Azərbaycan dövləti və diasporunun birliyi ümummilli problemlərin həllinə kömək edir

Dünən Bakıda, Heydər Əliyev Sarayında öz işinə başlayan Dünya Azərbaycanlılarının III Qurultayına soydaşlarımızın yaşadıqları, demək olar ki, bütün ölkələrdən nümayəndələr gəlmişdilər. Artıq kifayət qədər formalaşmış, ana Vətənlə əlaqələri lazımınca möhkəmlənmiş diaspor təşkilatlarımızın nümayəndələri yenidən Azərbaycan paytaxtında toplaşaraq gələcək fəaliyyət üçün istiqamətləri müəyyənləşdirməyə başlayıblar.
Bu gün onların qarşısında dayanan mühüm vəzifələr Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizin məruz qaldığı hərbi təcavüzün aradan qardırılmasına yardımçı olmaq, erməni diasporu tərəfindən ölkəmizə qarşı davam etməkdə olan ideoloji təxribatlara cavab vermək, dünya ictimaiyyətində Azərbaycanla bağlı reallığı əks etdirən imic formalaşdırmaqdır. Bu vəzifələrin həlli üçünsə mütləq mütəmadi olaraq bir araya gəlmək, koordinasiyalı fəaliyyət yollarını müəyyənləşdirmək lazımdır. Qurultay iştirakçılarından bir qismi ilə söhbətimiz də məhz bu barədə oldu.
Qulam Abiyar, Fransadakı diaspor təşkilatının üzvü:
- Mən əslən Cənubi Azərbaycandanam, artıq 34 ildir ki, Parisdə yaşayıram. Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədriyəm. Təşkilatımız mütəmadi olaraq Fransada milli mədəniyyətimizin təbliği ilə bağlı müxtəlif tədbirlər təşkil edir, sərgilər, konsertlər keçirir. Çalışırıq ki, bu tədbirlərə fransızları daha çox cəlb edək, onlarda ölkəmiz haqda doğru-düzgün təsəvvür yaranmasına kömək edək.
Eyni zamanda, son illərdə bütün Avropa ölkələrində olduğu kimi, Fransadakı Azərbaycan diasporu da güclənməkdədir. Müqayisə üçün qeyd edim ki, 90-cı illərdə bu ölkədə azərbaycanlıların sayı çox az idi. Ölkəmiz müstəqillik qazandıqdan və dünya ölkələri ilə əlaqələri genişləndikdən sonra isə bura gələn soydaşlarımızın da sayı artdı və diaspor təşkilatımız formalaşdı. Bu gün Fransada yaşayan azərbaycanlılar vahid milli ideya istiqamətində fəaliyyət göstərir, mütəmadi olaraq bir yerə toplaşaraq bu və digər məsələnin müzakirəsini təşkil edir, bu ölkədə yaşayan və Azərbaycanı nüfuzdan salmaq istəyən erməni diasporu nümayəndələrinin təxribatlarının qarşısını alırlar.
Bu işlərin görülməsində Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun köməyini həmişə hiss edirik. Səfirimiz çox fəal, işgüzar və qabiliyyətli insandır. Həmişə diaspor təşkilatının fəaliyyəti ilə yaxından maraqlanır, lazım gələndə istiqamət verir, ehtiyac olanda bizi himayə edir. Fəaliyyətimiz isə əsasən ölkənin ayrı-ayrı yerlərində Azərbaycanın təbliği ilə bağlı tədbir keçirmək, Azərbaycan haqqında yaradılmış səhv fikirləri dağıdaraq real imic formalaşdırmaq, millətimizin sülhsevər, tolerant olduğunu yerli əhali arasında yaymaqdır.
Eyni zamanda, Fransada zaman-zaman qondarma "erməni soyqırımı" məsələsi gündəmə gətirildikcə bu barədə həqiqətləri söyləməyə çalışır, bunun üçün qəzet və jurnallarda məqalələrlə çıxış edir, dövlət, hökumət, parlament nümayəndələri ilə görüşlər keçiririk. Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu məsələ ilə bağlı da görüşlərimiz olur. Artıq tərəddüdsüz demək olar ki, Azərbaycan diasporunun səsi fransız cəmiyyətində aydın eşidilir, ayrı-ayrı strukturlar tərəfindən qəbul edilir.
Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsi isə alqışalayiqdir. Bu ənənənin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz məhz bu qurultaylar zamanı ideya-siyasi cəhətdən lazımınca silahlanır, istiqamətimizi düzgün müəyyənləşdirə, görəcəyimiz işləri planlaşdıra bilirik. Keçən qurultaya Fransadan böyük bir nümayəndə heyəti ilə gəlmişdik - təxminən 30 nəfər. Bu dəfəki tədbirdə 8 nəfərlik nümayəndə qrupu ilə ilə təmsil olunuruq. Bu cür tədbirlər işimizə olduqca müsbət təsir göstərir, həm müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla tanış olur, əlaqələr qurur, həm də bir-birimizin işini, təcrübəsini mənimsəyir, öz fəaliyyətimizdə istifadə edirik. Eyni zamanda, dövlət başçımızın bizdən - diaspor təşkilatlarından nə kimi fəaliyyət gözlədiyini öyrənirik. Bütün bunlar işlərimizi düzgün qurmaqda bizə kömək edir. Prezident İlham Əliyevin III qurultaydakı çıxışını da təşkilatımızda diqqətlə təhlil edərək qarşımızda duran vəzifələri müəyyənləşdirəcəyik.
Təhmasib Zeynalov, Stavropoldakı "Araz" Azərbaycan İcmasının sədr müavini, Cənub və Şimali Qafqaz üzrə regionlararası vətəndaş cəmiyyətinin inkişafı və insan haqları ictimai şurası sədrinin birinci müavini:
- Təşkilatımız 2005-ci ildə yaradılıb, Stavropol, Kislovodsk, Pyatiqorsk, Minvodı regionlarını əhatə edir. Artıq formalaşma dövrünü başa çatdırmış təşkilat sözügedən ərazilərdə yaşayan soydaşlarımızı vahid milli ideya ətrafında birləşdirib. Azərbaycanın köklü problemləri, əsasən də Dağlıq Qarabağ problemi ilə bağlı mütəmadi olaraq müzakirələrimiz olur. Bu kimi məsələlərlə əlaqədar yerli dövlət strukturlarının rəhbərləri ilə görüşürük. Rusiya Prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəliyi yaradılandan sonra bu qurumun rəsmi şəxsləri ilə də görüşlərimiz olub. Bilirsiniz ki, bizim yaşadığımız zonada ermənilər də yaşayır, onların da diaspor təşkilatı fəaliyyət göstərir. Bu baxımdan bizim diaspor təşkilatının gücləndirilməsi məsələsi gündəlikdədir.
Eyni zamanda, təşkilatın həyata keçirdiyi tədbirlər nəticəsində soydaşlarımızın bir yerə toplaşaraq Azərbaycanın dövlət bayramlarını birgə qeyd etməsi artıq ənənə şəklini alıb. Bu kimi tədbirlər isə insanlarımız arasında birliyin möhkəmlənməsinə xidmət edir.
Qarşımızda duran əsas vəzifələrdən biri də yetişməkdə olan gənc nəslə yüksək səviyyədə qayğı və diqqət göstərməkdir. Təşkilatımız yeniyetmə və gənclərin ali təhsil almasına xüsusi fikir verir. Bununla bərabər, ali təhsilli gənclərimizin dövlət strukturlarında yer tutmalarına yardım etmək də vacib vəzifələrdən biri kimi qarşımızda dayanır. Ümumi məqsədimiz gənclərimizin bazarlara deyil, universitetlərə cəlb olunmasını təmin etməkdir. Çünki artıq bazarda oturmaqla milli mənafelər naminə çalışmaq mümkün deyil.
Bugünkü qurultaya da böyük ümidlərlə gəlmişik. İnanırıq ki, Azərbaycan dövləti və diasporunun birgə, əlbir fəaliyyəti ölkəmizin problemlərinin həllinə kömək edəcək.
Volodımır Serhiçuk, Ukraynadakı "Platforma Avrasiya" İctimai Təşkilatının sədri, tarix elmləri doktoru, professor:
- Mən Dünya Azərbaycanlılarının III Qurultayındakı iştirakımdan çox məmnunam. Azərbaycan haqqında çox oxumuşam, iqtisadi uğurlarınızla qiyabi də olsa, tanışam. Lakin Bakıda gördüklərim təsəvvür etdiklərimdən daha parlaq və inandırıcı oldu. Qurultayın birinci günü böyük məmnuniyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli nitqini dinlədim. Bu, Vətənini hədsiz dərəcədə sevən, ona qəlbi, ağlı, zəkası ilə bağlı olan, millətinin gələcəyinə inanan, bu yolda bütün enerjisini sərf etməyə qadir olan xalqına və özünə inamı olan əsl liderin çıxışı idi.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Prezident haqlı olaraq qeyd etdi ki, bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə ölkənin zəngin neft kapitalını zəka, intellekt kapitalına çevirməkdir. Bu, çox düzgün və strateji baxımdan perspektivli yoldur. Azərbaycanın düzgün idarəçiliyi onun gənc, perspektivli kadrlarından çox asılıdır. Yaxşı haldır ki, Azərbaycan dövləti bu mühüm məsələyə lazımi diqqət yetirir.
Qeyd edim ki, dövlət başçısının parlaq nitqi bu mötəbər tədbirə böyük enerji ötürdü, bütün başqa çıxışlara müsbət təsir göstərdi. Bəli, qurultayın birinci iş gününün belə uğurlu keçməsində İlham Əliyevin böyük rolu oldu. Başqa çıxışlar da çox təsirli idi. Çıxışların intellektual səviyyəsi də məni razı salırdı. İnanıram ki, üçüncü qurultay tam uğurla başa çatacaq, burada irəli sürülən mühüm vəzifələr həyata keçəcəkdir.
Bizim xalqlarımızın qədim dostluq əlaqələri var. Ukrayna və Azərbaycan xalqları arasındakı bu dostluq münasibətləri müstəqil dövlətlərimizin daha da yaxınlaşmasına səbəb olubdur. Dövlətlərimizin liderləri bu əlaqələrin daha da genişləndirilərək inkişaf etdirilməsi üçün çalışırlar. Ukraynada kifayət qədər böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir çoxu ölkəmizin ictimai-siyasi həyatında təmsil olunublar. Mənim azərbaycanlılarla şəxsi əlaqələrim də güclüdür. Azərbaycanlıların çox qonaqpərvər, və xeyirxah insanlar olduqlarını da yaxşı bilirəm, səmimiyyətinə həmişə heyran olmuşam.
Bu gün Bakıda insanları üzügülər, xoşbəxt gördüm. Qurultay işini başa çatdırandan sonra Bakının tarixi yerləri ilə mütləq tanış olmaq arzusundayam. Sonda bildirmək istəyirəm ki, mən Azərbaycanın parlaq gələcəyiynə çox inanıram. Ümid edirəm ki, Azərbaycan bundan sonra daha da tərəqqi edəcək, Qafqazda liderliyini daim qoruyub saxlaya biləcəkdir.

Paşa ƏMİRCANOV, Məsaim ABDULLAYEV, Rafiq SALMANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında