Aprelin 19-da Bakıda rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku Azərbaycan Televiziyasına müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir.
-Cənab Prezident, Azərbaycan ilə Rumıniya arasında münasibətlərin indiki vəziyyəti barədə nə deyə bilərsiniz?
Bu münasibətlərdə prioritetlər hansılardır?
-Siyasi nöqteyi-nəzərdən münasibətlərimiz yüksək səviyyədədir. Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə olub. Dünən biz bir sıra sənədlər imzaladıq. Bu sənədlər bizi beynəlxalq aləmdə siyasi baxımdan bir-birimizin mövqelərini dəstəkləməyə və bu mövqelərlə bağlı daimi müzakirələr aparmağa imkan verəcəkdir. İqtisadi nöqteyi-nəzərdən bu münasibətlərimiz qənaətbəxşdir, lakin onlar siyasi əlaqələrimiz qədər yüksək səviyyədə deyildir. Düşünürük ki, AGRİ Azərbaycanın qaz təchizatı baxımından əsas rol oynadığı böyük əhəmiyyətə malik regional layihədir. Azərbaycan bazarında Rumıniya şirkətlərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində tərəfdaşlığı da mövcuddur. Qarşılıqlı münasibətlər daha da inkişaf edir. Dünən biz qərara aldıq ki, hərbi əməkdaşlıqla bağlı protokolu ilin sonuna qədər imzalayaq. Bildiyiniz kimi, Azərbaycan zabitləri Buxarestdə Rumıniya Hərbi Akademiyasında təhsil alırlar.
Münasibətlərimiz müxtəlif sahələrdə inkişaf edir. Azərbaycan Xəzər regionu və Avropa arasında körpü rolunu oynayır. Bizim, eyni zamanda, digər region ölkələri olan Özbəkistan və Qazaxıstanla da çox gözəl əlaqələrimiz vardır. Lakin bu regionda bir nömrəli tərəfdaşımız Azərbaycandır.
-Cənab Prezident, Sizin Bakıya səfəriniz ikitərəfli və regional maraq doğuran bir sıra məsələlərin müzakirəsi üçün yaxşı imkandır. Prezident İlham Əliyev ilə apardığınız müzakirələrin gündəliyində ən əhəmiyyətli məsələlər hansılar oldu?
-Təhsil, səhiyyə və xarici siyasət sahəsində əməkdaşlığa dair saziş imzaladıqdan sonra Prezident İlham Əliyev ilə Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr apardıq. Bu, siyasi və iqtisadi əməkdaşlıq baxımından strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir. Bu, səfərin əsas məqsədi idi. Düşünürəm ki, prezidentlər hər iki hökumətin bu məqsədə sadiqliyini ehtiva edən sənədləri imzaladılar.
-Azərbaycan enerji sektorunda Avropanın çox vacib tərəfdaşıdır. Bu sahədə bəzi layihələr hazırda müzakirə olunur. Rumıniyanın "Nabukko" və AGRİ layihəsinə münasibəti necədir? Ümumiyyətlə, siz Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz?
-Qeyd etdiyim kimi, Azərbaycan Avropa İttifaqının enerji siyasətinə töhfə verə bilən aparıcı dövlətdir. Düşünürəm ki, Avropanın enerji baxımından əsas məqsədi təchizat mənbələrini təkmilləşdirməkdir. Konkret layihəyə gəldikdə isə Rumıniya "Nabukko"nun tərəfdaşıdır və bu layihənin təşviqatçılarından biridir.
AGRİ layihəsi ilə bağlı da eyni fikirləri söyləmək olar. Biz lap əvvəldən Azərbaycanı Avropa İttifaqının tərəfdaşı kimi görmüşük. Biz bu fikri nəinki Buxarest daxilində, eyni zamanda, bütün Avropa İttifaqı miqyasında daim dəstəkləmişik. Bu, o amillərdəndir ki, Prezident İlham Əliyevin və komissar Xose Manuel Barrozunun "Nabukko"nun qazla təchizatı ilə bağlı imzaladıqları sazişə öz töhfəsini vermişdir. Düşünürəm ki, bu, Azərbaycanın layihələrin bir hissəsi olmasının sübutudur. Məncə, "Nabukko"ya fundamental bir layihə kimi baxılmalıdır. Çünki bu, Avropanın layihəsidir. AGRİ isə regional bir layihədir. Avropa İttifaqının şərqində yerləşən Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya kimi ölkələrə aiddir. Bu layihə ilə bağlı danışarkən ARDNŞ-in fəaliyyəti ilə bağlı da fikirlərimi əlavə etmək istəyirəm. ARDNŞ olduqca güclü və nəhəng bir şirkətdir. Hazırda Rumıniya bazarına da çıxmışdır. Düşünürəm ki, ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirməklə bağlı strateji bir qərar verə bilər və məncə bu, bütövlükdə Avropanın enerji bazarına təsir edəcəkdir. Çünki bu, Avropanın enerji bazarında yeni əsas oyunçu olmaq deməkdir. Düşünürəm ki, bu yol sonra Mərkəzi Avropaya aparacaqdır.
-Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri güclənir. "Şərq Tərəfdaşlığı" proqramı və Assosiasiya Sazişi buna yaxşı misaldır. Siz Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın güclənməsi şəraitində Rumıniya-Azərbaycan ikitərəfli münasibətlərinin vacibliyini necə görürsünüz?
-Rumıniya Azərbaycanın tərəfdaşıdır. Eyni zamanda, Rumıniya Avropa İttifaqının üzvüdür. Bu, o deməkdir ki, bizim tərəfdaşlarımız avtomatik olaraq Avropa İttifaqının tərəfdaşlarıdır. Bundan başqa, Rumıniya Azərbaycanda baş verən reallıqlarla bağlı söz demək hüququna malikdir. Nəzərə alsaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında Assosiativ Sazişin imzalanmasına dair danışıqlar aparılır, bu, sübut edir ki, Azərbaycan son 20 ildə - müstəqilliyini bərpa etdikdən bəri demokratik inkişafla bağlı əsaslı nailiyyətlər qazanmışdır. Biz bunu daim dəstəkləyəcəyik. Rumıniyanın özü 21 il bundan əvvəl azad dövlətə çevrilmişdir. Bu, bizim inkişafımıza köklü təsir göstərmişdir. Düşünürəm ki, bu, indi də Azərbaycanda baş verir. Bir daha təkrar edirəm ki, bununla bağlı dəstəyimizi əsirgəməyəcəyik.
-Bildiyiniz kimi, Azərbaycanın ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir nizamlanmaması regionda sabitlik və təhlükəsizliyə böyük təhdiddir. Rumıniyanın bu münaqişəyə münasibətdə mövqeyi necədir?
-Rumıniya öz mövqeyində qalır və bu mövqeyi heç nə dəyişə bilməz. Biz bu mövqedəyik ki, hər hansı bir dövlətin ərazi bütövlüyü pozula bilməz.
Buradakı münaqişə öz həllini beynəlxalq hüquq normaları və BMT-nin qətnamələri çərçivəsində tapmalıdır. Azərbaycanın və ya hər hansı digər dövlətin ərazi bütövlüyünün pozulmasına edilən istənilən cəhd beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir.
Düşünürük ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisinin bir hissəsidir. Bu, Azərbaycanın daxilində erməni azlığı məsələsidir. Bu məsələ beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.