Şriftin ölçüsü:
06.05.2011 12:35 | Oxunma sayı: 787
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin SİA-ya müsahibəsi:
- "Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramı"nın hazırlanması ilə bağlı işlər hansı yerdədir?
- Bilirsiniz ki, biz bu proqramı tam, dolğun, ölkə başçısının tapşırığına uyğun olaraq real mexanizmə malik olan bir proqram kimi görürük. Uzun müddətdir ki, ictimai müzakirələr keçirilir. Bir neçə gün bundan əvvəl müvafiq dövlət qurumları və ictimai təşkilatlar, elmi yaradıcı gənclərin iştirakı ilə proqramla bağlı geniş müzakirələr keçirilib. Hazırda bu istiqamətdə işimiz davam etdirilir. Ayrı-ayrı universitetlərdən bizə kifayət qədər təkliflər daxil olmaqdadır. Biz həmin təklifləri vaxtında təhlil edib, onların içərisindən ən maraqlı, konkret vəzifələri özündə əks etdirənləri ümumiləşdirməyə çalışırıq ki, onlar proqramda öz əskini tapsın. Amma bu proqram keçən 2005-2009-ci il dövlət proqramından fərqli olaraq həm fəsil, həm də bəndlərin sayı baxımından daha geniş və əhatəli olacaq. Ona görə də bu istiqamətdə çox maraqlı iş davam edir.
- Necə düşünürsünüz, geniş, əhatəli olacaq yeni proqramı iki ay müddətinə bitirmək mümkün olacaq?
- Təbii ki, proqram tam vaxtında dövlət başçısına təqdim olunacaq. Ümumiyyətlə, heç bir zaman elə bir şey olmayıb ki, ölkə başçısı tərəfindən hər hansı bir işlə bağlı qoyulan vaxt icra olunmasın və ya hazırlanmasın. Əvvəlcədən təsdiq edilən iş qrafikinə uyğun olaraq işimiz gedir. Qoyulan vaxt ərzində də işlərimizi yekunlaşdıracağıq.
- Bildiyimiz kimi, proqramın hazırlanmasına dair gənclər tərəfindən çoxlu sayda təkliflər gəlir, bu təkliflər proqramın hazırlanmasında çətinlik yaratmır ki?
- Əksinə, o bunu nümayiş etdirir ki, gənclərimiz proqrama çox böyük maraq göstərir. Ümumiyyətlə, bu son günlər cəmiyyətdə dövlət proqramının müzakirə obyekti olması onu göstərir ki, cəmiyyətin özü-özlüyündə bu sahəyə diqqəti var. Biz çalışırıq ki, proqram sabah dövlət qurumları üçün masa üzərində hər hansı bir normativ sənədə çevrilməsin, işlək mexanizmə malik olsun. Elə bu səbəbdən də gənclərin bu proqramın hazırlanmasında və onun icrasında yaxından iştirak etməsinə şərait yaradılıb.
- Azərbaycanda 90 faiz gənclər təşkilatlarda təmsil olunmur. Onların təklif irəli sürmə prosesi necə həyata keçirilir?
- Gənclər və İdman Nazirliyində proqramın hazırlanmasına dair qaynar xətt yaradılıb. Bundan əlavə, universitetlərdə tələbə gənclər təşkilatları vasitəsilə təbliğat kampaniyası həyata keçirilir. Həm kampaniya, həm də qaynar xətt vasitəsilə gənclər proqramla bağlı təkliflərini sərbəst şəkildə göndərə bilirlər. Ümumilikdə götürəndə isə istər qaynar xətt, istərsə də kampaniya çərçivəsində daxil olan təkliflərin böyük qismi fərdi qaydada daxil olur. Nəinki ölkəmizdə, həttə xaricdə oxuyan tələbələrimiz var ki, onlar da öz təkliflərini fərdi qaydada internet vasitəsilə bizə təqdim edirlər. Biz də öz növbəmizdə həmin təklifləri nəzərə alıb, onları təhlil edirik.
-Ümumiyyətlə, bu proqram gənclərə nələri vəd edir?
- Qısa olaraq onu deyə bilərəm ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramı" qəbul edildikdən sonra mən əminəm ki, Azərbaycan gəncinin inkişafında yeni mərhələ başlanacaq. Proqram vasitəsilə gənclərimiz üçün əlavə yeni sahələr, imkanlar yaranır ki, bu da onların hərtərəfli inkişafına yönələcək. Burada həm gənclərə yönəlmiş asudə vaxtın təşkili ilə bağlı müvafiq infrastrukturun formalaşması, həm də Gənclər Mərkəzinin inşa edilməsi məsələsi gündəmdədir. Bu məsələ ölkə başçısının gənclərlə keçirdiyi görüşdə gündəmə çıxdı və prezident İlham Əliyev bu təklifi müsbət qarşıladı. Növbəti ildə belə bir mərkəzin inşasına başlanması nəzərdə tutulub. Eyni zamanda, ölkəmizdə Gənclər Fondu yaradılacaq ki, bu fond çərçivəsində yığılan vəsait hesabına həm QHT-lərin iri miqyaslı milli və beynəlxalq layihələrinə dəstək veriləcək, bu vəsait çərçivəsində elm və yaradıcılıq sahəsində fəaliyyət göstərən gənclər üçün mükafatların, təqaüdlərin təsis edilməsi nəzərdə tutulub. Bundan əlavə fond vasitəsilə gənclərin inkişafına, gənclər siyasətinə yönələn sahənin maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.