Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi reklam sahəsinin də inkişafında müəyyən nailiyyətlər əldə olunmuşdur. Azərbaycan reklamçıları istər daxili, istərsə də dünya reklam bazarında öz uğurlu işləri ilə milli reklam sənətinin inkişafına qiymətli töhfələrini verirlər. Azərbaycan reklamı inkişaf dinamikasına görə MDB məkanında öncüllər sırasındadır. Milli reklamın inkişafı vəziyyəti barədə ətraflı məlumat əldə etmək üçün Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, beynəlxalq səviyyəli ekspert, professor Cahid Həsənova müraciət etdik.
- Cahid müəllim, bu gün Azərbaycanda reklamın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Mən bir faktı deyim ki, rəhbərlik etdiyim Azərbaycan Reklamçılar Assosiasiyası Ümumdünya Reklamçılar Assosiasiyasının üzvüdür və özüm də bu təşkilatın Cənubi Qafqaz regionu üzrə ekspertiyəm. Əlbəttə, bu ilk növbədə Azərbaycan reklam sənətinin nailiyyətidir.
Son iki ili Azərbaycan reklam bazarını dünya reklam bazarı ilə müqayisə edəndə ilk növbədə müəyyən statistik məlumatları nəzərdən keçirsək məncə, yerinə düşər. Dünya reklam ekspertləri hər il ayrı-ayrı ölkələrdə bu sahəyə qoyulan investisiyaların dinamikasını müəyyən edirlər. Bu sahədə birinci yerdə Çin Respublikası durur. MDB məkanında birinci yerdə son illərə qədər Rusiya Federasiyası dayanırdı. Artıq ötən il bu sahədə inkişaf dinamikasına görə Azərbaycan önə çıxmışdır. Bu, böyük nailiyyətdir və inanıram ki, Azərbaycan bu sürəti uzun illər saxlayacaqdır. Bu artım Azərbaycanda 20-22 faizə çatmışdır. Hansı ki, inkişaf etmiş ölkələrdə illik inkişaf dinamikası 5-10 faizə bərabərdir.
- Azərbaycanda hansı sahələrdə reklam daha sürətlə inkişaf edir?
- Daxili reklam bazarına nəzər yetirsək görərik ki, bu dinamika daha çox mətbuat və televiziya sahəsini əhatə edir. Açığını deyim ki, Azərbaycan tamaşaçısı son vaxtlar televiziya proqramlarında reklamın çoxluğundan gileylənir. Əslində isə, bu o deməkdir ki, Azərbaycanda ümumi inkişafa dəstək verəcək reklam bazarı güclənməkdədir.
Açıq hava reklamları da kifayət qədər inkişaf etdirilmişdir. Rusiyada açıq hava reklamları əsasən böyük şəhərləri əhatə edirsə, regionlarda bu sahədə boşluqlar çoxdur. Bizdə isə ölkənin hansı bölgəsinə gedirsən yol boyu inkişafımızı, regionların tarixini, mədəniyyət abidələrimizi əks etdirən reklamlar sıralanır. Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq reklamların da sayı çoxalmaqdadır.
Dünyada reklamın inkişaf dinamikasına görə birinci yerdə duran Çində də regionlar üzrə reklamın inkişaf səviyyəsi o qədər yüksək deyil.
Azərbaycanda reklamın inkişafı ölkənin ümumi inkişafı ilə paralel şəkildə aparılır. İndi təkcə böyük şəhərlərimizə deyil, regionlarımıza da səfər edən reklam ekspertləri bizim iqtisadi inkişafımızı reklamlar vasitəsilə aydın şəkildə görə bilirlər. Bu isə bizim inkişafımızı əks etdirən çox mühüm vasitədir.
- Dünya reklam bazarına Azərbaycanın inteqrasiyası vəziyyəti necədir?
- Artıq bu sahədə turizmlə bağlı çox mühüm nailiyyətlər var. Dünyanın bir çox ölkələrinin televiziyaları Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları nümayiş etdirirlər. Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq turizm sərgilərində Azərbaycan təbiətini, tarixi və mədəniyyət abidələrimizi kifayət qədər reklam edirlər.
Möhtərəm Prezidentimizin idmana göstərdiyi qayğı nəticəsində Azərbaycan idmançıları tez-tez beynəlxalq yarışlarda iştirak edir, qələbələr qazanırlar. Hər dəfə yeni zəfər çalanda Azərbaycan bayrağının qaldırılması, himnimizin səsləndirilməsi elə ölkəmizin reklamı deyilmi?
Bundan başqa Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş mütəmadi keçirilən tədbirlər də əsl mənada Azərbaycanın dünyada reklam olunması nümunələridir. Bu, sosial reklamdır.
Amma bütün bu uğurlarımızla yanaşı, hələ ki, dünyaya inteqrasiya sahəsində bəzi ləngimələr müşahidə olunur. Belə ki, Azərbaycanın böyük reklam şirkətlərinin dünyanın mötəbər festivallarında iştirakı təmin olunmur. Bu çox vacib məsələdir. Mənim Qafqaz üzrə iki il nümayəndəsi olduğum Kann Şirləri Beynəlxalq Festivalına hələ də Azərbaycan reklam şirkətlərini cəlb edə bilmirik. Onlar bu işə nədənsə ehtiyatla yanaşırlar. Dövlət səviyyəsində onlara münbit şərait yaradılsa da, elə bir nəticə hələ də yoxdur. Yəqin onlar ehtiyat edirlər ki, orada kifayət qədər nailiyyət qazana bilməyəcəklər. Qoy olsun. Məgər Rusiya ilk dəfədənmi bu festivalda uğur qazandı? Əsla yox. Amma tədricən hər şey dəyişdi, qələbə də oldu, mükafat da. On-on iki minə yaxın reklam işi hər il bu festivala təqdim olunur. Biz də heç olmasa on-on beş reklam versək, onların təcrübəsini öyrənsək yaxşı olmazmı?
Biz hər vasitə ilə Azərbaycanımızı dünyada reklam etməliyik. Buna bizim hər cür imkanımız və şəraitimiz var.
- Bilmək istərdik ki, siz hazırda reklamla bağlı hansı işləri görürsünüz?
- Bu yaxınlarda "Lənkəranın memarlıq abidələri" adlı kitabım çapdan çıxmışdır. İstədim ki, anadan olduğun bu torpağın nadir memarlıq abidələri ilə oxucuları tanış edim. Hazırda iki kitabımı da tamamlamışam. "Dünya reklamının tarixi" adlı birinci kitabımın nəşri yaxın vaxtlarda tamamlanacaq. O, ingilis dilində də çap ediləcək. Artıq bu kitabla bağlı ABŞ-dan sifariş də almışam. Bu kitabda demək istəmişəm ki, reklam yalnız alqı-satqı deyil, o, millətlər arasında körpüdür, mənəviyyat sahəsidir.
İkinci kitabım da əyləncə xarakterlidir. "Məşhurların reklam macəraları" adlı bu kitabımın da oxucularda böyük maraq doğuracağına əminəm. Hər iki kitab reklamla bağlıdır.
- Ölkədə reklamçı kadrların hazırlanması vəziyyəti sizi qane edirmi?
- Bilirsiniz, Azərbaycan müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməyə hazırlaşır. Bu çox da böyük tarix deyil. İndi ölkənin ali və orta ixtisas təhsili müəssisələrində yeni ixtisaslar yaradılır, kadr hazırlığına diqqət artırılır. Reklam sahəsində də bəzi məktəblərimizdə kadrlar yetişdirilir. Gələcəkdə reklam üzrə ayrıca bir ali məktəb açılması yaxşı olardı.
{nl}
Müsahibəni apardı: Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.