Xəbər verildiyi kimi, Bakı şəhərinin Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olunmuşdur. Bununla yanaşı, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirmiş əlillərə və şəhid ailələrinə, həmçinin İkinci Dünya müharibəsi və Çernobıl əlillərinə də ümumilikdə 136 minik maşını da verilmişdir.
Son illər respublikamızda sosialyönümlü layihələrin icrası geniş vüsət almış, əlillərin, şəhid və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ölkəmizdə sosialyönümlü layihələrin icrasının bundan sonra da davam etdiriləcəyini bildirdi. Dedi ki, bu günlərdə Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzil və minik maşınlarının hədiyyə edilməsi birinci hal deyil. Onun sözlərinə görə, bu xeyirxah əməlin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və möhtərəm Prezidentimiz İlham Əliyev, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Ümumiyyətlə, ölkəmizdə sosial sahədə reallaşdırılan davamlı tədbirlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Sosial infrastruktur layihələri paytaxtı və regionları əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Dövlət başçısının rəhbərliyilə həyata keçirilən bu layihələr əhalinin maddi-rifah halının yüksəlməsinə müsbət təsir göstərmişdir”.
M.İbrahimqızı dedi ki, şəhid ailələrinə və ərazi bütövlüyümüzün təmin olunması uğrunda sağlamlıqlarını itirənlərə, həmçinin aztəminatlı ailələrə son iyirmi il ərzində 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Həmin qəbildən olan insanlara 6 mindən çox minik maşını hədiyyə edilmişdir: “Bütün bunlar dövlətin şəhid ailələrinə, əlillərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu qayğı gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayır. Gənclər və onların valideynləri görürlər ki, Vətənimizin müdafiəsi uğrunda canlarını qurban verənlər heç vaxt unudulmurlar”.
Sosial layihələrin icrasının uğurla həyata keçirildiyini vurğulayan M. İbrahimqızı müharibədən, işğaldan əziyyət çəkən, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən də söhbət açdı. Dedi ki, bu qəbildən olan insanlar daim dövlətin diqqət mərkəzində saxlanılır və onlar qayğı ilə əhatə olunurlar: “ İsti ocaqlarından didərgin salınmış soydaşlarımız üçün son illərdə 100-ə yaxın qəsəbə salınıb. Bu qəsəbələr hər cür infrastruktura malikdir. İşıqlı, asfalt küçələr, məktəb, uşaq bağçası, mədəniyyət evləri sakinlərin ixtiyarına verilib. Bu vaxta qədər üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət indi də davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni salınmış köçkün qəsəbəsi sosialyönümlü layihələrin davam etdirildiyindən xəbər verir. Həmin qəsəbədə də bütün infrastruktur öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsinin, təqribən 20 min insanın yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bütün bunlar aztəminatlı ailələrə, əlillərə, şəhid ailələrinə və məcburi köçkünlərə göstərilən qayğının dövlət siyasətinin prioritetini təşkil etməsindən xəbər verir”.
M.İbrahimqızı bildirdi ki, şəhid ailələrinə, əlillərə və məcburi köçkünlərə diqqət və qayğı Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdiyi sahələrdəndir: “Xatırlayırsınızsa, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. Mehriban xanım həmin müşavirədə demişdi ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə də bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək. Verilən vədlər əməli işlərdə özünü doğrultdu və bu gün də həmin xeyirxah missiya uğurla davam etdirilir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.