Dövlət qulluqçusu unutmamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur.
- Bəhram müəllim, hər il iyun ayının 23-ü Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir. İstərdik ki, bu bayram barədə oxucularımıza ətraflı məlumat verəsiniz.
- Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin günü Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis etmişdir. Bu bayram ölkəmizdə 2006-ci ildən qeyd olunur.
- Dövlət qulluqçusu kimdir və ölkənin idarə edilməsində onun hansı rolu var?
- Hər bir dövlət qulluqçusu ilk növbədə dövlətin güzgüsüdür. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində qeyd edilir ki, dövlət qulluqçusu maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maaş isə yalnız dövlət büdcəsi vəsaitindən ödənilə bilər. Eyni zamanda, qanunda vurğulanır ki, inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir."
Məhz dövlət qulluqçusunun öz işinə münasibəti ölkə vətəndaşlarının dövlət idaretmə orqanlarına münasibətini formalaşdıran əsas amildir. Buna görə də, dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq dövlət qulluqçusuna nə qədər şərəf gətirirsə, onu mənəvi cəhətdən nə qədər zənginləşdirirsə, bir o qədər də, üzərinə məsuliyyət qoyur.
- Dövlət qulluğu sahəsində aparılan dövlət siyasətinə məsul olan qurum Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır. Rəhbərlik etdiyiniz komissiyanın əsas vəzifələri nədən ibarətdir?
- Komissiyanın gördüyü işlər barədə danışmazdan öncə onun yaranmasını şərtləndirən amilləri qeyd etmək lazımdır. Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyev çox ağır bir dövrdə hakimiyyətə gəldi. Ölkəmiz parçalanmaq üzrə idi, dövlət hakimiyyəti iflic olmuşdu. Dövlət qulluğunda çalışanlar xalqın gözündən düşmüş, dövlət rəhbərliyinə inamsızlıq yaranmışdı. Məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi və gərgin əməyi dövlətimizi bu təhlükədən qurtara bildi. Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa edilməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması prosesinə başlandı və bu yöndə kompleks tədbirlər görüldü. Belə tədbirlərdən biri də 2000-ci ilin iyun ayında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu oldu. "Dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları da məhz bu qanunla gündəmimizə daxil oldu. Qanunun əsas məqsədlərindən biri dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması yolu ilə vətəndaşların dövlət idarəetmə strukturlarında işə qəbul olunmasında bəzi məmurların yaratdığı süni əngəllərin aradan qaldırılması idi.
Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin bütün sahələrdə başladığı işlər uğurla və sürətlə inkişaf edir. Respublikamızda dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədi ilə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiya bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.
2006-cı ilin oktyabrından fəaliyyətə başlayan Komissiya qarşısına qoyulan məqsədlərə çatmaq üçün tələb olunan bütün işləri uğurla həyata keçirir. Belə ki, Komissiya dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir, təkliflər hazırlayır, dövlət qulluqçuları üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə təlimlər təşkil edir, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirir.
- Dövlətimiz ildən-ilə daha da inkişaf edir, güclənir və müasirləşir. Dövlət qulluğuna qəbul sizin rəhbərlik etdiyiniz Komissiya vasitəsilə aparılır. Biz də bilirik ki, Komissiyanın dövlət qulluqçusu olmaq arzusunda olan vətəndaşlara qarşı yüksək tələbləri var. Sizcə, müsabiqələrdə iştirak edən namizədlər dövlət qulluğunun bugünkü tələblərinə cavab verirmi?
- Dövlət qulluğu sahəsində kadrların seçilməsi və yerləşdirilməsi xüsusi yanaşma və diqqət tələb edir. Komissiya da fəaliyyətində məhz bu amili daim diqqət mərkəzində saxlayır. Bizim dövlət qulluğuna qəbulla bağlı verdiyimiz elanlara baxanda, dövlət qulluqçusu olmaq istəyənlərə qarşı tələblərimizi görmək olar. Peşəkar, müasir dünyagörüşlü və yüksək təhsilli kadrların dövlət qulluğuna cəlb edilməsi məqsədilə elanlarda iş yerinin ünvanı, vəzifə maaşı ilə yanaşı, qulluq funksiyaları, vəzifənin tutulması şərtləri, o cümlədən ali ixtisas təhsilinə, staja, xarici dil və kompyuter biliklərinə dair tələbləri də göstəririk. Bundan başqa dövlət qulluğuna gələn vətəndaş Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları bilməlidir. Eyni zamanda, vətəndaşın qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan haqqında ümumi məlumatları da olmalıdır. Elanlarda xüsusi qabiliyyətlərə dair tələblər də olur. Bu tələblər əsasən aşağıdakılardır: problem həlletmə və qərarvermə, təşkilatçılıq, şifahi və yazılı ünsiyyət, yaradıcılıq və təşəbbüskarlıq. Bu məlumatların elanlarda yerləşdirilməsi namizədin özü tərəfindən vəzifəyə uyğunluq üzrə ilkin qiymətləndirmənin aparılmasına və vakant vəzifənin tələb və təkliflərinə müvafiq olaraq seçimini etməsinə imkan yaradır. Yəni bu tələblərə hazır olmayan vətəndaşlar müsabiqələrdə iştirak etmirlər.
Komissiya indiyə kimi 9 müsabiqə keçirmişdir. Bu müsabiqələrdə 18457 namizəd iştirak etmişdir. Onlardan yalnız 4880 nəfəri, yəni 26.44%-i test imtahanı mərhələsini uğurla adlamışdır. Bu nəticə tək yüksək tələblərlə bağlı deyil, eyni zamanda müsabiqədə iştirak edən namizədlərin təhsil səviyyəsinin aşağı olması ilə bağlıdır. Nəzərə alsaq ki, biz namizədlərin test imtahanına hazırlığını təmin etmək üçün test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramları və məntiq üzrə metodiki vəsaiti Komissiyanın rəsmi internet saytından yerləşdirməklə bütün namizədlərə bərabər şərait yaradırıq, bu, olduqca zəif göstəricidir. Baza təhsili yaxşı olan namizəd üçün bu şərtlər içində test imtahanı mərhələsində keçid balını toplamaq o qədər də çətin olmamalıdır. Bunu ali məktəblərə bir siqnal kimi də dəyərləndirmək olar. Çünki namizədlərin əksəriyyətini ali məktəbləri yeni bitirmiş şəxslər təşkil edir. Biz hər müsabiqədən sonra onun nəticələrinin ali təhsil müəssisələri üzrə təhlilini aparırıq. Elə ali təhsil müəssisələri var ki, müsabiqədə iştirak edən məzunlarının sayı çox olsa da, onların ya heç biri test imtahanı mərhələsini uğurla keçə bilmir, ya da ki, ən yaxşı halda bir neçə faizi uğur əldə edir.
Müsahibə mərhələsində də vəziyyət ürəkaçan deyil. Belə ki, test imtahanı mərhələsini keçən namizədlərdən cəmi 30%-i müsahibə mərhələsində vakant vəzifəyə uyğun bilinmişdir. Amma bizi bir fakt sevindirir ki, müsabiqələr nəticəsində vakant dövlət qulluğu vəzifəsinə uyğun bilinən namizədlər bilik səviyyəsi, çalışqanlığı yüksək olan namizədlərdir. Onlar bu gün dövlət orqanlarında dövlətimizə və xalqımıza şərəflə xidmət edirlər. Onlardan bəziləri işdə göstərdikləri nailiyyətlərə görə daha yüksək vəzifələrə çəkilmişlər. Deməli, nəticədə Komissiyanın keçirdiyi müsabiqələr dövlət qulluğunda təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılmasına xidmət edir.
- Müsabiqədən keçməyənlərin sayının çox olması vətəndaşları müsabiqələrdə iştirak etməkdən çəkindirmir ki?
- Qətiyyən təsir etmir. Əksinə, iştirakçı namizədlərin sayı müsabiqədən müsabiqəyə daha da artır. Bu da vətəndaşlarımızın dövlət qulluğu ilə bağlı keçirilən müsabiqələrə inamının yüksək olmasından qaynaqlanır. Vətəndaşlar bilirlər ki, artıq dövlət qulluğuna qəbul olunmaq üçün onlar yalnız və yalnız öz bilik və bacarıqlarına arxalanmalıdırlar. Dövlət orqanları da bilirlər ki, müsabiqə nəticəsində yaxşı kadr əldə edəcəklər. Buna görə, onlar da vakant vəzifələri daha çox müsabiqəyə təqdim etməkdə maraqlıdırlar. Bu, həm müsabiqəyə vakant vəzifə təqdim edən dövlət orqanlarının, həm də vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Komissiyanın keçirdiyi müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin sayında özünü açıq göstərir. Belə ki, birinci müsabiqəyə 15 dövlət orqanı 189 vakant vəzifə təqdim etmişdirsə, doqquzuncu müsabiqəyə artıq 97 dövlət orqanı 826 vakant vəzifə təqdim etmişdir. Hazırda mayın 27-də elan edilmiş onuncu müsabiqənin sənəd qəbulu mərhələsi davam edir. Bu müsabiqəyə 80 dövlət orqanı 737 vakant vəzifə təqdim etmişdir. Namizədlərin sayına gəlincə, burda da rəqəmlər öz sözünü deyir: əgər birinci müsabiqədə 930 namizəd iştirak edirdisə, doqquzuncu müsabiqədə 3082 namizəd qeydə alınmışdır. Namizədlərin sayının 3 dəfə artması elə ictimai etimadın bariz nümunəsidir. Elə namizədlər var ki, iki, üç, hətta dörd müsabiqənin iştirakçısı olmuşlar. Bu, ictimaiyyət tərəfindən Komissiyanın fəaliyyətinə verilən qiymətin göstəricisidir.
- Bəhram müəllim, dediniz ki, yeni müsabiqə elan olunub. Dövlət qulluqçusu olmaq istəyənləri bu müsabiqədə hər hansı bir yenilik gözləyirmi?
- Əvvəla bildirmək istərdim ki, bu il "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"na bəzi dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin bir qismi Komissiyanın keçirdiyi müsabiqə və müsahibələrlə birbaşa bağlıdır. Bundan başqa Komissiya keçirdiyi hər bir müsabiqənin nəticələrini təhlil edir və bu təhlillər nəticəsində müsabiqələrin keçirilməsi şərtləri davamlı olaraq təkmilləşdirilir. İndiyədək keçirilən müsabiqələrin təhlili namizədlərin Azərbaycan dili üzrə biliklərinin test imtahanı mərhələsində müəyyənləşdirilməsini zərurətə çevirdi. Elə bu müsabiqədə tətbiq edilən yeniliklərdən birincisi Azərbaycan Respublikasının rəsmi dövlət dili üzrə test nümunələrinin hazırlanması olub. Belə ki, ilk dəfə olaraq dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanında namizədlərin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə bilikləri ilə yanaşı Azərbaycan dili üzrə də bilikləri yoxlanılacaqdır. İkinci yenilik vakant vəzifələrlə bağlıdır. Belə ki, "Dövlət qulluğu haqqında" Qanunun 28-ci maddəsinə görə dövlət orqanları vakant olan vəzifələr barədə davamlı olaraq və ən azı ayda bir dəfə Komissiyaya məlumat verməlidirlər. Üçüncü yenilik inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə keçid balının aşağı salınması ilə bağlıdır. Belə ki, "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"na əsasən inzibati vəzifələrin 8 və 9-cu təsnifatları üzrə keçid balı 70 bal qalsa da, 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 baldan 75 bala endirilmişdir. Dördüncü yenilik dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşların Komissiyaya müraciət etməsi ilə bağlıdır. Əvvəlki müsabiqələr zamanı vətəndaşlar namizəd kimi qeydə alınmaları üçün Komissiyaya müraciət edərkən qanunvericilikdə nəzərdə tutulan sənədləri də təqdim etməliydilər. Bu müsabiqədən başlayaraq sənədləri yalnız test imtahanından uğurla keçən namizədlər təqdim edəcəklər. Belə ki, "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın 5-ci bəndinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Müraciət formasında təhrif olunmuş məlumat verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. Beşinci yenilik namizədlərin məntiqi düşünmə qabiliyyətinin yoxlanılması ilə bağlıdır. Bildiyiniz kimi, ötən il keçirilən müsabiqələr zamanı, inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test tapşırığından ibarət test blokunun 50 faizini, 8 və 9-cu təsnifatları üzrə isə 40 faizini düzgün cavablandırmış və müvafiq vəzifənin təsnifatı üzrə keçid balı toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilirdi. Həmin qaydalara edilmiş dəyişikliyə əsasən məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün müəyyən olunan minimum hədd ləğv edilmişdir.
- Ümumiyyətlə, Komissiyanın təşkil etdiyi müsabiqə və müsahibələr nəticəsində neçə nəfər dövlət orqanında işə qəbul edilmişdir?
- İndiyədək Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində 1437 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur. Onların 1120 nəfəri müsabiqə, 317 nəfəri müsahibə nəticəsində dövlət orqanlarında işlə təmin olunmuşlar.
- Əsrimiz informasiya və kommunikasiya texnologiyaları əsridir. Komissiya öz fəaliyyətində İKT-nin imkanlarından necə istifadə edir?
- Bu gün inkişaf etmiş ölkələr "postindustrial cəmiyyətdən" "informasiya cəmiyyətinə" doğru gedir. Bunu nəzərə alan Komissiya dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarında 15 sualı məhz İT sahəsinə aid edib. Bundan başqa keçirilən müsahibələr zamanı da namizədlərin İT sahəsində bilikləri yoxlanılır. Yəni, İKT-nın dövlət idarəedilməsində, "elektron hökumət"in və "informasiya cəmiyyəti"nin təşəkkül tapmasında önəmini nəzərə alan Komissiya dövlət qulluğuna kompyuter və əsas ofis proqramlarını bilən, habelə internetlə işləmək bacarığı olan vətəndaşların qəbulunda maraqlıdır. Bu da karyerasını dövlət qulluğunda qurmaq istəyən vətəndaşların İT sahəsini daim diqqətdə saxlamasına xidmət edir.
Bilirsiniz ki, 2010-cu ildə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" qəbul edilmişdir. 23 may 2011-ci il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalamışdır. Həmin fərmanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında elektron xidmətin təşkili üçün bəzi tədbirlərin həyata keçirilməsi tələbi qoyulmuşdur. Fərmana uyğun olaraq "Komissiyanın elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı tədbirlər planı" hazırlanıb təsdiq edilmişdir.
Ümumiyyətlə, Komissiya İKT-nın dövlət idarəedilməsində, "elektron hökumət"in və "informasiya cəmiyyəti"nin təşəkkül tapmasında üzərinə düşən vəzifələri daim həyata keçirir. Bu gün Komissiya vətəndaşlarla münasibətini əsasən İT-nın yaratdığı imkanlar vasitəsi ilə qurur, yəni elektron vasitə ilə. Bu da Komissiya ilə vətəndaşlar arasında yaranmış qarşılıqlı etibar və güvənin göstəricisidir. Bu inam və güvən Komissiyanın aşağıda sadalanan işlərinin nəticəsində yaranmışdır: Birincisi, müsabiqə və müsahibələrin elan mərhələsinin mətbuatda çap olunacaq bütün materiallarının, test imtahanının keçirilməsi üçün imtahanda iştirak edəcək namizədlər bazasının, müsahibənin aparılması üçün namizədlərin bal cədvəllərinin, yekun qiymətləndirmə protokollarının və digər işçi sənədlərinin hazırlanması avtomatlaşdırılmışdır. İkincisi, Komissiyanın həyata keçirdiyi bütün tədbirlər, o cümlədən də müsabiqə və müsahibələr barədə gündəlik məlumat internet istifadəçiləri olan namizədlərin nəzərinə çatdırılır. Üçüncüsü, Komissiyada sənəd dövriyyəsi, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üçün "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun və "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"nın tələbləri əsasında "Sənədləri idarəetmə sistemi" yaradılmışdır.
Onu da qeyd etmək istərdim ki, 2010-cu ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə elan edilmiş müsabiqənin nəticələrinə görə, "Elektron xidmət" nominasiyası üzrə Komissiya 3-cü yerə layiq görülmüşdür.
- Bəhram müəllim, dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə sahəsində Komissiya hansı işləri görür?
- Komissiya yaradılarkən onun qarşısında qoyulan əsas məqsədlərdən biri də dövlət qulluğuna qəbulda neqativ halların qarşısının alınması olub. Bu gün biz qətiyyətlə deyə bilərik ki, dövlət qulluğuna qəbulda əksər neqativ halların qarşısı alınmışdır. Korrupsiyaya qarşı mübarizədə şəffaflıq ən uğurlu silahlardan biridir. Bizim fəaliyyətimiz də tam şəffafdır. Komissiya ictimaiyyətlə və vətəndaşlarla sıx əlaqədə işləyən dövlət qurumudur. Belə ki, insan resurslarının idarə edilməsi sahəsində dövlət siyasətinə ictimai etimadın artırılması üçün Komissiya öz fəaliyyəti barədə məlumatları mütəmadi olaraq həm özünün rəsmi internet saytı, həm də kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırır. Şəffaflığın təmin edilməsi məqsədi ilə Komissiyanın bütün hesabatları, mətbuat üçün məlumatları, Komissiyanın fəaliyyəti ilə bağlı statistik təhlillər mütəmadi olaraq internet səhifəsində yerləşdirilir. Buna görə də, bizim saytımız vətəndaşlar arasında kifayət qədər populyardır. Bir faktı nəzərinizə çatdırım ki, 2008-ci ildən indiyə kimi Komissiyanın www.dqmk.gov.az saytında verilən yazılara 3 milyon 200 mindən çox baxış olub. Saytımızda qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 11200-dən çoxdur. Bu, olduqca böyük uğurdur. Qeyd etdiyim kimi, Komissiyanın saytında gedən istənilən məlumat saytda yerləşdirildiyi andan saytımızın istifadəçilərinin elektron poçt ünvanına da göndərilir.
Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri faydalı əməkdaşlıq müstəvisi üzərində qurulub. Yuxarıda qeyd etdiyim kimi, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində Komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri müşahidəçi kimi iştirak edir. Öz növbəsində Komissiyanın əməkdaşları da QHT -lərin keçirdiyi tədbirlərə qatılırlar. Onu da qeyd etmək istərdim ki, vətəndaş cəmiyyətini Komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində aparılan islahatlarla yaxından tanış etmək, QHT və KİV-lərlə gələcək əlaqələri inkişaf etdirmək məqsədi ilə, 2010-cu ilin dekabr ayında, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə görüş keçirmişik. QHT-lərlə ikinci görüşümüz bu ayın 3-də keçirilmişdir. Görüşdə "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə" mövzusu müzakirə edilmişdir.
- Komissiya tez-tez yerlərdə dövlət qulluqçuları üçün təlimlər keçirir. Bu təlimlərin məqsədi nədir?
- Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-ci-2011-ci illər) 19-cu bəndində dövlət qulluqçuları üçün etik davranış qaydaları üzrə tədris və təlimlərin, 22-ci bəndində isə korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün davamlı tədbirlər görür. Qeyd edilənlərə uyğun olaraq Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birlikdə regionlarda yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması qaydası və dövlət qulluqçularının reyestrinin aparılması qaydası ilə bağlı təlimlər keçirir. Təlimə yerli icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və məhkəmə hakimiyyəti orqanlarında çalışan rəhbər vəzifəli dövlət qulluqçuları cəlb edilir.
Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.
Təlimlər davamlı xarakter daşıyır. İlk təlim 2008-ci ilin noyabr ayında keçirilmişdir. 2008-ci ildən bu günə kimi regionlarda 20-yə yaxın təlim keçirilmişdir.
- Dövlətimizin gənclərə xüsusi yanaşmasını nəzərə alsaq, gənclərin dövlət qulluğuna marağının artırılması baxımından Komissiya hansı tədbirləri görür?
- Potensiallı gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə Komissiya bütün imkanlardan istifadə edir. Belə ki, Komissiya BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində dövlət qulluğu məsələlərinə aid Milli İnsan İnkişafı Hesabatının (MİİH) üzərində işləyir. Hesabat Azərbaycanda dövlət qulluğu sahəsindəki mövcud vəziyyəti, insan inkişafı məqsədlərinə nail olmaq istiqamətində dövlət qulluğunun səmərəliliyini, şəffaflığını və məhsuldarlığını təhlil etməli, gənclərin dövlət qulluğuna cəlb edilməsini nəzərdə tutan tövsiyələr də daxil olmaqla müvafiq tövsiyələr təqdim etməlidir. Hesabat yekunlaşdırıldıqdan sonra (2011-ci ilin payızına nəzərdə tutulur) keçiriləcək təqdimata beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri dəvət ediləcək. Hesabat BMT-nin saytında yerləşdiriləcək, beynəlxalq təşkilatlara, dövlət orqanlarına və aidiyyəti digər qurumlara təqdim ediləcək. Onu da qeyd edək ki, Azərbaycan BMT İP tərəfindən dövlət qulluğu məsələləri ilə bağlı Milli İnsan İnkişafı Hesabatı hazırlanan ilk ölkədir.
Bundan başqa gənclərin dövlət qulluğuna marağının artırılması məqsədilə Komissiyanın rəhbərliyi və əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər. Bunların sırasında 2011-ci ildə Bakıda keçirilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı müzakirələri, Strasburq şəhərində Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı tələbələrin Beynəlxalq Forumunun "Azərbaycan 20 - Baxış 2020" mövzusunda keçiridiyi tədbiri, 2010-cu ildə Bakıda keçirilmiş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumunu, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş "Məzun - 2010" Respublika əmək yarmarkasını, Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə keçirilmiş görüşü qeyd etmək olar. Bu tədbirlərdə dövlət qulluğu sahəsində son illər ölkəmizdə aparılan islahatlar, Komissiyanın yaradılması, vəzifələri, qarşıya qoyulmuş hədəflər və dövlət qulluğuna qəbulla bağlı gedən proseslər barədə iştirakçılara məlumat verilmişdir.
- Dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsi xarici dövlətlərin analoji qurumları ilə paylaşılırmı?
- Qeyd etmək istərdim ki, Azərbaycanda dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada Komissiya tərəfindən aparılması, qəbul prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi üzrə görülən işlər müxtəlif beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə xüsusi maraqla qarşılanır, Azərbaycanın bu sahədə təcrübəsinin öyrənilməsi istəyi bildirilir. Bu, Azərbaycanın dövlət qulluğu sahəsində əldə etdiyi uğurun göstəricisidir. Dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək və dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə 2011-ci il 24 və 25 iyun tarixlərində, Bakıda "Obyektiv işəqəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
Tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Azərbaycanda dövlət qulluğu sektorunda islahatların dəstəklənməsi layihəsi"nin dəstəyi ilə keçiriləcək. Tədbirdə digər ölkələrin Komissiyaya analoji qurumlarının, dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.

{nl}

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında