İsveçli soydaşımız: "Azərbaycan bu gün Avropada təkcə Cənubi Qafqazı deyil, həm də bütün türk dünyasını təmsil edir"

Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin aparıcı simaları növbəti dəfə Bakıda toplaşdılar. İyulun 5-də Heydər Əliyev adına Sarayda Dünya Azərbaycanlılarının III Qurultayı təntənəli şəkildə öz işinə başladı. Qurultayda çıxış edənlər həmrəyliyimizin, birliyimizin əhəmiyyətindən söz açdılar, səmərəli və maraqlı təkliflər səsləndirdilər.
Onlardan hər biri müxtəlif ölkələrdən gəlsələr də, məqsəd, amal bir idi. O da Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə fəaliyyət göstərməsini təmin etmək və qısa zamanda yeni-yeni uğurlar qazanmaqdı. Tədbir iştirakçılarından biri - İsveçdəki Qarabağ Dərnəyinin rəhbəri, fəlsəfə elmləri namizədi Abdulla Cavanşir də tarixin dünya azərbaycanlılarının qarşısında bir vəzifə kimi qoyduğu bu məqsədə nail olacağımıza əmindir. Bu mənada qurultayın əhəmiyyətindən danışan A.Cavanşir dedi:
- Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır. Özünün iqtisadi inkişafı ilə möcüzələr yaradır. Dünya Azərbaycanlılarının III Qurultayı da məhz belə bir şəraitdə keçirilir. Qurultayın qərarları dünyada olan 50 milyon azərbaycanlını yaxından maraqlandırır. Mən bilirəm ki, onların hamısı tədbirin nəticələrini həsrətlə gözləyirlər. Bundan başqa, Azərbaycanın dünyada tanıdılması, imicinin daha da güclənməsi məqsədiylə mühüm addımların atılması üçün də qəbul olunan qərarları əhəmiyyətli hesab edirəm. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın da diqqətdən kənarda qalmaması məni sevindirir. Bu da təbiidir. Çünki oradakı soydaşlarımız Azərbaycan Respublikasını öz dövlətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi isə 50 milyonluq Azərbaycan xalqının Prezidenti hesab edirlər.
Onu da deyim ki, mən dünya azərbaycanlılarının Bakıda keçirilən bütün qurultaylarında iştirak etmişəm və hər dəfə də həmin tədbirlərdən sonra diaspor fəaliyyətinin daha da gücləndiyinin, yeni-yeni nailiyyətlər qazandığımızın şahidi olmuşam. Sonuncu qurultaydan bu tərəfə xaricdəki Azərbaycan cəmiyyətləri böyük uğurlara imza atmış, yeni-yeni təşəbbüslərlə çıxış etmiş və fəaliyyət dairələrini genişləndirmişlər.
"Eurovizion" mahnı müsabiqəsində qazandığımız möhtəşəm qələbəni də buna misal göstərmək olar. Bu, bizim diasporun dünyadakı gücünü və hansı səviyyəyə yüksəldiyimizi açıq şəkildə göstərir. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gücünün göstəricisi, Azərbaycan xalqının yüksək mədəniyyətinin möhtəşəm uğurudur.
Mən fəxrlə deyə bilərəm ki, inkişaf etmiş, dünyada özünün incəsənəti, ədəbiyyatı, elm xadimləri ilə tanınmış Azərbaycan bu gün Avropada təkcə Cənubi Qafqazı deyil, həm də bütün türk dünyasını təmsil edir. Bu mənada Qərbdə bizə münasibət müsbət mənada xeyli dəyişib. Mən deyərdim ki, biz bu sahədə qardaş Türkiyəni də geridə qoymuşuq. Avropalılarla söhbətimdə mən bunun dəfələrlə şahidi olmuşam. Onlar Azərbaycanın Avropaya daha yaxın olduğunu və ölkəmizin Avroatlantik məkana daha sürətlə inteqrasiya edəcəklərinə əminliklərini ifadə edirlər. Daha doğrusu, bunu arzulayırlar. Və ona da əmindirlər ki, Azərbaycan müasir Avropa sivilizasiyasına böyük töhfələr vermək iqtidarında olan yüksək intellektual potensiala malikdir.
Bütün bunlar xaricdəki erməni lobbisini çox narahat edir. Biz onların təlaşlandığının və bəzən bizim təşəbbüslərimiz, fəaliyyətimiz qarşısında aciz qaldıqlarının dəfələrlə şahidi oluruq. Onu da deyim ki, Azərbaycan Respublikasının güclənməsi, nüfuzunun artması diasporumuzun nüfuzunun artmasına böyük təsir göstərir, onun fəaliyyətinə güclü təkan verir. Ölkəmiz hər dəfə bir uğur qazananda bu, bizi həddindən artıq sevindirir, fəxr edirik, xaricdə ölkəmiz naminə daha da ciddi çalışırıq.
- İndiki şəraitdə Azərbaycan diasporunun, xüsusən, Avropadakı fəaliyyəti və gördüyü işlər çox əhimiyyətlidir. Siz cəmiyyətlərimizin ümumilikdə Avropadakı fəaliyyətindən razısınızmı?
- Biz bu günədək çox böyük təşkilatlanma mərhələsini keçmişik. Hazırda mütəşəkkil şəkildə birgə fəaliyyət göstəririk. Əlbəttə, əldə etdiyimiz uğurlarla kifayətlənməməliyik. Yeni hədəflərə doğru irəliləməliyik və fəaliyyətimizi daha da genişləndirməliyik. Əminliklə deyə bilərəm ki, diasporumuz hər il daha da güclənir, fəaliyyət göstərdikləri ölkələrdə ictimai rəyin formalaşmasında yaxından iştirak edirlər. Bu proseslər İsveçdə də müşahidə olunmaqdadır. Avropanın aparıcı dövləti olan İsveçdə biz daim gündəmi diqqətlə izləyir, lazım olan məqamda öz sözümüzü deyirik.
Hər bir aparıcı ölkədə olduğu kimi, İsveçdə də ermənilər istər Azərbaycanın, istərsə də Türkiyənin əleyhinə təbliğat işlərindən əl çəkmirlər. Etiraf edək ki, əvvəllər onların bu hərəkətlərinə "dur!" - deyən yox idi və ya olsa belə indiki qədər sərt deyildi. Ancaq bugün artıq ermənilər İsveçdə əvvəlki kimi meydan sulaya bilmirlər. Çünki dərhal qarşılarında Azərbaycan diasporunu görürlər və lazımi cavablarını alırlar.
Ötən zaman ərzində erməni təbliğatının qarşısının alınması üçün xeyli iş görmüşük. Xüsusən, Xocalı soyqırımı və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə ənənəvi olaraq, bu hadisələri əks etdirən broşurları yayırıq, televiziya, radio proqramlarında, qəzetlərdə çıxış edirik. Bundan başqa, istər Şimali, istərsə də Cənubi Azərbaycandan gələnlərin bu ölkəyə inteqrasiyasına köməyimizi əsirgəmirik. Tələbə-gənclərimizin təhsilini daha yaxşı şəraitdə davam etdirmələrinə dəstək veririk. Azərbaycan ilə İsveç elmi ictimaiyyəti arasında əlaqələrin genişləndirilməsi istiqamətində də səylərimizi əsirgəmirik. İsveçlilərin Azərbaycan ilə daha yaxından tanış olmaları üçün onların ölkəmizə səfərlərini təşkil edirik. Onu da deyim ki, Azərbaycanın füsünkar təbiətini görən isveçlilər hər il bura yenidən gəlmək istədiklərini dəfələrlə bizə bildiriblər.
- Abdulla müəllim, siz dəfələrlə Azərbaycana gəlmisiniz. Bu dəfəki gəlişinizdə sizin diqqətinizi Bakıdakı hansı dəyişikliklər daha çox cəlb etdi?
- Mən axırıncı dəfə beş il bundan əvvəl Bakıda olmuşam. O vaxtdan bu günədək, deyərdim ki, Bakının siması inanılmaz dərəcədə dəyişib. Bakı bu gün elə bir səviyyəyə çatıb ki, artıq onu ancaq inkişaf etmiş Qərb ölkələrinin paytaxtları ilə müqayisə etmək olar. İnfrastruktur yenilənib, nəhəng binalar tikilib, şəhərdə çox gözəl abadlıq işləri görülüb. Necə deyərlər, Bakı zövqlə bəzədilib. 50 milyonluq bir xalqın paytaxtı da ancaq belə gözəl və möhtəşəm olmalıdır.
Kütləvi İnformasiya Vasitələrindən mənə aydın olur ki, inkişaf təkcə Bakını əhatə etmir. Azərbaycanın regionları da sürətlə inkişaf edir. Burada müasir tələblərə cavab verən yeni infrastruktur salınır, yeni binalar inşa olunur. Azərbaycanda turizm sahəsinin inkişaf etməsi də əhəmiyyətli hadisədir. Yeni müasir tipli beşulduzlu otellər istifadəyə verilir. Mən əminəm ki, gələn il Bakıda keçiriləcək "Eurovizion" mahnı müsabiqəsində bura gələcək yüzlərlə avropalı bizim Azərbaycana heyran olacaqdır.
Sonda Bakıda keçirilən hərbi parad barədə öz fikirlərimi "Xalq qəzeti"nin oxucuları ilə paylaşmaq istərdim. Sözün açığı, mən paradı televiziya ekranlarından izləyəndə sevincimdən gözlərim doldu. Fəxr etdim ki, Azərbaycanın nizam-intizamlı, qüdrətli, müasir silahlarla təchiz olunmuş ordusu var və bu ordu hər an işğal altında olan torpaqlarımızın azad olunması üçün son sözü deyə bilər.
Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, biz artıq müdafiədən hücuma keçməliyik. Bu, həm diplomatiya, həm diaspor fəaliyyətində, həm də yeri gələndə döyüş meydanında özünü göstərməlidir. Mən fəxrlə deyə bilərəm ki, Azərbaycan sadaladığım həmin sahələr üzrə lazımi gücə malikdir. Azərbaycanın xaricdə yaşayan bütün övladları da Vətənimiz naminə hər bir addımı atmağa hazırdır.

{nl}

Müsahibəni qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında