Gənclərimizin dövlət başçısı ilə görüşü böyük razılıqla qarşılanmışdır

Elə bir sahə yoxdur ki, Azərbaycan gəncləri orada uğur qazanmasın. Həqiqətən də yüksək dünyagörüşünə, elmi və fiziki potensiala malik, istedadlı gənclərimizin ölkə və ölkədən kənarda beynəlxalq tədbirlərdə qazandığı uğurlar, aldıqları mükafatlar dövlətimizin gənclər siyasətinə diqqətlə yanaşdığının və bu sahəyə xüsusi önəm verməsinin nəticəsidir. Təsadüfi deyil ki, dövlətin müəyyən dövrləri əhatə edən gənclər siyasəti ilə bağlı qəbul etdiyi dövlət proqramlarında gənclərin hərtərəfli inkişafına şərait və imkanların yaradılması məqsədilə bir sıra aktual məsələlər nəzərə alınır. 
Bu günlərdə Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış bir qrup gəncin və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşməsi və gəncləri düşündürən məsələləri onlarla müzakirə etməsi bir daha onu göstərdi ki, dövlət hər zaman gənclərin təşkilatlanmasında və onların fəaliyyətinin səmərəli istiqamətə yönəlməsində maraqlıdır və onları narahat edən problemlərin aradan qaldırılmasına səy göstərir.
Gənclərlə görüşündə onların ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal rol oynadıqlarını vurğulayan Prezident İlham Əliyev gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini qeyd etdi. Bu ayın əvvəlində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" ilə bağlı sərəncam verdiyini xatırladan ölkə başçısı həmçinin bununla əlaqədar gənclərin fikir və təkliflərini də dinləyib. Onlar görüşdə səsləndirilən və müzakirə olunan məsələlərə öz fikir və təkliflərini bildiriblər. Azərbaycan gənclərinin fəal nümayəndələrinin bir neçəsi öz fikir və təəssüratlarını "Xalq qəzeti" ilə bölüşdülər.
Həmin görüşdə iştirak etmiş Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov müzakirə olunan məsələləri bu cür qiymətləndirdi:
-Cənab Prezidentlə görüş çox səmimi və faydalı şəraitdə keçdi. Görüşdə Azərbaycan gənclərinin fikir və təklifləri, bu istiqamətdə ölkə başçısının imzaladığı sərəncamlar, dövlət proqramları geniş müzakirə edildi. 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanmasına başlanıb. Bir sıra məsələlər, eləcə də sosial ipoteka kreditləri ilə bağlı mövzu da müzakirə olundu. Cənab Prezidentin fikri belə oldu ki, biz mütləq bu sahədə ciddi dəyişikliklər həyata keçirməli, səmərəli işlər görməliyik. Sosial ipoteka şərtləri, eləcə də ilkin ödəniş məbləği dəyişməli, daha münasib olmalıdır. Çünki yüksək infrastruktura malik ölkəmizdə gənclərin həmin şərtlərlə mənzilə sahib olması çox çətindir. Biz cənab Prezidentdən xahiş etdik ki, bu məsələyə baxılsın. Çünki gənc elmi işçilərin, hərbçilərin məvacibi həmin ilkin ödənişi ödəməyə imkan vermir. Hesab edirəm ki, yaxın vaxtlarda bu məsələlərin həllini görəcəyik. Gənc ailələrə müvəqqəti mənzillərin verilməsi məsələsinə də toxunuldu. Hesab edirəm ki, bu məsələdə Skandinaviya modeli bizə daha uyğundur.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının rəhbəri Gülsel Səfərova:
- Gənclərin Prezidentlə bu tipli görüşü ilk dəfə idi ki, keçirilirdi. Ölkə başçısı ilə belə bir yaxın dialoqun olması biz gənclərdə həqiqətən fərəh hissi doğurdu. Çünki bu görüşdə gəncləri narahat edən və maraqlandıran mövzular müzakirə edildi. Müxtəlif sahələri əhatə edən nümayəndələr tam demokratik şəraitdə, səmimi şəkildə öz fikir və təkliflərini cənab Prezidentə çatdırdı. Gənclərin problemlərinin həlli istiqamətində səsləndirilən fikirlər Prezident tərəfindən bəyənildi. Prezidentin mövqeyi onun gənclərə daim qayğı və diqqətlə yanaşmasını bir daha nümayiş etdirdi. Gənclərin asudə vaxtının təşkili məsələsinin həllində irəliləyişə nail olundu. Gənclər Mərkəzinin açılması, intellektual potensialın daha da inkişaf etdirilməsi, Gənclər Fondunun yaradılması ideyaları yüksək qiymətləndirildi, ölkə başçısı bunları təqdir etdi. AGAT olaraq biz görüşdə gənclərin intellektual təhlükəsizliyi və keyfiyyətli düşünmənin vacibliyini vurğuladım. Güclü potensiala malik Azərbaycan gəncliyi öz iqtisadi, sosial və digər göstəriciləri ilə regionda fərqlənən və öndə gedən ölkədə yaşayır. Məqsədimiz yaxın gələcəkdə ölkəmizin Şərqdə düşünmə mərkəzi kimi tanınmasına nail olmaqdır. Bunu reallaşdrmaq isə yüksək intellektuala və potensiala malik gənclərin əlindədir. Ona görə də növbəti Dövlət Proqramına daxil edilməsi üçün İxtiraçılıq Mərkəzinin yaradılmasını təklif etdim. Həmin məktəb bu sahədə ilk addım olacaq. Cənab Prezident də bu fikrimi bəyəndiyini və nəzərə alınacağını söylədi. Region gənclərinin fəallığının daha da artırılmasına və onların forumunun keçirilə biləcəyinə toxundum. Mənim fikrimcə, bu da müsbət hal ola bilər. 2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramının hazırlanması üçün işçi qrupunun nümayəndələri təyin edilib, mən də həmin qrupa daxiləm. İşçi qrupu olaraq Azərbaycan gənclərinin bundan sonrakı dövrdə daha da inkişafı, fəaliyyətinin güclənməsi üçün müzakirə olunan məsələlərə diqqətlə yanaşacaq, çalışacağıq ki, proqram gəncləri maraqlandıran bütün aktual sahələri əhatə etsin. Azərbayan gəncliyinin məşğulluq məsələsi, onların dövlətçilik və vətənpərvərlik ruhunda fəaliyyəti kimi məsələlər də nəzərə alınacaq.
"Gənc Liderlər" təşkilatının sədri Fərid Şahbazlı:
-Cənab Prezident İlham Əliyevin gənclərin bir qrup nümayəndəsini qəbul etməsi və onları maraqlandıran məsələlərlə müzakirə aparması bizi çox sevindirdi. Həmin görüşdə maraqlı və aktual məsələlər qaldırıldı. Əvvəlki illərdə "Gənclər ili"nin elan edilməsi, Azərbaycan Gəncliyi Dövlət Proqramının qəbulu, istedadlı uşaq və gənclərin diqqətdə saxlanılması bir daha dövlətin gənclər siyasətinə xüsusi önəm verdiyini göstərir. Odur ki, Azərbaycan gəncləri dövlətin onlar üçün yaratdığı bu etimad mühiti və şəraitindən yararlanaraq, öz potensial və qabiliyyətlərini göstərməli, harada olmasından asılı olmayaraq, dövlətçilik prinsiplərinə sadiq qalaraq xalqa və dövlətə xidmət etməlidirlər. Bu gün idmançılarımızın nüfuzlu yarışlarda uğur qazanması, bayrağımızı ən yüksək arenalarda dalğalandırması bizi həm sevindirir, həm də yetişməkdə olan gənc nəslin idmana marağının artmasına səbəb olur. Prezident də öz çıxışında gənclərin fiziki hazırlığının vacibliyinə toxundu və müharibə şəraitində yaşadığımızı xatırladaraq qeyd etdi ki, qəbul ediləcək Dövlət Proqramında hərbi hazırlıq məsələsinə xüsusi yer ayrılmalıdır. Əlbəttə, biz bu təklifi alqışlayır, səsləndirilən təklif və fikirləri yüksək qiymətləndiririk. Təşkilat olaraq "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" ilə bağlı bizim də işçi qrupuna öz təkliflərimiz var. İstərdik ki, gənclərin sağlam həyat tərzi keçirməsi üçün regionlardakı gənclərə daha səmərəli şərait yaradılsın. Bölgələrdə idman mərkəzlərinin sayı daha da artırılsın və orada gənclərin idmanla təmənnasız məşğul olması məsələsi nəzərdə tutulsun. İstərdik ki, maddi təminatı aşağı olan ailələrin övladlarının mərkəzlərdə idmanla məşğul olması ödənişsiz həyata keçsin. Belə olarsa, cəmiyyətin hər bir təbəqəsindən olan gənclərimiz bacarıqlarını nümayiş etdirə bilər. İnanıram ki, növbəti illərdə qəbul olunacaq Dövlət Proqramı hər birimiz üçün uğurlu olacaq.

{nl}

Qələmə aldı: Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında