Türkdilli ölkələrin Parlament Assambleyasının beynəlxalq aləmdəki mövqeləri getdikcə möhkəmlənir

Müsahibimiz Türk PA-nın Baş katibi Ramil Həsənovdur

{nl}

- Ramil müəllim, hadisələrin gedişi göstərir ki. Türkdilli Ölkələrin Parlament Assambleyasının mövqeyi getdikcə möhkəmlənir, fəaliyyəti genişlənir. Bu qurumun beynəlxalq aləmdə nüfuzunun artmasını mötəbər tədbirlərə dəvət alması da təsdiqləyir. Bu barədə bir qədər ətraflı məlumat vermənizi xahiş edirik.
- Türkdilli Ölkələrin Parlamen Assambleyası (Türk PA) son dövrlərdə fəaliyyətini müxtəlif sferalarda uğurla davam etdirməkdədir. Qurumun son zamanlar həyata keçirdiyi ən böyük tədbirlərdən biri Türk PA-nın ikinci plenar sessiyası olmuşdur. Türk PA-nın plenar sessiyasının uğurla başa çatması çox önəmli bir haldır. Çünki Türk PA artıq beynəlxalq parlament təşkilatı olaraq həm üzv dövlətlər arasında, həm də beynəlxalq arenada öz nüfuzunu yüksəltməsi baxımından konkret addımlar atdığını plenar sessiya vasitəsilə də sübut etdi.
Plenar sessiya Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuşdu. Ona görə də sessiya bir növ bayram əhval-ruhiyyəsində keçirildi. Dörd ölkə bu tədbirdə tam heyətlə təmsil olunmuşdu. Yəni, hər bir üzv dövlətin parlament sədrləri rəhbərlik etdikləri nümayəndə heyəti ilə birlikdə tam şəkildə iştirak etmişlər. Bu özü də Türk PA-ya üzv dövlətlərin quruma olan diqqətinin bariz nümunəsidir. Qeyd etdiyim kimi, plenar sessiya müstəqilliyimizin 20-ci ildönümünə həsr edildiyindən tədbirdən əvvəl böyük bir sərgi açılmışdı. Sərgi "Müstəqillik-20: tarixdən gələcəyə" adlanırdı. Bu sərgidə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın 20 illik müstəqillik dövründə hansı zaman kəsiyindən keçib hansı zirvəyə, inkişaf tempinə gəlib çıxdıqları müxtəlif əyani vəsaitlərlə nümayiş etdirilmişdir. Sərginin açılışında Türk PA-ya üzv dövlətlərin parlament sədrlərinin də iştirakı tədbirin xüsusi əhəmiyyət kəsb etdiyindən xəbər verirdi. Parlament sədrləri öz çıxışlarında 20-ci ildönümlə əlaqədar ölkələrində həyata keçirilən tədbirlərlə əlaqədar ətraflı məlumat vermişlər.
Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da geniş məruzə ilə çıxış etdi. Məruzənin əsas hissəsi Azərbaycanın türk dövlətləri içərisində, həmçinin dünya birliyindəki inkişaf tempindən bəhs edirdi. Bu məruzəni dinləyən hər bir şəxsə məlum oldu ki, Azərbaycanın müstəqilliyini qazanmasından qısa vaxt keçməsinə baxmayaraq, sosial, siyasi və iqtisadi sahədə çox böyük uğurlar qazanılmışdır. Mən Türk PA-nın Baş katibi kimi neytral mövqedə olsam da, deməliyəm ki, tədbirdə iştirak edən nümayəndələr, kütləvi informasiya vasitələrinin əməkdaşları, həmçinin dəvət olunmuş qonaqlar sərgi ilə tanışlıqdan sonra Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu günə qədər sürətli inkişaf yolu keçməsini çox yüksək dəyərləndirdilər. Sərgidə nümayiş etdirilən şəkillər və digər əyani vəsaitlər Azərbaycanın inkişaf tempini açıq şəkildə təsdiqləyirdi. Təbii ki, bütün bu uğurların qazanılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti və düşünülmüş siyasi xətti ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirmiş, nüfuzunu getdikcə artırmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir cərgədə çəkilir. Azərbaycan da digər türkdilli dövlətlər kimi Türk PA-ya çox böyük önəm verir.
- Bizdə olan məlumata görə Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri Türk PA-nın daimi komissiyalarından birinə sədr seçilib. Bu, o deməkdir ki, ölkəmizə beynəlxalq aləmdə böyük etimad göstərilir.
-Beynəlxalq parlament təşkilatlarında daimi komissiyalar fəaliyyət göstərir. ATƏT, MDB, Avropa Şurası Parlament assambleyalarında və digərlərində belə daimi komissiyalar mövcuddur. Türk PA da beynəlxalq qurum olduğundan 4 daimi komissiyanın yaradılması qərara alındu. Bunlardan biri mədəni, sosial və humanitar məsələlər, digəri beynəlxalq əlaqələr, üçüncüsü iqtisadiyyat, ticarət və maliyyə, dördüncüsü isə hüquq məsələləri daimi komissiyalarıdır. Bu daimi komissiyaların hər birinə üzv ölkələrin deputatlarından səsvermə yolu ilə sədr seçildi. Azərbaycan Milli Məclisinin deputatı, akademik Əhliman Əmiraslanov yekdilliklə Türk PA-nın plenar sessiyasında beynəlxalq əlaqələr daimi komissiyasının sədri seçildi. Məlumat üçün qeyd edim ki, hər daimi komissiyanın tərkibi 8 deputatdan ibarətdir. Hər komissiya Türk PA-nın üzvü olan ölkələrdən 2 deputatla təmsil olunub. Bu komissiyaların iş prinsipi, fəaliyyəti, hansı məsələləri müzakirə etmələri və digər vəzifələri rəsmi hüquqi sənəd olan Türk PA-nın reqlamentində öz əksini tapıb. Artıq daimi komissiyaların səlahiyyətləri müəyyənləşdirilmiş və ildə bir dəfədən az olmayaraq, iclasların keçirilməsi qərara alınmışdır. Məlumat üçün qeyd edim ki, bu il oktyabrın 20-25-də Türk PA-nın beynəlxalq əlaqələr daimi komissiyasının ilk iclası Azərbaycanda keçiriləcək. Bununla bağlı artıq hazırlıq prosesinə start verilib. Eyni proses Türkiyə, Qazaxıstan və Qırğızıstanda da həyata keçiriləcək. Qeyd edim ki, bizim ölkəmizə beynəlxalq qurumlarda böyük etimad göstərilir, nümayəndə heyətimizin üzvləri mühüm vəzifələrə seçilirlər. Bu da Azərbaycanın dünya birliyində mövqeyinin getdikcə möhkəmlənməsindən xəbər verir.
- Türk PA-nın daimi komissiyalarını digər parlamentlərin daimi komissiyalarından fərqləndirən xüsusiyyətləri varmı?
- Qeyd edim ki, bütün ölkələrin parlamentində fəaliyyət göstərən daimi komissiyaların iclaslarında müzakirə olunub qəbul edilməyən hər hansı məsələ plenar iclasa çıxarılmır. Eyni status Türk PA-nın da iş prinsipinə daxil edilib. Bu, beynəlxalq təcrübədən irəli gəlir. Artıq bundan sonra Türk PA-nın plenar sessiyasında hər hansı bir ölkə qətnamə və ya hər hansı bir məsələ ilə bağlı qanun layihəsi çıxarıb müzakirə etmək istəyirsə, öncə bunu müvafiq komissiyanın iclasından keçirməlidir. Əks halda bu sənədlər plenar sessiyanın müzakirəsinə çıxarılmayacaq.
- Türk PA-nın nümayəndələri artıq beynəlxalq qurumların tədbirlərinə dəvət alır, müxtəlif ölkələrdə keçirilən prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak edir. Bu, o demək deyilmi ki, artıq Türk PA beynəlxalq aləmdə nüfuz qazanır və mövqelərini getdikcə möhkəmləndirir?
- Təbii ki, belədir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, qısa müddət ərzində Türk PA beynəlxalq aləmdə özünü tanıda bilmişdir. Belə ki, 2010-cu ilin oktyabrında biz Qırğızıstanda keçirilmiş parlament, həmin ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkilərində, 2011-ci ilin aprel ayında Qazaxıstanda növbədən kənar keçirilmiş prezident seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etmişik. Bizim müşahidəçilər seçkilərin yekunu ilə əlaqədar rəsmi rəyini açıqlamış, bütün dövlətlərin xarici işlər nazirliklərinə, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlara yekun rəyini göndərmiş və seçkilərin nəticələri ilə əlaqədar fikrini bildirmişdir. Ümumiyyətlə, dünya miqyasında adətən beynəlxalq parlament təşkilatları o zaman ciddi parlament təşkilatları kimi tanınır ki, bu qurumlar eyni zamanda seçki proseslərində müşahidəçi qismində iştirak edirlər. Bu, həmin təşkilatın nüfuzunun və imicinin göstəricisidir. Türk PA-nın da qısa müddət ərzində üç seçkini müşahidə etməsi onun haqqında ATƏT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı Parlament Assambleyası, Avropa Parlamenti və digər nüfuzlu qurumlar tərəfindən hörmətlə qarşılanan mötəbər beynəlxalq təşkilat imici formalaşdırmışdır. Məlumat üçün qeyd edim ki, Türk PA-nın plenar sessiyasında bu qurumun mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində çox ciddi işlər görülür. Bu məqsədlə qurumun reqlamentində və Katibliyin Əsasnaməsində, həmçinin İstanbul Anlaşmasında çox ciddi əlavə və düzəlişlər edilib. İlk növbədə Türk PA-nın dörd daimi komissiyası yaradıldı. Quruma üzv dövlətlərin nümayəndələrinin sayı 7-dən 9-a çatdırıldı. Məlum olduğu kimi, Türk PA beynəlxalq təşkilatdır. Ona görə də digər beynəlxalq qurumlarla əməkdaşlıq əsasən ingilis dilində aparılırdı. Ona görə Assambleya Şurası və plenar sessiya qərara aldı ki, ingilis dili Türk PA-nın rəsmi dilləri tərkibinə daxil edilsin. Bu da bütün yazışmaların, əməkdaşlığın və digər fəaliyyət növlərinin ingilis dilində aparılmasına imkan yaradacaq. Bu, qurumun beynəlxalq təşkilatlara inteqrasiyasında müsbət rol oynayacaq. Plenar sessiya Türk PA-ya, hətta üzv olmayan dövlətlərdə keçirilən seçkiləri müşahidə etmək təklifi gələrsə, o beynəlxalq müşahidəçi missiyasını yerinə yetirməyə hazırdır.
Türk PA-nın reqlamentinin 23-cü maddəsi məhz bu məsələni özündə əks etdirir. Həmin maddədə yazılıb:"Assambleyaya üzv və üzv olmayan dövlətlərdən təklif və ya dəvət gəldiyi halda, Assambleya üzv olan ölkələrin parlamentlərinin deputatlarından və Türk PA Katibliyinin üzvlərindən ibarət beynəlxalq müşahidəçilər qrupu ilə müvafiq seçkiləri müşahidə edə bilər". Digər maddədə isə qeyd edilib: "Türk PA beynəlxalq müşahidəçilər qrupu, qurumun baş katibinin təqdimatı və Assambleya Şurasının razılığı ilə Assambleyanın əməkdaşlıq etdiyi digər beynəlxalq təşkilatlarla birlikdə Assambleyaya üzv olmayan ölkələrdə belə seçkiləri müşahidə elə bilər". Səlahiyyətlərin artırılması və genişləndirilməsi bir daha təsdiqləyir ki, Türk PA-nın beynəlxalq aləmdəki fəaliyyəti getdikcə möhkəmlənir.
- Siz tez-tez müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Türk PA-nın Baş katibi, neytral mövqedə olan beynəlxalq diplomat kimi Azərbaycanın dünya birliyindəki nüfuzu barədə fikrinizi bilmək istərdik. Axı siz iştirakçısı olduğunuz beynəlxalq tədbirlərdə bunun canlı şahidi olursunuz.
- Təbii ki, mən beynəlxalq normalara uyğun olaraq tutduğum vəzifəyə görə neytral mövqedə olmalıyam və çıxışlarımda konkret bir ölkənin adından danışa bilmərəm.
Türk PA-nın Baş katibi kimi dörd ölkənin mənafeyini və mövqeyini müdafiə edirəm. Bütün bunlara baxmayaraq, sualınızı cavablandırmalıyam. Mən ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edərkən Azərbaycana olan münasibətin, ölkənin inkişafı ilə əlaqədar səsləndirilən fikirlərin şahidi oluram. Onu da qeyd edim ki, Azərbaycanda baş verən proseslər çox diqqətlə izlənilir. Bu da ondan irəli gəlir ki, ölkə müstəqillik yolunda gənc olmasına baxmayaraq, beynəlxalq aləmdə çox böyük uğurlar qazanmış, qısa vaxt ərzində nüfuz sahibi olmuş, sürətli iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Diqqətinizə çatdırım ki, Azərbaycanda gedən demokratik proseslər beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Son illər Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün sanki çox əlverişli bir yerə çevrilib. Bu da təsadüfi deyildir. Çünki mötəbər tədbirlərin keçirilməsi üçün bir sıra zəruri şərtlər irəli sürülür. Artıq Azərbaycan bütün sahələr üzrə bu şərtlərə cavab verir. Ona görə də beynəlxalq tədbirlərin məhz bizim ölkəmizdə keçirilməsi məqsədəuyğun hesab edilir. Azərbaycan hazırda təkcə beynəlxalq tədbirlərin keçirilməsinə yox, eyni zamanda beynəlxalq təşkilatlara ev sahibliyi etməyə də qadirdir. Fakt üçün deyim ki, Türk PA-nın Katibliyi Azərbaycanda yerləşir. Bunun özü də Azərbaycanın imicinə böyük xeyir gətirir. Azərbaycan müstəqillik tarixində ilk dəfədir ki, beynəlxalq təşkilatın şöbəsinə deyil, baş ofisinə ev sahibliyi edir. Bu, xarici siyasətimizin uğurlarını əks etdirən çox önəmli faktdır. Bir var ki, hansısa bir beynəlxalq təşkilatın nümayəndəliyinə ev sahibliyi edəsən, bir də var ki, təşkilatın baş ofisinə. Bu gün Azərbaycan artıq beynəlxalq təşkilatın baş ofisinə ev sahibliyi edir. Bakı beynəlxalq təşkilata ev sahibliyi edən bir şəhər, paytaxt kimi tanınır. Hər hansı bir beynəlxalq tədbirdə iştirak edərkən Türk PA-nın baş ofisinin Azərbaycanda yerləşdiyini deyəndə, bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. 51 dövlətin parlament sədrinin iştirak etdiyi İslam Əməkdaşlığı Təşkilatının parlament Assambleyasında, 155 dövlətin parlamentlərinin iştirak etdiyi Beynəlxalq Parlamentlərarası İttifaqda, ATƏT Parlament Assambleyasının tədbirlərində və digərlərində iştirak edərkən Azərbaycan haqqında bizə verilən suallar da ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasından xəbər verir. Ümumiyyətlə, son illər Azərbaycana hədsiz marağın yarandığının şahidi olmuşuq. Bu da xarici siyasət kursunun məntiqli, düşünülmüş surətdə həyata keçirilməsinin nəticəsidir. Azərbaycanın təkcə iqtisadi sahədə yox, mədəni, idman sahələrində qazandığı uğurlar da ölkənin daha geniş şəkildə tanınmasında müstəsna rol oynayır. Məsələn, bu günlərdə "Evrovision" müsabiqəsində Azərbaycanın birincilik qazanması çox böyük nailiyyətdir. Bu, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qələbəsidir. Fəxrlə demək olar ki, bu qələbə Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin, müvəffəqiyyətlə atdığı qətiyyətli addımların yekunudur. Bu, sadəcə mədəni uğur yox, ölkənin imici baxımından böyük nailiyyətdir. Hətta avropalı diplomatlar deyirlər ki, bundan sonra Avropadakı insanlar xəritəni qarşılarına qoyub Azərbaycanı axtaracaqlar. Bu, çox böyük qələbədir və qiyməti pulla ölçülməyən, sadəcə ciddi iş, real bacarıq və əzab-əziyyətin, gərgin fəaliyyətin nəticəsində tarixə yazılan nailiyyətdir.

{nl}

Müsahibəni apardı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında