Qiymət artımı ictimai nəqliyyatda xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına müsbət təsir edəcək

Xəbər verildiyi kimi, Tarif (qiymət) Şurasının bu il 30 iyul tarixli iclasında ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqları ilə əlaqədar yeni tariflər təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən Tarif Şurasına edilən müraciətlər araşdırılaraq, yekun qərar qəbul edilmişdir.
 
 Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılmış və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Tarif (qiymət) Şurasının bu qərarına münasibət bildirmək üçün Bakı Metropoliteni QSC və Bakı Nəqliyat Agentliyinin rəsmi nümayəndələrinə müraciət etdik.
Hidayət MƏMMƏDOV, Bakı Metropoliteni QSC-nin sədr müavini:
–Aydın məsələdir ki, əgər sərnişin xidmət haqqını ödəyib, nəqliyyatda istifadə edirsə, ona qarşı yüksək diqqət olmalı və xidmətin səviyyəsi yüksəldilməlidir. Təbii ki, hər bir sərnişin ödədiyi haqqın müqabilində yüksək xidmət tələb etmək hüququna malikdir. Metropolitendən istifadə edən hər bir şəxs müşahidə edir ki, onlara qarşı əməkdaşlarımız daim diqqət və qayğı göstərirlər. Bu qayğı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək. İstər xidmət, istərsə də stansiyaların təmizliyi, qrafiklərə riayət olunması və digər xidmət növləri rəhbərliyin diqqət mərkəzində saxladığı əsas vəzifələrdəndir. 
Qiymətlərin artımına gəlincə, demək istəyirəm ki, son 10 ildə metroda nəqliyyat haqqının artırılması barədə bir dəfə də olsun söhbət getməyib. İndi isə əsas məqsəd metronun dövlət büdcəsindən asılılığını azaltmaqdır. Onsuz da qiymət artımından əldə olunan vəsait yenə də əhalinin rahatlığının təmin olunmasına xərclənəcək. Son vaxtlar metro stansiyalarınada aparılan yenidənqurma, səliqə-sahman, rahat, işıqlı, müasir tələblərə cavab verən vaqonların alınması xidmət səviyyəsinin daha da yüksəldilməsindən xəbər verir. Bundan sonra da sərnişinlərə yüksək xidmət göstəriləcək, onların rahat gedib-gəlmələri üçün bütün imkanlardan istifadə olunacaq.
Mübariz ABBASOV, 
Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müşaviri:
– Hazırda Bakıda 2 mindən çox nəqliyyat vasitəsi xidmət göstərir. Tarif Şurası tərəfindən gediş haqlarının artırılması sərnişinlərin rahatlığının təmin olunmasına, mənzil başına rahat getmələrinə yönəldiləcək. İlk növbədə, yeni, müasir tələblərə cavab verən nəqliyyat vasitələrinin alınması və avtoparkların genişləndirilməsi nəzərdə tutulub. Bu da sərnişinlərin rifahına, təhlükəsiz daşınmasına xidmət edəcək. Təbii ki, sərnişinlər də istifadə etdikləri nəqliyyat vasitələrinin təmiz, müasir tələblərə cavab verən səviyyədə olmasını tələb edirlər. 
İsti yay aylarında xidmətin səviyyəsi daha da yüksəldilməlidir. Eləcə də soyuq aylarda, nəqliyyat vasitələri nə qədər təmiz, rahat, yayda sərin, qışda isti olarsa, sərnişinlər də bir o qədər razı qalarlar. İndiki gediş haqqı ilə bu tələbləri ödəmək çox çətindir. Ona görə də hesab edirəm ki, gediş haqlarının 20 qəpikdən 30 qəpiyə qaldırılması heç kimə ciddi problem yaratmayacaq. Hər kəs görür ki, sərnişindaşımada xidmətin səviyyəsi getdikcə yaxşılaşdırılır, bu sahədə çalışanlar tələblərə cavab vermədikdə onlara qarşı ciddi tədbirlər görülür. Sərnişinlərə nəqliyyat xidmətinin yüksəldilməsi üçün bundan sonra da bütün imkanlardan istifadə olunacaq.
Söhbəti qələmə aldı:
 Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında