Əbülfəs Qarayev: Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin genişləndirilməsinin bazasını yaradır

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Səyahət və Turizm Şurasının (ÜSTŞ) ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) keçirilən 11-ci zirvə görüşündə iştirak edir. Nazir burada Rusiyanın İTAR-TASS informasiya agentliyinin müxbirinə müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir. 
Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan xüsusən son illər Rusiya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu əlaqələr ikitərəfli münasibətləri genişləndirməyin bazasını yaradır. Azərbaycanda Rusiya ilinin və Rusiyada Azərbaycan ilinin böyük uğurla keçməsi buna böyük təkan vermişdir.
"Mədəniyyət günlərinin və ya həftələrinin çərçivəsindən kənara çıxan birillik dövr münasibətlərimizə xüsusi əhəmiyyət vermişdir" - deyən nazirin fikrincə, bu, hər iki mədəniyyətin özünü bir-birindən ayrı təsəvvür edə bilməməsi hisslərini doğurmuşdur.
Nazir çoxlu misal gətirmişdir. Məsələn, mayın 17-də Dövlət Kreml Sarayında Azərbaycan gecəsi keçirilmişdir. Hər iki dövlətin prezidentlərinin xanımları gecədə olmuşlar. Moskvada, Çexov festivalında göstərilmiş tamaşaların ilk dəfə Bakıda nümayiş etdirilməsi, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin Nizami Gəncəvinin poemasının motivləri əsasında yazdığı "Yeddi gözəl" baletinin Moskvada, Böyük Teatrın səhnəsində debütü, Mariya Teatrının truppasının bəstəkar Arif Məlikovun yubileyinə qatılmaq üçün Bakıya gəlişi yaddaqalan hadisələr olmuşdur. Respublikanın teatr kollektivlərinin Moskvada, Sankt-Peterburqda, Novosibirskdə və Rusiyanın başqa şəhərlərində festivallarda iştirakını, musiqi kollektivlərinin Yuri Başmetin rəhbərliyi ilə klassik musiqi festivallarında daimi iştirakını, birgə kino çəkilişlərini də bu siyahıya əlavə etmək olar. Respublikada rus dilinə hörmətlə və qayğı ilə yanaşıldığını vurğulayan nazir demişdir ki, rus dili itirilməmişdir və yaşayır. Təkcə onu demək kifayətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan tədris rus dilində aparılan heç bir məktəb bağlanmamışdır, rus dilində mətbu nəşrlərin sayı isə artmaqdadır. Ə.Qarayev demişdir: "Biz rusiyalı tərəfdaşlarla ünsiyyətdə çətinlik çəkmirik. Rusiyalı turistlər həmişə vurğulayırlar ki, Azərbaycanın hər yerində rus dilində ünsiyyət saxlamaq və lazımi informasiya almaq mümkündür". O, həmçinin hər iki dövlətin turoperator birlikləri arasında ciddi əməkdaşlığın olduğunu, respublikaya istirahətə gələn rusiyalıların, eyni məqsədlə Rusiyaya yollanan azərbaycanlıların sayının artdığını qeyd etmişdir. Nazir demişdir: "Mədəniyyətlərimiz yaxındır və artıq özlərini bir-birindən ayrı təsəvvür edə bilmirlər. Bu, son illər daha bariz təzahür etməyə başlamışdır".
Bu il oktyabrın 10-11-də Azərbaycanda keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna hazırlığa böyük məsuliyyətlə yanaşırlar. Nazir demişdir: "Belə bir forumun hər iki dövlətin prezidentlərinin hamiliyi ilə keçirilməsi ideyasının özü Azərbaycanın və Rusiyanın humanitar sahədə əməkdaşlığın daim genişləndirilməsinə tərəfdar olduqlarını dünya birliyinə, ölkələrimizin əhalisinə göstərən birbaşa müraciətdir".
Humanitar sahənin iqtisadiyyatdan və sosial həyatdan kənarda mövcud ola bilmədiyinə inandığını bildirən nazir fikrini belə dəqiqləşdirmişdir: "Biri olmadan o birisi də olmazdı". O hesab edir ki, yeni tarixi şəraitdə insanın mentallığı, biliklər, anlayışlar və duyğular hətta ciddi fikir ayrılıqlarına baxmayaraq, dinc yanaşı yaşamaq, əməkdaşlıq etmək üçün yollar və imkanlar axtarıb tapmağa kömək etmişdir və bundan sonra da kömək edəcəkdir. Ə.Qarayevin fikrincə, qarşıdan gələn Bakı Forumu sanballı siyasi çəkisi olan böyük bir dövlətdən - Rusiyadan və cəmi 9 milyon əhalisi və 20 illik müstəqillik təcrübəsi olan Azərbaycandan humanitar sahədə təhdidlərin necə göründüyünü müqayisə və təhlil etməyə imkan verəcəkdir. Nazir əmindir ki, müasir mərhələdə çətinliklərin və problemlərin müsbət həllinə yanaşmanı yalnız bir yerdə tapmaq mümkündür. Oktyabr forumu da elə bunu nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur.
Nazir bildirmişdir ki, foruma dəvət olunan qonaqların siyahısı mayın axırı və iyunun əvvəlində tərtib ediləcəkdir. O təsdiq etmişdir ki, foruma, çox güman, ABŞ-dan humanitar sahənin xadimləri dəvət ediləcəkdir. Dünyanın, demək olar, bütün qlobal proseslərinə cəlb olunmuş bir ölkədən gəlmiş insanların düşüncələri ilə tanışlıq maraqlı olardı. Düsseldorfda Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qələbə qazanmış Eldar və Nigar duetinə Rusiyanın dəstəyini yüksək qiymətləndirdiyini vurğulayan nazir demişdir: "Rusiyanın dəstəyi çox qiymətli idi".
42 ölkənin təmsilçisini geridə qoyaraq, final səsverməsində 221 bal toplayan Eldar və Nigar "Eurovision"un tarixində respublikaya birinci qələbəni gətirmişlər. Öz təəssüratlarını bölüşən nazir demişdir: "Müsabiqədə dörd dəfə iştirak edən Azərbaycan hər dəfə çox yaxşı təmsil olunmuşdu. Dördüncü dəfə gənclərimizin təqdimatı çox maraqlı və tələb edilən səviyyədə oldu. Geniş ictimaiyyətin ümidlərinin, maraq və xəyallarının axarına düşdü".
Düsseldorfda səsvermə vaxtı və ona yekun vurulduqdan sonra nazirə Rusiyadan dəstəkləyici sözlərlə və milli duetimizin uğuru münasibətilə təbriklərlə çoxsaylı zənglər gəldiyini gizlətməyən Ə.Qarayev vurğulamışdır: "Rusiya Azərbaycan ifaçılarını öz səsləri ilə dəstəklədi. Zənnimcə, bu, qanunauyğundur, çünki mədəniyyətlərimiz çox yaxındır".
Eldar Qasımov və Nigar Camal birinci yeri tutdular. İkinci yer İtaliya müğənnisi Rafael Qualattsiyə (189 bal) nəsib oldu. Üçlüyü isveç təmsilçisi Erik Saade (185 bal) tamamladı. Rusiya tamaşaçıları üstünlüyü Azərbaycan (12 bal), Ukrayna (10 bal) və Yunanıstan (8 bal) ifaçılarına verdilər.
Əbülfəs Qarayev bildirmişdir ki, Ümumdünya Səyahət və Turizm Şurasının Las-Veqasda keçirilən ənənəvi zirvə görüşündə Azərbaycan nümayəndə heyətinin iştirakı özünü inkişafda olan turizm bazarına malik ölkə kimi tanıtmaq istəyi ilə şərtlənir.
1990-cı ildə yaradılmış ÜSTŞ qarşısına turizm sektorunun dünya iqtisadiyyatında səmərəli iştirakını təmin etmək, bu məqsədlə ölkələrin dövlət hakimiyyət orqanları ilə dialoq aparmaq, turizm sektorunun inkişafı yolundakı əngəlləri aradan qaldırmağa dəstək vermək məqsədi qoymuşdur. BMT-nin Dünya Turizm Təşkilatı şuranın həmtəsisçisidir. Azərbaycan onun tərkibinə 2001-ci ildə daxil olmuşdur. Cari il respublikada Turizm ili elan edilmişdir. Dünyanın aparıcı şirkətləri artıq Azərbaycanda öz mehmanxanalarını yaratmaq planlarını açıqlamışlar. Nazir fikrini yekunlaşdıraraq demişdir: "Bu, dünyanın turizm bazarına və məkanına qoşulmağımızın etiraf olunduğunu təsdiq edir".
Viza, gömrük və digər normaların ÜSTŞ-in istədiyi kimi tamamilə aradan qaldırılmasını vaxtsız sayan nazir qəti şəkildə demişdir: "Biz ləğvetmədən danışa bilmərik, çünki bu, bütöv ölkələrin və məkanların ya hipertrofiyasına, ya da distrofiyasına gətirib çıxaracaqdır". Nazir kompromis yolla viza rejiminin sadələşdirilməsi, gömrük rüsumlarının tədricən məhdudlaşdırılması istiqamətində irəliləməyi təklif edir. Çünki bu yol insanlar arasında əlaqələrin asanlaşdırılması məqsədlərinə cavab verir və zamanın obyektiv tələbidir. Zənnimcə, bu istiqamətdə irəliləmək lazımdır.
Ə.Qarayev ÜSTŞ-in zirvə görüşünü faydalı tədbir adlandırmışdır, çünki tursektor çox mənada dünyanın iqtisadi proseslərinə yanaşmada dəyişikliklərin katalizatoru rolunu oynayır. ÜSTŞ-in statistikasına görə, dünya iqtisadiyyatında turizmin və səyahətlərin payı yalnız bank biznesindən geri qalaraq, avtomobil sənayesinin payını üstələyir. Digər tərəfdən, turizmin alternativi yoxdur, çünki müasir bəşəriyyət yeni yaşayış yerləri, iş, bilik axtarışında və sadəcə, yeknəsəqlikdən qurtulmaq üçün həmişə səyahət edəcəkdir. Nazir gələcəkdə belə bir forumun Azərbaycanda və ya Rusiyada keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında