Son vaxtlar Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə aparılan geniş, irimiqyaslı işlər barədə bir neçə yazı vermişik ki, bu da təsadüfi deyil. Çünki burada aparılan geniş quruculuq, yenidənqurma işlərinə biganə qalmaq olmur. Ən maraqlı, diqqətçəkən məqam odur ki, şəhərin bütün sahələrində- abadlığında, yaşıllığında, iqtisadiyyatında, tikintisində, milli memarlığında, mənəvi dəyərlərin qorunmasında, təhsilində, səhiyyəsində eyni cür sürətli, keyfiyyətli və olduqca perspektivli işlər görülür. Adam istər-istəməz bu işlər başa catdırıldıqdan sonra şəhəri göz önünə gətirir və onun necə əsrarəngiz olacağını görür.
Biz şəhərin müxtəlif təbəqələrindən olan adamlarla tez-tez görüşüb söhbət edir, onların fikirlərini öyrənir, Gəncənin bugünündən, sabahından danışırıq. Gələcəkdə qəzetimizin səhifələrində bu mövzuya tez-tez toxunacağıq.
Budəfəki müsahibimiz müxtəlif vaxtlarda Gəncədə rəhbər partiya, sovet, nəzarət, təsərrüfat orqanlarında çalışmış, Milli Məclisin deputatı olmuş, hazırda Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin müdiri Nizami Əhmədovdur.
-Nizami müəllim, bu şəhərdə doğulmusunuz, müxtəlif rəhbər vəzifələrdə çalışmısınız. Necə deyərləır, şəhəri "beş barmağınız" kimi tanıyırsınız. Bu gün Gəncə necə görünür?
-Müsahibə üçün məni seçdiyinizə görə sizə təşəkkür edirəm. Qəzetiniz ölkədə gedən sürətli inkişafı,xüsusilə regionların inkişafını daim izləyir və işıqlandırır. Mən bilirəm ki, Gəncə sizin üçün də xüsusi olaraq əzizdir. Sualınıza gəlincə isə şəhər bu günlərdə böyük tikinti meydançasını xatırladır. Son vaxtlar Gəncədə olmayanlar şəhərə gələrkən gözlərinə inanmır və heyrətlərini gizlədə bilmirlər. Park və xiyabanlarda, hündürmərtəbəli binalarda, şəhərin asfalt yollarında, müxtəlif sosial obyektlərdə aparılan təmir-tikinti işləri şəhərin simasını tamamilə dəyişməyə başlayıb. İndi gəncəlilər çox böyük həvəslə, iftixar hissi ilə öz şəhərlərinin gözəlləşməsindən danışır. Bu mənəvi dəyərlərin daşıyıcısı olan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bütün gəncəlilərin arzu və istəklərinin, niyyətlərinin həyata keçməsindən ötrü cəfakeş insanlara xas olan nümunə göstərir. Gəncənin sürətli inkişafını sakinlər ölkə Prezidenti cənab İlham Əliyevin bu qədim şəhərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirir və ona əməli fəaliyyətləri, tükənməz sədaqətləri ilə cavab verəcəklərini söyləyirlər.
- Şəhər rəhbərliyinin fəaliyyəti ilk günlər heç də birmənalı qarşılanmadı. Amma bu gün vəziyyət, deyəsən, dəyişib...
- Gəncə böyük şəhərdir, 350 mindən artıq əhalisi var.Yeniliklər isə bütün insanlar tərəfindən birmənalı qarşılanmır.Xüsusilə də belə hallar şəhərin arxitekturasına xələl gətirən qanunsuz tikili və yüksəkmərtəbəli binalarda artırmaların sökülərək qaydaya salınması tələbi qoyularkən baş vermişdi. Sonradan isə vətəndaşlar işlərin nəticəsini gördükdə əmin oldular ki, məqsəd onlara daha yaxşı yaşamaq, daha yaxşı istirahət etmək üçün şərait yaratmaqdır.Məsələn, keçmiş N.Nərimanov, indiki Nizami Gəncəvi prospektində 25-dən artıq yüksəkmərtəbəli binanın dam örtüyü müasir layihə ilə dəyişdirildi, binaların həyətində ümumi istifadə sahələri qanunsuz xırda tikililərdən, on illərlə toplanmış məişət tullantılardan təmizləndi.Yaşıllıqlar, vətəndaşların istirahəti üçün oturacaqlar və uşaqların əylənməsi üçün guşələr bərpa edildi. Görülən işləri sakinlər ölkə başçısı cənab İlham Əliyevin və şəhər rəhbərliyinin qayğısı və diqqəti kimi qiymətləndirərək minnətdarlıqlarını bildirdilər. Qeyd etmək yerinə düşər ki, son vaxtlar Gəncə şəhərində görülən işlər haqda ölkənin rəhbər təşkilatlarına sadə vətəndaşlarımız tərəfindən çoxlu sayda minnətdarlıq məktubları və teleqramlar ünvanlanır. Hiss olunur ki, Gəncənin günü-gündən gözəlləşməsi onları sevindirir.Sevindirir ona görə ki, gəncəlilər bundan sonra gələn qonaq-qara qarşısında daha vüqarlı dayanacaq, gəncəli olmaları ilə, şəhərlərinin gözəlliyi ilə daha çox fəxr edəcəklər.
-Şəhərdə tarixi-memarlıq abidələrinə münasibət mənə Gəncədə 70-ci illərin sonu, 80-ci illərin əvəllərini xatırladır. Amma bu dəfə 100-150 illik tarixi olan qırmızı kərpicdən hörülmüş, milli ornamentli fərdi yaşayış binaları da öz əvvəlki görkəminə qaytarılır.
- Gəncə çox yüksək mədəni dəyərlərə malik qədim şəhərdir.Bu şəhər tarixin bütün məqamlarında öz tarixiliyini,öz gözəlliyini saxlamış, günü-gündən inkişaf etmişdir. Qeyrət və mərdlik rəmzi kimi tanınan Gəncə tarix boyu ticarətin, mədəniyyətin, sənətkarlıq və şəhərsalmanın uğurla inkişaf etdiyi bir məkan olmuşdur. XX əsrin 70-ci illərindən başlayaraq, Gəncə respublikamız üçün xüsusi əhəmiyyət kəsb edən şəhər kimi inkişaf etməyə başladı. Bu inkişaf ulu öndərimiz Heydər Əliyevin adı ilə bilavasitə sıx bağlı oldu. Həmin illərdə Gəncə yalnız Azərbaycanın deyil, həm də keçmiş ittifaqın mühüm əhəmiyyət kəsb edən sənaye şəhərlərindən birinə çevrildi. Lakin SSRİ dağıldıqdan sonra bu şəhərin də sosial-iqtisadi həyatında ciddi problemlər yarandı. Hazırda Gəncənin intensiv inkişafını təmin edən respublika Prezidenti cənab İlham Əliyev şəhərin tarixinin bərpa və tədqiq edilməsinə xüsusi önəm verir.
Ölkə başçısının fəaliyyəti və səyi nəticəsində Gəncədə tarixi yaddaşın dirçəlişi üçün diqqətəlayiq işlər görülür. Gəncənin tarixi simasını, qədimiliyini qoruyub saxlamaq və onu inkişaf etdirib müasirləşdirmək barədə konkret tapşırıqlar verilmişdir. Həmin tapşırıqlara əsasən, bərpa və təmir-tikinti işlərində bir sıra məsələləri əhatə edən tövsiyələr işlənib hazırlanmışdır.Belə ki, Aran memarlıq məktəbinin mərkəzi olmuş Gəncədə tikinti işlərində ənənəvi olaraq kərpicdən geniş istifadə edildiyinə görə, yeni binaların inşası və köhnə binaların təmiri zamanı onların fasadına kərpicdən və kərpic elementlərindən istifadə etmək qərara alınmışdır.
Eyni zamanda, araşdırılaraq müəyyən edilmişdir ki, Gəncədə tarixi 150-200 ildən çox olan kərpicdən inşa olunmuş 400-dən artıq memarlıq abidəsi var. Onların da tam bərpasına başlanmışdır. Məsələn, Çökək hamam, Karvansaray, ilk rabitə-poçt nazirliyi üçün inşa olunmuş mərkəzi poçtun binası, M.A.Abbaszadə küçəsində yerləşən qadın məsləhətxanasının binası, İ.Qayıbov küçəsində yerləşən Gigiyena-Epidemiologiya Mərkəzinin binası, Heydər Əliyev küçəsində əməkdar artist mərhum Mobil Əhmədovun yaşadığı bina və s.
- Şəhərin baş meydanı da indi başqa görünüş alıb...
- Bəli, təkcə baş meydan deyil, Heydər Əliyev, Ş.İ.Xətai, Atatürk, N.Nərimanov prospektlərində, Nizami küçəsində, Heydər Əliyev parkında, şəhərin bütün giriş və çıxışlarındakı şose yollarında aparılan işlər daha çox diqqəti cəlb edir.İstər şəhərin mərkəzi və baş meydanında, istərsə də bütün küçə, prospekt, park və xiyabanlarda aparılan işlər göz oxşayır və şəhərə xüsusi yaraşıq verir.Görülən işlər şəhər sakinlərinin ürəyincədir. Baş meydanın ətrafında olan yaşayış binalarının icra hakimiyyətinin inzibati binasının arxitekturasına uyğunlaşdıraraq yenidən qurulması üçün böyük layihə hazılanıb və bu işlərə başlanılıb. Meydana açılan binalar inzibati bina ilə bir memarlıq ansanblı təşkil edəcək. Meydanda və meydanətrafı bütün yaşıllıqlar xüsusi dizaynerlər və mütəxəssislər tərəfindən işlənilir.Bu ərazidə hündürlüyü 100 metrdən artıq olan Azərbaycan Bayrağı quraşdırılacaq. Eyni zamanda, ölkədə və şəhərdə baş verən proseslərlə vətəndaşlarımızı operativ məlumatlandırmaq üçün baş meydanda ölçüləri 100 kvadratmetrdən böyük monitor quraşdırılacaq.
Aparılan tikinti-quruculuq və abadlıq işlərinin vüsəti onu deməyə əsas verir ki,Cənubi Qafqazın ən qədim şəhərlərindən biri olan Gəncə qısa müddət ərzində öz tarixiliyini saxlamaqla dünyanın ən müasir şəhərlərindən birinə çevriləcəkdir.
-Nizami Gəncəvi bizim qürurumuzdur. Dahi şairin adı ilə bağlı həyata keçirilən işlər gəncəlilərin ürəyindən xəbər verir. Hər ilin payızında keçirilən Poeziya günlərində Gəncəyə gələn qonaqlar yəqin ki, bu dəfə daha möhtəşəm işlərlə tanış ola biləcəklər.
-Şəhərə Bakı istiqamətindən daxil olan hər bir şəxs əzəmətli tikinti-quruculuq və abadlıq işlərinin şahidi olur.Yolun kənarında böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi də daxil olmaqla ərazidə nəhəng təmir-tikinti işləri aparılır.
Nizami Gəncəvinin məqbərəsinə 4-5 kilometr qalmış əzəmətli ölçülərdə Gəncə Qalası tikilir, sonra məqbərə istiqamətində yolboyu Nizami Gəncəvinin əsərlərindən heykəlləşdirilmiş illüstrasiyalar və fəvvarələr quraşdılacaq, yaşıllıqlar salınacaq. Təqribən 2-3 kilometr məsafədə tikintinin həcmi və heykəllərin ölçüsü məsafayə nisbətdə elə böyük seçilmişdir ki, şəhərə avtomobillərlə gələn insanlarda "Nizami dünyası" duyğuları yaşadacaq. Tikinti həcminə görə ölkədəki heç bir tikinti ilə müqayisə oluna bilməyəcək qədər böyükdür. Nizami Gəncəvi ilə əlaqədar işlər bununla bitmir. Ölkə başçısının göstərişi ilə Gəncə Elm Mərkəzinin nəzdində Nizami Gəncəvi mərkəzi yaradılıb. Gələcəkdə müstəqil fəaliyyət göstərəcək bu mərkəz üçün şəhərin mərkəzi hissəsində yer ayrılacaq və bina tikiləcək. Hazırda Nizami Gəncəvinin 870 illiyinə hazırlıqla əlaqədar şəhər icra hakimiyyətinin rəhbərliyi ilə geniş tərkibdə nizamişünaslar şurası yaradılıb və işlər görülür.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun köməkliyi ilə yubiley ərəfəsində bir çox Avropa və MDB ölkələrində Nizami günləri keçiriləcək və Nizami Gəncəvinin heykəlləri quraşdırılacaq.
-Son dövrdə şəhərdə irimiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə başlanmışdır. Gəncə öz qədimiliyini, tarixiliyini saxlamaqla müasirləşir.
-Gəncənin bütün küçə və prospektlərində sıralanmış hündürmərtəbəli binaların fasadları və dam örtükləri dəyişdirilir. Park və xiyabanlarda təmizlik işləri aparılır, gül-çiçək və bəzək kolları əkilir, yeni qazonlar salınır, əhalinin istirahəti üçün guşələr yaradılır, ərazilər məişət tullantılarından təmizlənir, yerüstü kommunikasiya vasitələri yerin altına salınır və şəhərin sanitariya durumu yüksəlir. Obyektlərin, mağazaların, müxtəlif tikililərin yenidən qurulması,tərtibatı ilə bağlı demək olar ki, heç bir problem yoxdur. Bu işlər könüllülük əsasında obyekt və mağaza sahibləri, həmçinin şəhərin memarlıq idarəsi tərəfindən təmənnasız işlənib təqdim olunmuş layihə əsasında aparılır. Nəzərə almaq lazımdır ki, obyekt və ya mağaza sahibi də gəncəlidir və onlar da Gəncənin gözəl və baximlı olmasını istəyirlər.Ona görə də bu işdə çox böyük vətənpərvərlik və gəncəlilik var. Görülən işlər sırasında həcmcə daha çox yer alan mühəndis-kommunikasiya xətlərinin (qaz boruları, işıq xətləri,su boruları və telefon kabelləri və s.) yerin altına salınmasıdır.Bildiyimiz kimi, mühəndis - kommunikasiya xətləri yerin üstü ilə dayaqlarla, işlədicilərlə paylanırdı.Bu isə həm müasir şəhərsalma qaydalarına ziddir, həm də ən əsası şəhərin görünüşünə xələl gətirir.
Yüksək gərginlikli hava xətlərinin bir neçə yerdə şəhərin içəricindən, yaşayış evlərinin üstündən keçməsi isə insanların həyatı üçün olduqca təhlükəlidir.Ona görə də bu işlərin görülməsi çox vacibdir.Qaz paylayıcı stansiyadan şəhərə yerin üstü ilə çəkilmiş 500 millimetr diametrdə magistral metal boru 5 kilometr məsafədə 300 millimetrlik müasir plastik boru vasitəsi ilə yerin altına salındı. Evlərə əvvəllər çəkilmiş metal borular da plastik borularla əvəz olunmaqla yerin altına salınır. Bu günədək 7 kilometr magistral qaz xətti, 3 kilometr paylayıcı xətt, 10 kilometrə qədər telefon kabelləri yerin altına salınmaqla çəkilib. 10-12 kilometr məsafədə şəhərin içərisindən keçən və dayaqlarla çəkilmiş yükcək gərğinlikli elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunması üçün tədbirlər görülür.Qaldı ki, su-kanalizasiya sisteminin yeniləşməsinə, bu, ölkə miqyaslı bir layihədir. Almaniyanın KFW bankının uzunmüddətli krediti hesabına gerçəkləşdiriləcək bu layihəyə təqribən 200 milyon dollara yaxın vəsait xərclənəcək. Göy-Göldən və Şəmkir çaydan Gəncəyə yeni su xətləri çəkiləcək, su anbarları tikiləcək, şəhərdaxili paylayıcı su xətləri dəyişdiriləcək.Yaxın gələcəkdə Gəncə əhalisi gün ərzində fasiləsiz içməli su ilə təmin olunmaq imkanı qazanacaqdır.
Artıq bu sahədə layihələşdirmə işləri başa çatıb və yaxın vaxtlarda işin icrasına başlanacaqdır.Gəncənin su-kanalizasiya sisteminin yenidənqurulması Regionların sosial-iqtisadi inkişaf proqramına daxil edilib və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində gerçəkləşir.
İki prospektin adlarına yerdəyişmə edildi. Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin şəhərin mərkəzi küşəsi dominant binanın, yəni şəhər icra hakimiyyətinin inzibati binasının yerləşdiyi prospektin adı ulu öndərimiz Heydər Əliyevin adına verildi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə şəhərdə mövcud olan adsız küçələr müəyyənləşdi. Belə küçələrin sayı 200-dən artıq idi və həmin küçələrə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş gəncəlilərin adı verildi.
Heydər Əliyev parkı ərazisinə görə respublikamızda ən böyük parkdır.Parkın ərazisi 330 hektar təşkil edir. Bir müddət parkda olan su mənbələri (subartezianlar) işləmədiyindən yaşıllıqların bir hissəsi sıradan çıxmışdı. İndi burada 10 ədəd subartezian quyusu təmir olunaraq işə salınıb. Əlavə olaraq 50-yə yaxın su maşını gündəlik parkın suvarılmasına ayrıldı. Qurumuş ağaclar dəyişdirildi,əlavə olaraq 20 mindən artiq ağac əkildi. Yaxın gələcəkdə Heydər Əliyev parkı ən müasir, ən abad, gəncəlilərin və qonaqların ən yaxşı istirahət edəcəyi məkana çevriləcək.
Heydər Əliyev parkının Nizami küçəsindən yeni girişinin və bu hissədə Heydər Əliyev Mərkəzinin inşa olunması layihəsi hazırlanıb. Milli arxitekturaya uyğun giriş qapılarına, geniş xiyabana, müasir yaşıllıq zolağına malik sahədə Heydər Əliyev mərkəzinin çox möhtəşəm binası tikiləcək. Artıq icrasına başlanıb.
Gəncədə Yeni Səbiskar qəbristanlığı adlandırılan yerdə 366 şəhidin məzarı və qəbirüstü abidəsi var. Lakin keçən əsrin 90-cı illərində qəbirüstü abidələr quraşdırılarkən maddi çətinlikdən səriştəsizlikdən qəbirüstü abidələrin forma və ölçülərində müxtəlifliyə yol verilib, nisbətən ucuz üzlük materiallardan istifadə olunub. Şəhidlər Xiyabanında ümumi ziyarət abidəsi ucaldılmayıb, xiyabanın abadlaşmasına, yenidənqurulmasına ehtiyac var.Ona görə də şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə şəhid ailələri ilə razılaşaraq şəhidlər kompleksinin yenidənqurulması layihəsi hazırlandı, Gəncə şəhərində yeni yaradılmış Memarlar şurasında müzakirə olunaraq qəbul edildikdən sonra işin icrasına başlanıldı. Şəhidlər Xiyabanının layihəsinə əsasən bütün məzarüstü abidələr eyni formada və ölçüdə müasir üzlük materiallarla üzlənir, qara qranitdən başdaşı quraşdırılır.Sıralanmış qəbirlərin ətrafı üzlük daşlarla abadlaşdırılır. Şəhidlər Xiyabanında hündürlüyü 20 metrdən yüksək möhtəşəm abidə ucaldılır, geniş xiyaban qurulur və bura, sözün həqiqi mənasında, gəncəlilərin heç vaxt unutmayacağı ziyarət yerinə çevriləcək.
Göy-Göl rayonundan Gəncəyə giriş yolunun üstündə, şəhərin səfalı guşəsində yerləşən, 1957-ci ildə şəhərə çəkilmiş bulaq suyunun borusuna birləşdirilmiş "Üç bulaq" kompleksi gəncəlilərə və qonaqlara xidmət göstərir. "Üç bulaq" kompleksi uzun illər istismarda olduğundan tikinti hissəsi aşınmış, ətrafı yararsız hala düşmüşdür. Ona görə də bulağın və ətrafının yenidənqurulması layihəsi hazırlandı və yeni layihəyə görə bulaqların sayı beşə catdırılmağa və ətrafında vətəndaşların istirahəti üçün şərait yaratmaqla icrasına başlandı. Layihəyə əsasən bulaq kompleksi milli-memarlıq ənənələrinə uyğun formada, qranit və kərpic materialdan inşa olunur. Yenidənqurmadan sonra "Beş bulaq" insanların istifadəsinə veriləcək.
Gəncədə işıqlanma sisteminin və alçaqgərginlikli xətlərin, dayaqlarının dəyişdirilməsi sahəsində də ciddi iş aparılır.
Köhnəlmiş,şəhərin görünüşünə xələl gətirən, kobud beton işıqlanma dirəkləri və alçaqgərginlikli paylayıcı xətlərin dirəkləri yeni, müasir və yaraşıqlı dirəklərlə əvəzlənir.Müasir və gözəl işıq plafonları quraşdırılır.Qısa müddətdə şəhərin Heydər Əliyev, Atatürk prospektlərində, N.Nərimanov, Nizami, Ə.Əliyev, Ü.Hacıbəyov, Z.Hacıyev küçələrində 1000-dən artıq işıqlanma dirəkləri və paylayıcı xətlərin dirəkləri dəyişdirilmişdir. İşlər davam edir.
{nl}
Söhbəti yazdı: Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.