Əli HƏSƏNOV: Azərbaycan hökuməti növbəti "Eurovision" yarışmasını təşkil etməyə tam qadirdir

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend-ə müsahibəsi.
- Əli müəllim, Avropa Yayımları Birliyinin (AYB) son "Eurovision" yarışmasının nəticələri artıq bəllidir. Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar Qasımov builki yarışmanın qalibləridir. Qaydalara görə, növbəti yarışma qalib ölkədə - yəni Azərbaycanda keçirilməlidir. Təbii ki, Azərbaycana çoxsaylı turist axını gözlənilir. Azərbaycan gələn qonaqların təhlükəsizliyinə zəmanət verirmi?
- Əvvəlcədən onu qeyd edim ki, "Eurovision" mahnı müsabiqəsi (EMM) Avropa Yayımları Birliyinə məxsus nüfuzlu beynəlxalq müsiqi yarışmasıdır. Neçə illərdir ki, bu yarış qitənin musiqi ictimaiyyətinin və tamaşaçıların bir nömrəli "brendi" səviyyəsində təşkil olunur və həyata keçirilir. Yeri gəlmişkən, AYB-yə, eləcə də 56-cı "Eurovision" müsabiqəsinə ev sahibliyi etmiş Almaniyanın İctimai yayımçılarına - NDR və ZDF kanallarına belə möhtəşəm, tam obyektiv və şəffaf bir müsabiqə keçirdiklərinə görə bəri başdan təşəkkür edirik. Yarışmanın sonuncu qalibləri, adını çəkdiyiniz iki Azərbaycan gəncidir. Biz hər birimiz azərbaycanlı olaraq ölkəmizi yüksək səviyyədə Avropada təmsil etdiklərinə, bu nüfuzlu mükafatı Azərbaycana qazandırdıqlarına görə həm qürur hissi keçiririk, həm də Nigarla Eldara təşəkkür edirik. Sualınıza gəlincə, birmənalı şəkildə bəyan edirəm: Azərbaycan bu gün postsovet bölgəsinin ən sabit və təhlükəsiz ölkəsidir. Hər il bizdə neçə-neçə beynəlxalq idman, mədəniyyət, ictimai-siyasi və s. tədbirlər keçirilir, dünyanın müxtəlif ölkələrini təmsil edən minlərlə iştirakçılar, jurnalistlər, turistlər Azərbaycana gəlir. Hələ bir dəfə də olsun bu tədbirlərə qatılan hansısa insanla bağlı ölkəmizdə xoşagəlməz hadisə yaşanmayıb. Yəni beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mənim ölkəmin kifayət qədər təcrübəsi vardır. Son zamanlar yerli və beynəlxalq mətbuatda bu tipli suallara tez-tez rast gəlinir. Görəsən Azərbaycan bu qədər insanı qarşılamağa, yerləşdirməyə, onların təhlükəsizliyini, viza məsələlərini həll etməyə və s. hazırdırmı? Bu günlərdə bu məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında geniş müzakirə də olunub. Birmənalı şəkildə bəyan edirəm: Azərbaycan hökuməti AYB-nin tələbləri çərçivəsində EMM-in keçirilməsi üçün bütün lazımi şəraiti təşkil etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə, rahatlığına və onlar üçün münbit iş şəraitinin yaradılmasına hazır və qadirdir.
- Bəzi dairələr hesab edirlər ki, Azərbaycanın mövcud viza rejimi bu qədər insanın ölkəyə sərbəst daxil olmasına müəyyən problem yarada bilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən artıq söylədim. Bütün təşkilati məsələlərlə bağlı cənab Prezident müvafiq dövlət qurumlarına göstəriş verib. Viza məsələsində də hər hansı bir problem olacağını düşünmürəm. Müsabiqəyə qədər elə bir həll variantı seçiləcək ki, Azərbaycana gələcək on minlərlə insanın viza alması sadə və asan yolla təmin edilsin.
- Düsseldorf təcrübəsi göstərdi ki, müsiqi yarışmasını işıqlandırmaq üçün hardasa tədbirlərə 3-5 minə qədər jurnalist qatılır. Onların fəaliyyəti, fikir-söz azadlığının təminatı, azad yayım imkanları və s. barədə nə deyə bilərsiniz?
- Azərbaycan açıq cəmiyyətli və plüralizmin hökm sürdüyü bir ölkədir. Burada Avropa dəyərlərinə, düşüncə, söz və mətbuat azadlığına xüsusi önəm verilir. Jurnalistlərin öz peşə fəaliyyətini yüksək səviyyədə həyata keçirməsi üçün bu tədbirdə də Azərbaycan hökuməti bütün mövcud imkanlarından istifadə edərək, lazımi şərait yaradacaqdır. Bu sahədə heç bir problemyaradıcı hala yol verilə bilməz. Azad yayımın təşkili üçün ölkəmizin bütün texniki resurslarını səfərbər edəcəyik. Beynəlxalq mediyanın bu prosesləri geniş işıqlandırması bilavasitə Azərbaycanın maraqlarına cavab verir.
- Əli müəllim, bir məsələ də son zamanlar geniş müzakirə olunur: Azərbaycan növbəti "Eurovision" yarışmasını beynəlxalq standartlara və tələblərə uyğun keçirə biləcəkmi? Görüləcək bütün bu işlərin hansısa koordinasiyası mövcuddurmu?
- Bilirsiniz, hər bir dövlət onun ərazisində keçirilən bu və ya digər beynəlxalq tədbirdə çalışır ki, işlər yüksək səviyyədə təşkil olunsun və əvvəlkilərdən daha yüksək nəticələr əldə edilsin. Əlbəttə, Azərbaycan Almaniya kimi, İngiltərə kimi, yaxud Rusiya kimi ölkələrlə müqayisədə daha kiçik dövlətdir və imkanları da onlardan xeyli aşağıdır. Lakin, buna baxmayaraq, biz bütün imkanlarımızı ortaya qoymağa və əvvəlki illərdəki yarışmalardan qətiyyən geri qalmayan, hətta bəlkə daha üstün yarışın keçirilməsinə iddialıyıq.
Əlbəttə, bu tədbir Avropa Yayım Birliyinindir, onun necə təşkil olunmasını, "Eurovision" yarışmasının keçirilməsi qaydalarını, şərtlərini, normalarını da bu qurum və onun Azərbaycandakı təmsilçisi - müstəqil yayım təşkilatı olan İctimai TV müəyyənləşdirir. Dövlət isə yarışa müdaxilə etmədən, onun keçirilməsi üçün ölkə daxilində şəraitin yaradılması, təkrar edirəm, təhlükəsizlik, viza, qonaqların yerləşdirilməsi, tədbirlərin keçiriləcəyi yerin hazırlanması, gələn jurnalistlərin və digər kateqoriyalı insanların azad fəaliyyətinin təmin olunması işini təşkil edir. Bu sahədə cənab Prezident tərəfindən yaradılmış dövlət komissiyası Avropa Yayım Birliyi, İctimai TV ilə öz işlərini mütləq şəkildə koordinasiya edəcəkdir. Azərbaycan dövlətinin adından bir daha rəsmi bəyan edirəm ki, AYB-nin tələbləri çərçivəsində Azərbaycan hökuməti "Eurovision" yarışmasının keçirilməsi üçün bütün tələb olunan şəraiti təşkil etməyə qadirdir.
- Əli müəllim, bu sualı Sizdən soruşmağı düşünmürdüm. Amma mətbuatda artıq bu barədə yazıldığına görə rəsmilər tərəfindən cavablandırılmasına ehtiyac var. "Eurovision" yarışmasında müxtəlif kateqoriyalardan olan insanlar, o cümlədən qrup şəklində cinsi azlıqların nümayəndələri də iştirak edir. Onların ölkəmizdə tam sərbəst hərəkət etməsində bir problem yaşanmayacaq ki?
- Mən müsahibənin əvvəlində söylədim ki, Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. O, bütün parametrləri ilə həm də Cənubi Qafqazın tolerantlıq nümunəsi sayılır. Bizdə bütün dünyanın müxtəlif sivilizasiyalarını, dini cərəyanlarını təmsil edən məbədlər sərbəst şəkildə tikilir, özü də bəzi dövlətlərdə olduğu kimi muzey kimi deyil, mövcud dini icmaların, fərqli dini əqidə daşıyıcılarının ziyarətgahı kimi real fəaliyyət göstərir. Azərbaycan həm də beynəlmiləl ölkədir və burada onlarla fərqli xalq və millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq içində yaşayırlar. Bu günədək nə milli, dini, nə də ki, fərqli sivilizasiya, oriyentasiya və s. zəminində Azərbaycanda bir dəfə də olsun hər hansı diskriminasiya halına rast gəlinməmişdir. Bizim qonaqpərvərliyimiz bütün dünyada məşhurdur. Biz qonaqlarımızı hansısa dini, milli, cinsi və s. kateqoriyalarına bölməyə adətli deyilik. Bu insanlar Azərbaycanın qonaqpərvərliyinə, tolerantlığına, müasirliyinə tam güvənə bilərlər və onların ölkəmizdə azad və sərbəst olmaları üçün heç bir problem yaşanmayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında