Xəzər İBRAHİM: Azərbaycan-NATO tərəfdaşlığı bu günədək böyük inkişaf yolu keçərək möhkəmlənib və məzmunca dərinləşib

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahimin APA-ya müsahibəsi
- Azərbaycan-NATO tərəfdaşlığını hazırda necə xarakterizə edərdiniz?
- Qarşılıqlı maraqlara əsaslanan, dinamik və çoxşaxəli tərəfdaşlıq kimi. Azərbaycan-NATO tərəfdaşlığı 1994-cü ildən bu günədək böyük inkişaf yolu keçərək möhkəmlənib və məzmunca dərinləşib. Fərdi Tərəfdaşlıq Əməliyyat Planı, Planlaşdırma və Təhlil Prosesi kimi mexanizmlərdən geniş istifadə olunur, siyasi dialoq, əməliyyatlar və islahatlar istiqamətlərində fəal iş aparılır. Təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, Azərbaycan öz səylərini əsirgəmir və BMT TŞ mandatı ilə NATO rəhbərliyi altında aparılan əməliyyatlara töhfə verir.
NATO tərəfdaşlığa xüsusi önəm verir. Maraqlısı odur ki, yeni tərəfdaşlıq sənədlərində prioritet verilən praktiklik Azərbaycanın NATO ilə əməkdaşlığında ilk günlərdən əsas meyarlardan biri kimi götürülüb və beləliklə düzgün strategiyanın təzahürüdür.
- Mayın 27-30-da keçiriləcək NATO Parlament Assambleyasının sessiyanın çərçivəsində Azərbaycan ilə bağlı müzakirələr planlaşdırılırmı?
- NATO-Azərbaycan tərəfdaşlığının irəli aparılmasında parlament fəaliyyəti əhəmiyyətlidir. Milli Məclis NATO Parlament Assambleyasının (PA) assosiativ üzvü kimi bu qurumun işində fəal iştirak edir və hətta bəzi PA tədbirlərinə ev sahibliyi edib. Məsələn, 2004-cü və 2008-ci illərdə PA-nın Rouz-Rot seminarları ölkəmizdə keçirilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, qaydalara əsasən, hakimiyyətin müstəqil qolu və qanunverici orqan kimi, Milli Məclis NATO Parlament Assambleyası ilə əməkdaşlığını birbaşa həyata keçirir.
- Azərbaycanın Əfqanıstanda öz hərbi kontingentini artırmaq planları varmı?
- Azərbaycan beynəlxalq ictimaiyyətin Əfqanıstanla bağlı səylərinə fəal şəkildə öz töhfəsini verir. Azərbaycan ISAF əməliyyatına ilk qoşulan tərəfdaş dövlətlərdəndir və son illərdə əməliyyata töhfəmiz bir neçə dəfə artırılıb. Sonuncu dəfə 2010-cu ildə Azərbaycan hərbi həkim və mühəndis-istehkamçıları göndərib.
Nəzərə almaq lazımdır ki, beynəlxalq ictimaiyyət və NATO-nun hazırkı dövrdə Əfqanıstanla bağlı müəyyən etdiyi əsas prioriteti bu ölkənin vətəndaşları üçün təlim keçməkdir. Bu xüsusda, hərbi qüvvə töhfəsindən əlavə, Azərbaycan Əfqanıstan mülki və hərbi qulluqçularına müxtəlif sahələrdə treninq və kurslar təşkil edir, habelə humanitar mina təmizləmə sahəsində əməkdaşlıq edir. Əfqanıstan vətəndaşları üçün təlim keçirilməsində Azərbaycan Diplomatik Akademiyası xüsusi fərqlənir. Hazırda əfqan dinləyicilər üçün "2-ci Bakı dövlət idarəçiliyi: keçid dövrünün tənzimlənməsi" kursunu keçirir.
- NATO-nun Liviyadakı hərbi əməliyyatını necə qiymətləndirirsiniz?
- Məsələnin beynəlxalq hüquqi aspektinə toxunaraq qeyd etmək lazımdır ki, bu əməliyyat BMT TŞ-nin müvafiq qətnaməsi əsasında aparılır. Biz də, BMT üzvü olaraq Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının məcburiliyini və bütün BMT TŞ qətnamələrinin eyni cür iradə və sadiqliklə yerinə yetirilməsinin vacibliyini qeyd edirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında