Firuz Mustafanın yaradıcılığı geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun pyesləri teatrlarda uğurla oynanılır, nəsr əsərləri oxucular tərəfindən maraqla oxunur. Beləliklə, müsahibimiz yazıçı, dramaturq, esseist Firuz Mustafadır.
- Firuz müəllim, biz sizi daha çox bir dramaturq kimi tanıyırıq. Əvvəlcə elə bu rakursdan çıxış edərək soruşmaq istərdik: teatrlarla əlaqələriniz sizin özünüzü qane edirmi?
- Nə qədər qəribə də görünsə, mən öz əsərlərimlə əlaqədar olaraq teatrlara, daha doğrusu, teatrların rəhbərlərinə elə də tez-tez müraciət etmirəm. Doğrudur, yeni tamaşaları diqqətdən qaçırmamağa çalışıram. Amma hansısa əsərimin hansısa teatrda oynanılması üçün heç vaxt xüsusi israr və təşəbbüs göstərmirəm.
- Axı bizə məlumdur ki, siz bu gün Azərbaycan teatrının ən məhsuldar dramaturqlarından birisiniz. Və teatr repertuarına düşmək o qədər də asan məsələ deyildir.
- Mənə elə gəlir ki, bütün sənət ocaqları, o cümlədən bizim teatrlar yaxşı, istedadla yazılmış əsərlərə həmişə ehtiyac duyur. Sizə bir şey deyim, daha doğrusu, bir "sirr" açım: dram əsərlərini digər ədəbi janrlardan fərqləndirən bir sıra amillər vardır. Əvvəla, bu cür əsərlərin, tamaşaların teatrlarda ciddi "hesabatı" gedir. Bir kitabın neçə oxucu tərəfindən oxunduğunu dəqiq müəyyənləşdirmək bəlkə də qeyri-mümkün olsa da, əvəzində tamaşanın "oxucusunu" tam dəqiqliklə müəyyənləşdirmək mümkündür. Kitab var ki, onun bir nüsxəsini bir neçə nəfər oxuya bilər, kitab da var ki, illər uzunu "ağzı açılmadan" rəfdə yatıb qala bilər. Amma tamaşaya qoyulan əsərin "oxucusunun", yəni tamaşaçısının ciddi statistikası aparılır; çünki ən azından bu haqq-hesabın dəqiq, obyektiv aparılmasında teatrların özünün marağı vardır. İkincisi, dramaturgiya fərqli bir janrdır. Əsl, peşəkar dramaturqlar teatrın spesifik cəhətlərinə yaxından bələd olmalıdır və olurlar da. Axı bir saat-saatyarım vaxt ərzində tamaşaçı özünü "başqa" bir aləmdə hiss etməlidir. Üçüncüsü, dramaturq, deyək ki, nəsr əsərində və digər ədəbi janrlarda olduğu kimi, personajların həyatına birbaşa "müdaxilə" edə bilmir, pyesdə hər obraz özü-özünü təqdim etməli olur. Dördüncüsü, mənə elə gəlir ki, bu sənət sahəsi elmə, məsələn, memarlığa daha yaxındır; çünki, atılan hər addımın, deyilən hər replikanın " xronometrajı" aparılır, hər bir mizan ən kiçik detalına qədər hesablanır. Nəhayət, verilən suala bir də qayıdaraq deyirəm: əksər hallarda teatrlara mənim özümdən əvvəl yazdıqlarım gedir. Belə ki, adətən yeni çıxan kitablarımı (pyeslərimi) teatrlara göndərirəm və çox vaxt teatrlardan müsbət cavablar gəlir. Görünür, həmin əsərlər teatrları qane edir.
-Amma gəlin, etiraf edək ki, tamaşaçılara təqdim edilən əsərlərin heç də hamısı uğur qazana bilmir. Bəs bunun səbəbi nədədir?
- Səbəblər çoxdur. Belə hesab edirəm ki, başlıca səbəb bədii materialın zəifliyindədir. Təəssüf ki, bəzən teatrlara dramaturgiyaya dəxli olmayan "makulatura" da yol tapa bilir. Təbii ki, zəif aktyor və rejissor işini də buraya əlavə etmək olar.
- Bəs tamaşaçı zövqü?..
- Söz yox ki, hər bir səhnə əsərinin taleyi həm də tamaşaçıdan asılıdır. Amma məsələ burasındadır ki, tamaşaçının yetişdirilməsinin özü də uzun, davamlı bir prosesdir. Bəli, tamaşaçı da aktyor kimi, rejissor kimi illər uzunu yetişməli, yetkinləşməli, formalaşmalıdır. Tamaşa var ki, tamaşaçının zövqünü korlayır, tamaşaçı da var ki, sözün yaxşı mənasında, səhnəni öz "təsir dairəsində" saxlayir. Mən sənətə bu prizmadan yanaşan insanlara istinadən deyirəm: "tamaşaçı həmişə haqlıdır".
- Son zamanlar hansı əsərləriniz səhnələşdirilib?
- Keçən il bir sıra teatrlar mənim əsərlərimə müraciət edib. Amma doğrusunu deyim ki, bir fakt mənim üçün daha maraqlı və gözlənilməz oldu. Belə ki, ötən ilin sonunda Qusarda fəaliyyət göstərən Ləzgi Dram Teatrı mənim "Ayı təbəssümü" adlı tragiokomediyamı tamaşaya qoyub. Bu, mənim üçün gözlənilməz olsa da, sevindirici hadisədir. Qəzetiniz vasitəsi ilə həmin teatrın kollektivinə öz dərin təşəkkürümü bildirirəm. Təəssüf ki, hələlik həmin əsərə özüm baxa bilməmişəm.
- Bəs cari ildə hansı teatrlar sizin yaradıcılığınıza müraciət edəcək?
- Mənim bildiyimə görə, artıq bir neçə teatrda pyeslərimin məşqləri gedir. Amma mən yaradıcılıqdan söhbət düşəndə həmişə gələcək zamanda yox, keçmiş zamanda danışmağı xoşlayıram. Yəni nəyin necə olacağını yalnız gələcək göstərə bilər.
- Bəzən deyirlər ki, bizdə güclü dramaturq və güclü rejissor yoxdur. Bu fikrə sizin münasibətiniz necədir?
- Bu fikirlə qətiyyən razı deyiləm. Azərbaycanın çox zəngin teatr və sənət ənənələri vardır. Dramaturgiyamızın Axundovla, Cabbarlı ilə, Əfəndiyevlə bağlı mühüm mərhələləri vardır. Bu isimlər hələ təkcə mərhələlərdir. Bunlardan başqa onlarla klassik və müasir dramaturqun da adını çəkmək olar. Mən Yazıçılar Birliyində dramaturgiya bölməsinə rəhbərlik edirəm. Bizə tez-tez istedadlı gənclər də müraciət edirlər. Amma onlara mane olanlar çoxdur.
Xatirinizdədirsə, bir müddət əvvəl görkəmli dövlət və elm xadimlərindən birinin belə bir müddəası səsləndi ki, ədəbi müstəvidə və teatrlarda lazımı rezonans verən əsərlər yoxdur. O vaxt məsələnin mahiyyətini anlamayan, anlamağa qadir olmayan və ya bunu anlamaq istəməyənlər, yəni bu sahədə çalışan bütün yaradıcı adamların (daha doğrusu, yaradıcılıq sahəsinin məmurlarının) az qala hamısı xorla etiraz səslərini ucaltdılar. Amma diqqət yetirsəniz həmin tezisdə əsərlərin yoxluğundan yox, onların arzu edilən əks-sədanı doğura bilməməsindən söhbət gedirdi. Mən də o fikirlə razıyam ki, bəzən istedadla yazılmış əsərlər belə, "havasızlıq" şəraitində boğulub məhv olur. Bunun əksinə olaraq zəif əsərlərin "səs-küy" saldığının şahidi oluruq. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu cür əsərlərin intişar tapmasında ədəbi tənqidin süstlüyü də az "rol" oynamır. Teatr tənqidi barədəisə heç danışmağa dəyməz. Burada uzun illərdən bəri bir qəbiristanlıq sükütü hökm sürməkdədir. Ən yaxşı halda isə "tənqidçilərimiz" tərəfdən az qala hamı bir ucdan təriflənir, dahi elan olunur. Halbuki ədəbi-bədii təsərrüfatda tənqid olunası, lap elə ifşa ediləsi o qədər nəsnələr, "əsərlər" var ki.
- Oxucular sizi həm də bir nasir kimi tanıyırlar. Bu sahədəki fəaliyyətiniz özünüzü qane edirmi?
- Ümumiyyətlə, mən həmişə öz yaradıcılığıma tənqidi yanaşan adamam. Və bu mənada belə hesab edirəm ki, ürəyimdən keçənlərin əksəriyyətini lazımi səviyyədə realizə edə bilmirəm. Sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, son bir il ərzində mənim bir neçə kitabım işıq üzü görüb. "Musiqili məktublar" kitabına mənim monopyeslərim daxil edilib. "Dəniz köçü" əsərim üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunub. Beş cilddən ibarət olan "Teatr meydanı" romanımın birinci cildi təkrar nəşr edilib. Dramaturgiyada olduğu kimi, bu il mənə nəsrdə də "sürpriz" edilib. Özbəkistanda yaşayan, üzünü belə görmədiyim bir tərcüməçi xanım - Şahlo Kasımova mənim Azərbaycan mətbuatında çap olunan əsərlərimi internetdən toplayaraq rus və özbək dillərinə tərcümə edib. İndi həm Özbəkistanda, həm də bizdə həmin əsərlərin kitab şəklində çapı üzərində iş gedir. Amma yenə təkrar edirəm: etdiklərim məni qane etmir. Mənə elə gəlir ki, imkanlarımdan istənilən səviyyədə istifadə edə bilmirəm. Axı daha çox iş görmək, daha səmərəli fəaliyyət göstərmək olar. Yazıçı uçub gedən vaxtı yalnız stol arxasında "tutub saxlaya" bilər, özü də yalnız yeni əsərlərlə. Təəssüf ki, vaxt bizim qulağımızın dibindən ötüb gedir. Biz isə özümüzü o ötüb gedən vaxtı görməməzliyə vururuq.
- Bildiyimiz kimi, siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Yeri gəlmişkən, bu gün təhsil alan tələbələrin səviyyəsi sizi qane edirmi?
- Bəli. Mən tələbələrimizdən çox razıyam. Əgər onların fəaliyyətində müəyyən bir qüsur, çatışmayan cəhət varsa, bu işdə onlar yox, müəllimlər günahkardır. Bayaq teatr və tamaşaçı haqda dediyim ifadəni eynilə tələbələrə də aid edə bilərəm: tələbələr, gənclər həmişə haqlıdır. Biz burada da özümüzü "təftiş etməli", zamanla ayaqlaşmalı, irəliyə doğru baxmalıyıq.
- Müsahibə üçün sağ olun.
{nl}
Söhbəti yazdı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.