Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Gün.Az-a müsahibəsi

- Novruz müəllim, "Eurovision- 2011" müsabiqəsində qələbəmiz hələ uzun müddət aktual mövzu kimi qalacaq. Sizin fikirlərinizi bilmək istərdik...
- "Eurovision-2011" yarışmasından sonra Azərbaycan xalqı göstərdi ki, Avropa ictimaiyyəti ölkəmizi bir tərəfdaş kimi qəbul edir. Bütün sahələrdə olduğu kimi, mədəniyyət, musiqi sahəsində də onlar Azərbaycanı tərəfdaş qismində görürlər.
Azərbaycanın əldə etdiyi bu qələbə ölkəmizin bir daha Avropa ailəsində özünün layiqli yeri olmasını nümayiş etdirdi. Eyni zamanda onu deyim ki, Azərbaycanın son illərdəki uğurları heç də hamının, eləcə də Avropa ölkələrində və digər yerlərdə hamının xoşuna gəlmir. Zaman-zaman bir sıra dairələrin qısqanclığı burada özünü göstərib.
Düşünürəm ki, belə hallar bu dəfə də - "Eurovision-2011" də də oldu . Azərbaycanla ikitərəfli münasibətlər zəminində çox sıx əməkdaşlıq edən bir sıra dövlətlər təəssüflər olsun ki, bizim təmsilçilərə heç 2, 3, 4 xal da vermədilər. Bu xalları verməyə özlərində iradə tapmadılar. Onlarda qısqanclıq hissi çox güclü idi.
Təəssüflər olsun, Böyük Britaniya, Almaniya, İtaliya, Norveç, İspaniya, Danimarka, Bolqarıstan kimi ölkələr bizimkilərə heç bir xal da vermədilər. Amma onlarla yanaşı, digər ölkələr 8,10,12 xal verdilər.
İkinci tərəfdən, qərəzli münasibət Azərbaycana inkişaf etdiyi , onun çox sürətlə müstəqil siyasət həyata keçirdiyi üçün göstərilirdi. Elə həmin günün səhərisi bir sıra Qərb qəzetlərində ölkəmizlə bağlı yazılar dərc olundu və orada "Azərbaycan qələbə çaldı" sözləri sanki çox çətinliklə özünə yer aldı. Bunun dalınca isə ölkəmiz müxtəlif bəhanələrlə tənqid edildi. Bunun əvəzində Ermənistana məhəbbətlə münasibət sərgiləndi - niyə Ermənistan finala çıxmadı, nə pis oldu və sair, yazıldı. Bu cür münasibət onların iç üzlərini bir daha ortaya qoydu.
Bununla bağlı mənim əsas fikrim ondan ibarətdir ki, bu, bizim bütün sahələrdə inkişafımızın göstəricisidir. Həmin gecə Azərbaycan gəncləri iftixar hissi ilə, bir-birinə, ölkə başçısına bağlılıqla bu qələbəni, uğuru qeyd etdilər. Amma onunla bərabər, həmin vaxt bildirəndə ki, biz Şuşaya qayıtmağımızı da bu cür qeyd edəcəyik, bu cümlə Qərb mətbuatında dərhal qısqanclıqla qarşılandı. Soruşmaq olar, nə üçün? Belə hallar,əlbəttə, təəssüf doğurur. Buna baxmayaraq biz öz inkişafımızı bu yolla, cənab Prezidentin rəhbərliyi altında bundan sonra da davam etdirəcəyik.
- Necə hesab edirsiniz, bu kimi məsələlər dövlətlərarası münasibətlərə təsir edə bilərmi,etməlidirmi?
- Bilirsiniz , bu cür hadisələr siyasi münasibətlərə təsir edə bilər və etməlidir. Amma bunun üçün xoş məram olarsa. Mən həmin günün səhərisi yazdım və qeyd etdim ki, sanki zorla, məcburiiyyət qarşısında "Azərbaycan qələbə çaldı" yazmaq, sonra da onu tənqid etmək, bu, artıq qurşaqdan aşağı zərbə vurmaq deməkdir.
Eyni zamanda, ermənilərin finala çıxmaması bizim günahımız deyil ki? Bu məqamı da o yazılara salmaq artıq qərəzdən başqa bir şey deyil. Ermənilərə məhəbbətlə yanaşmaq, onlara sevgini açıq-aşkar nümayiş etdirmək də sadəcə, qısqanclıq deməkdir. Həmçinin, Azərbaycan əhalisinin öz doğma torpağına qayıdışını belə sevinclə qeyd etməyinin nəyi pisdir ki? Buna qarşı niyə belə qısqanclıq olmalıdır? Amma doğrudan da, ədalətli, qarşılıqlı, səmimi, faydalı və xoş münasibətlər olarsa, bu , öz müsbət təsirini göstərməlidir və belə də olmalıdır.
Mənim düşüncəm bundan ibarətdir ki, biz öz yolumuzla düzgün istiqamətdə gedirik və hər şeyi də yaxşı görürük, bilirik və qiymətləndiririk. Ona görə belə şeylərdən heç bir narahatçılığımız yoxdur. Bizim İlham Əliyev kimi Prezidentimiz var, o da çox əminliklə bizi işıqlı gələcəyə doğru aparır.
- Novruz müəllim, bir məsələ də var ki, qələbəmizdən sonra ermənilər gələn il Azərbaycanda keçiriləcək yarışmaya gəlməyəcəklərini bildiriblər. Bu baxımdan, Azərbaycan həm onların, həm də digər ölkələrin nümayəndələrinin təhlükəsizliyini tam təmin etməyə qadirdirmi?
- Azərbaycan hər şeyi etməyə qadirdir, buna heç bir şübhə yoxdur. Amma kiminsə bura gəlib-gəlməyəcəyi də Azərbaycandan asılı deyil. Ona görə buna hansısa əlahiddə şərh verməyə də ehtiyac yoxdur.
Bu müsabiqəni təşkil edənlər var və ölkələrin də bu mərhələdən keçməsini onlar müəyyənləşdirirlər, Azərbaycan yox. Kimlərsə bu mərhələlərdən keçəcəklərsə, gələcəklər, kimlərsə keçməyəcəklərsə, gəlməyəcəklər.
Bir neçə gün öncə Düsseldorfda olan finala 25 ölkə çıxmışdı, qalan ölkələr isə yox idi. Dünya dağılmadı ki? Ermənistan da orada yox idi. İndi bura da gəlməsələr dünya dağılmayacaq. Görünür, onlar siyasi motiv, bəhanə axtarırlar, qoy axtarsınlar. Qoy elə ömrü boyu bəhanələrlə məşğul olsunlar.
- "Eurovision-2012" müsabiqəsi Azərbaycana hansı müsbət nəticələr verəcək?
- Mən belə hesab edirəm ki, bu, Azərbaycan üçün çox böyük hadisə olacaq. Bu həm də təkcə Azərbaycan üçün yox, elə Avropa üçün də mühüm hadisə olacaq. Mətbuatda oxudum, İrlandiyadan kimsə yazıb ki, Azərbaycan qalib gəldi, bəs bu ölkə harada yerləşir. Amma o başa düşmür ki, əslində bununla özünü aşağılayır.
Bizdə orta məktəb şagirdləri də bilirlər ki, İrlandiya və yaxud digər ölkələr harada yerləşirlər. Əgər həmin şəxs indi Azərbaycanın harada yerləşdiyini bilmirsə, bu, onun özünün səviyyəsindən xəbər verir. Mən bu mənada demək istəyirəm ki, bu hadisənin cox böyük siyasi, mənəvi, mədəni təsiri olacaq. Ona görə ki, bütün ölkələrin nümayəndələri gəlib Azərbaycanı, onun paytaxtını görəcəklər, onun gözəlliyinə heyran olacaqlar, onun əhalisi ilə tanış olacaqlar.
Gəlib görəcəklər ki, Azərbaycanın hansı imkanları var, hansı yolla inkişaf edir. Ona görə hesab edirəm ki, bu müsabiqənin Azərbaycanda keçirilməsinin çox böyük, müsbət təsiri olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında