gələndə də qardaş ölkədə gördüyüm yeniliklər, inkişaf və hətta, Avropa səviyyəsində olan müasirləşmə məni məmnun edir. İndi görürəm, başqa ölkələrdən - yəni Avropadan, Amerikadan, Kanadadan gələn qurultay nümayəndələri Azərbaycanda gördüklərinə heyran olurlar. Mən isə heyran olmuram, sadəcə bu xarüqələrlə fəxr edirəm. Azərbaycan xalqının xoşbəxtliyidir ki, 1993-cü ildə bu dövlətin rəhbərliyinə Heydər Əliyev kimi müdrik dövlət adamı gəldi. Siz onu ümummilli lider adlandırırsınız. Haqqınız var. Ancaq mənim fikrimcə Heydər Əliyev təkcə azərilərin milli lideri deyil, o, bütün türk dünyasının barmaqla göstərilə bilən ulu öndərlərindən biridir.
- Elə indi toplaşdığınız qurultay da ulu öndərin siyasi kursunun təntənəsi kimi qiymətləndirilir.
- Dünya Azərbaycanlılarının Qurultayı beynəlxalq aləmdəki Azərbaycan diasporunun bir yerə cəmləşməsi deməkdir. Mən milyonlarla şahiddən biriyəm ki, bu diasporu Heydər Əliyev formalaşdırıb. O, hansı ölkəyə gedirdisə, oradakı azərbaycanlılarla görüşür, bütün soydaşlarını müstəqil Azərbaycan ətrafında birləşməyə çağırırdı. Soydaşları da ona inanır, liderliyini qəbul edirdilər. Çünki hamı görürdü ki, Azərbaycan xalqının Heydər Əliyevdən başqa lideri yoxdur. O, şəriksiz öndər idi. Mən bu məqamda bir məsələni də yada salmaq istəyirəm. Heydər Əliyev demişdi ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Xatırladım ki, Türkiyədə bu məntiqi hamı böyük səmimiyyətlə qəbul edib. Elə Azərbaycanda da o ifadə ilə hamı razıdır. Ancaq mərhum Heydər Əliyev Türkiyəyə gələndə belə, yenə də proqrama əlavə olaraq oradakı soydaşları ilə, əslən Azərbaycandan olan insanlarla görüşməyə çalışır, buna nail olurdu. Mən o fikirlə razıyam ki, öz xalqına Heydər Əliyev qədər bağlı olan liderlər az-az doğulur.
- Üçüncü qurultay sizdə hansı təəssüratları yaratdı?
- Təəssüratlar çoxdur, zəngindir və bir-birindən dəyərlidir. Xüsusən, cənab Prezident İlham Əliyevin nitqindəki qətiyyət və gənc müstəqil Azərbaycanın sabahına olan inam məni çox məmnun etdi. İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün çox böyük işlər görür. İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra bu tərəqqi daha da sürətlənəcək. Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə olan inam və ümid isə gündən-günə artır. Rusiya heç zaman görünməyən bir fəallıq nümayiş etdirir, Minsk qrupu üzvləri münaqişənin həllinə tələsir, Türkiyə əzəli qətiyyətindən dönmür, Azərbaycan dövləti siyasi arsenal ilə yanaşı hərbi arsenalı da gücləndirir və sairə. Yeri gəlmişkən, ötən ay Bakıda keçirilmiş hərbi parad Azərbaycanda nə qədər sevinclə qarşılanmışdısa, Türkiyədə də bir o qədər məmnunluq yaratdı. Yəni bu münaqişə başa çatsa Azərbaycanın inkişafı bütün dünyada nümunə olacaq.
Qurultay təəssüratlarımın sırasında məni məmnun edən ikinci məsələ Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri vəzifəsinə cənab İlham Əliyevin seçilməsi oldu. İndi artıq bu şuranın qərarları daha kəskin, sözü daha kəsərli olacaq. Bir də ki, cənab İlham Əliyev Azərbaycan diasporunun türk diaspor təşkilatları ilə birgə işləməsinin əsas ideoloqlarından biridir. Heydər Əliyev dünyada Azərbaycan diasporunu formalaşdırmışdı, İlham Əliyev isə azəri-türk diaspor təşkilatlarının birgə fəaliyyətinə nail oldu. Cənab Əliyev bu işə öz şəxsi nümunəsi ilə, rəsmi şəkildə start vermişdi. Mən İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini nəzərdə tuturam. O zaman türkiyəli və azərbaycanlı deputatların bir fraksiyada birləşdirilməsini bacaran İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Ermənistanı işğalçı dövlət kimi tanıyan sənəd qəbul etməsinə nail olmuşdu. Mən inanıram ki, cənab İlham Əliyevin sədrliyi ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası daha böyük uğurlara imza atacaq.
- Siz Prezident İlham Əliyevin azəri-türk diaspor təşkilatlarını birləşdirməsini qeyd etdiniz. Bakıda bu məzmunda bir tədbir də keçirilmişdi.
- Yadımdadır. İkinci qurultaydan bir il sonra - 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Forumu keçirilmişdi. Həmin tədbir bütün türkdilli xalqların həyatında mühüm hadisə idi. Mən yenə də deyirəm, Prezident İlham Əliyev türk dünyasının birliyinə çox böyük önəm verir və bu sahədə xüsusi uğurlara imza atır. Ötən il Almaniyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Dünya Azərbaycanlı Gənclərinin I Konqresində də Türkiyə təmsilçiləri və türk diaspor nümayəndələri fəal iştirak etmişdilər. Əminəm ki, bu tendensiya yüz illər, min illər boyu davam edəcəkdir.
- Bakıdan ayrılarkən ölkəmizə və xalqımıza nə arzulayacaqsınız?
- Şahidi olduğum tərəqqinin əbədiləşdirilməsini. Dünya Azərbaycanlılarının daha möhkəm birliyini, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da genişləndirilməsini və türk dünyasının qüdrətli sabahını arzulayacağam. Belə xalqı, belə dövləti və belə dostları olan ölkənin möhtəşəm tərəqqisi şəksizdir. Ümid edirəm ki, dördüncü qurultaya Xankəndindən, Şuşadan da nümayəndələr dəvət olunacaq.
- O zaman yenə qəzetimizə müsahibə verərsiniz.
- Hətta, sizinlə Şuşaya da gedərəm.
{nl}
Qələmə aldı: İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.