Bakı mədəni həyatının yeni dövrünü yaşayır

Bakı mədəniyyətimizin də paytaxtıdır. Təsadüfi deyil ki, 2009-cu ildə bu qədim şəhər İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Bir vaxtlar Bakıda olmuş xarici qonaqlardan birinin "Bakı əvvəlki şəhər deyil" deməsi şəhərimizdə gedən quruculuq işlərinin onun simasını dəyişdiyini bir daha təsdiq edir. Doğrudan da, qədim tarixi abidələrlə zəngin olan bu gözəl şəhər Şərqlə Qərb mədəniyyətinin qovuşduğu bir məkanda yerləşdiyindən burada ortaq mədəniyyətlər formalaşır. Bakının mədəni həyatı yeni çalarlarla zənginləşir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevlə söhbətimizdə də şəhərimizin mədəni həyatına bir nəzər salmaq istədik.
- Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyi şübhəsizdir. Bu şəhərin mədəni həyatı son illər böyük sürətlə yeniləşməkdədir - deyə, Əlikram müəllim söhbətə başlayır.
Bu şəhər ölkənin həm də mədəniyyət paytaxtıdır. Buradakı qədim mədəni və tarixi abidələr həmişə ölkəyə gələn xarici qonaqların diqqətini cəlb edib. Bu gün həmin abidələr yenidən bərpa olunur, şəhərimizin siması ağlagəlməz səviyyədə dəyişir. Ölkə başçısı, hörmətli Prezidentimizin qayğısı nəticəsində Bakı yenidən qurulur, park və xiyabanlar salınır, yollar, körpülər tikilir, mədəniyyət ocaqları əsaslı təmir olunur, yeni, müasir üslubda mədəniyyət mərkəzləri inşa olunur və s.
- Şəhərimizin gözəlləşməsinə, onun mədəni həyatında baş verən yeniliklərə təsir edən amillər, sizcə, hansılardır?
- Ən başlıcası ölkəmizdə davamlı şəkildə həyata keçirilən mədəniyyət siyasətidir. Bakı Şəhər İcra Hakimiyyəti son illər paytaxtın mədəni həyatının zənginləşməsinə böyük diqqət yetirir. Eləcə də, Mədəniyyət və Turizm Nazirliyi bizim bütün tədbirlərimizə xüsusi dəstək verir.
Şəhərimizdə həyata keçirilən mədəni tədbirlər ölkədə reallaşdırılan mədəniyyət siyasətinin məntiqi davamıdır. Azərbaycanda mədəniyyətə dövlət qayğısı var və mədəniyyət işçiləri bu qayğını hər an hiss edirlər. Bu siyasət davamlı xarakter almışdır. Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması böyük mədəni, siyasi hadisə idi. Bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində görülmüş tədbirlər sırasında öz əhəmiyyətinə görə çox önəmli bir hadisəyə çevrildi. Bu gün Bakı ən nüfuzlu beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edir.
- Bu sahədə Heydər Əliyev Fondu da çox uğurlu layihələri reallaşdırır.
- Elədir. Təkcə Bakının deyil, bütövlükdə Azərbaycanın mədəni həyatında Heydər Əliyev Fondu çox böyük xidmətlər göstərir. Baxın, son dövrlərdə Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyətlə bağlı nə qədər layihələr həyata keçirilib. Ən başlıcası budur ki, bizim milli-mənəvi dəyərlərimiz - Novruz bayramı, muğam, aşıq və xalça sənətlərimiz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bakının çox gözəl guşələrindən olan Milli Parkın ərazisində inşa edilən Muğam Mərkəzi bu gün beynəlxalq və milli musiqi festivallarımızın keçirildiyi mərkəzə çevrilmişdir. Elə həmin ərazidə inşası başa çatmaqda olan Xalça Muzeyinin binası da Bakının mədəni həyatına çox qiymətli töhfədir.
Bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı paytaxtımızın həyatında çox önəmli hadisəyə çevrildi. Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində də fondun həyata keçirdiyi layihələr öz müsbət nəticəsini verməkdədir.
- "Eurovision" müsabiqəsində bu il Azərbaycanın qələbəsi böyük tarixi-mədəni hadisəyə çevrildi. Gələn il Azərbaycan bu müsabiqəyə ev sahibliyi edəcək və artıq Bakı bu mühüm tədbirə indidən hazırlaşır. Bakının mədəni həyatında bu tədbirin böyük rol oynayacağı da şübhəsizdir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri kimi bunun şəhərimizin həyatına təsirini necə qiymətləndirirsiniz?
- Biz bu musiqi yarışmasındakı qələbəmizlə sübut etdik ki, Azərbaycanın incəsənətin bütün sahələrində dünyaya çıxmaq imkanları var və hətta, qələbə çalmaq belə mümkündür. Azərbaycanın bu qələbəsi onu dünyaya bir daha tanıtdı. Hələ də Azərbaycana dünyanın hər yerindən təbrik teleqramları gəlməkdə davam edir. Bakı artıq gələn il keçiriləcək bu beynəlxalq müsabiqəyə ev sahibliyi etməyə hazırlaşır. Artıq təşkilat komitəsi yaradılıb və bu işə rəhbərlik Mehriban xanım Əliyevaya həvalə edilib. Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı, intellekti bu tədbirin də beynəlxalq səviyyəyə uyğun təşkil olunmasına imkan yaradacaqdır.
Bakıya dünyanın hər yerindən mədəniyyət, incəsənət xadimləri gələcək. Onlar şəhərimizin tarixi, mədəni abidələri ilə tanış olacaqlar. Bu paytaxtımızın mədəni əlaqələri üçün böyük şans yaradacaq.
Xeyli vətəndaşımız işlə təmin olunacaq. Biz bu tədbirə ev sahibliyi etməklə çox gözəl, yaraşıqlı bir konsert salonu da əldə edəcəyik.
Bakı "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməklə turizm sahəsində də yeni dividentlər qazanacaq. İnanıram ki, Bakının bugünkü gözəlliyini görən qonaqlar bir daha turist kimi bu şəhərə qayıtmağa ehtiyac duyacaqlar.
- Bakının ətraf qəsəbələrinin mədəni həyatı da son illər yeniləşməkdədir. Bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Son bir neçə ildir ki, Bakının ətraf qəsəbələrinin inkişafına dövlətimiz xüsusi diqqət göstərir. Bu qəsəbələrdə infrastrukturların yenidən qurulması, sosial sferanın davamlı inkişafı üçün çox önəmli layihələr həyata keçirilir. Yeni yollar çəkilir, idman kompleksləri yaradılır, tarix və mədəniyyət abidələri, məktəblər, tibb ocaqları əsaslı təmir edilir, yeni təhsil ocaqları, xəstəxanalar tikilir, əhalinin sosial vəziyyəti əsaslı şəkildə yaxşılaşdırılır.
Bu qəsəbələrin inkişafına dövlət başçısı cənab İlham Əliyev xüsusi diqqət göstərir. Qəbul olunmuş dövlət proqramları qəsəbələrin bir çox problemlərinin həllində əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyildir ki, bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətində cənab Prezidentin iştirakı ilə Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilmişdir. Orada cənab Prezident bununla bağlı Dövlət Proqramının qəbul olunacağını bildirmiş və artıq həmin proqram dövlət başçımız tərəfindən təsdiq edilmişdir.
Bakı qəsəbələrinin inkişaf proqramında 19 mədəniyyət müəssisəsinin təmiri nəzərdə tutulub. Onlar arasında musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanalar, muzeylər də var. Həmçinin, bu proqramda yeni mədəniyyət müəssisələrinin inşası, tarixi-mədəni abidələrin təmiri məsələləri də vardır.
Söhbət təkcə müəssisələrin təmirindən getmir. Eyni zamanda, onların maddi-texniki təchizatı məsələlərinə də diqqət yetirilir. Biz bu qəsəbələrdə əhalinin mədəni istirahəti üçün hər cür şərait yaradılmasına çalışırıq.
Qəbul olunmuş dövlət proqramları məhz əhalinin güzəranının yaxşılaşmasına, həyatımızın daha da gözəlləşməsinə xidmət edir. Bu gün qəsəbələrimizin əhalisinin sosial vəziyyəti, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşması nəticəsində xeyli yaxşılaşmışdır.
Biz bu qəsəbələrdə bir sıra layihələri reallaşdırırıq. Xüsusilə, gənclərin məşğulluğu, onların ictimai proseslərə cəlb olunması istiqamətində müəyyən tədbirlər həyata keçiririk. İlin əvvəlində biz Bakı şəhərində mərkəzləşmiş kitabxana şəbəkəsinin yaradılması layihəsini həyata keçirdik. Bu, Bakı şəhər qəsəbələri əhalisinə kitabxana xidmətinin yeni metodlarla təşkilinə əhəmiyyətli dərəcədə imkan yaratdı. Artıq köhnə metodlarla işləmək mümkün deyil. İnsanlar müasir dövrün tələblərinə uyğun xidmət gözləyir. Bunu isə, biz həyata keçirməliyik.
İki aydır idarəmiz tərəfindən "Gənc turist" layihəsi həyata keçirilir. Qəsəbələrimizdə gənc turist klubları yaratmışıq. İndi bu klubların min nəfərdən çox üzvü var. Klub üzvü olan gənclərə yaradıcı qəsəbənin tarixi, mədəniyyəti haqqında geniş məlumatlar verilir. 75 gənc turist klubunun üzvü turistlərə öz qəsəbələri haqqında hər cür məlumatları çatdıra bilirlər. Bu layihə gənclərdə turizmə marağın artması məqsədi daşıyır.
Bizim bir sıra layihələrimiz də var ki, mən onları tam açıqlamaq istəmirəm. Onu demək istəyirəm ki, bütün fəaliyyətimizin bir məqsədi var. O da bundan ibarətdir ki, əhalimizin mədəni təlabatı müasir dövrün tələblərinə uyğun şəkildə ödənilsin. Biz Bakımızı daha da gözəl və inkişaf etmiş mədəniyyət şəhəri kimi görmək istəyirik.
Əlbəttə, dövlət başçımızın Bakının inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiq edir ki, Bakı yaxın gələcəkdə dünyanın ən sivil şəhərləri sırasında olacaq.

{nl}

Söhbəti yazdı: M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında